“Bizim yol”. -
2009. – 23 fevral. - № 41 - S. 4.
Bərzaninin adamları
niyə gəlmişdi?
PKK-ya
yardım edən şəxsin nümayəndələrini bura
həmin terror təşkilatının simpatizanı
Tahir Süleymanov gətiribmiş
«İraqın kürd
muxtariyyətinin rəsmi nümayəndələri Bakıya gəliblər».
Bu xəbər «Yeni Müsavat» qəzetində bir neçə
gün əvvəl dərc olunmuşdu. Öz mənbəsinə
istinad edən qəzetin bu xəbərində bildirilmişdi
ki, İraq Kürdüstanının nümayəndə
heyətini Azərbaycana «Diplomat» qəzetinin baş redaktoru
Tahir Süleymanov gətirib: «Mənbənin
sözlərinə görə, Bərzaninin
adamları «Elit» hotelində qalırlar.
Nümayəndə heyətinə İraq
Kürdüstanının İdman Nazirliyinin
nümayəndələri və kürdlər
tərəfindən formalaşdırılan Türkmən
Mədəniyyət Mərkəzinin rəhbərləri
daxildir… Mənbənin bildirdiyinə görə, Tahir
Süleymanov kürd hökumətinin Bakıda daimi
nümayəndəliyini açmaq istəyir. Ona bu işdə
hakimiyyətdə təmsil olunan bir sıra məmurların da
yaxından yardım etdikləri bildirilir».
Daha sonra məqalədə
yazılmışdı ki, redaksiya Tahir Süleymanovla
əlaqə saxlayıb və o, faktı
təsdiqləyərək belə deyib: «İraqın
Azərbaycandakı səfirliyinin dəvəti ilə
Türkmən Mədəniyyət Mərkəzinin
rəhbəri Cövdət Nəccar
Bakıdadır. Mənim uzun illər zəhmətimin
bəhrəsi nəticəsində İraq
türkmənlərinin ölkəmizə səfərini
təşkil edə bildim». Yazıdan o da məlum olur ki, Tahir
Süleymanov «Bərzaninin adamları»
ilə qəzetin kollektivini də
görüşdürəcək və sonrakı sayında
dərc olunan informasiyadan və Nəccarın
redaksiya əməkdaşları ilə çəkdirdiyi
şəkildən də bəlli olur ki, Tahir Süleymanov vədinə əməl edib.
İnformasiyada belə
yazılır: «Əslən İraq türkməni,
kərküklü olan və hazırda Şimali İraq
muxtariyyəti başçısının müavini və
idman naziri vəzifəsində çalışan
Cövdət Nəccar Bakıya
səfərə gəlib. İraqlı qonaq dünən “Yeni
Müsavat”ın müsafiri oldu. Cövdət Nəccar
redaksiyamızın ofisi ilə tanış oldu,
əməkdaşlarla görüşdü. Onunla
əməkdaşlarımızın ünsiyyətində
demək olar ki, heç bir problem yox idi. Öz ana dilində
danışan Cövdət bəy həm də bizim dildə
danışmış olurdu».
İraqlı nazirlə
bağlı bu informasiyadan da göründüyü kimi, o,
sadəcə olaraq, Türkmən Mədəniyyət
Mərkəzinin rəhbəri və İraq
Kürdüstanı hökumətinin naziri deyil, daha yüksək
statusa sahibdir - Şimali İraq
muxtariyyətinin başçısının, yəni
Məsud Bərzaninin müavinidir. Bu
baxımdan, qəzetin onu da Bərzaninin
adamlarından biri kimi təqdim etməsi
təəccüblü deyil. Sadəcə, maraq doğuran odur
ki, əvvəllər bu qəzetdə Məsud Bərzani
PKK terror təşkilatına yardım edənlərdən
biri, Azərbaycanda çıxan «Diplomat» qəzetinin baş
redaktoru Tahir Süleymanov PKK simpatizanı
kimi təqdim edilirdi. «Yeni Müsavat»ın
2008-ci il dekabr ayının 12-də çıxan sayında
«BAKIYA YENİ KÜRD KÖZÜ BAŞLADI»
başlığı altında dərc olunan
məqalədə yazılır: «Dünən Bakıya onlarla
kürd ailəsi gəlib. Bu barədə redaksiyamıza
məlumat verən oxucularımız 20 avtomobildən ibarət
maşın karvanının dünən səhər
Bakının “Şamaxinka” adlanan
ərazisində cəmləşdiyini söylədilər.
Onların sözlərinə görə,
əksəriyyəti mikroavtobuslardan ibarət olan bu
karvandakı avtomobillərin bəzilərinin
üzərində İraq Kürdüstanının gerbi olub.
Xəbəri verən qaynaqlarımız bildirdi ki, xarici
nömrə nişanlı avtomobilləri idarə edən
sürücülər və onların sərnişinləri
yaxalarına həmin gerbin əks olunduğu nişanlar
taxıblar…İraq kürdlərinin ölkəmizə
axınını təsadüfi saymaq qeyri-mümkündür.
Bəlli olduğu kimi, Türkiyə tərəfi İraq
və İraqın kürd muxtariyyətinin liderlərindən
PKK düşərgələrinin qapadılmasını
və terror qruplaşması rəhbərlərinin təhvil
verilməsini tələb edir. İstər İraq prezidenti Cəlal
Tələbani, istərsə də
kürd muxtariyyətinin lideri Məsud Bərzani
Türkiyə ilə konfliktə girməkdə maraqlı
deyil. İraq Kürdüstanının
müstəqilliyinə nail olmağa çalışan
hər iki lider Türkiyə qarşısında Şimali
İraqda PKK-nın fəaliyyətinə imkan verməyəcəkləri
barədə öhdəlik götürüb. İraq
kürdlərinin liderlərinin PKK simpatizanlarını
başqa ölkələrə yerləşdirməkdə
maraqlı olması da sirr deyil. İraq və Türkiyə
kürdlərinin ölkəmizdə
yerləşdirilməsinin arxasında hakimiyyətdə olan
kürd qruplaşmasının durması da hamıya məlum
olan həqiqətdir. Güman olunur ki, kürd liderləri
İraqda olan PKK yanlı kürd ailələrinin
əhəmiyyətli hissəsini ölkəmizdə
məskunlaşdırmaq üçün iqtidardakı
tərəfdarları ilə razılığa
gəliblər.
Sonda onu da bildirək ki,
Azərbaycan iqtidarında təmsil olunan bir sıra məmurlar
separatçı kürdləri açıq
şəkildə müdafiə edir. Azərbaycanda PKK-nı
təbliğ edən “Diplomat” qəzeti
nəşr edilir».
«Yeni Müsavat»ın
başqa bir məqaləsində isə belə yazılır:
«Son günlər separatçıların (PKK-çılar
nəzərdə tutulur-red.) Dağlıq
Qarabağda məskunlaşacağını təxmin edən
türk ordusunun bu ərazini bombalayacağı da istisna deyil.
Azərbaycandakı PKK simpatizanlarını
ən çox narahat edən də elə budur. İndi onlar
Azərbaycanda ideoloji təxribatlardan
çəkinməyəcək. Bu təxribatların
önündə isə Bakıda nəşr olunan
separatçı “Diplomat” qəzeti durur. Sərbəst
şəkildə nəşr edilən və PKK-nı
təbliğ edən “Diplomat” bir qədər əvvəl
Türkiyə mətbuatının da diqqətini cəlb edib.
Məsələn, “Qlobal yorum” adlı
internet jurnalı bu qəzetin fəaliyyəti haqda geniş
məqalə yayıb. Səbahəddin Talu adlı yazarın
məqaləsində bildirilir ki, Bakıda 2000-ci ildən
nəşrə başlayan bu qəzet kürdçülük
və PKK ideyalarını təbliğ edir. Qəzetin redaktoru
Azərbaycan vətəndaşı olan Tahir Süleymanovdur.
“Tahir Süleymanovun son vaxtlar fəaliyyətinin əsas
hissəsini İraqın şimalındakı kürd
muxtariyyətinin qurulması təşkil edir. O, 2005-ci
ildən başlayaraq İraqın şimalındakı
kürd liderləri ilə əlaqələrini
genişləndirməyə başlayıb.
Dəfələrlə İraqda olub və kürd liderləri
ilə geniş reportajlar hazırlayıb”-
deyə məqalədə bildirilir.
Jurnal “Diplomat”ın
İraqdakı kürd liderləri ilə bağlı
məqalələrindən geniş sitatlar dərc edib.
Bildirilir ki, T.Süleymanov
yazılarının birində Kərkük və Ərbili kürd şəhərləri kimi
təqdim edib. Həmçinin qəzetdə Türkiyənin
cənub-şərq və şərq bölgələrinin,
Azərbaycanın Kəlbəcər, Qubadlı və
Zəngilan rayonlarının kürd vilayətləri olduğu
yazılır, “müstəqil Kürdüstan” dövləti
ideyası təbliğ edilir.
“Diplomat”ın rus versiyası
Bakıdakı PKK tərəfdarları, o cümlədən
işğal altında olan Kəlbəcər, Qubadlı və
Laçın rayonları sakinləri arasında
yayılır. Məqalədə yazılır ki, “Diplomat”
PKK-nın Türkiyədəki siyasi qolu kimi tanınan
Demokratik Toplum Partiyası liderlərini də təbliğ
edir: “Göründüyü kimi, bu qəzet İraq və
Türkiyədəki kürdçü
çevrələri təmsil edir və
təbliğatlarını əsasən Türkiyəyə
qarşı yönəldir. Ancaq təəssüf ki, buna
qardaş Azərbaycandakı məlum kəsim
tərəfindən dəstək verilir».
Burda maraq doğuran odur ki,
Məsud Bərzani PKK-ya hələ də
yardım edirmi? Tahir Süleymanov Türkiyə və
Azərbaycan üçün təhlükəli olan bu
terrorçu qurumu hələ də təbliğ edirmi?
Siyasət
şöbəsi