Ekspress. - 2017.- 18 oktyabr. - ¹ 187. - S. 10.

 

Bərabər yaşamaq haqqı

 

Vasif Cəfərov

 

İnsanın sahib olduğu əsas hüquqlardan biri də bərabərlik hüququdur. Demokratik dövlət quruculuğu yolunu tutan, cəmiyyətdə ədalət yaratmaq istəyən hər bir dövlət ilk növbədə bərabərlik hüququnu təmin etməyə borcludur. Buna görə də bəzən bərabərlik hüququnun ədalətli cəmiyyətin əsası olduğu bildirilir.

Bərabərlik hüququ insanların hansısa bir təbii cəhətinə görə fərləndirilməsini qəbul etmir, insanları cinsi, milli, dini, irqi və digər xüsusiyyətlərinə baxmayaraq bərabərləşdirir.

İnsanlar əsrlər boyu bərabərlik uğrunda mübarizə aparıblar, ayrı seçkiliyin bütün formalarına milli, dini, irqi, cinsi, silki və s. qarşı çıxıblar. Müxtəlif tarixi dövrlərdə insanlar sosial mənşəyinə, irqinə və dərisinin rənginə, cinsinə, milli və dini mənsubiyyətinə görə bərabər olmayıblar. Hətta dünyanın ən demokratik ölkəsi olan ABŞ-da belə irqi ayrıseçkilik uzun müddət mövcud olub, seqreqasiya qanunları cəmiyyətin mütərəqqi qüvvələri tərəfindən uzunmüddətli mübarizə nəticəsində ləğv olunub.

İkinci dünya müharibəsindən sonra hüquq bərabərliyi və ayrı-seçkiliklə mübarizə gücləndirildi. Beynəlxalq ictimaiyyət bu məsələlərə daha həssas yanaşmağa başladı.

İnsan hüquqları haqqında Ümumi Bəyannamənin birinci maddəsində deyilir ki, bütün insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər. Ona görə də bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.

Ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulması deməkdir. İnsan hüquqları haqda Ümumi Bəyannamənin ikinci maddəsində bəyan edilir ki, insanlar irqinə, dərisinin rənginə, cinsinə, dininə, siyasi və digər əqidəsinə, milli yaxud sosial mənşəyinə, mülki, silki, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan hüquqlara və azadlıqlara malik olmalıdırlar.

Azərbaycanın Konstitusiyasında da bərabərlik hüququ tanınır. Əsas qanunumuzda qeyd edilir ki, irqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Eyni zamanda dövlətimiz hər cür ayrı-seçkiliyə görə məhdudlaşdırmaları qadağan edir.

Bərabərlik hüququ Azərbaycan Konstitusiyasının 25-ci maddəsində öz əksini tapıb. Maddədə hamının qanun və məhkəmə qarşısında bərabər olması, kişi və qadınların hüquq bərabərliyi, eləcə də bərabərlik hüququ ilə qarşılıqlı surətdə bağlı olan ayrı-seçkiliyə yol verilməməsi prinsipi əks olunub.

Konstitusiyada təsbit edilib ki, heç kəsə bu maddənin güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

Bərabərlik hüququnu pozulması cinayət və inzibati məsuliyyət də yaradır. Cinayət Məcəlləsinə əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma baş verdikdə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinə əsasən isə inzibati xəta törədən şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulan əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna, yaxud heç kəsə inzibati tənbeh tətbiq oluna və ya daha yüngül inzibati tənbeh tətbiq edilə bilməz.

Müəyyən qrup insanlara bu əməllərinə görə inzibati həbs tətbiq edilə bilməz. Bunlar hamilə qadınlar və ya himayəsində 8 yaşınadək uşağı olan qadınlar, 8 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış qadınlar və 65 yaşına çatmış kişilərdir.

Beləliklə, Azərbaycan da bərabərlik hüququnu tanıyır və bunula bağlı mövcud olan dəyərləri qəbul edir. Göründüyü kimi, Konstitusiyada bəyan olunan bərabərlik hüququ hər kəsin hüquq və azadlıqlarının bərabərliyini ifadə edir. Bu hüquq qanunvericilikdə nəzərdə tutulan digər hüquq və azadlıqlardan ayrılıqda işləmir və hər hansı şəxsi həmin hüquq və azadlıqlarından istifadə zamanı diskriminasiyadan qoruyur.

Konstitusiya Məhkəməsi Plenumunun qərarında bərabərlik hüququ ilə bağlı izah var. İzahda qeyd edilir ki, bərabərlik hüququ tarixən feodal imtiyazlarına müqabil yaranaraq tədricən insan, cəmiyyət və dövlət arasında olan münasibətləri tənzimləyən çox vacib prinsipin əsasını qoyub. Hüquq bərabərliyi eyni zamanda konstitusionalizmin təməl prinsiplərindən və demokratiyanın ayrılmaz elementlərindən biri kimi tanınır.

Təsadüfi deyildir ki, bərabərlik hüququ bu və ya digər ifadə formalarında beynəlxalq hüquq aktlarında da özünəməxsus önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 14-cü maddəsi və həmin Konvensiyanın 12 saylı protokolunun 1-ci maddəsinin 2-ci bəndi və s.).

Bərabərlik hüququ mahiyyətcə qanun və məhkəmə qarşısında hamının məhz hüquq və azadlıqlarının bərabərliyini ifadə etsə də, insanların mexaniki bərabərləşdirilməsini nəzərdə tutmur. Azərbaycan Konstitusiyanın 25-ci maddəsinin III hissəsinin müddəalarına görə bu hüququn pozulmasından yalnız o halda bəhs etmək mümkündür ki, hər hansı şəxsin hüquq və azadlıqlarının bərabərliyi obyektiv hüquqi meyarlar baxımından məhdudlaşdırılmış olsun.

Bəzi şərhlərdə ölkəmizdə Cinayət Məcəlləsinin 79-cu maddəsində bərabərlik hüququnun pozulduğu iddia edilir. Həmin iddialara əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilən qadınlara münasibətdə bərabərlik hüququnun pozulmasından bəhs olunur. Adıçəkilən maddədə qadınlarla kişilərin fərqləndirildiyi, qadınlara imtiyaz tanındığı bildirilir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin müddəalarında, o cümlədən 79-cu maddədə müəyyən sosial qruplara aid olunan şəxslər arasında mümkün olan fərqləndirmə bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 8 yaşınadək uşaqları olan qadınlara, 65 yaşından yuxarı olan kişilərə, I və II qrup əlillərə və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) heç də qalan şəxslərin konstitusiya hüquqlarını pozmur və sadəcə həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir.

Həmçinin nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsi qəbul edildikdən sonra qanunverici tərəfindən ona bir neçə dəfə dəyişikliklər edilib. 2007-ci ildə qəbul olunan Qanunla 79-cu maddəsində dəyişikliklər edilərək, "şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş qadınlar istisna olmaqla uşağı olan qadınların" ifadəsində "məhkum edilmiş qadınlar" sözləri "məhkum edilmiş şəxslər" sözləri ilə əvəz olunub, "uşağı olan qadınlar" sözlərindən sonra isə "habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər" sözləri əlavə edilib. Bu dəyişikliklərin nəticəsi olaraq maddənin əhatəsi cinsindən asılı olmayaraq bütün şəxslərə-həm qadınlara, həm də kişilərə aid olunub və burada mümkün olan cinsi qeyri-bərabərlik aradan götürülüb.

Konstitusiya Məhkəməsi şərhində bildirir ki, bundan başqa, 8 yaşınadək uşaqları olan bəzi məhkum edilən şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan Cinayət Məcəlləsinin 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir. Belə olan halda isə Konstitusiyanın 25-ci maddəsinin I, II və III hissələrinə istinadən məhkum olunan qadınların hüquqlarının pozulması barədə fikir hüquqi baxımdan əsaslı görünmür.

Cinayət Məcəlləsinin 79-cu maddəsi ilə bağlı öz şərhinə verən Konstitusiya Məhkəməsi hesab edir ki, Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə müvafiq olaraq dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Bu normadan göründüyü kimi Azərbaycanda hər bir şəxsin öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna dövlət təminatı verilir. Belə hüququn və təminatın mövcudluğu ölkəmizdə insan hüquq və azadlıqlarının bəyan olunması ilə kifayətlənməməsinə və bunların həqiqətən həyata keçirilməsinin dövlət tərəfindən dəstəklənməsinə dəlalət edir və eyni zamanda Azərbaycanın ATƏT-in üzvü kimi həmin beynəlxalq təşkilatın Vyana Yekun Sənədinə müvafiq olaraq üzərinə götürdüyü öhdəliyin icrasına yanaşmasının göstəricisi kimi çıxış edir.

Qeyd edək ki, hüquq və azadlıqlarını müdafiə etmək hüququnun reallaşması üçün ölkəmizdə bir sıra qanunlar (məsələn, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", Mülki, Cinayət, Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələri və s.) qəbul edib və qanunvericilik, icra hakimiyyəti, yerli özünüidarə (bələdiyyə) orqanlarından başqa həmin məsələ ilə bilavasitə məşğul olan xüsusi təsisatlar (o cümlədən, prokurorluq orqanları, məhkəmələr, Ombudsman və s.) yaradılıb.

Konstitusiya Məhkəməsinin şərhindən aydın olur ki, Konstitusiyada təsbit edilən müddəalar sahəvi qanunlar da öz təsbitini tapıb və bütün qanunvericilik aktlarında bərabərlik prinsipi gözlənilir.

 

Azərbaycan Respublikası Prezidenti yanında

Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur