Təzadlar. -2008.- 25 oktyabr.-69.-s.6.

 

ARDNŞ-də əmək haqqı kələyi

 

Son bir il ərzində prezidentin sərəncamları ilə əmək haqqının iki dəfə 25 faiz olmaqla artırılmasına baxmayaraq, neftçilər bu artımın bəhrəsini hələ də görmürlər

Mirvari Qəhrəmanlı: "Bu, yalnız ona görədir ki, ARDNŞ və "Azneft"də bu sahəyə rəhbərlik edən rəhbər işçilər "paket" üsulu ilə ikiqat məvacib aldıqlarından, fəhlələri düşünməyə vaxtları yoxdur"

Bu yaxınlarda Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının fəaliyyətsizliyindən söhbət açanda bizi qərəzlilikdə qınayanlar oldu. Lakin ARDNŞ-nin ayrı-ayrı strukturlarından daxil olan kollektiv müraciətlərini dərc edəndən sonra bizi qərəzlilikdə suçlayanların elə özlərinin kütləvi qərəzliliyi ortaya çıxdı. Hansı ki, ən azı Neft - Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Cahangir Əliyevin özü bu məsələyə aydınlıq gətirməli idi. çünki məhz onun rəhbərlik etdiyi təşkilat neft sahəsində çalışan fəhlə və qulluqçuların hüquqlarını qorumalı, pozulmuş hüquqlarının isə bərpasına səy göstərməli idi.

"İdi" yazırıq, çünki bu görülməli olan iş həmişə Cahangir Əliyevin fəaliyyətsizliyi ucbatından keçmiş zamanda qalmaqla, görünmür ki görünmür...

 

***

...Yeri gəlmişkən, qəzetimizin 7 oktyabr 2008-ci il tarixli sayında "Neft daşları" NQÇİ-dən redaksiyaya daxil olmuş bir qrup fəhlə və qulluqçunun(Bu şikayət həm də NHMT-nin sədri M. Qəhrəmanlıya təqdim edilmişdi) Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevaya ünvanlı müraciəti dərc edilmişdi. "Neftçilər kömək istəyir" sərlövhəli həmin müraciətdə də yuxarıda qeyd edilən oxşar problem öz əksini tapmışdı. Sitat: "Hörmətli Mehriban xanım! Əmək haqlarımız bu ilin sentyabr ayına qədər aşağıdakı bəndlər üzrə hesablanırdı: Dəniz əmsalı, zərərlilik, bayram tarifi, normadan artıq işləmə tarifi, xəstəlik vərəqinə görə və bir də gecə saatlarına görə! Lakin ARDNŞ-də kimlərinsə icad etdikləri yeni qaydaların tətbiq ediləcəyini deyərək bundan sonra, əksinə, əmək haqlarımızın aşağı düşəcəyi məlum olur. Beləliklə, Prezidentin əmək haqlarının 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılması barədə sərəncamının bəhrəsini biz neftçilər görməyəcəyik. Xahiş edirik, bu məsələni nəzarətə götürəsiniz".

 

***

Dünən isə həmin neftçilərdən bir qrupu yenidən redaksiyamızla əlaqə saxlayaraq vəziyyətin dəyişməz olduğunu bildirdilər və məsələyə yenidən qayıtmağımızı və aidiyyəti qurumlardan bu barədə izahat istənilməsini xahiş etdilər.

Məsələyə dair öncə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari xanım Qəhrəmanlının münasibətini öyrənməyə çalışdıq:

-Mirvari xanım, son vaxtlar neftçilərin əmək haqlarının kəsilməsi və Prezidentin əmək haqlarının artımı ilə bağlı məlum sərəncamlarının əksinə addımların atıldığının şahidi oluruq. Bununla da anlaşılmaz vəziyyət yaranmışdır: Prezident bir tərəfdən əmək haqlarının artımına qərar verir, digər tərəfdən isə ARDNŞ-də əks addım atılmaqla məlum sərəncam ətrafında mənfi rəy yaradılır...

- Mən söhbətə Beynəlxalq Şəffaflıq Təşkilatının bu yaxınlarda açıqladığı bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Açıqlama arayış xarakterlidir və 180 ölkə arasında aparılıb. Korrupsiya indeksinin tətbiq olunduğu ölkələr arasında Azərbaycan 180 ölkə sırasında 152-ci yerdə dayanıb. Amma Norveç bu siyahıda 9-cu yerdə qərar tutub. Mən bu misalı ona görə gətirdim ki, bu yaxınlarda Norveçdə keçirilən Beynəlxalq Konfransda iştirak etdim və neft çıxaran ölkələrin mövcud vəziyyəti ilə hərtərəfli tanış olmaq imkanım oldu. Əvvəla, Norveç korrupsiyalaşmış ölkə deyil. Mən gördüm ki, burada şəffaflıq və ədalətlilik var, hər kəs əməyinin qiymətini olduğu kimi, layiq olduğu səviyyədə ala bilir...

- Mirvari xanım, bizim üçün orada yaşayıb-işləmək çox cansıxıcı olardı...

- (Gülür). Təbii ki, bütün bunlar ölkədə həyata keçirilən islahatların nəticəsində bərqərar olub. Bütün bunlar isə əmək haqlarına təsir edən vacib amillərdən biridir. Bu ölkədə neftçi peşəsi ən şərəfli və bahalı peşələrdən hesab olunur. Bildiyiniz kimi, Norveçdə neft hasilatının tarixi 70-ci illərə təsadüf edir. Azərbaycanda isə bu tarix XIX əsrin sonlarına təsadüf edir. Norveçdə hazırda sutkalıq neft hasilatı 1,5 milyon bareldir. İllik hasilat isə 350 milyon tondur. Norveçin ildə 350 milyon ton neft çıxaran "Statoyl" neftçıxarma şirkətində 29500 nəfər çalışır. Müqayisə edək: Azərbaycanda isə ARDNŞ-nin isə 65 min nəfər işçisi vardır və ildə təxminən 8,5 milyon ton neft istehsal olunur! Bu ki biabırçılıqdır! Belə də təsərrüfatsızlıq olarmı? Təsəvvür edin , Norveçdə işçilərin aylıq əmək haqqı 600 min-700 min krondur. Onların təqaüdçüləri 8000-10.000 dollar arası təqaüd alırlar. Bəs gəlin görək bizdə necədir? ARDNŞ üzrə son bir ildə əmək haqlarının 2 dəfə artırılması barədə prezident qərarı olub-bu ilin yanvarında 25 faiz, sentyabrda isə daha 25 faiz! Hətta bundan sonra belə hazırda neftçilərin əmək haqlarında ötən illərlə müqayisədə elə də artım fərqi yoxdur. Bu artımlardan sonra görün 5-ci dərəcəli operatorun əmək haqqı nə qədər olub: həmin operatorun bu artımlardan sonra əmək haqqı 225 manat olub. Təsəvvür edin, il ərzində iki dəfə 25 faiz artımdan sonra. Bəzən isə ARDNŞ rəhbərliyi öz hesabatlarında orta əmək haqqının ARDNŞ üzrə 400-500 manat olduğunu bildirir. Hansı ki, həmin o 400-500 manatın fəhlənin məvacibinə qətiyyən dəxli yoxdur. Fəhlələr dənizdə şəraitsiz vəziyyətdə işləyir və təhlükəli iş şəraitinə və qan pulu kimi aldıqları cüzi vəsaiti də əlavə edəndən sonra belə onların orta aylıq əmək haqqı çox aşağıdır. Məgər şirkətdə bilmirlər ki, lazımsız ştatlarda oturdulmuş gərəksiz adamların aldığı yüksək əmək haqqını da oraya əlavə edib fəhlənin adına çıxırlar? Qoy onlar bilsinlər ki, bu gün Azərbaycan neftçisi şirkətdə və "Azneft"də, idarələrdə oturan rəhbərlər kimi "paket"də pul almır. Fəhlə yalnız qanın-canını hesabına cüzi vəsait alır və hələ bir onu da çox görürlər...

- Redaksiyaya daxil olan şikayətlərdə soruşurlar: nə vaxta qədər bizi insan yerinə qoymayacaqlar? Nə vaxta qədər Süleyman Qasımovlar, Vüqar Şərifovlar, Fuad Həmzəyevlər, Qorxmaz Hüseynovlar, Mikayıl İsmayılovlar...istədiyini edəcəklər? Yazırlar ki, almalı olduğumuzu alırlar, gəzmək istədiklərimizdə gəzirlər, yemək istədiklərimizi on qat yeyirlər...Bunun qarşısı nə vaxt alınacaq?

- ömür çox qısadır. Mən bilmirəm, bu qədər pulu nədən ötrü yığırlar?! Mən bilmirəm, onların ömrü yığdıqları o pulları xərcləməyə bəs edəcəkmi? Niyə bunu nəzərə almırlar? Amma çox təəssüf ki, bütün bunları Həmkarlar İttifaqının rəhbərliyi də görür və göz yumur, deməli, o da bu cinayətlərə, ədalətsizliyə şərikdir... Mən indiyədək görməmişəm ki, bu şikayətlərin biri araşdırılsın və xarici ölkələrdəki kimi həmkarların qərarı ilə hansısa bir fəhlənin hüququ bərpa olunsun, haqq öz yerini tapsın. Bütün bunlara görə yalnız təəssüflənə bilərəm.

 

***

Norveçdən təzə qayıtmışam. Bu ölkədə neftçilərə olan qayğını görüb bizim sadə neftçilərin vəziyyətini göz önünə gətirəndə inanın, dəhşətə gəlirəm ki, ilahi, insan əməyinə bu qədər hörmətsizlik olarmı??? üç-beş adam bu boyda sahəni məhvə doğru aparır.

- Müsahibəyə görə təşəkkürümüzü bildiririk!

 

Y. Məmmədli