Ekspress.-2016.-12 may-¹ 83.-S.10.
Demokratik cəmiyyətdə plüralizm
Murad Məmmədli
Demokratiya cəmiyyətdə elə bir siyasi təşkilatdır ki, o xalqın hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır. Demokratiya xalqa dövlət işlərində iştirak etmək hüququ verir.
Demokratiya əhval - ruhiyyəli cəmiyyətdə, sosial mühitdə plüralizm yaranır. Demokratik cəmiyyət əsas partiyalar və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə dövlətin daxili və xarici siyasətinə müəyyən mənada təsir edən təşkilatlar fəaliyyət göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır.
Bu təşkilatların içərisində siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya dövlətin siyasi həyatına təsir göstərən ən mühüm vasitədir.
Vətəndaş cəmiyyətindən söz açarkən birinci növbədə onun aşağıdakı prinsiplərinə diqqət yetirmək lazımdır. Vətəndaş cəmiyyətinin prinsiplərini belə ifadə etmək olar:
İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri; İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması; Qanun və ədalət qarşısında hamının bərabərliyi və şəxsiyyətin etibarlı hüquqi müdafiəsi; Hakimiyyətin legitimliyi və demokratik xarakteri; Hakimiyyətin bölünməsi və qarşılıqlı fəaliyyətinə əsaslanan hüquqi dövlət; Siyasi və ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu; KİV-in müstəqilliyi, fikir, söz, mətbuat azadlığı; Dövlətin vətəndaşların şəxsi həyatlarına qarışmaması, onların qarşılıqlı vəzifələri və öhdəlikləri; Sinfi sülh, əməkdaşlıq və milli barışıq; İnsanların layiqli həyat şəraitini təmin edən effektli sosial siyasət.
Qeyd etdiyimiz kimi, vətəndaş cəmiyyətinin əsas prinsiplərindən biri də siyasi və ideoloji plüralizmdir. Gəlin, birinci növbədə plüralizm özü nədir, ona nəzər salaq.
Plüralizm - bir və ya müxtəlif bir-birindən asılı olmayan varlığın əsası və ya növlərinə, biliklərin forma və əsaslarına, davranış üslubuna və s. əsaslanan mövqelərin bir araya gəlməsidir. Tarixi nöqteyi-nəzərdən, plüralizm ideyası Avropaya XVI və XVII əsrlərin dini münaqişələrin nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə yanaşı meydana gəlib.
Tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibarətdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirir.
Plüralizm latınca “plüralis” sözündən olub “çoxluq” deməkdir. Plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını verir. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hər biri öz muxtariyyatına doğru inkişaf etməyə başlayır.
Politoloqlar demokratik, hüquqi dövlət quruculuğunda plüralizmin inhisarçılığın istənilən formasının əleyhinə çıxış etdiyini göstərməklə, plüralist tipli ümumi mühüm əlamətləri də qeyd edirlər:
- Sosial davranışın hərəkət dinamikasını buxovlayan stereotiplərin “silinib getməsini” stimullaşdırır.
- Qeyri-dözümlüyün, qarşıdurmanın, dünyanı ikiqütblü varlıq kimi anlamağın əsaslarını aradan qaldırır.
- Sosial, ideya, konseptual fərqləndirməni dəyər və norma kimi qəbul edərək şəxsiyyətin azadlığı dərəcəsini artırır. Plüralizm sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşır. Siyasi plüralizmin formaları müxtəlifdir. Bu, həm çoxpartiyalılıq, həm hakimiyyətin müvafiq səlahiyyətlərə malik olan müxtəlif mərkəzlərə bölünməsi, həm də formal yox, həqiqətən, yerlərdə özünüidarənin inkişafı və “dördüncü hakimiyyətin” - müstəqil mətbuatın olması deməkdir.
Plüralizm mədəniyyətdir. Plüralizm cəmiyyətdə müxtəlif ideologiya və fikirlərin olmasıdır. Plüralizm monotonluğu, vahid ideologiya və fikrin hegemonluğunu, bütün cəmiyyətə təlqin və məcbur edilməsini rədd edir. Plüralizm insanların azad düşünməsini, hadisələr barədə öz fikrinin olmasını dəstəkləyir. Plüralizm müxtəliflik, rəngarənglik və zənginlikdir. Bu cəmiyyətin normal və təbii halıdır. Çünki insan müstəqil fərddir, onun öz fikri, düşüncə tərzi və zövqü var. İnsana necə rahatdırsa elə də yaşamalıdır. O özünü cəmiyyətə və ya cəmiyyətdəki çoxluğa uyğunlaşdırmaq məcburiyyətində deyil. Vahid ideologiyaya məcbur edilmiş cəmiyyətlər gec-tez plüralizm mədəniyyətinə qovuşacaqlar.
Plüralizm özü elmi plüralizm, siyasi plüralizm, dini plüralizm, mədəni plüralizm kimi terminlərə ayrılır.
Siyasi plüralizm - müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsidir.
Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir.
Siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər və baxış çoxluğu olub, sosial qrupların öz maraqlarını ifadə etmək üçün təşkilat yaratmaq imkanıdır.
Siyasi plüralizm şəraitində vətəndaş istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə malik ola bilər. Lakin bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləməlidir.
Totalitar cəmiyyət bütün vətəndaşlarından eyni cür, hakim ideologiyanın müəyyən etdiyi kimi düşünməyi tələb edir. Bu ideologiya hakimiyyətdə olan qüvvələrin maraq və mənafelərinin ifadəsinə yönəldiyi üçün onu tənqid etmək, siyasi proseslərə müdaxilə mümkün deyildir.
Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir.
Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Bu təbiidir, əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi münaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi inkişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüralizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir.
Bu gün Azərbaycanda sözün əsl mənasında siyasi plüralizm mövcuddur. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dəfələrlə Azərbaycanda azad söz və media mühitinin mövcudluğunu, ölkədə azad mətbuat, azad internetin olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər bir jurnalist istədiyi informasiyanı sərbəst toplaya, heç bir senzuraya məruz qalmadan cəmiyyətə yaya və topladığı məlumat və materialları ictimai müzakirəyə çıxara bilir. “İndiyədək Azərbaycanda yazıya görə həbsə alınan və yaxud təqib olunan jurnalist yoxdur. Amma təəssüflər olsun ki, bəzi beynəlxalq dairələr və təşkilatlar Azərbaycana birbaşa təsir göstərə bilməyəndə, onu istədikləri istiqamətə yönəldə bilməyəndə bu bəhanələrlə, o cümlədən guya azad media mühitinin olmaması, qeyri-hökumət təşkilatlarının təqibi və s. adlarla Azərbaycan dövlətinin ünvanına ayrı-ayrı mətbuat orqanlarında, ayrı-ayrı dairələrdə bu tipli tezislərlə çıxış edirlər. Amma bunların hamısı qərəzlidir, uydurmadır, subyektiv mülahizələrin təzahürüdür və Azərbaycandakı mövcud media və siyasi plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır”.
Həsənov vurğulayıb ki, əksinə, biz nəinki postsovet məkanının, eyni zamanda, dünyanın ən qabaqcıl, Qərbi Avropa ölkələrinin media mühiti ilə yarışmaq, rəqabət aparmaq gücünə malikik. “Ona görə də Azərbaycan dövləti və ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş media siyasəti bu gün Azərbaycanı həm daxildə, həm regionda, həm də beynəlxalq aləmdə təmsil edə biləcək azad medianın, azad jurnalistikanın inkişaf etmiş elektron və çap media nümunələrinin meydana çıxmasına şərait yaradıb”.
Sonda onu da qeyd etmək yerinə düşər ki, “İctimai iştirakçılıq haqqında” qanun layihəsinə edilən əlavə və dəyişikliklər siyasi plüralizm, yazılı məsləhətləşmə və sairə ilə bağlı olub. Belə ki, sənədə nəzərdə tutulan ictimai iştirakçılığın prinsipləri siyahısına siyasi plüralizm və bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi prinsipləri də əlavə olunub. Həmçinin ictimai iştirakçılığın formalarına yazılı məsləhətləşmələr əlavə olunub. Əlavə olan təkliflər arasında bir şəxsin yalnız bir dəfə ictimai şuranın üzvü ola biləcəyi də yer alıb.