“525-ci qəzet”.-2008.-16 oktyabr.-N190.-S.1
Prezident
seçkisinin ilkin nəticələri açıqlandı
MSK-nın
BU GECƏ SAAT 02.00-a OLAN İLKİN
MƏLUMATINA GÖRƏ, SEÇİCİLƏRİN 89.04
FAİZ SƏSİNİ TOPLAYAN İLHAM ƏLİYEV
İKİNCİ DƏFƏ AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ SEÇİLDİ
Dünən müstəqil
Azərbaycan altıncı dəfə prezidentini seçib.
Ölkə müstəqillik əldə edəndən sonra ilk
prezident seçkiləri 1991-ci il sentyabrın 8-də
keçirilib. Səsvermə hüququna malik
seçicilərin 84,4 faizinin iştirak etdiyi
seçkilərdə səslərin 98,5 faizini toplayan Ayaz
Mütəllibov qalib elan olunub. 1992-ci il iyunun 7-də
keçirilən ikinci prezident seçkilərinin qalibi isə
AXC sədri Əbülfəz
Elçibəy olub. Seçicilərin 76,3 faizinin
səsverməyə qatıldığı
seçkilərdə Əbülfəz Elçibəy 59,4
faiz, digər namizədlər isə 38 faiz səs
toplayıblar. 1993-cü il avqustun 29-da prezident
Əbülfəz Elçibəyə etimad
göstərilməsi ilə bağlı referendum
keçirilib və səsverməyə qatılan 3 milyon 767
min 928 seçicinin 92,02 faizi dövlət
başçısına etimad göstərməyib.
Referendumdan sonra oktyabrın 3-nə
təyin olunan növbədənkənar prezident
seçkiləri həm də ən yüksək seçici
fəallığı ilə yadda qalıb. Səsvermə
hüququna malik seçicilərin 97,6 faizinin iştirak etdiyi
üçüncü prezident seçkilərində
Heydər Əliyev səslərin 98,8 faizini toplayaraq dövlət
başçısı seçilib. 1998-ci il oktyabrın
11-də Azərbaycanda dördüncü dəfə
keçirilən prezident seçkiləri günü
səsverməyə 3 milyon 358 min 465 seçici qatılıb
(seçicilərin ümumi sayının 79,18 faizi).
Seçicilərin 76,11 faizinin səsini qazanan Heydər
Əliyev növbəti müddətə prezident seçilib.
Beş il əvvəl, 2003-cü il oktyabrın 15-də isə
müstəqil Azərbaycan tarixində beşinci prezident
seçkiləri keçirilib. Bu seçkilərdə adı
seçici siyahılarına daxil edilmiş Azərbaycan
vətəndaşlarının 71,23 faizi səsverməyə
qatılıb. Seçkilərin nəticələrinə
görə, 76,84 faiz səs toplayan İlham Əliyev qalib
gəlib. Dünən keçirilən prezident
seçkilərində isə Azərbaycan xalqı 7
namizəd - YAP-ın namizədi İlham Əliyev, BAXCP-nin namizədi Qüdrət
Həsənquliyev, Ümid Partiyasının namizədi
İqbal Ağazadə, Müasir Müsavat Partiyasının
sədri Hafiz Hacıyev, Azərbaycan
Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev,
Böyük Quruluş Partiyasının namizədi Fazil
Qəzənfəroğlu və bitərəf namizəd Qulamhüseyn Əlibəyli arasında
seçim edib. Dünən gecə Mərkəzi Seçki
Komissiyası prezident seçkilərində
seçicilərin iştirakına dair sonuncu rəsmi
məlumatı açıqlayıb. Lent.az-ın
"Seçkilər" İnformasiya Mərkəzindəki
əməkdaşının verdiyi məlumata görə, saat
19.00-dək ölkə üzrə 3 milyon
681 min 529 nəfər səsvermədə iştirak edib. Bu,
seçicilərin ümumi sayının 75,65 faizi deməkdir.
Ölkə üzrə ən yüksək seçici
fəallığı 1 saylı
Şərur-Sədərək Seçki Dairəsində
qeydə alınıb (92,2 faiz). Ən aşağı
fəallıq isə 28 saylı Sabunçu 3-cü Seçki
Dairəsində olub. Burada seçicilərin 57,56 faizi səs
verib. Bu gün, gecə saat 2 radələrində MSK sədri
Məzahir Pənahov keçirdiyi mətbuat konfransında
bildirib ki, seçkinin ilkin nəticələrinə
görə, İlham Əliyev 89,04 faiz, İqbal Ağazadə
2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 faiz, Qulamhüseyn Əlibəyli 2,22 faiz,
Qüdrət Həsənquliyev 2,18 faiz, Fuad Əliyev 0,75 faiz
və Hafiz Hacıyev 0,62 faiz səs
toplayıblar.