Təfəkkür.-2017.-№1.-S.65-72.

 

Dövlətin sosial siyasətinin konseptual əsasları və strateji hədəfləri

 

Elina Rzayeva,

Azərbaycan Kooperasiya Universitetinin doktrantı

elina.rzayeva@gmail.com

 

Açar sözlər: sosial siyasət, sosial dövlət, sosial modellər, sosial məqsədlər

Ключевые слова: социальная политика, социальное государство, социальные модели, социальные цели

Key words: social policy, social state, social models, social purposes

 

Məqalə dövlətin sosial siyasətinin əsas istiqamətləri və konseptual əsasları mövzusuna həsr edilmişdir. Burada “sosial dövlət” anlayışının yaranması, evolyusiyası və hu kateqoriyaya müasir yanaşmalar, sosial və iqtisadi siyasətin məqsədlərinin qarşılıqlı əlaqəsi, sosial modellərin variantları, sosial siyasətin məzmunu və funksiyaları tədqiq olunmuşdur. Məqalənin sonunda müəllif özünün elmi cəhətdən əsaslandırılmış nəticələrini əks etdirmişdir.

 

Dövlətin sosial siyasətinin konseptual əsasları və strateji hədəfləri haqqında danışarkən müasir dövrdə mövcud olan modellər diqqəti cəlb edir: liberal (ingilis-amerikan) və kontinental (korporativ) modellərdə fərdlərin və dövlətin iştirak səviyyəsinin uzlaşması diqqəti cəlb edir. Analitiklər hesab edirlər ki, sosial siyasət, sosial inkişaf və sosial peşə problemi elmi müstəvidə ümumi rifah dövləti, sosial dövlət konsepsiyası çərçivəsində işlənmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, son onilliklərdə sosial siyasət bir çox ölkələrdə xüsusi tədqiqat obyektinə çevrilmişdir. Bu istiqamətlərdə tədqiqatlara olan marağın artması həmin ölkələrdə qeyri-sosial sabitliyin artması ilə, digər tərəfdən isə optimal sosial quruluşlu cəmiyyət modelinin axtarılması ilə bağlıdır. Sözügedən marağın yaranması iqtisadi böhranlar dövründə əhalinin hökumətdən sosial sabitliyin təmin olunması ilə bağlı tələblərinin artması ilə əlaqədardır.

Göründüyü kimi, sosial siyasətin elmi mövzu kimi diqqəti cəlb etməsi təsadüfi deyildir, sosial siyasətin konseptual əsasları uzun əsrlər ərzində mütəfəkkirlər tərəfindən formalaşdırılaraq inkişaf etdirilmişdir. T. Sidorinanın qeyd etdiyi kimi, artıq XVIII əsrdən gələcək sosial siyasətin ilkin rüşeymləri özünü büruzə verməyə başladı. Həmçinin XIX əsrin 50-ci illərində Avropa publisistikası və elmi araşdırma materiallarında “sosial siyasət” anlayışı işlədilməyə başlandı.

Ümumiyyətlə, “sosial dövlət” anlayışı ilk dəfə olaraq alman alimi Lorens fon Ştaynın əsərində işlədilmişdir. Onun “Almaniyanın elmi hüquqi bu günü və gələcəyi” əsərində yazılır ki, sosial dövlət bütün siniflərdən olanların, ayrı-ayrı şəxslərin mütləq hüquqi bərabərliyini öz hakimiyyəti vasitəsilə təmin etməlidir. O, bütün vətəndaşlarının iqtisadi və ictimai tərəqqisinə nail olmalıdır, çünki son nəticədə birinin inkişafı digərinin inkişafına səbəb olur, məhz bu anlamda sosial dövlət barəsində danışılır. Sosial dövlətin əsas əlamətlərindən biri kimi bütün insanların bərabərliyi xüsusi olaraq seçilir, əvvəlki “dövlət-cəmiyyət” dixotomiyası “şəxsiyyət-dövlət” dixotomiyası ilə əvəz olunur, dövlətin əsas məqsədinin isə iqtisadi və sosial tərəqqiyə nail [səh.65-66] olunması bəyan olunurdu. Sosial dövlətin məzmununun belə bir şərhini Y. Ofner, F. Nauman, V. Vaqner dəstəkləyirdilər. Beləliklə, sosial dövləti fərqləndirən əsas kriteriya sosial mənşələrindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərinə yönəldilmiş sosial paternalizm hesab olunurdu (1).

Eyni zamanda qeyd etmək lazımdır ki, sosial institutların, sosial qaydaların və sosial siyasətin mənşəyi barədə klassik ideyalar M. Veber, E. Dyurkqeym, Q. Zimmel, P. Sorokin tərəfindən irəli sürülmüşdür. Adları çəkilən tədqiqatçılar öz əsərlərində sosial institutların mənşəyi ilə bağlı klassik ideyaları formalaşdırmışlar.

XX əsrin əvvəllərində V. Zombartın yazdığı əsərlərdə artıq sosial siyasət barədə epizodik məlumatlar deyil, bu təzahür barəsində müfəssəl nəzəri fikirlərin irəli sürülməsinə başlanıldı. Lakin bütün bunlara baxmayaraq, təkzibedilməz faktdır ki, sosial siyasətin məzmununun müasir anlamda tədqiqi və şərhinə alimlər XX əsrin ortalarından başlamışlar. Həmin dövrdə Qərb sosioloji, siyasi və iqtisadi fikrində sosial dövlət, sosial ədalət prinsiplərinin cəmiyyətdə bərqərar olunmasında sosial siyasətin rolu məsələsinin müəyyənləşdirilməsi zərurəti meydana çıxdı.

Yuxarıda deyilənlər əsasında belə qənaətə gəlmək olar ki, bazar iqtisadiyyatı yeni məcraya yönəlir - bazar iqtisadiyyatı üstəgəl dövlətin sosial siyasəti. Eyni zamanda nəzərə almaq lazımdır ki, bazar qurumu sadəcə tənzimləmə aləti deyildir, müstəqil sosial dəyərdir, çünki heç bir digər iqtisadi sistem səmərəli təsərrüfat fəaliyyətini, bu qədər ədalətli bölgünü təmin etmir. Bazar iqtisadiyyatına lap əvvəldən məxsus olan sosial funksiya ondan ibarətdir ki, iqtisadi fəaliyyətdə istehlakçı və onun maraqları mərkəzi yer tutur. Sosial komponentlər bazar iqtisadiyyatı ilə sıx bağlıdır. Lakin bu üzvi birlikdə iqtisadi və sosial birlik o zaman mümkündür ki, dövlət və biznes öz üzərilərinə düşən öhdəlik və məsuliyyətləri dərk etsinlər. Özlüyündə bazar iqtisadiyyatı laissez faire - kapitalın və istehsalın təmərküzləşməsinə, hakimiyyətin inhisarlaşmasına, biznes və hakimiyyətin böyüməsinə, bir bazar subyektinin digər bazar subyektlərinin azadlıqlarını məhdudlaşdırmasına cəhd etməsinə, əhalinin pul gəlirləri və əmlakının diferensiallaşmasına səbəb olur. Bütün bunlar baş verməsin deyə elə bir təsərrüfat qayda qanunları bərqərar olmalıdır ki, sözün əsl mənasında rəqabət mühiti formalaşsın, bazar agentləri bir-biri ilə sağlam rəqabət apara bilsinlər, insanların yaradıcılıq enerji və təşəbbüsləri inkişaf etsin, onların rifahı yüksəlsin. İqtisadi və sosial siyasətin nəzəri əsasları müəyyənləşdirilərkən iqtisadiyyatın mücərrəd xüsusiyyətləri və yaxud ayrı-ayrı seqmentləri ilə kifayətlənmək olmaz. Baxmayaraq ki, yuxarıda qeyd olunanlar siyasətlə yönləndirilən obyektdə ən mühüm olanıdır, bununla belə, obyektin fəaliyyət göstərməsi mexanizmini şərh etməyə imkan yaratmır. Bu xüsusiyyətlərin konkretləşdirilməsi tələb olunur, bir səviyyədən digər səviyyəyə keçid zamanı məzmunlu konkret iqtisadi səviyyədən çoxsaylı faktorların təsiri ilə səthi reallığa keçid baş verir. Bu deyilənlər sosial sferaya da aiddir (bax: şəkil 1).

 

Şəkil 1. Sosial və iqtisadi siyasətin məqsədlərinin qarşılıqlı əlaqəsi

Qeyd: İqtisadiyyatla bağlı ədəbiyyatlar əsasında (1, 3, 11, 13) aparılan ümumiləşdirmələr üzrə müəllif tərəfındən hazırlanmışdır.

[səh.66-67]

 

Müasir dövrdə iqtisadi fəaliyyətin koordinasiyası üsuluna keçid bazar vasitəsilə həyata keçirilir. Lakin belə bir vəziyyət bazarın mütləqləşdirilməsinə heç bir əsas vermir. Məsələ burasındadır ki, xalis bazar sisteminin bərqərar olması qeyri-mümkündür, çünki bazarın özü müəyyən struktur və institutlardan ibarət qurumdur. Göründüyü kimi, praktikada xalis bazar iqtisadiyyatına nail olmaq qeyri-mümkündür, çünki bazarın özü institutdur. Qeyd etmək lazımdır ki, xalis bazar iqtisadiyyatı sistemi ideyasında iqtisadi siyasətin kriteriyasında dövlət müdaxiləsi də daxil olmaqla digər elementlər qəbul edilmir (2), metodoloji baxımdan o qədər də düzgün deyil, paradoksal qarmaqarışıqlıqlara əsaslanır.

Bazarın fəaliyyəti institutlar şəbəkəsi əhatəsində baş verir və həmin institutlar şəbəkəsinin fəaliyyəti hökumət və digər strukturların fəaliyyəti ilə qarşılaşmaya bilməz. Xalis bazar sistemi ideyası geniş yayılmış konsepsiyadır, ənənəvi olaraq üstün və hegemonluq prinsipi kimi təqdim olunur. Sosial-iqtisadi sistemdə hansısa iqtisadi strukturun hegemonluğunu K. Marks da qəbul edirdi. O yazırdı ki, “cəmiyyətin hər bir forması üçün müəyyən istehsal xarakterikdir və həmin istehsaldakı münasibətlər digər münasibətlərə ciddi təsir göstərir. Bu ümumi aydınlığın işığına digər rənglər düşür, onları və onların xüsusiyyətlərini təkmilləşdirir. Bu, xüsusi efirdir, özündə mövcud olan hər şeyin xüsusi çəkisini müəyyənləşdirir (3).

Üstünlük prinsipi digər iqtisadi və qeyri-iqtisadi strukturların mövcudluğunu istisna etmir. Bu fikri Marksın yuxarıdakı sözləri də təsdiq edir. Bütün bunlardan heç də o nəticəni çıxarmaq lazım deyildir ki, “xüsusi efir” inkişaf prosesində vahid struktura çevrilmir. Doğrudur, K. Marks və F. Engels “Kommunist partiyasının manifesti” əsərində yazırdılar ki, “son nəticədə istehsal fərdlər assosiasiyasının əlində cəmlənir” (3, s. 43).

Üstünlük prinsipinin birtərəfli dərk olunması və sosial-iqtisadi sistemin təkamülü ideyasının mütləqləşdirilməsi vahid strukturun öz inkişafının yetkin çağında iqtisadi siyasətin formalaşması üçün konseptual əsas kimi çıxış edə bilməz.

Hesab edirik ki, belə bir yanaşma sosial siyasətin nəzəri əsasları təsbit olunarkən qəbul edilə bilməz. Milli iqtisadiyyatda baş verən dəyişikliklər xalis bazar iqtisadiyyatı ideyasının yanlış olduğunu sübut edir. Xalis bazar iqtisadiyyatı ideyası bazarın öz-özünü tənzimləməsi ideyasına əsaslanır. Belə dəyişikliklərin nəticəsi bürokratik bazarın genişlənməsi və güclənməsi olmuşdur. Sonuncunun nümunəsi kimi sovet sistemindəki bazar göstərilə bilər. Bu bazarda korrupsiyalaşmış məmurlar, biznes elitası zəifləyən dövlətdən xeyli sərvət əldə etdilər.

Ötən əsrin 60-70-ci illərində Qərb ölkələrində müqayisəli sosial araşdırmalar kontekstində belə bir nəticə hasil olundu ki, sosial dövlətin böyüməsi və hüdudları industrial sənaye modernizasiyasının nəticəsidir. Məhz həmin dövrdə sosial siyasətə kritik yanaşma özünü büruzə verməyə başladı. Sosial siyasət və sosial struktur arasında qarşılıqlı əlaqəni təsvir edən bir sıra radikal istiqamətli əsərlər nəşr olundu (4).

Ötən əsrin sonuncu rübündə Qərb ölkələri alimlərinin diqqəti əsasən sosial siyasətin tipologiyası üzərinə yönəldilmişdi. Ümumdünya miqyasında sosial siyasətin tipologiyası Q. Espinq-Andersen (Böyük Britaniya) tərəfindən verilmişdir (5) və həmin tiplərə indiki dövrdə neoliberal, sosial-demokrat, mühafizəkar modellər daxildir.

Burada ümumdünya hüdudlarında hər üç tipin ümumi cəhətləri də təsbit olunurdu. Neoliberal tipin bazardan asılılığı, cəmiyyət üzvlərinin gəlirlərinin və yüksək stratifıkasiyası və dövlət müdaxiləsi, sosial müdafiə fondlarına tənzimləyici bazar ödənişləri kimi cəhətləri xüsusi qeyd olunurdu. Sosial tip üçün bazardakı vəziyyətdən asılılığın, stratifıkasiyanın aşağı səviyyəsi, intensiv dövlət təminatı və maliyyələşdirməsinin xarakterik olması qeyd olunurdu. [səh.67-68]

İngilis tədqiqatçısı Robert Pinker də sosial siyasət modellərinin tipologiyasının verilməsinə cəhd göstərən ilk tədqiqatçılar sırasında yer almışdır. R. Pinker sosial siyasətin aşağıdakı modelləri barədə mühakimələr irəli sürür:

Ø  Qalıq modeli - iddia olunur ki, ancaq əhalinin ehtiyacı olan hissəsinə kömək göstərilməlidir. Dövlət büdcəsindən sosial məqsədlər üçün vəsaitlərin ancaq qalıq prinsipi üzrə ayrılması nəzərdə tutulur. Məhz bu səbəbdən də sosial yardımın əhalinin ancaq ən çox ehtiyacı olan hissəsinə çatması nəzərdə tutulur.

Ø  İnstitusional model - dövlət mövcud resurslardan cəmiyyətin bütün təbəqələrinin tələbatlarının təmin olunması üçün istifadə edir. Lakin nəzərə almır ki, resursların maksimal səmərəlilikdə bölgüsü mümkün deyil, bu modelin bərqərar olduğu ölkələrdə əlavə sosial xidmətlərin göstərilməsinə ehtiyacı olan sosial qruplar olacaqdır.

R. Pinkerin təqdim etdiyi modellərə yaxın modelləşmə Riçard Titmus tərəfindən təklif olunmuşdur. Burada başlıca fərq üç modelin mövcudluğu barədə fikirlərin irəli sürülməsidir: 1) qalıq modeli, 2) industrial inkişaf modeli (konservativ, korporativ), 3) institusional bölgü modelləri barədə mühakimələr irəli sürülürdü.

Robert Pinker və Riçard Titmusun modellərindəki fərqli cəhətlərin daha aşkar görünməsi üçün aşağıdakı xüsusi cədvəl tərtib olunmuşdu.

 

Cədvəl

Sosial siyasət modellərinin müqayisəsi

Müqayisə parametrləri

Sosial siyasət modelləri

Qalıq modeli

İndustrial iqtisadi model

İnstrumental-bölgü modeli

Digər adı

Liberal

Konservativ, korporativ

Dövlət bölgüsü-sosialist

Modelin tipi

Passiv

Əsasən passiv

Aktiv, konstruktiv

Dövlətin rolu

Passiv

Əsasən passiv

Aktiv

İctimai və xeyriyyə cəmiyyətlərinin rolu

Bir qədər aktiv

Əsasən passiv

Bir qədər passiv

Sosial müdafiənin aparıcı subyekti

Əhalinin ən kasıb hissəsi

İşləyən hissə

Əmək fəaliyyəti ilə məşğul olanlar

Maliyyələşdirmə prinsipləri və mənbələri

1. Büdcə vəsaitləri qalıq prinsipi ilə ayrılır;

2. xeyriyyə və ictimai təşkilatların vəsaitləri

Sosial sığorta sisteminin vəsaitləri

Dövlətin iqtisadi resurslarının səmərəli bölgüsü

Məqsəd

Sosial xəstəliklərin müalicəsi

Əsasən sosial xəstəliklərin müalicəsi, qismən profilaktika

Sosial xəstəliklərin profilaktikası

Qeyd: Müəllif tərəfindən R. Pinker və R. Titmusun tədqiqatları əsasında hazırlanmışdır

 

[səh.68-69]

Qərb ölkələrinin bəzi mütəxəssisləri sosial siyasət reallaşdırılarkən yaranan problemlərə diqqət yetirmişlər. Məsələn, E. Qiddensin diqqətini sosial istisnalar cəlb etmişdir. Müəllif elmi dövriyyəyə “istisna” anlayışını daxil edir. Burada istisna dedikdə lokal kontekstdən sosial münasibətlərin çıxarılması, onların zamanın qeyri-müəyyən kontekstində restrukturizasiyası başa düşülür (8).

Sosial siyasətin məşhur tədqiqatçılarından olan ingilis alimi N. Menninq əsərlərində əsas vurğunu sosial siyasətin aktivliyi və səmərəliliyi, həmçinin zəhmətkeşlərin həyatında sosial siyasi həyatın əhəmiyyəti üzərinə yönəltmişdir. O hesab edirdi ki, sosial siyasətin konfiqurasiyasının formalaşmasında orta təbəqənin və fəhlələrin ümumi maraqlarının yaranmasının xüsusi əhəmiyyəti vardır. N. Menninq müxtəlif siyasi sistemlər çərçivəsində sosial siyasətin idarə olunmasının tipologiyasını vermişdir və siyasi sistemlərin müxtəlifliyi əsasında aşağıdakı modelləri qeyd edirdi: plüralist model, elita modeli, korporativ model və marksist model (9).

Partiya konsensusunun iqtisadi dinamikaya təsiri məsələsi C. Konner tərəfindən araşdırılmışdır. K. Doyçman sosial siyasətin reallaşdırılmasının, ümumi rifahın iqtisadi, demoqrafik, sosial mədəni aspektlərini araşdırmışdır. O, sistemin modernləşdirilməsinin vacibliyini qəbul edərək, ümumi rifah cəmiyyətində heç bir böhran əlamətlərinin olmadığını iddia edir, əsas arqument kimi büdcədən sosial məqsədlər üçün xərclərin artmasını göstərirdi (10).

Rus alimi T. Sidorina qeyd edir ki, sosial siyasət elmi araşdırmalar sahəsi kimi, dövlətin daxili siyasətinin istiqaməti, onun sosial doktrinası kimi meydana gələrək cəmiyyətin inkişaf strategiyası və məqsədlərini, həmçinin müxtəlif qeyri-dövlət institutlarının fəaliyyət sferasını müəyyənləşdirir. Sosial siyasət - mürəkkəb obyektlər sistemi, tədbir və mexanizmlər sistemidir, zəruri qanunvericilik normaları ilə dəstəklənir və onların vasitəsilə əmək bazarında, səhiyyədə, pensiya təminatında və digər sahələrdə tənzimlənir (11).

Azərbaycan iqtisadiyyatında bazar iqtisadiyyatı münasibətlərinə keçidlə əlaqədar islahatların keçirilməsi assosial təsərrüfat sisteminin bərqərar olması ilə nəticələnmişdir. Burada sosial, humanitar, sosial tədbirlərdən daha çox iqtisadi tədbirlər yer tutur. Hesab edirik ki, neoklassik yanaşmanın əksinə ideyalar irəli sürən keynsçi, institusional və digər yanaşmalarda sosial siyasətə keçid ziddiyyətlərsiz əsaslandırılmışdır. Bu kontekstdə Azərbaycan Respublikasının Konstitusiyasında sosial dövlət haqqında təsbit olunmuş müddəaların metodiki əhəmiyyəti vardır.

Konstitusiyanın tələblərinin ardıcıl olaraq yerinə yetirilməsi bütün vətəndaşların sosial müdafiəsinin təmin olunmasını, onlara hüquqi və mənəvi qanun və qaydalar çərçivəsində fərdi rifaha qovuşmalarının reallaşdırılmasını tələb edir. Bu zaman pul gəlirlərinin faktor bölgüsü mexanizmində düzəlişlər edilməsi tələb olunur (12).

“Sosial” və “subsidiyalar” dövlətinin prinsipial fərqləri vardır. Sosial dövlət əsas məqsədinin cəmiyyətin bütün üzvlərinin rifaha qovuşdurulması, onların sosial müdafiəsinin, sosial sabitliyin və sosial ədalətin təmin olunmasını bəyan edir. Subsidiyalar dövləti isə özünü bu vəzifələrdən kənarlaşdırır, ehtiyacı olan əhaliyə yardım göstərilməsi ilə kifayətlənir (13, 14, 15).

Bazar iqtisadiyyatının sosiallaşdırılması kontekstində sosial dövlət və sosial ədalət real məzmun daşıyır. Bütün bunlar isə o deməkdir ki, cəmiyyətin bütün təbəqələrinin rifah səviyyəsi ictimai əməyin məhsuldarlığı [səh.69-70] və ÜDM ilə birbaşa korrelyasiya olunur. İqtisadiyyata münasibətdə xarici, muxtar elementdən gələn sosial ədalət onun daxili komponentinə çevrilir, insanlar arasında qarşılıqlı münasibətlərin keyfiyyətini ifadə edir, insanların könüllü olaraq təqdim etməyə razı olduqları dəstəyi özündə ifadə edir. Sosial ədalət ideyası formasında ümumi mənafeyin öz mənafeyi kimi dərk olunması iqtisadiyyatın və insanın sosiallaşmasından xəbər verir.

Sosial siyasət özündə əsasən sosial və iqtisadi münasibətləri əks etdirməlidir, həmin komponentlər bir-biri ilə sıx təmasda olub, bir-birinə qarşılıqlı nüfuz edirlər. Bu kontekstdən kənarda sosial siyasət qocalması, xəstələnməsi və s. səbəblərdən bazar iqtisadiyyatı münasibətlərindən kənarda qalanlara yardım göstərilməsi kimi diqqəti cəlb edir. Sosial sferada sosial siyasət iqtisadi nəzəriyyənin bazar iqtisadiyyatı münasibətləri şəraitində ədalətli bölgü, gəlirlərin bölgüsündə bərabərsizliyin ölçülməsi, onların təkrar bölgüsündə dövlət siyasəti, bütünlükdə sosial sferanın maliyyələşdirilməsi məsələləri bir-biri ilə sıx bağlıdır.

Zənnimizcə, hər şeydən öncə “sosial siyasət” anlayışının məzmunu dəqiqləşdirilməlidir. İqtisadi ədəbiyyatlarda adətən sosial siyasət dar məzmunda dövlətin müxtəlif qruplar arasında gəlirlərin bölgüsü və təkrar bölgüsü ilə əlaqədar fəaliyyəti başa düşülür, geniş məzmunda sosial siyasət - makroiqtisadi tənzimləmənin istiqaməti kimi, cəmiyyətdə sabitliyin, bütün cəmiyyət üzvləri üçün bərabər başlanğıc şəraitinin yaradılması kimi başa düşülür (16, 17, 18).

Qeyd etmək lazımdır ki, sosial siyasət anlayışının məzmunu ilə əlaqədar yuxarıda ifadə edilən formul elmi dövriyyədə olan formullardan sadəcə biridir. İndiki dövrdə sosial siyasətlə əlaqədar çoxlu təriflər mövcuddur. Lakin həmin təriflər içərisində bizim diqqətimizi aşağıdakı tərif xüsusi olaraq cəlb edir. Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsidir, sosial proqram və praktikada reallaşdırılır və ölkə əhalisinin əsas qruplarının maraqları baxımından münasibətləri tənzimləyir (19).

Sosial siyasətin geniş anlamda məzmununa aşağıdakılar daxildir:

 

·         Dövlət quruluşundan asılıdır;

·         Cəmiyyətin sosial strukturu kontekstində formalaşır;

·         Ölkənin sosial inkişaf konsepsiyası kimi çıxış edir;

·         Dövlətin iqtisadi siyasətindən asılıdır və onunla sıx bağlıdır;

·         Cəmiyyətin maraqları baxımından resursların bölgüsünün tədbirlər sistemindən ibarətdir.

 

Apardığımız tədqiqat işində “sosial siyasət” anlayışının məzmunu yuxarıda göstərilən müəlliflərin işlətdiyi anlayışın məzmunu ilə heç bir ziddiyyət təşkil etmir. Lakin hesab edirik ki, bəzi düzəlişlərin aparılması tələb olunur. Hesab edirik ki, “sosial siyasət” insan fəaliyyətinin yerli şəraiti ilə, müəyyən ərazi ilə sıx bağlı olmalıdır. Sosial siyasətdə müəyyən ərazidə kompakt yaşayan əhalinin fəaliyyətinin rəngarəngliyi, yerli şəraitlə bağlı qəbul edilən qərarların spesifikası nəzərə alınmalıdır. Lakin deyilənlərlə yanaşı, ümumdövlət maraqlarına təminat verən şərait; suverenliyin, ərazi bütövlüyünün və dövlət təhlükəsizliyinin təmin olunması; gömrük, maliyyə və digər maneələrlə əngəllərin olmadığı vahid iqtisadi məkanın saxlanması, ölkə ərazisində əmtəə və xidmətlərin azad dövriyyəsi tələb olunur.

Zənnimizcə, daxili milli inkişaf faktorları baxımından inkişaf və bazar iqtisadiyyatı münasibətlərinə keçid paralel olaraq [səh.70-71] baş verir, hadisələrin inkişaf təmayülləri göstərir ki, xalqın rifahının yaxşılaşdırılması, investisiya fəaliyyəti şəraitinin yaxşılaşdırılması, dayanıqlılığın təmin olunması və iqtisadi artımın keyfiyyətinin yüksəldilməsi üçün radikal islahatların həyata keçirilməsi dərinləşdirilməlidir. İqtisadi münasibətlər hər hansı bir məkandan kənarda formalaşmır. İqtisadi münasibətlərə daha geniş sosial kontekst yüksəlməkdədir. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə sosial münasibətlər iqtisadi münasibətlərlə uzlaşır.

İqtisadi və sosial münasibətlərin bir- birinə nüfuz etdiyi və tamamladığı bir vaxtda, bazarın rolunu ancaq mübadilə münasibətlərini əhatə edən, təkcə qiymətlərin tənzimlənməsi ilə onun iştirakçılarını bir-biri ilə uzlaşdıran mexanizm kimi təsəvvür etmək olmaz. Bazar həm dövlət, həm də sosial institutlar tərəfindən tənzimlənir. Bütün bunlar isə, öz növbəsində, iqtisadi və sosial münasibətləri özünün başlanğıc təməlində nəzərdən keçirilməsini zəruri edir.

 

Ədəbiyyat:

 

1.       Калашников C.В. Социальное государство: эволюция и этапы становления / С.В. Калашников // Аналитический вестник. 2004. № 15 (235), с. 12-18.

2.       Радаев В.В. Инварианты рыночной модели и факторы ее специфики. В Кн. “Формирование российской модели рыночной экономики: противоречия и перспективы”. Под. ред. К.А. Хубиева. М.: Тейс. 2003, 324 с.

3.       Маркс К., Энгельс Ф. Соч. 2-е изд. Т. 46. 4.1. М.: 1968

4.       Ярская В.Н. Социальная политика, социальное государство и социальный менеджмент: проблемы анализа / В.Н. Ярская // Журнал исследований социальной политики. 2003. Т. 1. № 1, с. 12-28

5.       Esping-Andersen, G. The Three Worlds of Welfape Capitalism G. Esping-Andersen. Cambridge: Polity Press, 1990, 363 p.

6.       Pinker R.A. (2011), 'Social inequality, poverty and social redistribution'. Journal of the National Centre for Social Research (Athens), Special Issue on Contemporary Social Inequalities, Psimmenos, Iordanis (ed), Vol 13, No. 136, 9-23

7.       Titmuss, R.M. (1970), The Gift Relationship, London: Allen and Unwin.

8.       Esping-Andersen, G. The Three Worlds of Welfare Capitalism G. Esping-Andersen. Cambridge Polity Press, 1990, 363 p.

9.       Manning, N. The Politics of Welfare N. Manning Social Policy ed. by J. Baldock, N. Manning, S. Miller,S. Viskerstaff. N.Y. Oxford University Press, 2000, p. 50-51

10.    Дойчман К. Будущее государства благосостояния / К. Дойчман // Государство благосостояния и егосоциально-экономические основы: сб. ст. СПб.: Ин-т страхования, 1998, с. 16-17

11.    Сидорина Т.Ю. Структура российского общества: вызовы социальной политики / Т.Ю. Сидорина И Мир России. 2005, № 4. с. 49-63

12.    http:www.azerbaijan.azportalGeneralConstitutiondocconstitution_a.pdf

13.    Охотский Е.В. Социальное государство и социальная политика современной России: [səh.71-72] ориентация на результат / Е.В. Охотский, В.А. Богучарская И Труд и социальные отношения. 2012. - № 5(95), с. 30-44

14.    Гриценко Н.Н., Шарков Ю И. Основы социального государства. Учебник. М., 2004, с. 38

15.    Qasımov Ə.S., İsrafilov Н.А., Hacızadə E.M., Ağayev E.A. Regionların sosial-iqtisadi inkişaf problemləri. Bakı, “İqtisad Universiteti” nəşriyyatı, 2006, 304 s.

16.    Система государственных экономических гарантий и льгот как элемент социальной защиты населения//Пантелеева, Татьяна Сергеевна. Экономические основы социальной работы: (учеб, пособие для вузов по направлению и специальности “Соц. работа”) / Т.С. Пантелеева, Г.А. Червякова. 2-е изд., стер. М.: Академия, 2009, с. 53-59

17.    Якимчук Светлана Васильевна.Социальная защита населения и ее совершенствование в современных условиях / С.В. Якимчук ;Федер. агентство по образованию, Белгор. гос. ун-т. Белгород : Остащенко А.А., 2008, 205 с.

18.    Социальная защита//Реформирование управления общественными финансами в Ленинградской области : (сборник / Сев.-Зап. акад. гос. службы, Аналит. центр “Концепт”; науч. ред. Кириллов А.Л., Кучкаров З.А.). -СПб.: Изд-во СЗАГС; М.: Концепт, 2006, с. 161-203

19.    Холостова Е.И., Сорвина А.С. Социальная работа: теория и практика. М.: ИНФРА- М„ 2004, 345 с.

 

Элина Рзаева

Концептуальные основы и стратегические целисоциальной политики государства

 

Резюме

 

В статье говорится об основных направлениях и концептуальных основах социальной политики государства. Здесь исследуются такие важные вопросы как понятие “социального государства”, его эволюция и современная трактовка взаимосвязь целей социальной и экономической политики, варианты социальных моделей, содержание социальной политики и ее функции. В конце статьи автор выдвигает свои научнообобщешше выводы по исследуемой теме.

 

Etina Rzayeva

Conceptual bases and strategic objectives of state social policy

 

Summary

 

In article it is told about the main directions and conceptual bases of social policy of the state. Here such important issues as a concept of “the social state”, its evolution and a modem treatment are researched, the interrelation is more whole than social and economic policy, options of social models, content of social policy and its function. At the end of article the author pushes the scientific conclusions on the researched subject.