“Azərbaycan BU GÜN VƏ SABAH”.- 2007.- ¹ 6.- S.58-65.

 

DAVAMLI İNKİŞAFIN PERSPEKTİVLƏRİ VƏ EKOLOJİ PROBLEMLƏRİN HƏLLİ

 

Sakit Hüseynov
Fəlsəfə elmləri doktoru

 

Beynəlxalq sənədlərdə  göstərildiyi  kimi,  ətraf  mühitin  mühafizəsi  və  ekoloji problemlərin  həll  edilməsi  davamlı  inkişaf  üçün  vacib  amillərdən  biridir.  Bu  baxımdan  davamlı inkişaf  respublikada  ətraf    mühitin  qorunması  və  təbii  resurslardan  davamlı  istifadəni  tələb  edir.  Belə ki, XXI əsrin gündəliyində irəli sürülən müddəaların müəyyən hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlıdır. Son  illərdə  ətraf  mühitin  mühafizəsi  və  ekoloji  problemlərin  həlli  istiqamətində  respublikamızda  müəyyən  iş görülmüşdür. Bu baxımdan Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazası yaradılmışdır. Rio Konfransından keçən müddət ərzində əhalinin sağlamlığı, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii resurslardan səmərəli istifadəyə dair 20-dən çox milli qanun qəbul edilmişdir. Buna misal olaraq «Bitki mühafizəsi haqqında» (03.12.96), «Əhalinin sağlamlığının qorunması haqqında» (25.07.97), «Balıqçılıq haqqında» (27.03.98), «Yerin təki haqqında» (13.02.98), «Ətraf mühitin mühafizəsi haqqında» (08.06.99), «Heyvanlar aləmi haqqında» (08.06.99), «Ekoloji təhlükəsizlik haqqında» (08.06.99), «Atmosfer havasının qorunması haqqında» (03.03.2001)  və s. qanunları göstərmək olar.

Azərbaycanda ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə sahəsində milli səviyyədə müəyyən təşkilatı tədbirlər həyata keçirilmişdir:

- Yeni müstəqil dövlətlər arasında Dünya Bankının dəstəyi ilə ilk dəfə olaraq Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi  hazırlanaraq həyata keçirilmişdir;

- Ətraf mühitə ciddi təsir göstərə bilən karbohidrogen ehtiyatların və digər faydalı qazıntıların istismar layihələri və yeni tikinti layihələri 1996-cı ildən başlayaraq ekoloji ekspertizadan keçirilməyə başlanmışdır;

- 1998-ci ildə ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət planı hazırlanmışdır;

- Davamlı inkişafa keçid prinsiplərinə uyğun olaraq ətraf mühit və təbii ehtiyatların sistemli idarə olunması istiqamətində müəyyən institusional tədbirlər görülmüşdür. Bu tədbirlərdən ən mühümü 2001-ci ilin may ayında yeni strukturları əhatə edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasıdır.
 Regonal səviyyədə əməkdaşlıq. Qeyd  edək  ki, Azərbaycan ekoloji  problemlərin  həllində regional səviyyədə də geniş fəaliyyət göstərir. Regional əməkdaşlıq aspektlərindən biri Xəzər Ekoloji Proqramıdır. Xəzər Ekoloji Proqramı (XEP) Dünya Bankı və digər beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə beş Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan) razılığı ilə 1995-ci ildə təşkil edilmişdir. Bu proqramın əsas məqsədi Xəzərin ekologiyasının uzun müddət üçün idarə edilməsi və bu sahədə davamlı inkişafın təmin edilməsidir. Xəzər Ekoloji Proqramı çərçivəsində 1995-ci ildən indiyə kimi Azərbaycanda bir çox ekoloji layihələr həyata keçirilmişdir.

Azərbaycanın dövlət strukturlarının və QHT-lərin fəal iştirak etdiyi digər regional ekoloji təşkilatlardan biri Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistanın daxil olduğu Cənubi Qafqaz Regional Ekoloji Mərkəzidir. Mərkəzin yaradılmasında əsas məqsəd Cənubi Qafqazda ekoloji məsələlərin həllində və davamlı inkişafın təmin edilməsində hökumətlərarası (QHT-lərarası) əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsindən ibarətdir.

