Ekspress. - 2017.- 9-11 sentyabr. - ¹ 160. - S. 10.

 

İstehlakçı hüquqları necə qorunur?

 

Murad Məmmədli

 

Hər birimiz şəxsi tələbatımızı ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edirik, onları alırıq, sifariş veririk, yaxud almaq və ya sifariş vermək niyyətində oluruq. Beləliklə, hər birimiz həm də istehlakçıyıq. Və istehlakçı olaraq da hüquqlarımız var. Amma bəzən çoxumuz bu hüquqlarımızı bilmədiyimzdən müəyyən problkmlərlə rastlaşırıq. Bəs istehlakçıların hansı hüquqları var?

Öncə onu qeyd edək ki, dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biri olan istehlakçı hüquqlarının qorunması istiqamətində ölkədə müəyyən tədbirlər həyata keçirilir, hüquqi-normativ sənədlər hazırlanır.

İstehlakçı hüquqları hər bir ölkənin Konsititusiyasında göstərilir. Bu hüquqlar bir-birindən ayrılmazdır; bunlardan birinin pozulması, digərlərinin də təmininə mane olur. İstehlakçıların ən başlıca hüquqlarından olan əsas tələbatlarının ödənilməsi hüququ onların qidalanma, su, elektrik, nəqliyyat, istirahət, xidmətlərdən istifadə, informasiyalardan yararlanma kimi, ən təbii ehtiyacların təmin olunması hüququdur. Bunları bilmək, qoruyub, təkmilləşdirmək və müdafiə etmək üçün onların təhsil alması gərəkdir.

Məlumat əldə etmə hüququ mal və xidmətləri əldə etmələrinə və istifadələrinə dair doğru qərar verməyə kömək edəcək məlumatların əldə olunması hüququdur. İnsanlar yanlış, qeyri-dəqiq reklam, qüsurlu etiketə qarşı özlərini qoruya bilərlər. Seçmək hüququ, yəni mal və xidmətlərin sərbəst seçilməsi hüququ, onlara çeşidli, keyfiyyətli mal və xidmətlərin fərqli qiymətlərə təklif olunması, satıldıqdan sonra göstərilən xidmətlərin yüksək səviyyədə olması, müqavilədə birtərərəfli üstünlük əldə etməsi, məcburi şərtləri qəbul etdirməsinə qarşı qorunması hüququdur. Sağlamlıq və təhlükəsizlik hüququ isə hər cür mal və xidmətin istehlakçının yaşam və sağlamlığına zərər verməyəcək şəkildə istehlak edilməsi hüququdur.

Azərbaycanda istehlakçıların hüquqları "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunla qorunur. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və bu qanuna müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilmiş qaydalar bu Qanunda nəzərdə tutulanlardan fərqli olarsa, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:    malların və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların lazımi keyfiyyətdə olmasına; malların təhlükəsizliyinə; malların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda birləşməyə.

Qanunla zəmanətli istehlak səviyyəsi hər bir istehlakçının azad şəkildə mal almasına zəmanət olmadığı hallarda, malların normalaşdırılmış formada bölünməsinin tətbiqi ilə; vətəndaşlara kompensasiya ödənişləri, müxtəlif müavinət və güzəştlər verməklə təmin edilir.

İstehlakçı satıcıdan alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında satıcının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. İstehlakçıların həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala aid tələblər normativ sənədlərlə müəyyən edilir.

Ayrı-ayrı mal qrupları üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir.

Satıcı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal haqqında istehsalçının təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır.

İstehsalçı malın, həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini təmin edir.

Tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən ərzaq məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların üzərində və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir.

Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır. İstehlakçı satıcı qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.

Zəmanətli təmir aparılarkən malın zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.

Bəs qüsuru olan mal satılarkən istehlakçının hansı hüquqları var. Qanunda göstərilir ki, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

İcraçı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının hesabına həyata keçirilir.

Əksər mağazalarda "alınan mal geri qaytarılmır" yazılmış xəbərdarlıqlara rast gəlirik. Bəs qanunla necə olmalıdır? "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən istehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir.

Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər.

Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir.

Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır.

İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır.

Belə hallarda istehlakçı ilə hesablaşma bu maddənin 4-cü bəndində göstərilən qaydada aparılır. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı əişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq oxşar mal verməlidir.

Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi ləngidildikdə satıcı istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir. İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi xərcləri ödəməlidir.

İstehlakçıların mal haqqında məlumat almaq hüququ var. Belə ki, satıcı istehlakçını maraqlandıran malın qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. İcraçı istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir.

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Satıcı Azərbaycan Respublikasının ərazisində satdığı malların qiymətlərini yalnız manatla göstərməlidir. İstehlakçıların hüquqlarının pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Ölkəmizdə istehlakçıların hüquqlarını eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qoruyur. Bu xidmət antiinhisar (rəqabət), dövlət satınalmaları, reklam və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət siyasətinin və dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, ölkə qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və İqtisadiyyat Nazirliyinin hüquqi aktlarını rəhbər tutur. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və öz regional bölmələri vasitəsilə həyata keçirir.

Xidmətin saytında ye alan məlumata görə, xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Xidmət aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: müvafiq sahələrdə dövlət siyasətinin hazırlanması ilə bağlı Nazirliyə təkliflər verir və bu sahələrdə müəyyən olunmuş siyasətin həyata keçirilməsini təmin edir; antiinhisar (rəqabət), dövlət satınalmaları, reklam və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirir; inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin və istehlakçıların hüquqlarının və qanuni maraqlarının pozulması hallarının qarşısının alınması və belə pozuntuların aradan qaldırılması üçün tədbirlər görür; dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının müsabiqə və aşkarlıq əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görür. Beləliklə, hər birimiz istehlakçı olaraq hüquqlarımız bilməli və bunu müdafiə etməyi bacarmalıyıq.