Bakı Xəbər.-2017.-14 dekabr.-¹228.-S.13.
Azərbaycanda xatirə ədəbiyyatı problemi...
Memuar ədəbiyyatının yeni nümunələri yaranmır…
İradə Sarıyeva
Nəzakət Məmmədova: “Yada düşdü” jurnalının məqsədi Azərbaycan memuar ədəbiyyatını ölkəmizdə təbliğ etmək, onu gənc nəslə çatdırmaqdır”
“Firuz Mustafa dedi ki, bütün dünyada ən oxunaqlı ədəbiyyat memuar ədəbiyyatı olduğu halda, hələ Azərbaycanda bu ədəbiyyat öz layiqli yerini tapmayıb”
Dünya ədəbiyyatında dəbdə olan janrlardan biri xatirə, memuar janrıdır. Bu janrda yazılan əsərləri oxucular bütün məziyyət və göstəricilərinə görə daha maraqla qarşılayırlar. Ədəbiyyatşünaslar bildirirlər ki, xatirə ədəbiyyatına ədəbiyyatşünaslıqda memuar deyilir. Onlar qeyd edirlər ki, görkəmli şəxslər ömürlərinin ixtiyar çağında keçmişə nəzər salır, öz xatirələrini qələmə alırlar ki, bu tip əsərlərə xatirə ədəbiyyatı, yaxud memuar deyilir. Cəlil Məmmədquluzadənin “Xatiratım”, Məmməd Səid Ordubadinin “Qanlı sənələr”, Anarın “Sizsiz” əsərləri memuarın gözəl nümunələri hesab oluna bilər.
Ekspertlər qeyd edirlər ki, son illər bu tip əsərlərə oxucu marağı daha geniş vüsət alıb və memuar janrında yaranan ədəbiyyat dünya üzrə ən çox tələbat olan kitablardır. Onu da vurğulayaq ki, xalq yazıçıları Manaf Süleymanov, Hüseyn Abbaszadənin, xalq şairi Sabir Rüstəmxanlının xatirə kitabları Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanıb. Onu da vurğulayaq ki, memuar müəllifin iştirakçısı olduğu hər hansı bir dövrün mənzərəsini yaratmaqda əvəzsiz bir janrdır.
Daha çevik, yığcam epik janrlardan olan esse tənqid və ədəbiyyatşünaslığın, eləcə də həyatın müəyyən problemlərinə həsr edilən nəzəri-fəlsəfi düşüncələr şəklində yazılmış məqalədir.
Tanınmış fransız yazıçısı M.Monten 1580-ci ildə yazdığı “Esse” əsəri ilə bu janrın əsasını qoyub. Dünyanın görkəmli yazıçı və fılosofları: F.Bekkon, C.Lokk, Q.Fildinq, B.Şou, R.Rollan və başqaları essenin maraqlı nümunələrini yaratmışlar. Bizim dilimizdə ilk nümunələri yaradılan esse Azərbaycan ədəbiyyatı üçün nisbətən yeni janrlardandır.
Ekspertlər onu da qeyd edirlər ki, xatirə, yaxud memuar oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük ola bilər. Yazıda Cəlil Məmmədquluzadənin “Xatiratım” əsərinin adını çəkdik. Ondan başqa Abdulla Şaiqin “Keçmiş günlər”, Ömər Faiq Nemanzadənin “Xatirələrim”, Süleyman Rüstəmin “Unudulmaz müəllim”, Mehdi Hüseynin “Bir ay, bir gün” əsərləri xatirə nümunələridir. Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.
Azərbaycanda vaxtilə memuar janrının çox gözəl örnəkləri yaranıb və bu nümunələr müasir oxucuların da diqqətindən yayınmır.
Onu da bildirək ki, “Xan” nəşriyyatı tərəfindən “Xatirə ədəbiyyatı” seriyasından bu janrda yazan dünya və yerli yazarların əsərləri silsilə şəklində çap edilib.
Azərbaycan memuar ədəbiyyatının bəzi örnəkləri mühacirətdə yaranıb. Bu örnəkləri yaradanlardan biri də Səməd Ağaoğludur. Azərbaycan əsilli görkəmli türk yazıçısı, siyasətçi və dövlət xadimi S.Ağaoğlu (1909-1982) çağdaş Türkiyədə memuar ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınır. Onun oxuculara təqdim olunan “Atamın dostları” kitabında atası, XX əsrin ilk onilliklərində Azərbaycanın və Türkiyənin fikir həyatında müstəsna xidmətlər göstərmiş Əhməd Ağaoğlunun (1869-1939) türkçülük hərəkatında, sənət və siyasət aləmində, yeni Türkiyənin qurulması uğrunda mübarizədə çiyin-çiyinə addımladığı bir sıra görkəmli şəxsiyyətlərin portretləri yaradılıb. Müəllifin ad çəkmədən son dərəcə səciyyəvi cizgilərlə əks etdirdiyi bu portretlər özlərinin, eləcə də Əhməd Ağaoğlunun həyatının, mübarizə və ideallarının bir sıra xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarır. “Xan” nəşriyyatının qeydinə görə, kitab tarixçilər, politoloqlar, Türkiyə-Azərbaycan münasibətləri ilə məşğul olan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün maraqlı ola bilər.
Kitabı türk dilindən çevirən, müqəddimə, şərhlər və bioqrafik məlumatların müəllifi professor Vilayət Quliyevdir.
Azərbaycan memuar ədəbiyyatının maraqlı örnəklərindən olan “Bir cavanın dəftəri” və “Həyatımın iyirmi ili” adlı əsərlərin müəllifi isə görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminlidir. Biz bu silsiləyə Mişkinaz və Turan Cavidin “Cavid haqqında xatirələr” kitabını da aid edə bilərik. Memuarda böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ailə üzvlərinin - həyat yoldaşı və qızının ədib haqqında xatirələri toplanıb.
“Həyatım və mühitim” memuar nümunəsi ilə Məmməd Səid Ordubadi yaşadığı dönəmi detallı şəkildə oxucuya çatdıra bilir. Görkəmli teatr xadimi Əli Zeynalovun “İki ömrüm olsaydı” kitabı da sahəyə verilən böyük töhfədir. Biz bu sahəyə “Mirzə Ələkbər Sabir haqqında xatirələr” kitabını, Dilbər Axundzadənin “Müşfiqli günlər”ini, Əli İldırımoğlunun “Mənim rəncbər atam” xatirə-romanını, Fransada yaşayıb-yaratmış Ümmülbənin (Banin) “Qafqaz günləri” avtobioqrafik romanını, Məhəmməd Əmin Rəsulzadənin “Stalinlə İxtilal xatirələri” məqalələrini, Azərbaycanın ilk xalq artistlərindən olan Hacıağa Abbasovun “Xatirələrim” kitabını, Əliağa Şıxlınskinin “Xatirələrim” kitabını, Sabir Əhmədlinin “Yazılmayan yazı” memuar romanını, “Kənan Hacı Yaddaş kartı” avtobioqrafik əsərini aid edə bilərik.
Kənan Hacının və bəzi müəlliflərin əsərlərini çıxmaq şərti ilə, adları qeyd edilən digər əsərlər XX əsrdə qələmə alınıb. Bu gün Azərbaycanda memuar ədəbiyyatına oxucu marağı böyük olsa da, bu janrda yeni əsərlər meydana çıxmır.
Ədəbiyyatşünasların bildirdiyinə görə, memuar ədəbiyyatı həssaslıq, dəqiqlik tələb etdiyi üçün, əksər yazıçılar bu sahəyə müraciət edə bilmirlər. Onların fikrincə, xatirə ədəbiyyatı yaradan müəllif yazdığı əsərə fantaziyasını əlavə etməli deyil, hadisələr sırf real, ancaq bədii və obrazlı şəkildə ifadə olunmalıdır.
Bu gün Azərbaycanda memuar ədəbiyyatına marağın böyük olduğunu deyən “Yada düşdü” jurnalının təsisçisi, Azərbaycan Respublikası “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bizimlə söhbətində bildirdi ki, “Yada düşdü” dərgisinin nəşr edilməsi səbəblərindən biri də memuar, xatirə ədəbiyyatını, yazılarını geniş oxucu kütləsinə çatdırmaqdır: “Memuar ədəbiyyatı bütün dünyada ən oxunaqlı ədəbiyyatdır. Bilirsiniz ki, dünya ədəbiyyatında memuar ədəbiyyatının çox görkəmli simaları var və onların da əsərləri ilə Azərbaycan oxucusu, ziyalılar, ədəbiyyat adamları yaxşı tanışdırlar. Azərbaycanda da xatirə ədəbiyyatının gözəl örnəkləri var. Vaxtilə çox görkəmli qələm adamlarımız, ictimai-siyasi xadimlərimiz, hərbçilərimiz memuar ədəbiyyatının çox maraqlı örnəklərini yaradıblar. Bu gün isə təəssüf ki, müəyyən istisnaları nəzərə almasaq, bu janrda yazanlar elə də çox deyil. “Yada düşdü” jurnalı hazırda bu janrın təbliğatçısı rolunu oynayır. Jurnalımızın ilk sayları nəşr ediləndən sonra bizi Azərbaycan Radiosuna dəvət etdilər. Qonaqlar mən idim, İlyas Tapdıq, Firuz Mustafa, Nahid Hacızadə də dəvət olunmuşdular. “Yada düşdü” sırf memuar ədəbiyyatı ilə, xatirə janrı ilə bağlı jurnal olduğu üçün, böyük maraq doğurdu. Çünki bu jurnalla sözügedən sahəyə bir nəfəs gəldi. Orada Firuz Mustafa dedi ki, bütün dünyada ən oxunaqlı ədəbiyyat memuar ədəbiyyat olduğu halda, hələ Azərbaycanda bu ədəbiyyat öz layiqli yerini tapmayıb. Onun sözündə böyük həqiqət var. Bizim jurnal ədəbi-bədii, eyni zamanda da nostalji jurnaldır. Biz mütəmadi olaraq memuar ədəbiyyatı nümunələri çap edirik. Burada böyük yazıçılarımızın, şairlərimizin müxtəlif şəxsiyyətlər haqqında xatirə janrında yazdıqları əsərləri, hekayətləri nəşr olunur. “Yada düşdü”, bir növ, yaddaş jurnalıdır. Bu jurnal gənc nəslə öz keçmişini, böyük şəxsiyyətlərimizi tanıdır. Çox maraqlı memuar ədəbiyyatı nümunələri təqdim edirik. Bilirsiniz ki, bu janrda həcm məhdudiyyəti yoxdur, o qısa da ola bilər, geniş də. Baxır müəllifin yanaşmasına. Bu yaxınlarda professor Maarifə Hacıyeva jurnala Qarabağ xanı İbrahim xanın qızı Ağabəyim haqqında maraqlı bir yazı təqdim etdi. Bilirsiniz ki, o çox maraqlı tarixi şəxsiyyət, şairə olub. Bu yazı o qədər maraqlı idi ki, özünə böyük oxucu kütləsi qazandı. Bundan başqa, bizdə Şəmistan Nəzirlinin görkəmli generallarımız haqqında yazıları gedir. O, çar dövründəki generalların həyatını, fəaliyyətini araşdırıb, Rusiyanın bir çox arxivlərində çalışaraq böyük nümunələr yaradıb. Bu gün “Yada düşdü”nün ən ucqar yerlərdə belə oxucuları var. Buna çox sevinirəm ki, mətbuat bolluğunda buna nail ola bilmişik. Xatirə ədəbiyyatı maraqlı janr olduğu üçün, jurnalımız öz oxucularına bu nümunələri təqdim edir. Jurnalımız ədəbiyyatımıza, tariximizə, dövlətimizə xidmət edir. Bizdə elə şəxsiyyətlər, şairlərlə bağlı xatirələr dərc edilir ki, oxucular bu yazıları böyük sevgi ilə qarşılayırlar. Siyavuş Sərxanlı haqqında Elmira xanım özü gəlib danışmışdı. O qədər maraqlı xatirələri vardı. O deyirdi ki, S.Sərxanlıya veriləcək “Qızıl qələm” mükafatı hansısa bədxahların əli ilə siyahıdan çıxarılmışdı və şair bunu çox böyük ağrı ilə yaşamışdı”.
Azərbaycan memuar ədəbiyyatı nümunələrinin geniş təbliğ olunmamasına gəlincə, N.Məmmədova bildirdi ki, bunun səbəbi özümüzdədir. O hesab edir ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin memuarları ancaq Azərbaycanda deyil, xarici ölkələrdə də yayılmalıdır. N.Məmmədovanın sözlərinə görə, bu nümunələr o qədər maraqlı, müxtəlif tarixi dövrlər haqqında, şəxsiyyətlərlə bağlı məlumatlarla zəngindir ki, onlarla başqa xalqlar da tanış olmalıdırlar: “Yada düşdü” jurnalının məqsədi Azərbaycan memuar ədəbiyyatını ölkəmizdə təbliğ etmək, onu gənc nəslə çatdırmaqdır. Jurnal bu sahədə əlindən gələni edir. Bu nümunələrin xarici dillərə tərcümə edilərək dünyaya çıxarılması da vacib məsələdir. Çünki bu memuarları yazanlar tarixi şəxsiyyətlərdir və onların yazdıqları dünya oxucuları üçün maraqlıdır. Təəssüf ki, son zamanlar bizdə belə bir ənənə yaranıb, indi insanlar bir-biri haqqında xoş söz deməkdən, xatirə danışmaqdan yayınırlar. Çoxları özünü reklam etməklə, tanıtmaqla məşğuldur. Fürsət olan kimi öz yazılarını dünyaya çıxarmaq istəyirlər. Halbuki, dostluq münasibətində olan tarixi şəxsiyyətlər bir-biri haqqında xatirələr yazmalıdırlar. Müasir yazarların memuar ədəbiyyatı janrına müraciət etməsi vacibdir. Hesab edirəm ki, bu əsərlər maraqla qarşılanar. Yeri gəlmişkən, Sona xanım Vəliyevanın Həsən bəy Zərdabinin ömür yoluna həsr etdiyi “İşığa gedən yol” əsəri bu janrın çox dəyərli nümunələrindəndir. Mən bu əsəri milli ideologiyamıza, tariximizə, Həsən bəy Zərdabi irsinə verilən böyük töhfə sayıram. Bu əsər artıq dünyaya çıxır, bildiyim qədər, bir neçə dilə tərcümə edilib”.
N.Məmmədova hesab edir ki, xatirə ədəbiyyatı janrının inkişafına, bu janrın daha geniş şəkildə təbliğinə ehtiyac var. Onun sözlərinə görə, müasir yazarlar arasında maraqlı memaur ədəbiyyatı nümunələri yaradanlar olsa, o, həmin əsəri jurnalda dərc etməkdə maraqlıdır. Yazıçı Hüseynbəylinin “İki od arasında” tarixi romanından danışan N.Məmmədova bu əsərin də jurnalda hissə-hissə çap edilməsinin maraqlı ola biləcəyini bildirdi.