Respublika.-2016.-14 oktyabr.-¹226.-S.2-3.
Sürətlə yeniləşən, müasirləşən Sumqayıt
Söhrab SƏFİYEV
Həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddəratında həlledici rol oynadığından ayrı-ayrı fərdlərin deyil, bütöv bir xalqın yaddaşına əbədi həkk olur, tarixinə qızıl hərflərlə yazılır. Azərbaycan üçün 1991-ci il oktyabrın 18-i məhz belə günlərdəndir. Uzun illər arzusunda olduğu müstəqilliyinə xalqımız nəhayət ki, həmin gün - 25 il əvvəl qovuşdu. Hürriyyət uğrunda saysız itkilərə məruz qalmış, böyük qurbanlar vermiş Azərbaycan üçün bu gün müqəddəs bir tarixdir.
Ancaq müstəqilliyi əldə etmək nə qədər şərəflidirsə, onu qoruyub saxlamaq qat-qat çətin və məsuliyyətlidir. Azərbaycan rəsmən suveren dövlət elan olunsa da, 1993-cü ilin iyun ayına qədər onun əbədiliyinə təminat yox idi.
Başımıza gətirilən müsibətlər, hakimiyyət uğrunda mübarizə, səriştəsiz rəhbərlər, hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül, zorla cəlb edildiyimiz müharibənin ağrıları, torpaqlarımızın itirilməsi, şəhid məzarlarının günbəgün artması, 1 milyondan artıq insanın öz dədə-baba yurdlarından didərgin düşməsi tariximizin acı ibrət dərsləridir.
Yalnız Heydər Əliyev müdrikliyi bizi bu bəlalardan xilas etdi. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyət və siyasətçinin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan vermişdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratmışdır.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun uğurları müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük əzm və qətiyyətlə davam etdirdiyi bu sosial-iqtisadi siyasət strategiyası hazırda gündəlik həyatımızda yeni-yeni nailiyyətlərə yol açır.
Ölkəmizin iri sənaye mərkəzi olan Sumqayıt şəhəri strateji bir məkan kimi hər zaman ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. O, hakimiyyətdə olduğu illərdə bu şəhərin inkişaf prosesində şəxsən iştirak etmiş, ona daim qayğı göstərmişdir. Əbəs yerə deyil ki, ulu öndər Sumqayıta on dəfə sovetlər dönəmində, altı dəfə də müstəqillik illərində, yəni ümumilikdə 16 dəfə səfər etmişdir. Bu səfərlərin hamısı Sumqayıtın tarixində yeni səhifə olmuş, unudulmaz bir hadisə kimi sumqayıtlıların yaddaşlarında qalmışdır. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev də Sumqayıtdan diqqət və qayğısını əsirgəmir.
Dövlətimizin apardığı düzgün neft strategiyası ölkə iqtisadiyyatının inkişafına və bununla yanaşı şəhər və qəsəbələrin, rayon mərkəzlərinin yenidən qurulub abadlaşmasına, müasirləşməsinə yüksək şərait yaratmışdır. Respublikamızın ikinci sənaye şəhəri sayılan Sumqayıtda aparılan tikinti-quruculuq tədbirləri də buna bariz nümunədir.
Son illər ölkədə qəbul olunan Dövlət proqramları, imzalanan qanun və fərmanlar əsasən sosialyönümlü olmuş və onlar sadəcə kağız üzərində qalmayaraq öz əksini dəfələrlə artmış təqaüd və maaşlarda, salınan transmilli magistrallarda, yol keçidi və körpülərdə, tikilən təhsil və səhiyyə ocaqlarında, ticarət və istirahət mərkəzlərində tapmışdır. Və bu proses durmadan, daim öz axarı ilə davam etdirilir.
Sevindiricidir ki, burada dünyəvilik, müasirlik prinsipləri nəzərə alındığından işlər də keyfiyyətcə daha yüksək müstəviyə adlamışdır. Bakı şəhərində inşa edilən müasir layihəli binalar, modern üslublu parklar, funksional yol qovşaqları buna bariz sübutdur. Lakin bu cür projelərin paytaxtdan savayı ölkəmizin digər şəhər və rayon mərkəzlərində tədbiqi, indi bəlkə də ümdə şərtdir. Məhz belə anlamdan irəli gələrək dövlət başçısı İlham Əliyev respublikamızın iri şəhər və rayon mərkəzlərində daha praktik və keyfiyyətli abadlıq-quruculuq işlərinin aparılması məqsədilə bir neçə ildir ki, öz ehtiyat fondundan əlavə maliyyə vəsaiti ayrılması haqqında sərəncamlar imzalayır. Təkcə respublikamızda deyil, onun hüdudlarından çox uzaqlarda iri sənaye mərkəzi kimi tanınan Sumqayıt da dəfələrlə Prezident sərəncamı ilə yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün əlavə vəsait alan şəhərlərdən biri olub.
“Biz Sumqayıtın inkişafına kompleks şəkildə yanaşırıq. Şəhərin inkişafı üçün master plan hazırlanır, onun ilkin əlamətləri artıq var və reallaşır. Mən yeni, müasir yanaşma ilə hesab edirəm ki, bir neçə il ərzində Sumqayıtda çox böyük quruculuq, abadlıq işləri başa çatacaq və şəhər ölkəmizin, bölgənin və bəlkə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Bu bizim hədəfimizdir. Bəzi hallarda qarşıya qoyduğumuz hədəflər çox böyük görünür, ancaq həyat göstərir ki, biz bütün məqsədlərə çatırıq”. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti (7 iyul 2011-ci il)
Sumqayıt postsovet dövründə salınmış və iki il əvvəl cəmi 65 yaşı tamam olmuş zəhmətkeşlər şəhəridir. Belə gənc olmasına baxmayaraq Sumqayıtın respublikamızın həyatında əlamətdar hadisələrlə dolu, iri hərflərlə yazılmış öz salnaməsi var. Sırf sənaye mərkəzi kimi layihələndirildiyindən burada olan küçə və prospektlərin genişliyi, park və xiyabanların çoxluğu şəhərin ümumi simasını formalaşdıran amillərdəndir. Şəhər salınarkən zavod və fabriklərin çoxluğunu nəzərə alan memarlar ilk növbədə yaşıllığa və yaşayış massivlərinin sənaye obyektlərindən kənarda tikilməsinə xüsusi fikir vermişlər. Məhz belə yanaşma özünəməxsus memarlığı, siması olan bir şəhərin yaranmasına imkan vermişdir.
Lakin bütün bunlar çağdaş dövrümüz üçün artıq kifayət deyil. Çünki müasirliyin öz tələbləri, öz yanaşmaları var. Onlardan ən əsası memarlıqda yeknəsəqliyə yolverilməzlikdir. Razılaşaq ki, Sovetlər durumunda salınan Sumqayıtın memarlıq üslubunda bu amil çox böyük yer tuturdu. Eyni yaşayış massivləri, küçə və prospektlər, oxşar mikrorayon və binalar. Park və xiyabanlarda sadə landşaft, ucuz materiallardan düzəldilmiş fəvvarələr, köhnəlmiş işıqlanma sistemləri heç bir vəchləmüasir insanın zövqünə uyğun gəlmirdi. Bir sözlə, Sumqayıta çoxdan təzə bir nəfəs, ruh tələb olunurdu ki, belə dəyişikliklər də 2015-ci ilin ortalarından şəhərdə başlanılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işlərində öz əksini tapdı.
Sentyabr ayının 2-də Prezident sərəncamı ilə Sumqayıta icra başçısı təyin olunmuş Zakir Fərəcov bütün ölkədə zəhmətkeş, işgüzar, prinsipial və ən əsası müasir bir təsərrüfatçı kimi tanınan şəxsdir. O, Sumqayıta başçı kimi gəldiyi tarixdən, hər gün şəhəri gəzir, mikrorayon və məhəllələrə baş çəkir, park və bağların vəziyyəti ilə tanış olur, sakinlərlə söhbətləşirdi. Bəzən bu proses o qədər uzanırdı ki, başçı gün ərzində bir dəfə də olsun öz iş otağına daxil ola bilmir, sərəncam və tapşırıqlarını elə ayaq üstəcə verirdi. Əlbəttə, Prezident İlham Əliyevin Sumqayıt ictimaiyyəti ilə görüşü zamanı dediyi “Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır” sözlərini yüksək keyfiyyətlə və sürətlə həyata keçirmək üçün rahatlıq bilmədən çalışmaq lazım idi.
Deməliyik ki, qəbul olunan layihələr bu günün ən kreativ konsepsiyalarına söykənərək hazırlanıb. Çünki ölkə başçısının arzusu gənclər şəhəri kimi tanınan Sumqayıtı hər zaman müasir, qabaqcıl görməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu istək və tövsiyələrini birmənalı şəkildə qəbul edən sumqayıtlılar bugünlərdə çiyin-çiyinə verib şəhərdə abadlıq-quruculuq işlərini böyük ruh yüksəkliyi ilə həyata keçirirlər. Şəhəri gəzdikdə bunların hamısına özümüz də bir daha şahid olduq.
Sumqayıt şəhərinin baş girişi Sülh küçəsi sayılır. Bakı-Quba yolundan başlayaraq düz dəniz kənarınacan davam edən bu küçə şəhərin ən uzun küçələrindən biridir. Sumqayıtda ilk abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin də elə bu küçədən başlandığını desək heç yanılmarıq. Əvvəlcə yolun hər iki tərəfində genişləndirmə işləri aparılıb. Mövcud yolun asfalt örtüyü 90 min kvadratmetrə çatdırılıb və nəqliyyatın rahat hərəkətinə tam şərait yaradılıb. Yolun hər iki tərəfində ümumi uzunluğu 7 kilometr olan yağış sularının qəbuledicisi, su, kanalizasiya, kommunikasiya xətləri, küvetlər çəkilib, 100 min kvadratmetr sahəyə yaşıl örtük salınıb və təkcə bu ərazidə 120 mindən çox ağac və dekorativ kollar əkilib. 16 min kvadratmetr hasar çəkilib, gecə işıqlandırma sistemi, 110 ədəd müasir işıq dirəyi quraşdırılıb. Yolun giriş hissəsində Bayraq Meydanı tikilib.
Sumqayıtın ikinci giriş yolu hesab olunan Sahil küçəsi də yenidən qurulub, dəniz kənarı ilə Novxanı istiqamətində 7,5 kilometr uzunluğunda yol əsaslı təmir olunub. Yolun eni iki dəfə genişləndirilərək 13 metrə çatdırılıb, 112 min kvadratmetr sahəyə asfalt döşənib. Yol boyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün piyada yolu çəkilib və 7 min kvadratmetr səki daşı düzülüb. Elə bu küçədə kommunikasiya xətləri çəkilib, bir çox yerlərdə istirahət guşələri yaradılıb, dekorativ ağaclar, kollar, güllər əkilib və yaşıllıqlar salınıb. Yol boyu 5 kilometr uzunluğunda istinad divarları çəkilib, hasarlar aqlay daşı ilə üzlənib, yolkənarı obyektlər təmir olunub. Yolun Corat qəsəbəsindən keçən hissəsində sakinlərin istirahəti üçün parklar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Şəhər ərazisində olan bütün park və meydanlar yenidən qurulub. Şəhərdə ekoloji mühitin sağlamlaşdırılması məqsədilə 250 mindən çox ağac, 2 milyona yaxın gül əkilib, küçə və prospektlər boyunca yolların kənarlarına, eləcə də park və xiyabanlara 400 min kvadratmetrdən çox sahədə yaşıllıq zolağı salınıb.
Bu arada ulu öndərimizin adını daşıyan, Sumqayıtın “Heydər parkı”nda da irihəcmli abadlıq, tikinti, yaşıllaşdırma tədbirləri həyata keçirilib. Şəhərə dəvət olunmuş işçi qrup dəfələrlə bu parkla bağlı məşvərət iclasları keçirmiş, arqument və təkliflər müzakirə edildikdən sonra burada yenidənqurma tədbirlərinin aparılması qərarı verilmişdir. Daha sonra çoxsaylı layihələr hazırlansa da onların arasından ən qabaqcıl düşüncəli, kreativ bir proje seçilmişdir.
Ulu öndərimizin adını daşıyan parkın ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilib. Parkda 200-dən çox müasir işıq dirəyi, oturacaqlar quraşdırılıb, 5 mindən çox ağac, dekorativ kol əkilib, 20 min kvadratmetrdən çox sahədə yaşıllıq zolağı salınıb, 30 min kvadratmetr daş döşənib, rəngli fontan kompleksi və Bayraq Meydanı tikilib, uşaqlar üçün əyləncə mərkəzi inşa olunub.
“... Sumqayıt gənc şəhərdir. O, çox şərəfli, gözəl bir tarixi yol keçibdir. İndi Sumqayıt Azərbaycanın həm gözəl, həm də böyük iqtisadi, sənaye potensialına malik bir şəhəridir, həm də gözəl insanlar şəhəridir... Bizim üçün ən əhəmiyyətlisi, əziz olanı odur ki, Sumqayıtda Azərbaycanın bütün guşələrindən, şəhərlərindən, bölgələrindən vətəndaşlarımız toplaşıblar, məskunlaşıblar, burada bir ailə - sumqayıtlılar ailəsi qurublar. Sumqayıt şəhəri bütün Azərbaycanı təmsil edir. Bu, Sumqayıtın xüsusiyyəti, əhəmiyyətidir. Ona görə də Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir, ölkəmizin dayağıdır, gözəl bir guşəsidir”. Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti (Sumqayıt, 2 iyun 1996-cı il)
Yuxarıda gedən kəlmələrdən də görünür ki, ümummilli liderimiz Heydər Əliyev zəhmətkeşlər şəhəri olan Sumqayıta hər zaman xüsusi hörmət və məhəbbətlə yanaşmışdır. Sumqayıtlılar da ulu öndərin bu münasibətini, onun qayğı və diqqətini həmişə öz üzərilərində əyani şəkildə hiss ediblər. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənaye strukturlarının formalaşmasında, bununla yanaşı, şəhərin humanitar sektorunun, elm, təhsil, səhiyyə və mədəniyyətinin tərəqqisində onun müstəsna əməyi olmuşdur. Siyasi hakimiyyəti dövründə 16 dəfə Sumqayıtda olan ulu öndər Heydər Əliyevin hər səfəri sumqayıtlıların qəlbində unudulmaz təəssüratlar yaradaraq, şəhər üçün tarixi bir hadisəyə çevrilmişdir. Ona görə də qədirbilən sumqayıtlılar ulu öndərin vəfatından sonra şəhərin görünən, mərkəzi yerində ona əzəmətli abidə ucaltdılar, ən uzun prospektə onun adını verdilər, möhtəşəm bir “Heydər” parkı saldılar. Ancaq şəhərdə Heydər Əliyev kimi siyasi liderə yaraşan mərkəz yox idi. Nəhayət bu arzularına da sumqayıtlılar 27 sentyabr 2016-cı il tarixində çatdılar. Həmin gün dövlət başçısı İlham Əliyev “Heydər” parkının düz mərkəzində tikilmiş Heydər Əliyev Mərkəzinin simvolik qırmızı lentini kəsdi və bu gözəl məkanı Sumqayıt sakinlərinə ərməğan etdi.
“...Biz bu gün Sumqayıtda bir çox gözəl obyektlərin açılışını qeyd edirik. Onların arasında əlbəttə ki, öz əzəməti, möhtəşəmliyi ilə seçilən Heydər Əliyev Mərkəzidir. Bu Mərkəz həm memarlıq, həm də funksionallığı baxımından çox gözəl abidədir, Ulu Öndərin adına yaraşan bir Mərkəzdir”. Azərbaycan Respublikasının Prezidenti (Sumqayıt, 27 sentyabr 2016-cı il) Parkın ərazisində ümumi sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli, Heydər Əliyev Mərkəzi inşa edilib. Mərkəzdə ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən eksponatlardan ibarət muzey, 400 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərəcək. Dərnəklərlə yanaşı, dördüncü mərtəbədə nikah mərasim zalı fəaliyyət göstərəcək.
Parkın ərazisində müasir memarlıq üslubunda Şahmat Məktəbi tikilib. Məktəbdə 25 qrup olmaqla, 550-600 şagirdin dərs keçməsi, həmçinin müxtəlif irimiqyaslı yarışların təşkili üçün lazımi şərait yaradılıb. Eyni zamanda, parkın ərazisində Uşaq İncəsənət Məktəbi də inşa edilib. Məktəbdə 60 sinif otağı fəaliyyət göstərəcək, 700-dən çox şagird təhsil alacaq və 210 müəllim çalışacaq.
“Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək”. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. (Sumqayıt, 27 sentyabr 2016-cı il)
Ən böyük işlərdən biri də ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə salınan Sumqayıt Bulvarında aparılıb.
Bulvar ərazisinin səviyyəsi dəniz səviyyəsindən 2,5 metr qaldırılıb, təkcə bu işlər üçün 3 milyon kubmetrdən çox torpaq daşınıb, 4,2 kilometr uzunluğunda, özülü 80 santimetr, yer səthindən 1,5 metr hündürlüyündə istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb, 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib, avtomat suvarma sistemi yaradılıb. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib, 1500 ədəd müxtəlif ölçülü işıq dirəkləri və işıqlandırma sistemi quraşdırılıb. İnsanların rahat istirahəti üçün 600-dən çox oturacaq qoyulub, 50 kölgəlik yaradılıb, 5 ədəd rəngli fontan inşa edilib.
Bulvarın ərazisində velosipedçilər üçün xüsusi hərəkət zolağı və 12 min piyada yolu salınıb, 4,2 kilometr və ya 100 min kvadratmetr asfalt işi görülüb, 30 hektar əraziyə daş döşənib. Ərazidə Bayraq Meydanı tikilib, hazırda isə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanənin tikintisi aparılır.
Prezidentin tapşırığına əsasən Sumqayıt Dövlət Dram Teatrında da təmir işləri aparılmışdır. 3 min kvadratmetr sahəsi olan dörd mərtəbəli teatr binası zirzəmidən tutmuş damınadək əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib. 150 nəfərədək personalı olan teatr binasında 500 yerlik tamaşa, 100 yerlik akt zalları, bütün xidməti otaqlar əsaslı təmir edilib, işıqlandırma sistemi müasir üslubda yenidən qurulub. Teatrın qarşısındakı meydana 15 min kvadratmetr qranit daş döşənib, iki fontan və monitor quraşdırılıb.
Dövlət başçısı tərəfindən ayrılmış vəsait hesabına 323 ədəd çoxmənzilli yaşayış binasının dam örtüyü yenidən qurulub və hazırda bu işlər davam etdirilir. 200 çoxmənzilli yaşayış binasının liftləri dəyişdirilərək yenisi ilə əvəz olunub. Yaşayış binalarının memarlıq və dizayn baxımından müasir görkəminin saxlanması məqsədi ilə 77 binanın fasadı yenidən qurulub, Azərbaycan prospektində 21 bina aqlay daşları ilə üzlənib. Bu işlər daha 400 binada davam etdiriləcək.
Son dövrdə 250 çoxmənzilli yaşayış binasının istiliklə təmin olunması üçün müvafiq işlər görülüb, qazanxanalar mövsümə tam hazırlanıb. Hazırda 18-ci mikrorayonda 20 yaşayış binasını istiliklə təmin edəcək yeni qazanxananın tikintisi işləri aparılır. Şəhərdə daha 600 yaşayış binasının istiliklə təchiz olunması üçün də müvafiq tədbirlər görüləcək.
Dövlət başçısının tapşırığına əsasən şəhərdaxili avtomobillə sərnişindaşınma xidməti şəhər icra hakimiyyətinin tabeliyinə verilib. Bu iş pilot layihə olaraq əhaliyə nəqliyyat xidmətinin lazımi səviyyədə qurulmasını təmin edəcək. Hazırda bu məqsədlə növbəti il ərzində Sumqayıta 150 ədəd müasir avtobusun gətirilməsi üçün tədbirlər görülür.
Şəhərdə məktəb, uşaq bağçaları ilə bağlı problemlərin aradan qaldırılması sahəsində də müəyyən işlər görülüb. Belə ki, 56 uşaq bağçasından 48-nin dam örtüyü dəyişdirilib, istilik sistemi bərpa edilib, 8 uşaq bağçası əsaslı təmir olunub, ərzaq təminatı məsələləri tam qaydaya salınıb. Uşaq sıxlığını nəzərə alaraq növbəti ildə daha 10 uşaq bağçasının tikilib istifadəyə veriləcəyi gözlənilir.
Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində şəhərdə 6 məktəb əsaslı təmir edilib.
Şəhərin səhiyyə ocaqları da diqqətdən kənarda qalmayıb, cari ildə 5 xəstəxana və poliklinikada təmir işləri aparılıb.
“Sumqayıt tarixən kimyaçılar şəhəri kimi salınmışdır, Sovet İttifaqının kimya sənayesinin mərkəzi olmuşdur. Bu gün isə Sumqayıt müasir, dünya səviyyəli sənaye mərkəzinə çevrilib. Qarşıya məhz belə vəzifə qoyulub ki, Sumqayıtda ən müasir sənaye müəssisələri yaradılmalıdır. Bu, bizim ümumi sənaye potensialımızı gücləndirəcək, minlərlə, on minlərlə yeni iş yeri yaradacaq. Mən çox şadam ki, bu gün Sumqayıtda artıq icra edilmiş və icrada olan sahələr bu məqsədi təmin edib”. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. (Sumqayıt, 27 sentyabr 2016-cı il)
Sumqayıt hər zaman güclü sənaye potensialına malik olub. Sırf sənaye şəhəri kimi yarandığından burada nəhəng qara metallurgiya müəssisəsi, iri kimya kompleksi və digər təyinatlı çoxsaylı zavod və fabriklər fəaliyyət göstərib. Lakin hazırda bu müəssisələrin əksəriyyəti texniki və texnoloji cəhətdən zəmanəmizin tələblərindən geri qalır və o səbəbdən də qeyri-rentabellidir. Elə ona görə də bu gün Sumqayıtda çox müasir, yəni tam kompüterləşdirilmiş, avtomatlaşdırılmış, ekoloji təmiz çalışan müəssisələr yaradılır. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırığı, diqqət və qayğısı sayəsində son illər ərzində Sumqayıtda müasir standartlar səviyyəsində Texnologiyalar Parkı, “Gilan Textil kompleksi”nin 3 fabrikinin, Azərsun Holdinqin kağız və karton emalı və yağ istehsalı fabrikləri, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Azgüntex zavodunda Günəş modulları istehsal xətti, “Sağlam-Qida” Aqrar-Sənaye Kompleksləri yaradılmış, “İnter Textile” ASC-nin iplik istehsalı fabrikinin fəaliyyəti bərpa edilmiş, Sumqayıt Kimya Sənaye Parkına daxil olan “Azərtexnolayn” MMC-nin boru istehsalı zavodu fəaliyyətə başlamışdır.
Azərbaycan son dövrlərdə neftdən əldə etdiyi gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində çox mühüm və ardıcıl layihələr həyata keçirmişdir. Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə texnoparkların yaradılması, bu texnoparklarda müasir istehsal sahələrinin istifadəyə verilməsi ölkə iqtisadiyyatının gücləndirilməsinə, rəqabətə davamlı və keyfiyyətli məhsulların istehsal edilməsinə geniş imkanlar açmışdır.
168 hektar sahəsi olan Kimya Sənaye Parkının ərazisi iki yerə bölünməklə inzibati-sosial və sənaye zonalarından ibarət olacaqdır. Parkın inzibati-sosial hissəsində 16 və 20 mərtəbəli iki inzibati bina, Peşə Tədris Mərkəzi, 7 tədris emalatxanası, sərgi-konfrans, ikikorpuslu otel-yataqxana kompleksləri, laboratoriya-tədqiqat mərkəzi, açıq və qapalı idman zalları, uşaq bağçası və bir sıra digər sosial obyektlər inşa ediləcəkdir. Sənaye zonasının 43 alt sənaye ərazisində orta hesabla 35-40 müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Sumqayıt Kimya Sənaye Parkında “bir pəncərə” sistemi tətbiq edilmişdir. Burada artıq iki rezident - “SOCAR-Polimer” və “Azərtexnolayn” Məhdud Məsuliyyətli cəmiyyətlər qeydiyyata alınmışdır.
Bu günə qədər “SOCAR Polimer” layihəsinin icrası qrafikə uyğun və təsdiq olunmuş büdcə çərçivəsində həyata keçirilir. Polipropilen zavodunun sınaq işlərinin aparılması gələn ilin noyabrına və istismara verilməsi isə 2018-ci ilin fevralına planlaşdırılır. YSPE zavodunun istismara verilməsi isə 2018-ci ilin avqustuna nəzərdə tutulur. Bu zavodların ümumi istehsal gücü ildə 300 min ton təşkil edəcək.
Layihənin xammalla vaxtında təmin edilməsi çox əhəmiyyətlidir. Hazırda neft emalı zavodunda və “Azərikimya”da görülən modernləşmə işləri nəticəsində “SOCAR Polimer” xammal ilə təmin ediləcək. Bunun sayəsində ölkədə neft-kimya məhsullarının istehsalı təqribən üç dəfə artacaq.
Qeyd etmək lazımdır ki, bu istehsal əsasən ixracyönümlü olacaq və müəssisənin fəaliyyəti nəticəsində ölkəyə ildə təqribən 400 milyon dollar həcmində valyuta axını təmin olunacaq. Layihənin icra statusuna gəldikdə isə bildirək ki, nəzərdə tutulan 750 milyon dollar büdcənin bu günə qədər 325 milyon dolları artıq investisiya olunub. Bu məbləğin 197 milyon dolları kredit, 128 milyon dolları isə səhmdar kapitalından maliyyələşdirilib.
“SOCAR Karbamid” zavodu layihəsi “Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Zavodun təməli 2011-ci ildə qoyulub. Layihənin mühəndislik, satınalma və tikinti podratçısı beynəlxalq açıq tenderlərlə seçilib. Tender təkliflərinin qiymətləndirilməsi nəticəsində 2013-cü il martın 13-də açar təhvili şərti ilə Koreya Respublikasının “Samsung Engineering” şirkəti ilə müqavilə imzalanıb. Bundan sonra beynəlxalq nüfuzlu ammonyak və karbamid texnologiya şirkətləri ilə lisenziya müqavilələri bağlanıb, 2013-cü ildə layihə üzrə işlər başlanıb. Zavodun tikintisinin 2017-ci ilin sonunda yekunlaşması, 2018-ci ilin əvvəlində istismara verilməsi planlaşdırılır.
Zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qazdan istifadə ediləcək. Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edəcək. Bu layihənin icra edilməsi dövlət iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcək. Bununla yanaşı, zavodda istehsal edilən azot gübrələri (illik təxminən 650 min ton) daxili tələbatı tam ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaq. Sumqayıtda da qeyri-neft sektorunun inkişafı çərçivəsində çoxsaylı layihələr həyata keçirilir. Onlardan biri kimi Sumqayıt Kimya Sənaye Parkının yaradılmasını göstərmək olar. Hazırda respublikamızda bu layihə qeyri-neft sektoru projeləri arasında haqlı olaraq ən irilərdən sayılır.
Bu haqda ölkə Prezidenti belə demişdir: “Sumqayıt bu gün müasir sənaye şəhəridir. Burada artıq onlarla yeni müasir müəssisə fəaliyyət göstərir. Kimya Sənaye Parkının yaradılması Sumqayıtın inkişafına böyük təkan verəcəkdir. Burada minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılacaqdır, onlarla yeni müəssisə yaradılacaqdır. Müəssisələrin hamısı yüksək standartlara uyğun olacaqdır. Ən yüksək ekoloji standartlar burada tətbiq ediləcəkdir... Beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişafı təmin ediləcəkdir”. (Sumqayıt, 3 oktyabr 2013-cü il)
Bəli, bu gün Sumqayıtda irimiqyaslı abadlıq, quruculuq işləri gedir. Mahiyyət və kəmiyyəti o qədər böyükdür ki, bu işlərin hamısını bir məqaləyə yerləşdirmək çox çətindir. Amma Sumqayıtı gəzdik, gördük və sevindik. Sevindik ki, bugünkü Sumqayıt bu cür sürətlə yeniləşir, müasirləşir.
Yeni həyatın mübarək, Sumqayıt!