Bakı Xəbər.-2017.-25 oktyabr.-¹191.-S.15.
Tarixdə iz buraxanlar: Pənahəli xan
Fazil Qaraoğlu,
professor
Qarabağ xanlığının yaradıcısı Pənahəli xan 1693-cü ildə Qarabağda, Alaqarğu kəndində anadan olub. Atası İbrahimxəlil ağa, anası Qızdarbəyim xanımdır.
Pənahəli xan gənc yaşlarında Nadir şah Əfşarın yanında xidmət edib. Nadir şah öz müasirləri arasında parlaq hərbi istedadı ilə seçilirdi və gənc Pənahəli onun yanında yaxşı dərs alaraq, döyüş taktika və strategiyasını mənimsəyib. O, dövlət idarəçiliyini də Nadir şahın xidmətində olarkən öyrənib.
Əfşar dövlətinin süqutundan sonra Qarabağ xanlığının əsasını Azərbaycanın görkəmli dövlət xadimi Pənahəli xan qoyub. Qarabağ xanlığının yaranmasının çox maraqlı tarixi var. Qarabağ xanlığının vəziri olmuş tarixçi-salnaməçi Mirzə Camal yazır: “Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra ellər arasında görüb inandığı hər bir şücaətli və işguzar adamı yanına çağırıb öz yaxın qulluqçuları arasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən el arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət qazanmış, hər işdə fərqlənib ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gəlmişdir”.
Nadir şah Muğan qurultayından sonra hakimiyyətinə qarşı çıxan Qarabağ tayfalarını cəzalandırır. Onları Xorasan vilayətinə və Əfqanıstana sürgün edir. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli bəy edam olunur. Bunu görən Pənahəli bəy Nadir şah Xorasanda olduğu zaman fürsət taparaq bir neçə qohumu və yaxın adamı ilə 1738-ci ildə Qarabağa qaçır. Mirzə Camal yazır: “Şah Pənah bəyin qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çapar göndərir. Fəqət onu tutmaq mümkün olmur. Nadir şah Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərir ki, Pənah bəyi harada tapsalar tutub şahın hüzuruna gətirsinlər”.
Beləliklə, hələ Nadir şahın sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb, vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd edib. Nəticədə, Nadir şahın vəfatından sonra Qarabağ torpaqlarında Qarabağ xanlığı yaranıb.
Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qarabağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd olan Qarabağ xanlığı Araz çayı ilə Kür çayı arasında yerləşirdi. Qarabağ xanlığı elan edildikdən sonra onun möhkəmləndirilməsinə nail olmaq başlıca vəzifəyə çevrilir. Pənahəli xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini doğma torpağa qaytarmaq olur. Bu tədbir Qarabağ xanlığını gücləndirir. Sürgündən qayıdanların arasında Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də olub.
Qarabağ xanlığı yarananda onun ərazisində Gəncə, Təbriz, Bakı, Dərbənd kimi böyük şəhərlər olmayıb. Halbuki, belə siyasi və iqtisadi mərkəzlərin olması xanlığın gələcək inkişafı üçün çox mühüm idi. Ona görə də yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənahəli xanın, hərbi-siyasi işlərlə yanaşı, dəyərli quruculuq uğuru sayılmalıdır. Bu şəhərdə ilk addımlardan biri Azərbaycan türk tayfası olan bayatların adı ilə bağlı olan Bayat qalasının inşası olur. Mirzə Camal yazır: “Xan bütün ailəsini, qohumlarını və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənahəli xanın tərəqqisi, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər”. Pənahəli xanın müstəqil dövlət quruculuğu sahəsində fəaliyyəti onun rəsmən tanınması ilə nəticələnir. Mirzə Camal yazır: “1748-ci ildə Adil şahın Pənah xana “xan” adının verilməsi və onun Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında imzaladığı fərman qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzədilmiş qılıncla birlikdə sərdar Əmiraslan xanın yaxın adamı vasitəsilə o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı”. Adil şahın fərmanı əslində gecikmiş bir sənəd idi. Çünki həqiqi hakimlik şah fərmanından əvvəl, ondan asılı olmayaraq qazanılmışdı.
Pənahəli xanın Qarabağın hakimi kimi tanınmasında Şəki xanı Hacı Cələbinin Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynayır. Tarixçi-salnaməçi Mirzə Adıgözəl bəyin yazdığına görə, Qarabağ məlikləri Hacı Çələbiyə məktub yazaraq bildiriblər ki, “Pənahəli xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər bir xəta edilərsə, sonra onun qarşısında durmaq mümkün olmayacaq”. Nəticədə, Hacı Çələbi Qarabağa hücum edir, Bayat qalasını mühasirəyə alır, fəqət bir aylıq mühasirə heç bir nəticə vermir. Tarixçi-salnaməçi Əhməd bəy Cavanşir yazır: “...Bu qalibiyyətdən sonra Pənahəli xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi... Bayat savaşı eyni zamanda, bu qalanın gələcək tarixi sınaqlara davam gətirə bilməyəcəyini də üzə çıxarır. Buna görə də Pənahəli xan 1751-ci ildə Şahbulağ adlanan yerdə yeni paytaxt-qala saldırır. Daş və əhəngdən məscidlər, evlər, bazar meydanı və hamamlar tikdirir. Pənahəli xan oranı qurduğu dövlətə mərkəz edir”.
Ölkədə cərəyan edən mürəkkəb hərbi-siyasi hadisələr gənc dövlətin təhlükəsizliyi üçün yeni yerin seçilməsini zəruri edir. Tarixçi-salnaməçi Əhməd bəy Cavanşirin yazdığına görə, Pənahəli xan yeni paytaxt yaratmaq fikrində olarkən Şahbulaqda geniş Məşvərət Şurası çağırır. Şurada iştirak edənlərə belə müraciət edir: “...Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi, sarsılmaz qala tikək ki, ən güclü düşmən belə onu mühasirəyə ala bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə açıq olmalı və mahallarla əlaqəmiz kəsilməməlidir.”
Qarabağ xanlığının yeni paytaxtı Azərbaycanın qədim yaşayış məskənlərindən olan, monqollar tərəfindən dağıdılan Şuşa qalası olur. Qısa müddətdə burada bərpa işləri aparılır. Buraya, qarabağlılardan əlavə, qonşu xanlıqlardan da köçüb gələnlər olur. Bunu Şuşa şəhərindəki bir çox küçə və məhəllələrin adları – Təbrizli, Aqulisli, Qazançılı, Köçərli, Culfalar da sübut edir.
Şuşa məhəllələrinin hər birində məscidlər, hamamlar, məhəllə bulaqları tikilir. Şəhərdə qalıqları dövrümüzə qədər gəlib çatmış güclü kanalizasiya sistemi yaradılır. Şəhərin cənub-qərbində təlim keçmək üçün Cıdır düzü adlanan geniş düzəngah yaradılır, şimal-şərq hissəsindəki ərazi isə əhali, təsərrüfat, qoşun və başqa məqsədlər üçün ayrılır.
Pənahəli xanın dövlətçilik siyasətində Qarabağ məliklərinin mərkəzi hakimiyyətə tabe etdirilməsi və onların separatçılıq əməllərinə son qoyulması mühüm yer tuturdu. Bu iş həm hərbi, həm də diplomatik bacarıq tələb edirdi. Çünki onlar bir tərəfdən mərkəzləşdirmə prosesinə mane olur, digər tərəfdən də xaricdən Qarabağ xanlığına qarşı hücumların təşkilində və həyata keçirilməsində iştirak edir, onun müstəqilliyini sarsıtmağa çalışırdılar. Ona görə də məlikləri tabe etmək məsələsi mahiyyətcə Qarabağın, bütövlükdə Azərbaycanın istiqlaliyyəti uğrunda bir mübarizə idi.
Pənahəli xanın hakimiyyəti gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların – məliklərin pozuculuq fəaliyyəti də artıb. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri bir məsələyə çevrilib. Xanlığın ərazi-inzibati bütövlüyünü itirmək təhlükəsini dəf etmək üçün yeganə çıxış yolu separatçılığa qarşı mübarizədən keçirdi. Bu tarixi həqiqətləri ilk mənbələr də təsdiq edir. Qarabağ salnaməçilərinin yazdıqları kimi, Xəmzə məliklərindən yalnız Xaçın əhalisi yerli idi. Digər məliklər və onların mənsub olduqları nəsillər isə əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmişdilər. Bu diyara gələn əhali keçmiş alban nəsillərinə mənsub olub. Bu gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra, kiçik də olsa, heç bir dövlət birləşməsi yarada bilməyiblər. Onlar bir-birindən təcrid olunan, çox zaman da bir-birilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməyiblər. Bu xüsusiyyətləri ilə məliklər Qarabağda feodal dağınıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər.
Pənahəli xanın hakimiyyətini ilk olaraq Vərəndə məliyi Şahnəzər tanıyıb. Bu tanıma həm də “nikah diplomatiyası” vasitəsilə möhkəmləndirilib. Onun qızı Hürzətlə İbrahimxəlil ağa nikahlanıb. Xaçın məliyi Məlik Mirzənin tabe olmaqdan imtina etməsi Pənahəli xanın onun üzərinə yürüş etməsinə səbəb olub. O, Ballıqaya adlı yerdə baş verən döyüşdə məğlub olduqdan sonra mərkəzi hakimiyyəti tanımaq məcburiyyətində qalıb. Dizaq, Çiləbörd, Gülüstan məliklərinin də düşmənçilik siyasəti iflasa uğrayıb. Bir müddət sonra onlar da xan hakimiyyətinə tabe olublar.
Bayat savaşından sonra Qarabağ xanlığının ərazisi xeyli genişlənib. Şamaxı, Şəki, İrəvan, Naxçıvan, Təbriz və Qarabağ xanlıqları Pənahəli xanla yaxınlaşmağa çalışıb. Pənahəli xan isə öz növbəsində Gəncə, İrəvan, Naxçıvan və Ərdəbili ələ keçirərək onların idarəsini öz adamlarına tapşırıb. Çiləbörd və Talış məliklərinin Pənahəli xana qarşı yaratdıqları ittifaq da iflasa uğrayıb.
Qarabağ xanlığı kimi bir dövlətin yaranması ətrafdakı xanları və hakimləri ciddi narahat edib. Onlardan biri də Astrabad hakimi Məhəmmədhəsən Qacar olub. O, 1757-ci ildə güclü bir qoşunla Qarabağ xanlığı üzərinə yürüşə başlayıb. “Xatın arxı” deyilən yerdə baş verən döyüş Qarabağ qüvvələrinin qələbəsi ilə nəticələnib.
Xanlıq 1759-cu ildə Urmiyalı Fətəli xanın hücumuna məruz qalıb. Urmiyalı Fətəli xanın Qarabağ xanlığı üzərinə yürüşünü Qarabağ salnaməçiləri ətraflı şəkildə təsvir edir.
Əhməd bəy Cavanşir bu barədə belə yazır: “...Urmiyalı Fətəli xan adlı birisi 30 min nəfərlik qoşunla qəflətən Şuşa yaxınlığında göründü. Fətəli xan qalanı qəflətən tutmaq üçün öz seçmə qoşunları ilə Qarqar çayı tərəfdən hücuma keçib. Fəqət qala divarlarının yaxınlığında mühasirəyə alınanlar gizləndikləri yerlərdən çıxıb çağırılmayan “qonaqların” üzərinə cumdular və onlarla əlbəyaxa vuruşmağa başladılar...” Səkkiz aylıq mühasirədən sonra Pənahəli xan Fətəli xandan asılılığı qəbul etmək məcburiyyətində qalıb. Tezliklə Kərim xanın Fətəli xan Əfşar üzərinə hücumu və Pənahəli xanı öz müttəfiqinə çevirməsi ilə bu asılığığa son qoyulub. Urmiya xanlığı tutulduqdan sonra Kərim xan burada dustaq olan İbrahimxəlil ağanı buraxdırıb hakimiyyət fərmanı ilə Qarabağa yola salıb. Pənahəli xan isə “Şiraz qonaqlığı”na aparılıb. Beləliklə, Qarabağ xanlığına ciddi zərbə vurulub. Xanlığın banisi hakimiyyətdən uzaqlaşdırılıb.
Mirzə Camal yazır: “Mərhum Pənahəli xan az bir zaman Kərim xanın paytaxtı Şirazda qaldıqdan sonra Uca Allahın rəhmətinə qovuşur. Onun cənazəsini böyük hörmətlə Qarabağa gətirib indi Ağdam adı ilə məşhur olan, özünün satın aldığı halal mülkündə dəfn ediblər.”
Allah rəhmət eləsin.