Beynəlxalq səviyyədə əməkdaşlıq (Qlobal ekoloji problemlər).  Ətraf  mühitin  mühafizəsi  sahəsində   beynəlxalq  əməkdaşlığı  genişləndirmək və qlobal ekoloji problemlərin həllində fəal iştirak etmək məqsədilə Azərbaycan Riodan sonra bir  çox  ekoloji  konvensiyalara  qoşulmuşdur. Azərbaycan  Respublikası  Milli  Məclisinin  ratifikasiya  etdiyi  ekoloji  konvensiyalar  aşağıdakılardır:

- Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya, (06.12.93)

- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Rio-de Janeyro, 1992, (10.01.95).

- Ozon qatının qorunması üzrə Konvensiya, Vyana, 1985 və Ozon qatını dağıdan Monreal Protokolu, 1987, (31.05.96)

- Səhralaşmaya qarşı mübarizə Konvensiyası, Paris,   (24.04.98)

- Kökü  kəsilmək  təhlükəsi  qarşısında  olan  vəhşi  fauna  və  yabanı flora  növləri  ilə  beynəlxalq  ticarət  haqqında Konvensiya (CİTES), Vaşinqton, 1973, (03.06.1998)

- Gəmilərdən suyun  çirkləndirilməsinin  qarşısının  alınması  üzrə  Konvensiya,  1973, 1978, London, (22.04.1998)

- Sərhədlərarası konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Konvensiya (Espo, Finlandiya),   (01.02.1999)

- Ətraf mühitə dair məsələlər üzrə qərarların qəbul  edilməsində ictimaiyyətin iştirakı və informasiyaların  alınması  barədə Orxus Konvensiyası, Danimarka, 1998  (09.11.1999)

- Avropanın vəhşi təbiəti, yabanı florası  və  təbii  yaşayış  mühitinin  qorunması  Konvensiyası,  Bern, 1979,  (28.10.1999)

- Bioloji müxtəliflik üzrə Konvensiya, Rio-de-Janeyro, 1992,  (14.03.2000)

- Bitkilərin qorunması üzrə Roma  Konvensiyası,   (14.03.2000) 

- Sərhəddən  keçən  su  axınlarının  və  beynəlxalq  göllərin  mühafizəsi və istifadəsi (Su Konvensiyası), Helsinki, 1992  (18.03.2000)

- Təhlükəli  tullantıların  sərhədlərarası  daşınmasına  və  zərərsizləşdirilməsinə  nəzarət  haqqında  Bazel  Konvensiyası,  1989, (06.02.2001)\

- Su  quşlarının  yaşama  yerləri  kimi  beynəlxalq  əhəmiyyətli  sulu – bataqlıq  yerlər  haqqında  Ramsar  Konvensiyası,  (18.07.2001)

- Böyük  məsafələrdə  havanın  transsərhəd  çirkləndirilməsi  haqqında  Konvensiya  (09.04.2002)

Qeyd: mötərizədə göstərilən tarix  Azərbaycanın  həmin konvensiyalara qoşulması tarixini göstərir.

Respublikamızın    beynəlxalq   konvensiyalara  qoşulması   ətraf    mühitin  mühafizəsi   və   qlobal   ekoloji    problemlərin    həllində     Azərbaycanın  iştirakına  nümunədir.  Bu  konvensiyaların  ratifikasiya edilməsi  respublikamızın  ekologiya  sahəsində  beynəlxalq  səviyyədə  əməkdaşlığını  göstərir. Müstəqillik  qazandıqdan  sonra  ətraf  mühitin  mühafizəsi  ilə  əlaqədar  qəbul olunmuş qanunların hər birinin tətbiq edilməsi barədə Respublika prezidentinin müvafiq fərmanları verilmiş, idarəetmə orqanlarının səlahiyyətləri və icra mexanizmi müəyyənləşdirilmişdir. Mövcud qanunlara müvafiq olaraq bir sıra normativ sənədlər, qaydalar və əsasnamələr işlənilib təsdiq edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

İqlim dəyişmələri. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını imzalamış, 1995-ci ildə Milli Məclis tərəfindən ratifikasiya etmiş, 2000-ci ildə bu konvensiyaya əlavə olan Kioto protokolunu imzalamışdır. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Respublika prezidentinin sərəncamı ilə 1997-ci ildə iqlim dəyişmələri üzrə dövlət komissiyası yaradılmışdır. Konvensiyanın tərəfi kimi Azərbaycan iqlim dəyişmələrinin gözlənilən təsirinin azaldılmasına yönəlmiş milli və regional proqramların hazırlanması, həyata keçirilməsi və nəşr etdirilərək ictimaiyyətə çatdırılması kimi öhdəliklər götürmüşdür. Konvensiyanın tələblərinə uyğun olaraq 1998-1999-cu illərdə "İqlim dəyişmələri üzrə birinci milli məlumatlar" layihəsinin I mərhələsi, 2000-ci ildə isə II mərhələsi yerinə yetirilmişdir. Layihənin I mərhələsi çərçivəsində respublika ərazisində müasir iqlim dəyişmələrinin tendensiyası müəyyən edilmiş, gözlənilən iqlim dəyişmələrinin ssenariləri (5 ssenari) hazırlanmış, iqlim dəyişikliklərinin neqativ təsirləri nəticəsində baş verə biləcək itkilərin azaldılması üçün milli adaptasiya planı, qlobal istiləşməyə səbəb olan parnik qazlarının milli kadastrı, parnik qazlarının tullantılarının azaldılmasına dair milli fəaliyyət planı hazırlanmışdır. Layihənin II mərhələsində Azərbaycan Respublikasında parnik qazlarının azaldılması üçün texnologiyalara milli tələbat müəyyənləşdirilmiş, iqlim üzərində sistematik müşahidələrin hazırkı vəziyyəti və potensialı qiymətləndirilmişdir.

Hazırda Azərbaycan iqlim dəyişmələri üzrə Şərqi Avropa və keçmiş SSRİ dövlətləri (12 ölkə) ilə birlikdə parnik qazlarının inventarlaşdırılmasının keyfiyyətinin təkmilləşdirilməsi üçün milli potensialın yaradılması üzrə regional layihənin ilkin mərhələsində iştirak edir. İqlim dəyişmələri üzrə milli səviyyədə aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsi vacibdir:

- İstilik effekti yaradan qazların tullantılarının statistik hesabatı, qiymətləndirilməsi, mənbələri və toplayıcıları haqqında məlumatların analitik-informasiya sistemlərinin yaradılması;

- Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi üçün iqtisadiyyata və təbii ekosistemlərə iqlimin təhlükəli təsirinin qiymətləndirilməsi və müvafiq adaptasiya tədbirlərinin işlənib hazırlanması;

- İqlim dəyişmələrinin əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi və müvafiq adaptasiya tədbirlərinin işlənib hazırlanması;

- Günəş, külək və bioqazdan istilik və elektrik enerjisi alınması imkanı verən, ekoloji cəhətdən təmiz texnologiyaların Azərbaycana gətirilməsinin stimullaşdırılması;

- Ozondağıdıcı maddələrdən istifadə olunmasının tədricən aradan qaldırılmasının başa çatdırılması.

           Təbii ehtiyatlardan səmərəli istifadə. Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilmişdir. Hazırda respublika qarşısında həllini təcili tələb edən bir sıra ekoloji problemlər durur. Bu  problemlər  aşağıdakılardır:

- Bakı və diqər iri şəhərlərdə içməli suyun çatışmaması;

- Su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi;

- Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar;

- Sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması;

- Kənd təsərrüfatı üçün yararlı torpaqların eroziyaya uğraması və şoranlaşması;

- İri sənaye və yaşayış məntəqələrində məişət tullantılarının mütəmadi şəkildə yığışdırılmaması və tələb olunan müvafiq qaydada yerləşdirilməməsi.

Qeyd olunan ekoloji problemlərin həlli yollarını davamlı inkişaf prinsipləri əsasında müəyyənləşdirmək üçün onları təhlil etmək zəruridir.

Su ehtiyatları. Məlumdur ki, Azərbaycanda kənd təsərrüfatının ehtiyaclarını və əhalinin içməli suya olan tələbatını ödəmək üçün potensial baxımdan kifayət qədər su ehtiyatları yoxdur. Bir sıra rayonlarda, xüsusilə Abşeronda suyun çatışmaması su ehtiyatlarından kifayət qədər səmərəli istifadə edilməməsi ilə izah edilir. Su şəbəkə sisteminin çatışmaması, bir çox kəmərlərin uzun illər istismarı nəticəsində sıradan çıxması, mövcud texniki tələblərə cavab verməməsi ilə əlaqədar təqribən 45-50%-ə  qədər içməli  su  itkisinə  yol  verilir.

Qonşu dövlətlər - Gürcüstan və Ermənistanın, o cümlədən respublikamızın yaşayış məntəqələrindən və sənaye obyektlərindən təmizlənmədən axıdılan məişət və sənaye tullantıları vasitəsilə Azərbaycanın ən böyük çayları olan Kür və Araz çaylarının həddindən artıq çirklənməsi də öz  həllini tələb edən mühüm problemlərdəndir. Çayın Xəzər dənizinə tökülən yerində suyun keyfiyyəti yalnız sənayedə istifadə üçün yararlıdır.

Sutəmizləyici qurğuların vəziyyəti də qənaətbəxş deyildir. Respublikanın 75 şəhərindən yalnız 35-də sutəmizləyici qurğular vardır. Onlar da yanız mexaniki təmizləmə vasitələri ilə təchiz olunmuşlar. Bakı şəhərində məişətdən atılan çirkli suların ümumi həcmi sutkada 1.2 mln. kub/m. təşkil edir ki, ondan da yalnız 50 %-i təmizlənir.

Xəzər dənizində su səviyyəsinin qalxma-enmə prosesi uzunəsrlik tarixə malik olmaqla, sahil dövlətləri üçün bir sıra iqtisadi-sosial və ekoloji problemlər doğurur. 1930-1977-ci illər ərzində Xəzərin səviyyəsi – 28 m. ətrafında tərəddüd etmişdir. Son 15-16 il ərzində isə onun səviyyəsi orta hesabla ildə 12-14 sm. qalxmaqla – 26 metrə çatmışdır.

Xəzər dənizində suyun səviyyəsinin qalxması Azərbaycan Respublikasının 825 km-lik sahil zolağını tamamilə təsir altına almışdır. Fəlakət zonasında Azərbaycanın 800 kv/km-lik ərazisi, 7 şəhəri, əhalisi 1 milyondan çox olan 35 yaşayış məntəqəsi, 120-dən çox heyvandarlıq obyekti, bir sıra xalq təsərrüfatı obyektləri, 15.3 min ha otlaq, 1.2 min ha üzümlük və 120 min ha. əkinə yararlı torpaq sahəsinə zərər vurulmuşdur. Dəniz səviyyəsinin qalxması nəticəsində Azərbaycan Respublikasına dəyən ziyanın ümumi məbləği 12 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Su ehtiyatlarının qorunmasının və səmərəli istifadəsinin davamlı inkişaf prinsipləri əsasında həyata keçirilməsi və bu məqsədlə su ehtiyatlarının inkişafı və idarə edilməsi üzrə milli və regional proqramların həyata keçirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:

- Su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində dövlət proqramının hazırlanması və həyata keçirilməsi;

- Ümumi nəzarət əsasında bu ehtiyatlardan səmərəli istifadənin stimullaşdırılması;

- İçməli suyun keyfiyyətinin yaxşılaşdırılması və müvafiq standartlara uyğunlaşdırılması;

- Su ekosistemlərinin fəaliyyətini tənzimləyən müvafiq qanunların təkmilləşdirilməsi;

Transsərhəd çayların çirklənmədən mühafizəsi və onların hövzəsində yerləşən dövlətlər tərəfindən su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi;

- Su çatışmazlığının aradan qaldırılması məqsədilə sənaye və digər obyektlərdə suyun təkrar istifadəsinin genişləndirilməsi üçün qeyri-ənənəvi sulardan (tullantı, kollektor-drenaj, çirkab və s.) məqsədyönlü istifadə edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi.

Atmosfer  havasının  mühafizəsi. Müstəqillik əldə etdikdən sonra yaranmış keçid dövrü ilə əlaqədar mövcud iqtisadi əlaqələr pozulduğundan respublikamızda bir çox sənaye müəssisələrinin fəaliyyəti dayandırılmış, bəziləri isə istehsal gücünün 10-20 faizi həcmində fəaliyyət göstərirlər. Bu baxımdan stasionar mənbələrdən atmosfer havasına atılan zərərli maddələrin miqdarı 1990-cı il illə müqayisədə xeyli azalmışdır.

Qeyd etmək lazımdır ki, sənaye müəssisələrində mövcud olan qaz-toz tutucu qurğuların əksəriyyəti nasaz vəziyyətdədir. Yaxın gələcəkdə güclü sənaye potensialına malik olan respublikamızda bu müəssisələr  ekoloji  cəhətdən  müasir  tələbata  cavab  verməyən  texnologiya  ilə  öz fəaliyyətlərini tam bərpa etmiş olsalar, onda iri sənaye şəhərlərimizin atmosfer havası növbəti dəfə ekoloji fəlakət dərəcəsinə çatdırıla bilər. Qeyd olunan problemlərin həll edilməsi və respublikada davamlı  inkişafın təmin edilməsi  üçün aşağıdakı strateji tədbirlərin həyata keçirilməsi zəruridir:

- Sənaye müəssisələrindəki qaz-toz tutucu qurğuların əsaslı təmir edilməsi və ya yeniləri ilə əvəz edilməsi;

- Nəqliyyatda qurğuşunsuz (etilsizləşdirilmiş) benzindən istifadə olunmasına keçilməsi;

- Ekoloji tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi;

- Yaşayış məskənlərində, yol  kənarında və məhəllələrdə yaşıllıqların artırılması yolu ilə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması və  s.

Torpaq ehtiyatlarının qorunması. Əsas ekoloji problemlərdən biri də kənd təsərrüfatı üçün yararlı olan 4.1 mln. ha (respublika ərazisinin 47.7 faizi) torpaqların tədricən sıradan çıxmasıdır. Belə ki, bu torpaqlardan hazırda 3.6 mln. ha eroziyaya məruz qalmışdır. Bunlardan 1.3 mln.ha zəif, 1.15 mln.ha orta və 1.14 milyon ha yüksək dərəcədə eroziyaya uğramışdır.

Torpaqların şoranlaşması prosesi də çox böyük narahatlıq doğurur. Mütəxəssislərin  fikrincə, 1.5 mln. ha-dan çox torpaq sahəsi şoranlaşmışdır.

Hazırda beynəlxalq maliyyə təşkilatlarının (Dünya Bankı, Avropa İttifaqıının TASIS proqramı) və xarici dövlətlərin köməkliyi ilə neftlə çirklənmiş torpaqların təmizlənməsi, tələb olunan avadanlıqların müəyyənləşdirilməsi sahəsində layihələr işlənməkdədir.

Ekoloji baxımdan davamlı inkişaf prinsiplərinə müvafiq olaraq torpaq ehtiyatlarından səmərəli istifadə olunması üçün aşağıdakı strateji  tədbirlərin həyata keçirilməsi zəruridir:

- Kənd təsərrüfatına yararlı torpaq ehtiyatlarının mühafizə edilməsi və münbitliyinin artırılması məqsədilə milli fəaliyyət planının hazırlanması;

- Eroziya proseslərinin qarşısının alınması və şoranlaşmış torpaqların yuyulması üçün müvafiq tədbirlərin həyata keçirilməsi;

- Neftlə çirklənmiş torpaqlarda rekultivasiya işlərinin davam etdirilməsi;

- Mövcud kollektor-drenaj və suvarma şəbəkələrinin inventarlaşdırılması və onların yararlı vəziyyətə gətirilməsi;

- Meliorasiya işlərinin düzgün aparılmaması nəticəsində əmələ gəlmiş süni gölməçə və bataqlıqların qurudulması yolu ilə torpaq sahələrinin münbitləşdirilməsi  və  s.

Meşə ehtiyatlarının  mühafizəsi.  Məlumdur ki, Azərbaycan Respublikası az meşəli ərazilərə aiddir. Belə ki, ölkə ərazisinin yalnız 11%-i meşələrlə örtülüdür. Keçid dövrünün iqtisadi problemləri, hərbi münaqişə, qaçqın və köçkünlərin təbiətə, o cümlədən meşələrə artmış təzyiqi nəticəsində meşələrin həm sahəsi azalır, həm də keyfiyyəti aşağı düşür. Meşələrin su və torpaqqoruyucu funksiyalarını, iqlimin formalaşmasına təsirini nəzərə almaqla, bu potensialın qorunması və səmərəli istifadəsi olduqca vacibdir. Eyni zamanda ölkənin torpaq–iqlim şəraiti yeni meşə zolaqlarının salınması üçün olduqca əlverişlidir. Belə meşə zolaqlarının  salınması qida və ağac emalı sənayelərini xammal ilə təmin etmək üçün əhəmiyyətlidir və yeni iş yerlərinin açılmasına təkan verə bilər. Keçid dövrünün doğurduğu problemlərdən biri də yerlərdə enerji qıtlığının əmələ gəlməsidir. Kənd rayonlarında yanacaq və elektrik qıtlığı  da  meşə sahələrinin ilbəil azalmasına gətirib çıxarır.  Meşə ehtiyatlarının bərpa edilməsi və genişləndirilməsi, yeni meşə zolaqlarının salınması, o cümlədən, təsərrüfat əhəmiyyətli bitkilərin istifadəsi yolu ilə mövcud ekoloji problemləri qismən həll etmək olar. Meşə  ehtiyatları əhalinin alternativ yanacaq mənbələri ilə təmin edilməsində başlıca rol oynayır.  Buna  görə  də  meşələrin  qorunması üçün  aşağıdakı  strateji  tədbirlərin  həyata  keçirilməsini  məqsədəuyğun  hesab   edirik:

- Meşələrdə qanunsuz ağac tədarükü və digər meşə qırmalarının qarşısının alınması ilə əlaqədar tədbirlərin görülməsi;

- Meşələrin müasir vəziyyətinin öyrənilməsi, inventarizasiya olunması  və yeni  meşəsalma  layihələrinin 

hazırlanması;

- Meşələrin bərpası üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi ;

- Bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman və digər bitkilərdən) səmərəli istifadəsinin təşkili;

- Rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyən edilməsi, onlara yol verilən təzyiq həcminin müəyyənləşdirilməsi, bunun əsasında turizm yönümlü rekreasiya potensialının təyin və istifadəsinin təşkil edilməsi;

- Yeni əkinçilik metodikasının tələblərınə cavab verən təsərrüfat əhəmiyyətli meşə-bağların layihələşdirilməsi və salınması;

- Meşə ərazilərində yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin məşğulluq probleminin həlli və təbii meşə ehtiyatları ilə əlaqədar olmayan məşğulluq sahələrinin yaradılması;

- İnşaat və mebel sənayesi üçün yararlı oduncaq istehsal etmək üçün müvafiq keyfiyyətə malik olan və tez böyüyən ağacların becərilməsi və istismarı;

- Meşələrin müxtəlif xəstəliklərdən və zərərvericilərdən qorunması üçün müvafiq tədbirlərin mütəmadi olaraq vaxtında həyata keçirilməsi.

Sənaye və məişət tullantılarının  idarə  edilməsi. İri  şəhərlərdə  (Bakı, Sumqayıt  Gəncə və s.)   sənaye və məişət tullantılarının uzun illər yığılıb istifadəsiz qalması öz növbəsində gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olmuşdur.

İri yaşayış məntəqələrində, xüsusən sənaye mərkəzlərində məişət tullantılarının daşınması və yerləşdirilməsi də xüsusi narahatlıq doğurur. Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərin kənarlarında saysız miqdarda qanunsuz tullantı poliqonları yaranmışdır ki, bu da ətraf mühiti çirkləndirməklə bərabər, həm də insanların sağlamlığı üçün təhlükə yarada bilən xəstəlik mənbələrinə çevrilmişdir.

 Ekoloji baxımdan davamlı  inkişaf prinsiplərinə müvafiq olaraq tullantıların idarə olunması üçün aşağıdakı strateji  tədbirlərin həyata keçirilməsi zəruridir:

- Təhlükəli sənaye tullantılarının yerləşdirilməsi üçün yeni poliqonların yaradılması;

- Məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emalının təşkili məqsədilə mütərəqqi təcrübədən istifadə olunması;

- Tullantılardan bioqazın alınması üçün müvafiq üsulların tətbiq edilməsi;

- Enerji alınması, eləcə də kompost alınması məqsədilə tullantılardan səmərəli istifadə  və  s.  

Bioloji müxtəlifliyin  qorunub saxlanılması. 1992-ci ildə Rio-de Janeyro şəhərində təqdim olunmuş «Biomüxtəlifliyin qorunması» Konvesiyasını Azərbaycan Respublikası imzaladıqdan sonra bu konvensiyanın tələblərini həyata keçirmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir.  Belə ki, 1995-ci ildən Azərbaycan «Pan-Avropa bioloji landşaft müxtəlifliyinin qorunması» strategiyasının daimi iştirakçısı olmuşdur. Respublikada  bu strategiyanın ayrı-ayrı bölmələrinə dair, o cümlədən xüsusi mühafizə olunan ərazilərin inkişafı, nadir və nəsli kəsilmək üzrə olan flora və fauna növlərinin qorunması, su-bataqlıq ərazilərinin bərpası, dağ ekosistemlərinin inkişafı istiqamətində fəaliyyət proqramları hazırlanmışdır. Azərbaycan Respublikası BMT-nin «Biomüxtəlifliyin qorunması» Konvensiyasını 2000-ci ildə ratifikasiya etmişdir. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün respublika prezidentinin sərəncamı ilə 2001-ci ildə bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə dövlət komissiyası yaradılmışdır. Hazırlanmış milli proqram və layihələr 2001-ci ildə Qlobal Ekoloji Fond və BMT  İnkişaf Proqramının dəstəyi  ilə «Biomüxtəlifliyin qorunması» üzrə milli məruzə  və fəaliyyət planında göstərilərək Azərbaycan hökuməti tərəfindən qəbul olunub təsdiq edilmişdir.

Respublikamız 2001-ci ildə Avropa Şurasına qəbul olunmaq ərəfəsində təbii mühitin qorunması istiqamətində fəaliyyətini gücləndirmək işini fəallaşdıraraq bir neçə beynəlxalq konvensiyalara da qoşulmuşdur. Bunlar sərhədlərarası çayların, su hövzələrinin və beynəlxalq göllərin qorunması, Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında, əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerləri haqqında, mədəni və təbii irsi abidələrin mühafizəsi üzrə konvensiyalardan ibarətdir. İki su-bataqlıq ərazisi – Ağgöl və Qızılağac gölləri Ramsar Konvensiyası   çərçivəsində   siyahıya   salınmışdır.

Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə Avropa üzrə ən zəngin biomüxtəlifliyə malik olan ölkələrdən biridir. Azərbaycanda bir çox bitki və heyvan növləri endemikdir və bu ölkədən başqa dünyanın heç bir yerində mövcud deyil. Bu zəngin bioloji müxtəliflik bir çox təsirlər nəticəsində təhlükə altındadır. Tərtib olunmuş Qırmızı Kitaba görə, Azərbaycan Respublikasında yüzlərlə bitki və heyvan növləri təhlükə altındadır və müxtəlif qorunma statusuna malikdir. Azərbaycanda biomüxtəlifliyin qorunması həm milli və regional, həm də qlobal əhəmiyyətə malikdir.

Respublikamızda davamlı inkişafın təmin olunması baxımından bioloji müxtəlifliyin qorunması üçün   aşağıdakı  strateji  tədbirlərin  həyata keçirilməsi  məqsədəmüvafiqdir:

- Biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün ekoloji proseslərə, beynəlxalq konvensiyalara, digər ölkələrarası və regional müqavilələrə qoşulmaq;

- Bioloji müxtəlifliyin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və həyata keçirilməsi;

- Biomüxtəlifliyin vəziyyətinin monitorinqi üçün ölkələrin flora və faunasının Qırmızı və Yaşıl Kitiablarının tərtibi və yeniləşdirilməsi;

- Xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qorunma statusuna malik olan bitki və heyvanlar aləminin bərpası üçün müvafiq şəraitin yaradılması;

- Nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genefondunun qorunmasının təmin edilməsi və onların xüsusi qorunan təbii ərazilərdə, botanika bağlarında, zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması;

- Biomüxtəliflik üçün təhlükənin və bu təhlükə nəticəsində ilk növbədə təsir altına düşə bilən təbii bitki və heyvan növlərinin proqnozlaşdırılması;

- Biomüxtəlifliyin qorunması məqsədilə  yeni milli parkların yaradılması.

Səhralaşmaya qarşı mübarizə. Azərbaycan Respublikası BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasını 1998-ci ildə ratifikasiya etmişdir. Səhralaşma ilə mübarizəyə dair milli fəaliyyət planının hazırlanması layihəsi üzərində işlər başlanmışdır. Layihənin yekunu kimi səhralaşmaya qarşı milli fəaliyyət planı hazırlanacaqdır ki, bu da özündə konkret tədbirlər sistemini birləşdirəcəkdir.

 Bu konvensiyanın tələblərinin həyata keçirilməsinin respublikamız üçün böyük əhəmiyyəti vardır. Belə ki, qlobal iqlim dəyişmələri nəticəsində baş vermiş istiləşmə, meşələrin qanunsuz qırılması, torpaqların deqradasiyası, su mənbələrinin azalması quraqlığa gətirib çıxarır ki, bu da səhralaşma prosesinin sürətlənməsinə səbəb olur. Bütün  bu səbəblərə  görə  səhralaşmaya qarşı mübarizə üzrə milli səviyyədə aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsi  məqsədəmüvafiqdir:

- Səhralaşma prosesinin təsirinə məruz qalmış torpaqların inventarlaşdırılması;

- Səhralaşmaya qarşı mübarizə üzrə milli fəaliyyət planının hazırlanması və həyata keçirilməsi;

- Səhralaşmaya qarşı mübarizə işlərinin effektivliyinin yüksəldilməsi məqsədilə proqnozlaşdırma və əhalinin məlumatlandırılması sisteminin yaradılması;

- Qlobal ekoloji problemlərin qarşılıqlı mənfi təsirinin qiymətləndirilməsi və müvafiq əks tədbirlərin həyata keçirilməsi;

- Meşəsiz ərazilərdə meşə zolaqları və yaşıllıqların yaradılması.

 Yuxarıda göstərilən strateji tədbirlərin həyata keçirilməsi  mövcüd ekoloji problemlərin həll edilməsi  və respublikamızın  davamlı inkişaf yoluna  keçməsində mühüm mərhələ  olacaqdır.