“525-ci qəzet”.-2009.-6 may.-N.80.-S.4.
Şuşanın
işğalı
KAZIMİNİN "QORXULU TEHRAN"INI XATIRLADIM
1992-ci ilin
mayın 2-si idi. Azərbaycan radiosunun
"Xəbərlər" proqramında
çalışırdım. Qəfil məni teleradio
verilişləri komitəsinin sədri Elşad Quliyev
yanına çağırdı. Sədrin otağına daxil
olanda onu müavini ilə söhbət edən gördüm.
Sədrin müavini Nahid Hacızadə
məni görcək:
- Ə,
Səyyad, bura gəl görək, deyəsən, "xoruzun
iki sarılı yumurta doğub" axı? - replikasını
verərək müəmmalı şəkildə mənə
baxdı.
Onun
nəyə işarə etdiyini başa düşmədim. Bu
vaxt sədr Elşad Quliyev:
-
Səyyad, sən erməni dilini bilirsən. Yaqub
Məmmədov Tehrana səfərə gedir və
nümayəndə heyətinin tərkibində o dili bilən
birinin də İrana getməsi lazımdır. Biz də
səni məsləhət gördük. Get hazırlaş,
mayın 5-də Tehrana gedəcəksən, - deyib
məsələyə aydınlıq gətirdi.
Mən
artıq Tehranın yox, Təbrizin havasında idim.
Öz-özümə fikirləşirdim ki, yəqin
nümayəndə heyəti mütləq Təbrizə
gedər və Allah-Təala mənə
də dünyanın incisi olan doğma şəhərimizi -
Cənubi Azərbaycanın paytaxtını Təbrizi
görməyi qismət edər. Amma görünür
qismət deyilmiş...
1992-ci il
mayın 5-də Azərbaycan nümayəndə heyətini
İrana aparan təyyarə Tehranda yerə endi. İlk
dəqiqələrdəncə Tehranın
qarmaqarışıqlığı, tüstülü havası,
nəqliyyatın həddən artıq sıxlığı
diqqətmi çəkdi. Azərbaycan nümayəndə
heyətini qarşılayan İran rəsmiləri və
diplomatlarının sifətindəki soyuqluq diqqətimdən
yayınmadı.
1992-ci il
mayın 6-sı, təxminən, saat 11-in yarısı
olardı. Azərbaycan nümayəndə heyəti İran
prezidenti Haşimi Rəfsancaninin
iqamətgahına yollandı. Rəfsəncani-Ter-Petrosyan-Yaqub
Məmmədov görüşü keçiriləcəkdi.
İqamətgahın yerləşdiyi parkın darvazasından
içəri daxil olanda özümü sirli bir aləmə
düşmüş kimi hiss etdim. Səsli-küylü,
boğuq tüstülü Tehrandan burda
əsər-əlamət yox idi. İri gövdəli,
hündür ağacların budaqlarında yuva salmış
quşların cikkiltisi, iqamətgahın belinə dolanıb
axan arxdakı suyun büllur kimi təmizliyi, səliqə
ilə salınmış gül kolları ayrı bir
mənzərə yaradırdı.
Şahın
iqamətgahı indi Rəfsəncaninin
xidmətində idi. Sarayın önündə şahın
əvvəllər tuncdan qoyulmuş büstü dizinə
qədər qoparılmışdı. Hündür postamentin
üstündə yalnız dəmir çəkmələr
qalmışdı. Sökülmüş heykəldən
göz dağı kimi saxlanılan
çəkmələrə baxanda qəribə hisslər
keçirdim. Düşündüm ki, dünyanın
işinə bir bax: bir vaxt milyonların üzərindən
adlayıb keçən bu çəkmələr indi
nifrət obyekti kimi saxlanılır. Bu
çəkmələrin sahibləri deyildimi Cənubi
Azərbaycanda qurulan milli Azərbaycan hökumətini qan
çanağında boğan? Minlərlə azəri
türkü şah əsgərlərinin güllələri
ilə dəlmə-deşik edilərək şəhid
edilməmişdimi? Təbriz qan çanağında
boğulmamışdımı? Düşündüm ki, bu
çəkmələrin sahiblərinin törətdiyi qətliamın intiqamıdır ki, o,
vətənindən qaçaraq okeanın o tayında
gizlənib. Çəkmə-heykəl möhtəşəm
sarayın önündə çox miskin bir
görkəmdə görünürdü.
Saray zahiri
görünüşündə olduğu kimi, daxildə
də öz dəbdəbəliliyi ilə diqqəti
çəkirdi. Artıq Ermənistan nümayəndə
heyəti də görüş yerində idi. Foye nə
qədər böyük olsa da, gərginlik onu sanki
sıxışdırırdı. Biz məlumat
almışdıq ki, Ter-Petrosyan və onu
müşayiət edən ermənilər
görüşə gəlməzdən əvvəl
Tehrandakı erməni kilsəsində olub, hətta vaxt
tapıb Tehran Universitetinin nəzdində fəaliyyət
göstərən erməni dilli fakültənin
müəllim və tələbələri ilə də
görüşüblər. İstər - istəməz
içimdən belə bir sual keçdi: "Azərbaycan
türkcəsində mətbuat olmadığı, bir
təhsil müəssisəsi belə fəaliyyət
göstərmədiyi halda, rəsmi Tehran ermənilərə
niyə belə qucaq açır"? Niyəsini
bilsəm də sonralar daha çox şey öyrəndim. Bu
mövzuda yazılarım və müsahibələrim də
oldu. Lakin onlar sonralara təsadüf etdi.
Hələliksə
Yaqub Məmmədov tarixə qara səhifə kimi
düşəcək Tehran danışıqlarına
hazırlaşırdı. Gərgin dəqiqələr
keçirdi. Ter-Petrosyan qəlyanına
"Salyut" erməni siqaretini qoyub ləzzətlə qullab
vururdu. O nə barədəsə ətrafındakılara
tapşırıq verirdi. Yaqub Məmmədov da bizim
nümayəndə heyətinin üzvləri ilə
söhbət edirdi. Mən əlimdəki siqareti çəkib
kötüyünü gümüş suyuna
çəkilmiş zibil qutusunun yuxarı dairəvi hissəsində
söndürdüm. Bu vaxt bir erməni çəkdiyi
"Salyut"unun kötüyünü mənim
"Şirvan"ımın üstünə basdı.
Dərhal bir siqaret yandırıb iki qullab aldım və
erməninin "Salyut"unu "Şirvan"ın
altında əzik-əzik etdim. Eyni hərəkəti
erməni təkrarladı. Daha bir siqaret yandırmaq
istəyirdim ki, Azərbaycan nümayəndə heyətinin
tərkibində İrana gedən baş nazirin müavini Abbas
Abbasov məni yanına çağıraraq:
-
Səyyad, tulla o siqareti, bura gəl. Gör oğraşlar
nə danışırlar, bir şey eşidə
bilirsənmi? - deyə məni qarşılıqlı "siqaret
döyüşündən" uzaqlaşdırdı. Mən
nifrətlə erməninin süzdüm. Elə o da eyni
nifrətlə mənə baxdı.
Az sonra Rəfsəncani - Ter-Petrosyan
- Yaqub Məmmədov görüşü başlandı.
Qısa "növbətçi söhbətdən" -
hal-əhvaldan, necə dincəlməklə bağlı
qonaqların fikrini öyrənəndən sonra İran
prezidenti dedi:
- Bu gün
bizdə parlament seçkiləri keçirilir. Mən
gərək müəyyən olunmuş müddətdə
səsverməyə gedim. İki ölkə
başçısı görüşü
təkbətək davam etdirsinlər. Sonra daha bir
görüş keçirərik.
Onun bu
sözündən sonra Yaqub Məmmədov və Ter-Petrosyan ayağa durdular. Rəfsəncani
otağı tərk etdi. Yaqub Məmmədovun
üzündəki təlaş açıq-aydın hiss
olunurdu. O, üzünü Afiyəddin
Cəlilova, Ali Sovetin deputatı Firudin Bağırova
və Abbas Abbasova tutub dedi:
- Siz hara
çıxırsınız?
Erməni
nümayəndə heyəti Ter-Petrosyanı
otaqda tək qoyub çıxdı. Yaqub Məmmədov isə
açıq-aydın nümayiş etdirirdi ki, o,
danışıqları təkbətək aparmaq istəmir.
Mən
Tehran görüşünün və
danışıqlarının bütün
təfsilatını incə detallara qədər yazmaq
istəmirəm. Sonralar tam aydın oldu ki, Tehran
görüşü Azərbaycan nümayəndə heyəti
üçün əməlli-başlı tələ
imiş. Azərbaycan məhz həmin tələyə
salındı. 1992-ci il mayın səkkizində
sübh-tezdən, tələm-tələsik Azərbaycan
nümayəndə heyəti Tehran aeroportuna yola
düşdü. Mən elə bilirdim ki, biz Təbrizə
uçacağıq. Lakin təyyarə Bakı hava
limanında yerə endi. Ermənilər Şuşanı
işğal etmişdilər...
Bununla da
Qarabağın taleyi, müvəqqəti də olsa,
ermənilərin xeyrinə həll olundu. Hələ ki,
Azərbaycan jurnalistləri Şuşanın işğalı
ilə bağlı araşdırmalar aparmaq, qaranlıq
məqamlara işıq salmaq, günahkarları
müəyyənləşdirmək kimi əzabverici
işlərlə məşğuldurlar. Ermənilər
isə bu günlər Şuşanın türklərdən
təmizlənməsinin 16-cı ildönümünü bayram
edirlər. Hələ ki... Bəli, məhz hələ ki...
Zamanı gələndə Azərbaycan xalqı,
qəhrəman Azərbaycan əsgəri öz
sözünü deyəcək. Çünki qətiyyən
mümkün olan iş deyil ki, Azərbaycan xalqı
Şuşanın bir erməni şəhərinə
döndərilməsinə yol versin. Prezident, Ali Baş Komandan
cənab İlham Əliyevin çox açıq və
qətiyyətli mövqeyi də buna sübutdur. Bu, bir
aksiomadır ki, Şuşasız yarımcan bir Azərbaycan
var. Azərbaycanın düşünən beyni
Bakıdırsa, onun döyünən ürəyi
Şuşadır. Bu ürək isə
zəhərlənmiş qanla uzun müddət yaşaya
bilməz. Ona təmiz qan lazımdır - bu yurdun, bu qalanın
əsl sahibinin qanı.
ŞUŞANIN TƏHVİL
VERİLMƏSİ XƏYANƏTKARLIĞIN ZİRVƏSİ
Ümummilli lider Heydər Əliyev:
"Azərbaycanın müstəqilliyini, ərazi
bütövlüyünü qorumaq
nöqteyi-nəzərindən Şuşa və Laçın
rayonları çox böyük strateji
əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki,
ermənilər Azərbaycanın başqa ərazilərini
zəbt etmək üçün birinci növbədə
məhz Laçınla Şuşanı ələ
keçirmək istəyirdilər. Bu, təbiidir. Bəs kimdir
günahkar?
Hakimiyyəti saxlamağa, dövləti
idarə etməyə heç bir səriştəsi, heç
bir mənəvi haqqı, heç bir bacarığı,
heç bir qabiliyyəti olmayan adamlar.
Şuşa, Laçın ancaq və
ancaq Azərbaycanın o vaxtkı
rəhbərliyində olan adamlar, həm də onları
yıxıb hakimiyyətə gəlmək istəyən
adamlar tərəfindən qəsdən erməni
işğalçılarına təslim olunub".
ŞUŞANIN İŞĞALI
ƏRƏFƏSİNDƏ ÖLKƏDƏKİ
İCTİMAİ-SİYASİ VƏZİYYƏT
Azərbaycan
xalqı üçün son dərəcə ağır
nəticələr verən bir səfərə diqqət
çəkmək istəyirəm. Çünki həmin
səfər Dağlıq Qarabağın işğal
edilməsi üçün ermənilərə son
dərəcə əlverişli şərait yaradıb,
dəstək olub. 1991-ci il sentyabrın 20-də Qazaxıstan
prezidenti Nazarbayev və Rusiya prezidenti Yeltsin Bakıya gəldilər. Onların Ayaz
Mütəllibov və müxalifət liderləri ilə
görüşündə məlum oldu ki,
gözlənilməz qonaqlar Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsinin mümkünlüyü
barədə Bakının mövqeyini bilmək
istəyirlər. Sentyabrın 21-22-də Xankəndi və
Yerevanda olan Yeltsin və Nazarbayevin
səfəri 1991-ci il sentyabrın 23-də keçirilən Jeleznovodsk görüşü ilə
nəticələndi. Həmin görüşdə iştirak
edənlərdən biri də hazırda fövqəladə
və səlahiyyətli səfir Tamerlan
Qarayev olub. Onun dedikləri: "Jeleznovodsk danışıqlarında
məndən başqa Həsən Həsənov,
Məhəmməd Əsədov, Mikayıl Gözəlov,
Araz Əlizadə, ekspretlər Eldar Namazov
və Rasim Musabəyov, habelə başqaları iştirak
ediblər. Öncə prezidentlər görüşdü.
Görüşdən çıxan Ayaz Mütəllibovun
açıq-aydın təzyiqə məruz qaldığı
sezilirdi. O bildirdi ki, Dağlıq Qarabağ məsələsi
ilə bağlı bir layihə hazırlanıb. Yeltsin israr edir ki, həmin layihə
təxirə salınmadan imzalansın, çünki onun
vaxtı yoxdur. Lakin nümayəndə heyətinin
bütün üzvləri həmin layihənin imzalanmasına
qəti etiraz etdi. Nəticədə meydana Jeleznovodsk
bəyanatı çıxdı. Bəyanatda isə deyilirdi:
- tərəflər atəşkəs
elan edirlər, Dağlıq Qarabağın Azərbaycan və
Ermənistan konstitusiyasına uyğun gəlməyən
qərarları ləğv edilir;
- qeyri-qanuni silahlı
birləşmələr Dağlıq Qarabağdan 1 yanvar
1992-ci ilədək çıxarılır".
Bəs biz
nəyin şahidi olduq? Arxasında Rusiyanın və konkret
olaraq prezident Yeltsinin, erməni lobbisinin
gücünü hiss edən ermənilər Dağlıq
Qarabağda azərbaycanlılara divan tutmağa başladılar.
Azərbaycan kəndləri bir-bir viran qoyuldu, sakinləri
öldürüldü. 1992-ci il fevralın 25-dən 26-a
keçən gecə XX əsrin faciəsi - Xocalı
soyqırımı törədildi. Müxalifət Ayaz
Mütəllibovu istefaya göndərdi. Ali Sovetin sədri Yaqub
Məmmədov həm də prezident səlahiyyətlərini
icra etməyə başladı. Əslində isə Yaqub
Məmmədov elə də bir səlahiyyət sahibi deyildi
və AXC öz istəyini həyata keçirməkdə
heç bir çətinlik çəkmirdi. Yaqub Məmmədov həmin dövrü
xarakterizə edərək deyib: "Mən Ali Sovetin sədri olsam da, əslində
hakimiyyət AXC-nin əlində idi. Onlar
yerli icra hakimiyyəti orqanlarını dəyişdirir,
istədiklərini edirdilər. Tahir Əliyev başda olmaqla
polis tamamilə AXC-nin tərəfinə
keçmişdi".
Məsələ
bununla bitmirdi. Ayaz Mütəllibov hakimiyyətdən
uzaqlaşdırılsa da, onu dəstəkləyən daxili
qüvvələrin və Moskvanın əli ilə yenidən
prezident kürsüsünə yiyələnməyə
çalışırdı. Hacı Əbdülün və
bir neçə başqasının
təşkilatçılığı ilə Milli
Məclisin qarşısında qurulan çadır, oraya
toplaşanların tələbləri, təşkil
etdikləri mitinq və piketlər Mütəllibovu
ümidləndirmişdi ki, o yenidən hakimiyyətə
qayıdacaq. Cəbhə bölgələrində
yaranmış son dərəcə ağır vəziyyətə
baxmayaraq vahid komandanlıqdan söhbət belə gedə
bilməzdi. Hərc-mərclik, hakimiyyət uğrunda savaş
addım-addım Şuşanın işğalını
yaxınlaşdırırdı.
Şuşanın
işğalı ərəfəsində Azərbaycan
Respublikası prezidentinin Dağlıq Qarabağda və
ətraf rayonlarda fövqəladə səlahiyyətli
nümayəndəsi olan Əlisaab Orucovun
dedikləri: "Xocalı
faciəsindən iki gün sonra respublikanın bütün
rayonlarından yük avtomobilləri Şuşaya
göndərilmiş və şəhər əslində
köçürülmüşdü. Bu işin
təşkilatçıları və icraçıları
Ayaz Mütəllibov və Rəhim Qazıyev olmuşdular. O da
sirr deyil ki, Şuşanın müdafiəsini
gücləndirmək əvəzinə işğal
ərəfəsində hərbi çağırış
yaşlı gənclərə, hətta orduda xidmət
edən əsgərlərə şəhəri tərk
etməyə icazə verən rəsmi buraxılış
sənədləri verilmişdir. Bu iş səlahiyyət
sahibləri - Şuşanın hərbi komissarı, batalyon
komandirləri və nəhayət şəhərin hərbi
komendantı tərəfindən həyata keçirilmişdir.
Xüsusi buraxılışlarla şəhəri və
hərbi hissələri tərk edənlərin sayı 700
nəfərdən çox olmuşdur".
Şuşa
və Laçının işğalı ilə bağlı
keçirilən məhkəmə prosesində sabiq briqada
komandiri, hazırda Müdafiə Nazirliyinin generallarından
biri olan Elbrus Orucov öz
ifadəsində deyib: "Aprelin
sonunda mən Şuşa rayon hüquq-mühafizə
orqanları və hərbi hissələrinin
rəhbərlərinin iştirakı ilə
müşavirə keçirib təcili tədbirlər
görülməsinin vacibliyini qeyd etdim. Lakin aydın oldu ki,
artıq şəhər boşalır. Şuşa rayon
Hərbi Komissarlığı və Daxili İşlər
Şöbəsinin rəhbərləri 18 yaşından 25
yaşınadək olan 738 nəfərə
şəhərdən çıxıb getmək icazəsi
verən sənəd təqdim etmişdilər".
Əlisaab Orucovun dedikləri:
"Şuşanın işğalı
ərəfəsində əgər Azərbaycanda hakimiyyət
uğrunda Ayaz Mütəllibovun, AXC-nin
silahlı birləşmələrinin məqsədli
özbaşınalığına son qoyulsa, Yaqub
Məmmədov prezident seçilmək iddiasından əl
çəksə və Azərbaycanın Silahlı
Qüvvələrinə vahid komandanlıq təşkil
edilsəydi, nəinki Şuşa itirilməzdi, hətta
düşmənə əməlli-başlı zərbə
də endirilərdi. Təkcə bir faktı deyim. Aprelin
27-də erməni silahlı birləşmələri
Zəngilanın Şayıblı
kəndinin yaxınlığındakı Ermənistanla
sərhəd kəndləri işğal etmişdilər.
Həmin gün briqada komandiri İldırım Məmmədov
əməliyyata başlayıb. Silahlı birləşmələrimiz
bir neçə kəndi işğalçılardan
təmizləyib, hətta Ermənistan ərazisinə də
daxil olublar. Qafan şəhərinə də bir neçə
ağır artilleriya zərbəsi endirilib. Elə bu vaxt
müdafiə naziri Rəhim Qazıyev mənə telefonla
göstəriş verib, özbaşınalığa son qoymağı,
hücumu dərhal dayandırmağı tələb etdi. Dedi
ki, siz nə iş görürsünüz, bütün Moskva
və Yerevan ayağa qalxıb, belə əməliyyat
başlamağa kim sizə icazə verib?
Az sonra Yaqub Məmmədov zəng
edərək eyni fikirləri təkrar edib. Dedi ki, yaxın
günlərdə o, Tehrana sülh danışıqlarına
gedir və əməliyyat yolverilməzdir. Sonra
İldırım Məmmədov məcbur olaraq atəşi
dayandırdı. Buna nə ad vermək olar? Erməni
işğalı genişləndirir, Azərbaycan silahlı
birləşmələrinə isə cavab tədbirləri
görməyə belə imkan verilmir, özü də
müdafiə naziri və ölkənin o vaxtkı
rəhbəri tərəfindən".
(Ardı var)
Səyyad AĞBABALI,
"Arena" qəzetinin baş redaktoru