“Azərbaycan BU GÜN VƏ SABAH”.- 2007.- ¹ 6.- S.22-26.

 

NİKKOLO MAKİAVELLİ: TARİX VƏ SİYASƏT ARASINDAKI ƏLAQƏNİN DƏRKİNƏ DAİR

 

Sevinc Həsənova
Fəlsəfə elmləri namizədi

 

«Demək olar ki, insanlar hər zaman digərlərinin keçdiyi yollarla gedirlər»
(N.Makiavellinin «Hökmdar» əsərindən)

 

Siyasi etika, tarix, əxlaq və siyasət münasibətlər probleminin elmi tədqiqinin, vətəndaş cəmiyyətinin təşəkkül tapmasının, hakimiyyət məsələlərinin və s. əsasını qoymuş böyük italyan mütəfəkkiri Nikkolo Makiavellinin ədəbi irsinə müraciət etməyimiz həmin amillərin müasir proseslərlə bağlılığından  irəli gəlir. Bu bizim müasir dövrün mürəkkəb tarixi, siyasi, mənəvi problemlərini dərk etmək cəhdimizdir. Ona qədər siyasi mübarizə vasitəsi olan tarixi siyasətə tabe etmək istəyirdilər. Tarixin elm olduğunu və yalnız bu şəkildə siyasi məqsədlərin həyata keçəcəyini sübuta yetirən mütəfəkkir tarixə siyasi baxışı təkmilləşdirdi. Tarix siyasətçilərin maraqlarına uyğun düzənlənəndə «ənənələri korlayır», elmi olduqda isə, siyasətçilərin şüurunu dəyişir və düzgün yol tapmağa kömək edir. Etiraf edək ki, bu gün də bir çoxları tarixlə manipulyasiyaya haqq qazandırır və bu, əsasən lazımi qədər Makiavellinin kifayət qədər dərk edilməməsindən irəli gəlir. Əksəriyyət Makiavellini siyasətdə mənəviyyatsızlığa haqq qazandıran siyasətçi kimi tanıyır. Lakin digər baxış da mövcuddur. Makiavellinin irsində antik mədəniyyət ənənələri, intibah humanizmi, dünya tarixinin yeni dövrlərinin təngə gəldiyi fəlakət və uğursuzluqları qabaqcadan görmək qabiliyyəti cəmləşib. Siyasi prosesləri dərindən başa düşən bir filosof kimi, onun ağlı, işləyib hazırladığı nəzəriyyə çox irəli gedərək, zamanın çərçivələrini qoparıb siyasətdə ənənələrin dərki üsullarına dair universallığı qorumağa müvəffəq olmuşdur. Ənənələri tarix deyil, ona olan baxış korlaya və əksinə, siyasi reallıq və ənənələri yüksəldə bilər. Makiavellinin əsərlərində ötən dövrün mütəfəkkirləri ilə tarixi dialoqdan nəzəriyyənin yaranması, ənənənin tənqidi yaradıcı mənimsəməsindən novatorluğun əmələ gəlməsi, müasir həyatın ən fundamental və kəskin problemləri baxımından tarixi inkişaf perspektivinin yetişməsini açıq-aydın izləmək mümkündür. Geniş tarixi materiallar əsasında Makiavelli «Hökmdar», «Tita Liviyanın birinci dekadası haqqında düşüncələr», «Florensiyanın tarixi», «Hərbi sənət haqqında» və s. əsərlərində hakimiyyətin psixoloji, əxlaqi və siyasi məhdudlaşdırılması, şəxsi və ictimai maraqlar arasında konsensusun, siyasətdə rifah meyarlarının tapılması, xarici qəsddən müdafiə, siyasətçi, partiyalar və vətəndaşların məsuliyyəti məsələlərini qoyur. Makiavelli yaradıcılığının zirvəsini vahid qərb dünyasını etnik və dini sərhədsiz yaratmağa müvəffəq olmuş Roma sivilizasiyasının əzəməti haqqında düşüncələrdən başlayaraq cəmiyyətin quruluşuna dair fikirləri və siyasi əsərləri təşkil edir. Makiavelli aydın  məqsədləri olan və idarəçiliyin düzgün üsullarını bilən şəxsin əlində cəmləşmiş güclü hakimiyyətə malik dünyəvi dövləti yaratmağa qadir yeni insanın formalaşması baxımından antik mədəniyyətin əhəmiyyətini göstərib.  «Dahi florensiyalı»nın nəzəri konstruksiyalarının dolğun təhlili üzərində işləyən zaman nikbin gələcəyə nail olmaq baxımından idrak və ideoloji tərəfləri, mövcud vəziyyəti üzə çıxarmaq, taktika və strategiyanı müəyyən etmək mümkündür. Onun nəzəriyyəsi hərəkətə, yaradıcılığa və azadlığa çağırır və beləliklə də tarixi-etik və siyasi problemlər müasir tərzdə səslənməyə başlayır. Dahi mütəfəkkirin yaradıcılığını öyrənmək, Makiavellini məqsədinə nail olmaq üçün istənilən vasitələrə haqq qazandıran hökmdarın ədəbsiz konsepsiyasının müəllifinə çevirən stereotipi aradan qaldırmaq; əsrlər boyu aktuallığını saxlamış prinsipi hazırlayan siyasi fəlsəfi düşüncənin nəhəngini lazımi dərəcədə qiymətləndirmək və dövlət xadiminin həyata keçirdiyi siyasətdə realizmi başlıca məqsəd kimi etiraf etmək deməkdir. Nikkolo Makiavellinin siyasi nəzəriyyəsinin əxlaq qaydalarına zidd olub-olmaması haqqında ənənəvi mübahisə dahi humanistin irsinə müasir elmin göstərdiyi böyük maraqdan  irəli gəlir. Mütəfəkkirin yaşadığı və təsvir etdiyi dövrün konkret siyasi şəraitini nəzərə almadan Makiavelli etikasının əxlaqi və mənəvi əsaslara malik olmadığını söyləmək doğru deyil. Yaxşı olardı ki, dahi florensiyalının əsərlərini liderlik, yaxud idarəçilik haqqında elm kimi təqdim etmək yollarının axtarışı  üzərində işlənilsin. Makiavelli ideyalarının tarixiliyi və əhəmiyyəti ilk baxışdan əxlaqsız görünsə belə, reallıqdan çox uzaq əxlaqi terminologiya ilə manipulyasiya edən «aldatmaq nəzəriyyəsindən» qat-qat qiymətlidir. Onun irsinin zaman baxımından uzaq, lakin hazırkı dövrün siyasi şəraitinə uyğun kontekstdə diqqətlə araşdırılması yalan, riyakarlıq, böyük və kiçik siyasət vasitəsi qismində dini və insani qanunları pozmaq halları Makiavellidən çox uzaqdır. Mütəfəkkirin doktrinası heç də əxlaq qaydalarına zidd deyil. Onun nəzəriyyəsinə görə, dövlətin həyata keçirdiyi yüksək rifahı siyasətin özü təcəssüm etdirir. Əslinə baxanda, əxlaq qaydalarına fərdin xilası üçün onun və dövlətin qorunmasını təmin edən əsasların pozulmasına icazə verən doqmatik prinsiplər ziddir. Məhz Makiavelli insanı müqəddəratını həll edən, yalnız həyatının asılı olduğu qanunlara tabe olan, tarixi yazan şəxs kimi tanıdıb. Amerika tədqiqatçısı Con Pokok respublikanın müvəqqəti qeyri-sabitlik şəraiti ilə toqquşduğu istənilən tarixi dövrü «Makiavelli anı» adlandırıb. «Makiavelli anı» sabitliyin itirildiyi şəraitdə,  «respublikanın iqtisadi və sosial burulğana düşdüyü zaman irrasional, qarmaqarışıq hadisələrin axını qarşısında, heç olmazsa, nisbi siyasi, iqtisadi və sosial harmoniyanın effektli şəkildə qurulmasına dair yollar axtarışında olan vətəndaşların özünü dərketmə prosesindən keçərkən yaxınlaşır. Azərbaycan üçün «Makiavelli anı» XXI əsrin əvvəllərinə təsadüf edib. Bu, mütəfəkkirin əsərlərində təsvir olunan vətəndaş cəmiyyəti və demokratik idarəçilik azadlığına dair seçim,  müasirliyin dövlət və ictimai dəyərlərinin dərki və özünü dərketmə hissi, ən başlıcası isə, həqiqət anıdır. Nəyə görə XV əsrin Florensiyası və Makiavellinin ideyaları müasir zaman üçün bu qədər aktualdır? Əvvəla, şəhər-respublikaların nizamnamələrinə gəlincə, onların yazılmış konstitusiyalarını, dövlət hakimiyyəti institutlarının təşkili qaydalarını nizamlayan qanunların təhlili zamanı isə demokratiyanı qeyd etmək lazımdır. Dövlət hakimiyyəti, dinin dövlətdən ayrılması, azlıqların legitimliyi, dövlət hakimiyyəti orqanlarında vətəndaşların geniş şəkildə təmsil olunması, məhkəmənin hakimiyyətin digər orqanlarından ayrılması, şəxsi mülkiyyət hüququ kimi müasir konstitusiyalı sivilizasiyanın başlıca siyasi və hüquqi dəyərləri fasiləsiz təsdiqlənmə prosesində olsalar da, artıq formalaşmışdırlar. Makiavellinin qənaətinə görə, müxalifət və onunla bağlı siyasi düşüncə mübarizəsi dövlət və cəmiyyətin həyat qabiliyyəti, həmçinin vətəndaşların azadlıqlarının qorunması baxımından zəruri şərtdir. Azadlıq əsl vətəndaşlığın məqsədi və yeganə şərtidir ki, onsuz vətəndaşlar dövlətləri uğrunda mübarizəni axıra çatdırmır və bu  gec və ya tez həmin dövlətin məhvi ilə nəticələnəcək. Makiavelli keçmiş və yaşadığı dövrün dövlətlərinin mahiyyətinin tədqiqatı əsasında bu nəticələrə gəlsə də, onlar gələcək üçün nəzərdə tutulub. Zənnimizcə, dərindən hər şeyi dərk edən və iki minilliyin təcrübəsindən qaynaqlanan filosofun düşüncələri özündən yüz illər sonraya hesablanıb. Respublika demokratik ideyaları ilə yanaşı Makiavelli dövlət həyatında əxlaq, din və azadlığın olmadığı halda nələrin baş verdiyini bizə ümumi şəkildə göstərir. Belə olan təqdirdə, vətəndaşlarla manipulyasiya olunur və qorxudan müharibələr aparılır. Bu üsullar ötən əsrdə sınaqdan keçirilib və 90-cı illərin əvvəllərində mövcud olan siyasi və iqtisadi səbatsızlıq bunun nəticəsidir. İndi respublikamız üçün vətəndaşlıq, əxlaq, din, sahibkarlıq azadlığı və cəmiyyətin bütün təbəqələrinin fikirlərinin nəzərə alınması kimi Makiavellinin digər dərslərini öyrənmək vaxtıdır. Bütün bunlar ictimai həyatın vacib komponentləri və yeni güclü dövlətin qurulmasının qaçılmaz şərtləridir.

Mütəfəkkirin irsinə olan maraq həm də onunla izah olunur ki, məhz Makiavelli tarixin dərk edilməsinə dair yeni yanaşmanı işləyib hazırlamaqla siyasətçini tarixi mücərrəd deyil, səmərəli şəkildə başa düşməyə yönəldib. Onun fikrincə, siyasi lider əməllərinə görə məsuliyyət daşımalı, tarixi hadisələri öz maraqlarına tabe etməməli, əksinə, şüurlu şəkildə konkret şəraiti nəzərə almaqla onlara təsir göstərməlidir. Yəni Makiavellinin tövsiyələri siyasətçi üçün, ilk növbədə, uzaqgörən düşüncə bacarığı, vasitələrin şüurlu seçimi və ən başlıcası, praktik olaraq mövcud şəraitdə daha səmərəli vasitədən istifadə etmək cəsarətidir. Makiavellini maraqlandırır ki, istənilən siyasi situasiyaya diqqət yetirən, onun hansı istiqamətdə gedəcəyini qabaqcadan görən, təcrübəyə əsaslanan və insan təbiətinin xüsusiyyətlərini nəzərə alan fərasətli və çalışqan siyasətçi nə dərəcədə və hansı şərtlərlə hakimiyyət uğrunda nəticəni öz xeyrinə yönəldə bilər. O, tarixi hadisələr əsasında, konkret məqsədlər və vasitələr seçməklə  hər tarixi çağırışa yeni cavab axtarmaq zərurətinin olduğunu düşünür. Məlum olduğu kimi, siyasi etika məhz bu müddəaları açıqlayır. Makiavellinin siyasi etikasının öyrənilməsi və izahı bir sıra problem və çətinliklərlə üzləşir. Onun siyasi etikası ətrafında artıq bir neçə yüzilliklər davam edən kəskin polemika səngimək bilmir. Mütəfəkkirin irsinin öyrənilməsində müxtəlif məktəblər və ənənələr formalaşıb ki, onların hər biri siyasi əxlaq sahəsində onun ideyalarının şərhinə dair kəşflər və yanlış fikirlərə malikdir. Respublikamızda  dahi florensiyalı haqqında əxlaqla siyasətin qarşılıqlı əlaqəsi problemi kontekstində fəlsəfə elmləri doktoru İ.Məmmədzadə yazmışdır. Lakin problemin tamamilə başqa tərəfi də var və bu onunla bağlıdır ki, N.Makiavelli irsinin öyrənilməsi intibah dövrünün mədəniyyətinə metodoloji və fəlsəfi yanaşmanı nəzərdə tutur. Fikrimizcə, bu məsələdə Y.Burkhart, F.Kardini və Y.Heyzinqin elmi əsərləri yardım edəcək. Aydındır ki, biz həmin dövrün tam tədqiqatını nəzərdə tutmuruq, söhbət yalnız Makiavellinin  siyasi etikası prizmasından kolorit və dövrün incəliklərinin dərk edilməsindən gedir. Hər halda, intibah dövrü ilə bağlı istənilən problemin tədqiqatı üçün müəyyən vasitə lazımdır. Güman edirik ki, Florensiyanın dahi mütəfəkkirinin irsinin öyrənilməsi ənənəsinin əmələgəlmə prosesini mərhələ-mərhələ öyrənmək gərəkdir və həmin dövrdə müasir mədəniyyətin əlamətlərini axtarmaq lazım deyil.

Nikkolo Makiavellini əxlaqı siyasətdən ayıran dahi siyasətçi hesab etmək ənənəsi A.Djiveleqovdan başlayıb. Yeri gəlmişkən, bu cür yanaşma ilalyan və almandilli politologiya ilə kulturologiyada müşahidə olunur. Belə ki, V.Titone Makiavellinin «ən qəddar və rəhmsiz üsullara bir növ aprior üstünlük» verdiyini iddia edərək, onu hamı tərəfindən qəbul edilmiş əxlaqa nifrət, dövlət səviyyəsində zorakılığa və tək bir faktı universal nəzəriyyə kimi qələmə verməyə meylli müasir praqmatik və ideoloqların sələfi sayırdı. Nikkolo Makiavellinin siyasi nəzəriyyəsinin əxlaq normalarına zidd  olmasına dair ənənəvi mübahisə dahi humanistin irsinə müasir elmin göstərdiyi böyük maraqla bağlıdır. Biz Makiavellinin siyasi etikasının mənəvi və əxlaqi əsaslara söykənməməsinə dair birtərəfli fikirlə razılaşmırıq və çalışacağıq ki, italyan humanistinin nəzəriyyəsini onun yaşadığı konkret siyasi şərait və həmin dövrün kontekstində göstərək. İtaliya  və Qərbi Avropa ənənələrində belə bir fikir formalaşmışdır ki, əxlaqı siyasətdən ayırmaqla N.Makiavelli siyasi etikanın əsaslarını siyasi şüur və reallığı öyrənmək üsulları kimi müəyyənləşdirib. Sonra hökmdar və onun ətrafının şüurunu təhlil edən filosof istənilən siyasətçinin fəaliyyətində mövcud olan obyektivlik, maraqlar problemi, məqsəd və vasitələrə təsadüf edib. Qeyd etmək lazımdır ki, Azərbaycan filosofu İ.Məmmədzadə Makiavelli ideyalarını məhz bu cür başa düşür və fikrimizcə, belə yanaşma düşüncənin inkişafına və təkcə dahi florensiyalının baxışlarının deyil, həm də bütövlükdə siyasi etika elminin mənimsənilməsinə təkan verir. Siyasi etika, Makiavelliyə görə, fəaliyyətdə olan, fikir söyləyən və məsləhət verən insanın təcrübəsi qədər həm də siyasi təcrübədən asılıdır. Siyasi təcrübə onun «Hökmdar» kimi əsas elmi əsərinin ərsəyə gəlməsinə stimul verdiyi halda, mütəfəkkirdə siyasi etikanın olmaması haqda fikirlər sözsüz ki, düzgün deyil. Sözügedən əsər normativdir, lakin normativliyi də bütövlükdə təcrübə və tədqiqatçının şəxsi təcrübəsi şərtləndirir. Zənnimizcə, Makiavellinin orta əsr və intibah dövrünə qədərki müəlliflərdən fərqi də elə məhz bundadır. Həm A.Dante («Ziyafət», «Monarxiya»), həm də P.Braççolini («Tamahkarlıq haqqında») əsərlərində siyasətin Tanrı və qismətdən asılı olması fikrinə əsaslanaraq, siyasi prosesi ali qüvvələrin müdaxiləsinin nəticəsi kimi qiymətləndirirdilər. Onlara görə, siyasətdə şərin təzahürü «insanın faniliyinə» bir işarədir. Makiavelli siyasi etikanı, siyasəti utopik istəklərin toplusuna deyil, empirik, təcrübənin sınağından çıxmış elmə çevirməyə cəhd göstərib. L.M.Batkin və V.İ.Rutenberq empirizmin zəif görünməsi səbəbindən çox vaxt onun paradoksal olduğunu iddia edirdilər və bununla razılaşmamaq olmaz. Makiavellinin paradoksallığı tədqiqat metodu kimi təkcə empirizmə münasibətdə deyil, həm də XV əsr humanist dünyagörüşü xülyalarının dağıdıcısı kimi də özünü büruzə verir. Lakin siyasi etikası və siyasətin qeyri-prinsipiallığını məhdudlaşdırmaq cəhdi ilə dahi mütəfəkkirin humanistliyi bəlkə də yaşadığı dövrün hüdudlarından kənara çıxır. Onun üçün bütün tarix (siyasət) insan təbiətinin təzahürüdür və məhz buna görə eyni zamanda əxlaqlı və pozğun ola bilər. Bu o deməkdir ki, Makiavelli siyasətdə əxlaqdan çox, onun əsl təbiətini, mahiyyətini insanlar və hökmdardan, onların keyfiyyətlərindən asılı olan əxlaq və siyasətin nisbətini araşdırmağı zəruri hesab edirdi. Makiavellinin siyasi ideologiyası kollektiv iradənin formalaşması kimi müəyyən siyasi məqsədin əldə olunmasına yönəlib ki, onun vasitəsilə vahid və güclü dövlət yaratmaq mümkündür. Makiavelli hər şeydən əvvəl vətənpərvər olub, «vətən» sözü onun üçün yaradıcı insanın ehtirasının güclü stimulu sayılırdı. Ölkəni kilsə cəhalətpərəstliyi və  mənəviyyatı pozan feodalizmdən dartıb çıxartmaq arzusu dahi mütəfəkkirə həmin dövr üçün tərəqqinin aparıcı qüvvələrini tapıb köhnə sistemin dəyişdirilməsi baxımından başlıca vasitələri təklif etməyə imkan verdi. Bu prosesin orijinallığı ondan ibarətdir ki, Makiavelli onu konkret şəxsiyyətin xüsusiyyətlərinin formalaşması, həyat və fəaliyyətində borc, vəzifə, zərurət, ehtiyac kimi əsas kateqoriyaların təkmilləşdirilməsi şəklində təsəvvür edirdi. O, siyasətçilərə təsir etməklə tarixin gedişini dəyişməyi düşünürdü. Zənnimizcə, bu, son dərəcə müasir tezisdir, çünki bu gün də siyasi xadimlər və alimlər «dayaq nöqtəsini» taparaq hadisələrin inkişafına təsir göstərməyə çalışırlar.

Yuxarıda qeyd etdiklərimiz nəzərə alınmaqla, monoqrafiyada Nikkolo Makiavellinin siyasi etikasının, siyasətdə həqiqətin dərkedilmə üsulunun və dahi florensiyalının irsinin müasir siyasi etikaya təsirinin sistemli şəkildə öyrənilməsi ilə yanaşı, ideoloji əngəllərdən azad təhlil həyata keçirilir və siyasi etikanın başlıca kateqoriyalarının müəyyənləşdirilməsinə cəhd göstərilir.

Hazırkı tədqiqat N.Makiavellinin siyasi etika sahəsində yaradıcı irsinin fəlsəfi düşüncə tarixində nəzərəçarpan hal olmasına dair fəlsəfi ənənəyə söykənir. Söhbət Hegel, V.Pareto, M.Veber, F.de. Sanktis və digərlərindən gedir. Bununla bərabər, müəllif «Məqsəd vasitələri doğruldur» tezisinə haqq qazandırmaq və əxlaqla siyasəti müqayisə etməklə mütəfəkkirin konsepsiyasını kobudlaşdıran ənənənin T.Kampanella, J.Boden və digər nümayəndələri ilə mübahisəyə girişir.  Makiavellinin müasir Qərb politologiyası və etikası tərəfindən fəal surətdə öyrənilməsi faktı elmi işdə imkan daxilində Makiavelli haqqında xarici dillərdə yazıların işıqlandırılmasını şərtləndirib. Belə ki, F.de. Sanktis əmindir ki, Makiavellini tədqiq etməklə biz müasir siyasi prosesin məntiqini anlayar və siyasətə son dərəcə səmərəli formanın məhz onun tərəfindən verildiyini başa düşərik. E.Kassirerin qənaətinə görə, Qaliley fiziki hərəkəti necə təhlil edirdisə, mütəfəkkir də siyasi hərəkəti həmin tərzdə təhlil edir. Siyasi realizmə dair müasir Amerika məktəbi əminliklə bildirir ki, müasir politoloqlar Makiavellinin davamçılarıdır. Bu fikrə «Hökmdar» əsərini politoloqların stolüstü kitabı adlandıran və onu oxumağı məsləhət görən «Siyasət və siyasi sistemlər» dərsliyinin müəllifləri C.Elsvort və İ.Stanke də tərəfdardırlar. Makiavelli yaradıcılığının öyrənilməsinə dair müəyyən ənənələr keçmiş Sovet İttifaqında da təşəkkül tapmışdır. Belə ki, A.İ.Titarenko iddia edirdi ki, Makiavelli irsinin araşdırılmasına onun siyasətdə əxlaqsızlığa haqq qazandırmasına tənqidlə başlanmışdır və yalnız sonralar filosofun irsinə daha ciddi və ağıllı yanaşma müşahidə olundu. N.Makiavellinin siyasi etikası əxlaq və siyasət kimi subyektiv sahələrə elmi yanaşmanın prinsipial mümkünlüyünə dair sübutdur. Məhz bu səbəbdən Makiavelliyə siyasəti əxlaqla mütləq qarşı-qarşıya qoymasına istinad etmək düzgün deyil, söhbət siyasi etika vasitəsilə siyasət və əxlaqın qarşılıqlı əlaqəsinin yeni davranış səviyyəsindən getməlidir. Nikkolo Makiavellinin siyasi etikasına göstərdiyimiz maraq da elə məhz bundan irəli gəlir. Onun tərəfindən siyasətin təhlilinin daxili məntiqini, hakimiyyət formaları və siyasətin əxlaqsızlığının məhdudlaşdırılmasını dərk edib siyasi etikanın bəzi nəzəri problemlərini anlamaqla yanaşı, Azərbaycanın siyasi reallığını, idarəçiliyin yanlış formalarından düzgün formalarına və vətəndaş cəmiyyətinə istiqamətlərin daha dəqiq təhlilinə nail ola bilərik. Makiavelli ideyalarının dahiliyi onların izahının dövrə uyğun dəyişməsi və hər dövrün bunda müəyyən potensial tapmasındadır. Siyasət və əxlaq, məqsəd və vasitələr, hakimiyyət və liderlik, idarəedən və idarəolunan, inqilab və durğunluq, azadlıq və əsarət, tərəqqi və irticaya dair dahi mütəfəkkirin qoyduğu problemlər əvvəlki kimi aktualdır. Bəlkə də müasir elmi düşüncə bir daha mütəfəkkirin irsinə müraciət etməklə, onun izahı vasitəsilə keçmişin dərslərini daha möhkəm mənimsəmək, hazırkı dövrün problemlərini həll etmək və gələcəyin siyasi dəyişikliklərini görməyə cəhd göstərir.