İki sahil.-2017.-20 may.-¹89.-S.14.
Vaqifin ədəbi-ictimai fəaliyyəti XVIII əsrin tarixi prosesləri kontekstində
Zəhmət Şahverdiyev,
Naxçıvan Dövlət Universiteti Azərbaycan tarixi kafedrasının müdiri,
AMEA-nın müxbir üzvü, türk elmləri doktoru, professor
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir:
“2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adının YUNESKO-nun “2016- 2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.
Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir."
Minnətdarlıq hissi ilə xatırlatmaq yerinə düşər ki, Molla Pənah Vaqifin xatirəsinin əbədiləşdirilməsi, ədəbi irsinə, ictimai-siyasi fəaliyyətinə hərtərəfli diqqət göstərilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ulu Öndər, hələ Azərbaycana birinci rəhbərliyi dövründə Şuşada Vaqifin məqbərəsinin ucaldılması barədə göstəriş vermiş, hündürlüyü on səkkiz metrdən artıq olan həmin əzəmətli məqbərənin rəsmi açılış mərasimi 1982-ci ilin 14 yanvarında keçirilmişdir. Açılış mərasimində çıxış edən dahi rəhbər Heydər Əliyev ustad şair Vaqifin ədəbi-ictimai fəaliyyətinə yüksək qiymət vermiş, onun xatirəsinə ucaldılan məqbərə barədə də fikirlərini nəzərə çatdırmışdı. Həmin gün Şuşa şəhərində Poeziya evinin də açılışı olmuşdu. Ulu öndər Heydər Əliyev Poeziya evinə toplaşanlara müraciətlə demişdir: “Əlamətdar haldır ki, Şuşada Vaqifin məqbərəsinin təntənəli surətdə açıldığı gün Poeziya evi də açılmışdır. Gərək çalışasınız ki, bu ev şəhərin əsl poeziya mərkəzinə çevrilsin”.
Ümummilli Liderimiz bu məqbərənin ucaldılmasını sonralarda mühüm hadisə kimi dəyərləndirərək demişdir: “Biz Şuşada Molla Pənah Vaqifin qəbri üzərində gözəl bir məqbərə yaratdıq. Çox cəsarətlə deyirəm ki, bu məqbərə Molla Pənah Vaqifə layiq idi, gözəl idi”.
Bütün varlığı ilə Vətənə, xalqa qırılmaz tellərlə bağlı olan M. P. Vaqifin ədəbi-ictimai fəaliyyətinin ətraflı şəkildə öyrənilməsi bütövlükdə tariximizin mürəkkəb dövrlərindən olan XVIII əsrin bir sıra tendensiyalarını və hadisələrini təhlil edib dəyərləndirməyə də imkan verir. Başqa sözlə deyilsə, o dövrün mürəkkəb prosesləri, təzadlı olayları Vaqifin taleyindən də yan keçməmiş, səksən il ömür sürən şair zəmanəsinin ağrı-acısını da, sevincini də yaşamış, hadisələrin bilavasitə içərisində, necə deyərlər, qaynar nöqtələrdə olmuşdur.
1717-ci ildə Qazax mahalında dünyaya göz açan Pənah, bir sıra mənbələrin məlumatına görə, ilk təhsilini dövrün tanınmış ziyalılarından olan Şəfi əfəndidən almış, gənclik illərindən ərəb və fars dillərini öyrənmiş, Şərq ədəbiyyatı, mədəniyyəti və tarixinə yaxından bələd olmuşdur.
1759-cu ildə Qazax mahalının Gürcüstanla sərhəd zonalarında baş verən qarışıqlıq nəticəsində bir neçə elata mənsub ailələrdən bəziləri doğma yurdlarını tərk edərək başqa yerlərə köçmüşdü. Vaqifin də ailəsi onların sırasında idi. Məşhur ədəbiyyatşünas Firidun bəy Köçərli həmin elatlardan bir neçəsinin adını da çəkmişdi: Salahlı, Qaraçarlı, Qızılhacılı, Qaraqoyunlu, Boyəhmədli, Alpaut, Kəngərli, Xəlfəli və s. Vaqif əvvəlcə Tərtərbasara gəlmiş, burada məskunlaşaraq məktəbdarlıqla məşğul olmuşdur. Həmin dönəmdə qələmə aldığı güman edilən “Bayram oldu...” şerində gün-güzəran sıxıntısını dilə gətirən şairin maddi problemlər önündə sarsılmaması, əksinə, yaşadığı mühitə yumoristik yanaşmada diqqəti çəkir.
Tərtərbasarda böyük nüfuz qazanan Vaqif bir müddət sonra Qarabağ xanlığının mərkəzi olan Şuşaya köçmüş, burada Saatlı məhəlləsində yaşayaraq maarifçilik fəaliyyətini davam etdirmişdir. O, savadı, peşəkarlığı ilə tezliklə Şuşada da məşhurlaşmışdır. El arasında indi də işlənən “Hər oxuyan Molla Pənah olmaz” məsəli də elə bu zamanlarda yaranmışdır. Xeyli sonralar şuşalı şair və publisist Həsən ixva Əlizadə bu barədə yazmışdır: “Molla Pənah Vaqif Şuşa mühitində nəşvi- nüma tapmışdır. Qazax mahalında doğulsa da, Vaqifin dünyagörüşü, yaradıcılıq tərəqqisi Şuşada zirvəyə çatmışdır və “Hər oxuyan Molla Pənah olmaz” zərbi-məsəli ən yüksək ad və qiymətə Şuşa mühitində yüksəlmişdir'1.
Qazax mahalını tərk etdikdən təxminən on il sonra, 1759/1760-cı illərdə Molla Pənah Vaqif Qarabağ xanı İbrahimxəlil xan tərəfindən saraya dəvət olunmuşdur. Akademik Həmid Araslı bu barədə yazırdı: “Şairin şöhrətini eşidən Qarabağ hökmdarı İbrahim xan onu saraya dəvət edib, eşik ağası, yəni daxili işlər üzrə vəzir təyin edir. Lakin Vaqif az bir müddət ərzində öz ağıl və istedadı ilə böyük nüfuz qazanır, xanlığın bütün daxili və xarici işlərini öz əlinə alır və təxminən 27 il müddətində sarayın ən mötəbər adamlarından biri kimi tanınır.
Tarixi məxəzlərdən Vaqifin Qarabağ xanlığının möhkəmlənməsi uğrunda çalışan bacarıqlı bir dövlət xadimi olması anlaşılır. Xüsusən xanlığın mərkəzi şəhərinin abadlaşdırılmasında və təmir işlərində onun böyük rolu olmuşdur”.
Hələ üç yüz il əvvəl Qarabağda İbrahimxəlil xan kimi qüdrətli bir hökmdarın mövcudluğu, onun sarayında bütün ruhu və qanı ilə türk kimliyinin təmsilçisi olan Molla Pənah Vaqif kimi bir dövlət xadiminin fəaliyyət göstərməsi, həm də Qarabağın tarixən əzəli Azərbaycan torpağı olduğunu sübut edən bir faktdır. Bu fakt sübut edir ki, o dövrdə ermənilər nəinki Qarabağda hər hansı dövlətçilik sisteminə malik olmuş, heç ümumiyyətlə, bu bölgədə mövcud olmamışlar. Sadəcə olaraq bu torpaqlara hərisliklə baxan İsrail Ori kimi saxta din xadimləri xristianlıq pərdəsi adı altında Avropa dövlətlərini “məzlum xristian ermənilərin” köməyinə çağırmış, bunun üçün bölgədəki bir neçə məliklikdə yaşayan xristian-albanları da həyasızcasına erməni kimi təqdim etməkdən çəkinməmişlər.
Vaqifin çoxşaxəli qabiliyyət və istedada malik olması barədə bir sıra mənbələrdə maraqlı məlumatlar vardır. Məsələn, Rzaqulu bəy vaxtı ilə yazırdı ki, Molla Pənah Vaqif böyük şairlik ilhamı və istedadı ilə yanaşı, memarlıqdan da yaxşı baş çıxarırdı, Şuşadakı müxtəlif tikintilərin inşasında yaxından iştirak etmişdi, həmçinin nücum (astronomiya) elminə də bələd idi, ayın tutulması barədə öncədən məlumat verə bilirdi və s. Hazırcavablığı, xoşsöhbət, açıqürəkli olması da şairin xalq tərəfindən sevilməsinə təsir göstərirdi.
Şairliklə yanaşı, görkəmli dövlət xadimi olan Molla Pənah Vaqif Qarabağ xanlığında rəsmi vəzifələrdə çalışdığı təxminən iyirmi yeddi il ərzində xanlığın sosial-iqtisadi, siyasi və mədəni həyatında yaxından iştirak etmiş, Azərbaycanın bu qədim regionunun inkişafı üçün səylərini əsirgəməmişdir. Abadlıq, quruculuq tərəfdarı olan şair ibrahimxəlil xan və digər saray adamları ilə birlikdə Kür qırağındakı kəndlərə səfər zamanı yazdığı “Hayıf ki, yoxdur” rədifli məşhur qoşmasında da bu cəhətə ayrıca nəzər yetirmişdir. Doğrudur, şeir xanı yerli kəndlilərə əlavə əziyyət verməkdən çəkindirib geri dönməyə çağırmaq məqsədi ilə yazılsa da (həm də kəndlilərin bilavasitə xahişi ilə. Bu fakt özü də Vaqifin xalqla yaxın olmasını, çətin məqamda əhalinin öz dərdini ona deyib kömək istəməsini bir daha təsdiqləyir) burada vətənpərvər şairin dinc quruculuq arzuları da görünməkdədir:
Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!
Yurda dərin məhəbbətlə bağlı olan şair Qazağın gözəl çəmənlərindən, “Qızıl gül açılan günlərdə gülzari-Qarabağı” seyr etməsin-
dən vəcdlə danışmış, Vətən torpağını ilhamla tərənnüm etmişdir. Müxtəlif şeirlərində Şirvan, Şəki, Qazax, Qarabağ, Şuşa, Təbriz, Gəncə, Quba, Bakı, İrəvan və digər bölgələrin xatırlanması da bu baxımdan təsadüfi deyil.
Əsərlərindən və bəzi qaynaqların məlumatından onu da müəyyənləşdirmək olur ki, Vaqif müdrik bir dövlət xadimi kimi o dövrdə Azərbaycan xanlıqları arasında birliyin təmin edilməsi üçün də ciddi səylər göstərmişdir. Akademik Həmid Araslı yazırdı ki, Qacar hücumundan qorunmaq üçün “İbrahim xan İraklini, İrəvan hakimi Məhəmməd xanı və Talış hakimi Mir Mustafa xanı birləşməyə dəvət edir. Bunun üçün də Vaqif Tiflis şəhərinə gedir, İrəvanda olur, bunlarla uzun müddət məktublaşır, dörd hökmdar mübarizədə bir-birlərinə yardım edəcəklərinə söz verirlər”. Vaqifin Tiflis şəhərinə səfər təəssüratlarını əks etdirən şeirləri də bu baxımdan diqqəti çəkir. O, həmin şeirlərdə bir tərəfdən, Qarabağ xanlığının müttəfiqi, Tiflis hökmdarı 2-ci İrakliyə, görüşüb tanış olduğu oğlu iulona (Leona) xoş münasibətini, hörmət və ehtiramını dilə gətirmiş, digər tərəfdən də Tiflisin gözəllərini və gözəlliklərini tərənnüm etmişdir.
Bu yerdə bir haşiyə çıxmaq istərdik. Xüsusilə keçmiş Sovetlər dönəmində dövrün sifarişi əsasında yazılmış tarixi və bədii əsərlərdə Ağa Məhəmməd şah Qacarın guya İran dövlətinin mərkəzləşdirilməsi uğrunda mübarizə apardığı qeyd edilmiş və onu bir türk hökmdarından daha çox İran-fars hökmdarı kimi göstərməyə nail olmuşlar. Əslində Qarabağ xanlığı üzərinə hücum edən Ağa Məhəmməd şahın da, ona ciddi müqavimət göstərən Qarabağ xanlığının da məqsədi Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək idi. Lakin Molla Pənah Vaqifin siyasi idarəçilik sistemində yer aldığı Qarabağ xanlığının idarəçiləri, eləcə də bir sıra digər Azərbaycan xanlıqlarının nümayəndələri beynəlxalq siyasi proseslərin gedişatının çar Rusiyasının xeyrinə olduğunu görürdülər. Onlara yaxşı məlum idi ki, çar Rusiyası ilə razılığa gəlmək daha böyük qırğınların qarşısını almaq üçün, eləcə də bu torpaqlarda müsəlman türk varlığının qorunması üçün vacibdir və qaçılmaz bir prosesdir. Qacarlar xanədanı isə Azərbaycanın qurtuluşunu və vahid dövlətdə birləşdirilməsini İngiltərə və Fransa kimi daha böyük təhlükələrlə ittifaqlarda görürdü. Tarixin sonrakı gedişatı da göstərdi ki, Rusiyanın diqqətini Avropadan Şərqə yönəltmək istəyən İngiltərə və Fransa kimi dövlətlərin müttəfiqlik yardımları əksər hallarda vəd olaraq qaldı və həlledici məqamda Qacarların köməyinə yetmədi.
Mənbələrdə Vaqifin bir sıra Azərbaycan xanlıqlarının nümayəndələri ilə əlaqələri barədə diqqətəlayiq məlumatlar verilməkdədir. Hətta Qarabağ xanlığı ilə o qədər də xoş münasibətdə olmayan Şəki xanlığının başçısı, həm də şair Hüseyn xan Müştaq yaxın dostu Vaqifə bir kürk də göndərmişdi. Bəzi qaynaqların məlumatından belə nəticə çıxır ki, bu hadisə İbrahimxəlil xanın xoşuna gəlməmiş, hətta o, Vaqifi həbsə də aldırmışdı. Vaqif dostu, bir müddət həbsdə olmuş Vidadiyə xitabən yazdığı bir şeirdə də zindanda qəm çəkməsini yada salmışdır:
Ey Vidadi, qəmi-zindanə giriftar olmaq,
Bir sənə, bir mənə, bir Yusifi-Kənanə düşər.
Yaxın dostu Vidadi də həbsdən azad olduqdan sonra Vaqifə xitabən yazdığı şeirdə onun da bir mərd ucbatından zindana salınmasını yad etmişdir. Maraqlıdır ki, İbrahimxəlil xanın oğlu Cavadın ölümü ilə əlaqədar yazdığı bir şeirdə də Vaqif onun ölümündən kədərləndiyini yanıqlı dillə ifadə etməklə yanaşı, özünün məhbəs həyatını da xatırlatmışdır: Yetmədin imdadına bu Vaqifin, dustaqdır.
Bu kimi faktlar həm də onu deməyə əsas verir ki, Vaqif Azərbaycan xanlıqları arasında birliyin yaradılması, əlaqələrin möhkəmləndirilməsi üçün ən müxtəlif imkanlardan istifadə etmişdir.
Vaqifin Azərbaycan-Rusiya əlaqələri tarixində də yeri olmuşdur. Mənbələrin məlumatları deməyə əsas verir ki, rus hakim dairələrində də Vaqif nüfuzlu bir dövlət xadimi kimi tanınmış, onun şəxsiyyətinə və qabiliyyətinə hörmət bəslənilmişdir. Mirzə Adıgözəl bəy “Qarabağnamə”sində yazırdı: “imperatriçə Yekaterina həzrətləri... Mövlana Molla Pənah Vaqifə də qiymətli daşlarla bəzədilmiş bir əsa göndərdi”.
Ümumiyyətlə, Molla Pənah Vaqif həm Azərbaycan xanlıqlarının birliyi üçün çalışmış, həm də Rusiya, Gürcüstan kimi ölkələrlə dostluq münasibətləri qurmaq üçün müvafiq səylər göstərmişdir.
Vaqifin hərb sənətinə də böyük marağı var idi. Firidun bəy Köçərli bu barədə yazırdı: “Vaqif özü ... şair isə də vaxtın təqazasına görə onun meyl və könlü silah və əsləhəyə dəxi olub, igidlik iddiasına həm düşürmüş və məqami-zərurətdə özü yaraq götürüb davaya çıxarmış”. Vaqifin Şəki hakimi, şair Hüseyn xan Müştaqa məktub yazaraq ondan yaxşı bir tüfəng istəməsi də bu baxımdan təsadüfi deyildi. Həmin mənzum məktubdan öyrənirik ki, şair “Qarabağın tələb meydanında" ürəyinə yatan tüfəng tapa bilməmiş, bundan əvvəl eyni xahişlə Şirvan xanına da üz tutmuş, lakin bir nəticə hasil olmamışdır. Şəki xanı isə şairin xahişinə əməl etmiş, ona yaxşı bir tüfəng göndərmişdir.
1795-ci ildə Qacar dövlətinin hökmdarı Ağa Məhəmməd şahın Qarabağa hücumu zamanı Vaqif də vətənpərvər və təcrübəli bir dövlət adamı olaraq xanlığın müdafiəsi işlərinin təşkilində fəallıq göstərmişdir. Yeddi cildlik “Azərbaycan tarixi”nin 3-cü cildində bu barədə oxuyuruq: “Qarabağ xanlığı daxilində düşmənə müqavimət məqsədilə qızğın hazırlıq işlərində Azərbaycan xalqının görkəmli şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqif böyük fədakarlıq göstərdi. Tezliklə Şuşa qalasına çərik dəstələri cəm oldu, İbrahimxəlil xan Qarabağ döyüşçülərinin bir hissəsini Şuşada saxlayıb, digər hissəsini qala divarlarından kənardakı yol keçidlərində yerləşdirdi”.
Bəllidir ki, Qacarın Qarabağa 1795-ci ildəki hücumu uğursuzluqla nəticələnmişdir. O, Şuşanı otuz üç gün mühasirədə saxlasa da bu qəhrəman qala-şəhər təslim olmamışdır. Tiflisə yürüş edəndən sonra Qacar İrana geri dönmüş, 1797-ci ildə yenidən Qarabağa qoşun yeritmişdi. Bir neçə il davam edən quraqlıq və digər səbəblər ucbatından bu dəfə xanlığın müdafiəsini lazımınca təşkil etmək mümkün olmamış, İbrahimxəlil xan Balakənə, qaynı Əmmə xanın yanına getmiş, Vaqif isə Qarabağda qalmış, çox çəkmədən Qacar zindanına düşmüşdü.
Mənbələr təsdiqləyir ki, Vaqif Qacar əyanları qarşısında özünü mətanətli, vüqarlı bir dövlət adamı kimi aparmış, onların tənələrinə mərdliklə və qətiyyətlə sinə gərmişdir. Yalnız Qacarın qətli şairi ölüm təhlükəsindən xilas etmişdi.
Lakin təhlükə sovuşmamışdı. Qacarın öldürülməsindən sonra onun qoşunları geri çəkilmiş, Qarabağda hakimiyyəti İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir əlinə almışdı. Bəzi mənbələr Vaqifin gizlicə İbrahimxəlil xana məktub yazaraq onu Şuşaya çağırması və bunun Məhəmməd bəyə xoş gəlməməsi barədə də məlumat verirlər. Bu fakt mahiyyət etibarı ilə Vaqifin bir saray adamı, baş vəzir olaraq xanlığın qanuni hökmdarına sədaqətindən irəli gəlirdi. Mənbələr yazır ki, Vaqif könülsüz də olsa, Məhəmməd bəyə də bir şeir həsr etmişdi. Lakin bir sıra şəxsi və ictimai səbəblər ucbatından (bədxahların fitnələri də daxil) Vaqif oğlu ilə birlikdə edam olunmuşdu.
Beləcə, ömrünü xalqa, onun sosial, iqtisadi, siyasi və mədəni tərəqqisi yönündə çalışmalara sərf edən vətənpərvər şair on səkkizinci əsr mühitinin mürəkkəb, dolanbac hadisələrinin qurbanı olmuş, evi talan edilsə də, onun adı yaddaşlardan silinməmişdir. Böyük ədibin ədəbi irsi, ictimai-siyasi fəaliyyəti bu gün də ehtiramla yad olunur, öyrənilir.