Ekspress. - 2017.- 20 oktyabr. - ¹ 189. - S. 10.

 

Keçmiş məhkumların sosial adaptasiyası

 

Murad Məmmədli

 

Keçmiş məhkumların sosial adaptasiyası "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Qanunda göstərilir ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin (bundan sonra-cəza çəkməkdən azad edilmiş şəxslər) sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu Qanunda nəzərdə tutulmuş tədbirlər yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər barəsində məhdudlaşdırıla bilər.

Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının qorunması üzrə komissiyalar, dövlət təhsil və tibb müəssisələri, məşğulluq xidməti orqanları, habelə digər müəssisə və təşkilatlar cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu Qanunun və digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar.

Sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində bələdiyyələr, fiziki şəxslər, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları könüllülük əsasında iştirak edə bilərlər.

Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfındən əlaqələndirilir.

Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; sosial adaptasiya mərkəzləri yaratmaq; daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək; təhsil almalarına şərait yaratmaq; şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək.

Cəza çəkməkdən azad edilmiş şəxslərin müəyyən hüquq və vəzifələri də var. Belə ki, cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər.

Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Cəza çəkməkdən azad edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməlidirlər. Qanuna əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir.

Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini təmin edirlər.

Cəza çəkməkdən azad edilmiş şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfındən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur.

Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər. Qeydiyyata alınmış və yaşayış sahəsi olmayan cəza çəkməkdən azad edilmiş şəxslər sosial adaptasiya müddətindən çox olmamaqla müvəqqəti yaşayış yeri ilə təmin edilirlər. Yaşayış sahəsi olmayan şəxslərin müvəqqəti yaşayış yerində yaşamaq müddəti müstəsna hallarda artırıla bilər. Müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydası və yaşamaq müddətinin artırılması halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Yaşayış sahəsi olmayan və himayəsində 14 yaşadək uşağı olan cəza çəkməkdən azad edilmiş qadınların müvəqqəti yaşayış yeri ilə təmin olunması təxirəsalınmadan həyata keçirilir.

Cəza çəkməkdən azad edilmiş birinci və ikinci qrup əlillər, altmış iki yaşına çatmış kişilər və əlli yeddi yaşına çatmış qadınlar öz ərizələri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlillər və ya qocalar evlərinə göndərilirlər.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər.

Cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun təmin olunmasına gəlincə, qanunda göstərilir ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə təmin edilməsi sahəsində (o cümlədən kvota üzrə iş yerlərini müəyyən etməklə) tədbirləri müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Cəza çəkməkdən azad edilmiş himayəsində 14 yaşadək uşağı olan tənha qadınların məşğulluğunun təmin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirə salınmadan həyata keçirilir.

Bu Qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir.

Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır.

Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2017-ci ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 3660 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib. Həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq minimum əmək haqqının 4 misli qədər, yəni 464 manat məbləğində birdəfəlik müavinət ödənilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "Ekspress"ə verilən məlumata görə, digər sosial ödənişlər kimi, qeyd olunan müavinətlərin də plastik kartlarla bankomatlar vasitəsilə ödənişi həyata keçirilib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev əməkdaşımıza bildirib ki, Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli 434 nömrəli Qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi yaradılıb. Hazırda Qobustan rayonunda inşası yekunlaşmaqda olan Mərkəz istifadəyə verildikdən sonra həmin şəxslərin sosial mühitə adaptasiyası, eləcə də onların peşə hazırlığının təşkili, ümumən hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək. Qərara görə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin Qobustan rayonunda istismarına icazə verilmiş binası, binaya aid bütün infrastruktur qurğu və avadanlıqlar Sosial Adaptasiya Mərkəzinin balansına, onun yerləşdiyi torpaq sahəsi isə istifadəsinə verilib. Sosial Adaptasiya Mərkəzinin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində nazirlik üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.

"Qeyd olunanlarla yanaşı, penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərin gələcəkdə məşğulluq imkanlarına maılik olmaları məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilir. Cari ilin 9 ayında ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 164 nəfər şəxs üçün həmin müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında peşə hazırlığı kursları təşkil edilib. Kurslarda inşaat rəngsazı, elektrik-qaz qaynaqçısı, avtomobillərin təmiri üzrə çilingər, dülgər-xarrat və s. peşələr öyrədilib və kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri təqdim olunub", - deyə Elman Babayev bildirib.

Onun sözlərinə görə, nazirliyin məşğulluq orqanları tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən digər vətəndaşlarla bərabər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilmiş şəxslərin kvota üzrə ayrılmış iş yerlərində məşğulluğunun təmin olunması işləri də aparılır.

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur