Bakı Xəbər. - 2017.- 8 avqust. - ¹ 139. - S. 13.
Tarixdə iz buraxanlar: Səməd bəy Mehmandarov
Fazil Qaraoğlu,
professor
Səməd bəy Mehmandarov 1855-ci ildə oktyabr ayının 16-da Lənkəranda anadan olub. Atası Sadiq bəy, anası Böyüknənə xanımdır. Bakıda gimnaziya təhsili alan 16 yaşlı Səməd bəy Peterburqda II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1875-ci ildə həmin məktəbi bitirəndə praporşik, yəni ilkin zabit rütbəsi alan Səməd bəy 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə rus-yapon müharibəsi başlananda general-mayor rütbəsi alıb. Rus-yapon müharibəsində böyük rəşadət göstərən Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilib.
Səməd bəy Mehmandarov təbiətcə ədalətli, zabit şərəfini hər şeydən üstün tutan təmiz bir şəxs olub. O, xidməti boyunca şəxsi işində bir dəfə də olsun töhmət almayıb. Onda həm də qorxmazlıq vardı. Cəsarəti, ağıllı davranışı onu irəli aparan xüsusiyyətlərdən idi.
1904-cü il yanvar ayının 26-da gecə yaponlar rusların Port-Artur limanında dayanan eskadrasına hücum edib, "Retvizan," "Sezareviç" zirehli gəmilərini və "Pallada" kreyserini yandırır. Beləcə müharibə başlayır. Səhərisi gün Səməd bəy Mehmandarovu yeddinci Sibir atıcı topçu diviziyasına komandir təyin edirlər. Bu, quru qoşunlarının komandanı, general-mayor Roman Kondratenkonun əmri idi. Roman İsidoroviç Mehmandarovun döyüşdə dəyanətinə, komandirlik bacarığına yaxşı bələd idi. Məhz ona görə də Səməd bəyi Şərq cəbhəsinin rəisi təyin edir. Bura Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu. Yaponlar da ən güclü qüvvələrini buraya yeritmişdilər. Onlar şiddətli həmlələr edir və ardı-arası kəsilmədən bombalar yağdırırdılar. Səməd bəy Mehmandarov topçuların əməliyyatına bacarıqla rəhbərlik edir, qala mühasirədə olanda həmişə ön mövqedə və çox təhlükəli yerlərdə sərrast atəşlə samurayların hücumunu dəf edirdi. Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özünü itirmədiyinin şahidi olan Əliağa Şıxlinski yazır: "Oktyabr ayının 14-də qala top atəşinə tutulan zaman Səməd bəy Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe yaponlar tərəfindən 11 düymlük topdan 37 millimetrlik xırda dəniz topuna qədər müxtəlif toplarla atəşə tutulurdu. Həm də bu mövqe yaponların tüfəng və pulemyot atəşi altında idi. Bu zaman Mehmandarovun yaxınlığında 6 düymlük mərmi partlayır və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma yaralanmadı. Mehmandarov buna əsla əhəmiyyət verməyərək, böyük bir soyuqqanlılıqla cibindən ağ dəsmalını çıxarıb, təzə paltosunun üzərinə sıçrayan palçığı silməyə başladı... Dekabr ayının ilk günlərində yaponlar qalaya iki ağır zərbə vurdu. Rusların inadlı müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mühüm fortunu tutdular. İkinci ağır zərbə isə dekabr ayının 2-də oldu. Komandan general Roma Kondratenko qəhrəmanlıqla həlak oldu. Onun yerinə idarəçilikdə zəif olan general Fok komandan təyin edildi. 16 gün sonra yaponlar qalanın taleyini həll edən Drakonovun Xrebet dağını ələ keçirdilər. Port-Arturun qorxaq və istedadsız komendantı general Stessel qalanı düşmənə təslim etmək üçün hərbi şuranın iclasını çağırdı. Şurada iştirak edən bəzi komandirlər Stesselin təklifinə şərik oldu. Fəqət general-mayor Səməd bəy Mehmandarov, polkovnik Semyonov və bir qrup mərd zabit təslim olmağa etiraz etdi. Döyüşkən zabitlər inad edirdilər ki, güclü yapon ordusunu geri oturtmağa hələ gücləri çatar. General Mehmandarov başda olmaqla, onlar deyirdilər ki, qala hələ özünü saxlamağa qadirdir. Nə qədər ki mərmi var, toplardan atəş yağdıracağıq. Nə qədər ki patron var, tüfənglərdən atəş açacağıq. Mərmi və patron qurtardıqda isə süngü ilə döyüşəcəyik. Fəqət cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı yerə qoymağı qarnizona əmr etdi. Sonralar Rusiyaya qayıdanda general Stessel qala müdafiəçilərinin tələbilə Port-Arturu tələsik təslim etdiyinə görə hərbi məhkəməyə verildi. General-mayor Səməd bəy Mehmandarov və onun zabit dostları qala təslim edildikdən sonra da hərbi anda sadiq qalaraq başqa əsgər və zabitlərə nümunə göstərdilər. Yaponların şərtlərinə görə, əsgərlər hərbi əsir alındı, zabitlər isə Yaponiyaya qarşı bir daha müharibədə iştirak etməyəcəkləri barədə öz dillərindən iltizam verməli idilər. Səməd bəy Mehmandarov iltizam vermədiyinə görə əsir alınıb Yaponiyaya göndərildi."
O, 1906-cı ildə Portsmut müqaviləsi bağlandıqdan sonra Rusiyaya qaytarılır. Məşhur Port-Artur qalasının 332 günlük müdafiəsi general Səməd bəy Mehmandarovun taleyinə belə yazılır...
Səməd bəy Mehmandarov birinci dünya müharibəsi başlananda Vladiqafqazda yerləşən 21-ci piyada diviziyasının komandanı idi. Bu vaxtadək onun həyatında bir çox mühüm hadisələr baş vermişdi. Əsirlikdən qayıdan kimi yeddinci Şərqi Sibir artilleriya briqadasının komandanı təyin edildi, az sonra ona daha məsul vəzifə tapşırıldı. O, Üçüncü Sibir ordusunun korpusunda artilleriya rəisi oldu. 1908-ci ildə Səməd bəy bu yüksək vəzifədən başqa daha iki böyük sevinc yaşadı. Həmin ilin iyul ayının 13-də onu general-leytenant rütbəsilə təltif etdilər, noyabr ayının 18-də isə uzun intizardan sonra Tanrı ona oğul payı verdi. Səməd bəy ona Pir adını qoydu.
Birinci Dünya müharibəsi illərində general Mehmandarov bir neçə uğurlu hərbi əməliyyat yerinə yetirən istedadlı sərkərdə kimi ad-san qazanmışdı. 1914-cü il sentyabr ayının 15-də keçirilən Lodz əməliyyatında general Mehmandarov xüsusi şöhrət qazanır. Alman generalı Makenzenin qoşunları güclü hücumla İvanqorod şəhərini alıb sürətlə Lodz şəhəri uğrunda əməliyyata başlayır. Güclü təzyiqlə geri çəkilən rus qoşunları çox ağır vəziyyətə düşmüşdü. Bütün mövqelərdən hücuma keçən almanlar dayanmadan irəliləyərək geri çəkilən rus qoşunlarının qabağını kəsib onları mühasirəyə almağa çalışırdı. Mehmandarovun 21-ci piyada diviziyası 81-ci Abşeron, 82-ci Dağıstan, 83-cü Samur və 84-cü Şirvan alaylarından təşkil olunmuşdu. Bu alayların hərəsinin özünəməxsus döyüş ənənəsi vardı. Korpus komandanı öz bölmələrinin müqəddəratı üçün təşvişə düşərək Mehmandarovdan diviziyasının nə vəziyyətdə olduğunu telefonla xəbər alır. Səməd bəyin komandirlərə məxsus mərd qısa cavabı belə olur: "Vəziyyət ağırdır. Hücuma keçirəm!" İki rus ordusunun geri çəkildiyi belə ağır bir vaxtda Mehmandarovun diviziyası böyük bir iştahla irəliləyən düşmənə ağır zərbə vurub onu geri oturdur. Üçgünlük ağır döyüşlərdən sonra İvanqorod şəhərinin hüdudlarına çatıb ona həmlə edir. Birinci Dünya müharibəsi tarixində Mehmandarovun bu uğurlu əməliyyatı alman generalı Makenzenin sürətli hücum planlarını puça çıxarır. Geri çəkilən iki rus ordusunu isə mühasirəyə düşmək rüsvayçılığından xilas edir. Həmin əməliyyat zamanı I General Əliağa Şıxlinski Ali Baş komandan tərəfindən səhra toplarının vəziyyətini yoxlamaq və bu sahədə fəaliyyətə istiqamət vermək üçün qərb cəbhəsinə çağırılır. Əliağa apardığı yoxlanışdan sonra belə deyir: "Mən yeddi korpusu gəzdim və müəyyən etdim ki, yalnız Səməd bəy Mehmandarovun korpusunda ağır topların vəzifəsi düzgün başa düşülüb və bu toplar həmin vəzifələrə uyğun yerləşdirilib. Bu iş korpus müfəttişinin təşəbbüsü yox, məhz mahir topçu olan Mehmandarovun şəxsi təşəbbüsünün nəticəsi idi". Bu müharibədə misilsiz qələbələrə görə Mehmandarova tam artilleriya generalı rütbəsi verilir. 1915-ci ildə o, ikinci Qafqaz ordu korpusuna komandan təyin edilir.
General Səməd bəy Mehmandarovun döyüşlərdə göstərdiyi igidlik və əsgərlərlə xoş rəftarından onun müasirləri iftixarla söhbət açır. Mayor Hacıağa İbrahimbəyli yazır ki, general Mehmandarov Birinci Dünya müharibəsi zamanı çox böyük şöhrət qazanmışdı. Vuruşmaların ən qorxulu dəqiqələrində onun misilsiz soyuqqanlılığı və hədsiz qoçaqlığı rus ordusunda məşhur idi. O, təbiətən ədalətli, düz danışan adamları sevir, onlara kömək göstərir, ürəyi düz olmayanlara qarşı isə amansız idi. Tabeliyində olanların hamısı ondan çəkinir, lakin onu sevir və ona inanırdılar.
1917-ci il fevral burjua inqilabı baş verərkən Səməd bəy Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdi.
Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cumhuriyyəti hökumətində 1918-ci ilin 25 dekabrından hərbi nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə hərbi nazir Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cumhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirirdi ki, ingilis hərbi dəstələri Azərbaycanda məskunlaşdığı yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq Səməd bəy Mehmandarov İngiltərə hökumətinin dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş edir.
Səməd bəy Mehmandarov Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirir və Azərbaycanda yaradılan hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik edir. Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.C.Yakir 1925-ci ildə belə yazırdı: "Mehmandarov nadir artilleriyaçıdır".
Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak edib. Görkəmli sərkərdənin gərgin səyləri nəticəsində o dövrün ən müasir silahları ilə təchiz edilmiş Milli Ordumuzda qatar, təyyarə, zirehli avtomobil, hərbi gəmilər olub, Xəzər dənizində donanma yaradılıb. Yəni Azərbaycanda ordu quruculuğu prosesinin milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticəsidir.
Səməd bəy Mehmandarov ilk azərbaycanlı general idi ki, İngiltərə, Fransa və Rumıniyanın mükafatları və Rusiyanın bütün hərbi ordenləri ilə təltif edilmişdi. Bundan əlavə, Mehmandarovun vətənə sədaqəti onun imtina etdiyi mükafatlardan da görünür. O, İngiltərə hökumətinin orden və medallarını geri qaytardıqda: "Torpağımı və xalqımı fəth edən bir ölkənin ordeni mənə gərək deyil" - deyib.
Sələfləri ilə fəxr etmək hər bir millətin üstünlük verdiyi həyat tərzi və əsas milli dəyərlərin formalaşmasında güclü təsir göstərən amillərdəndir. Ata-babasının əməlləri ilə fəxr edən insan həmişə ləyaqətə xələl gətirən hərəkətlərdən uzaq olar. Bu baxımdan Azərbaycan xalqı xöşbəxt xalqdır. Həm öz tariximizdə, həm də dünyada ad qoyub gedən həmvətənlərimizin sayı az deyil. Onların arasında misilsiz şücaəti ilə yadda qalan general Səməd bəy Mehmandarovun xüsusi yeri var. O, Azərbaycan hərb tarixində müstəsna rol oynayıb və xalqına, vətəninə böyük xidmətlər edib.
1928-ci ildə Səməd bəy Mehmandarov səhhətinə görə orduda xidmətdən tərxis olunub və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilib. O, ömrünün son üç ilində İslam tarixi və fəlsəfə ilə məşğul olub. Bir əlində qılınc, bir əlində qələm tutan bu tarixi atamız 12 fevral 1931-ci ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin.