“Azərbaycan BU GÜN VƏ SABAH”.- 2007.- ¹ 7.- S.38-44.
Əxlaq və gender: tranformasiya
dövründə davranış nümunələri
İlham
Məmmədzadə
Fəlsəfə elmləri doktoru
Alimlərin
qənaətinə görə, əxlaq problemlərinin
aktuallığı transformasiya dövründə artır. Əksəriyyət bazar
münasibətlərinin əxlaqa zidd olduğunu
düşünür. Halbuki digər ölkələrin
təcrübəsi bazarın əxlaqa münasibətinin
dəyişdiyini və əxlaq anlayışının
mürəkkəbləşdiyini göstərir.
Nəzərə almaq lazımdır ki, məhz əxlaq
dəyişikliklər üçün zəruri olan
davranış nümunələrini doğurur.
Cəmiyyətin ayrı-ayrı qrupları əxlaqın
konkret nümunələrinə, bütöv cəmiyyət
isə ümumiləşdirilmiş əxlaq
nümunələrinə ehtiyac duyur. Öz
növbəsində gender, cinsi əlaqələr
əxlaqın mühüm tərkib hissəsini təşkil
edir. Genderə dair tədqiqatlar çoxdur, lakin
əxlaq və gender məsələlərinə az diqqət
yetirilir və lazımınca qiymətləndirilmir. Əsas
rolu əxlaq haqqında sadələşdirilmiş
təsəvvürlər, fəlsəfə və etikanın
əhəmiyyətinin dərk edilməməsi oynayır.
Sovet dövrünün ən əsaslı fəlsəfi
ensiklopediyasında (1964) əxlaq ictimai şüur forması,
insanların davranışda əməl etdikləri prinsip,
qayda və normaların toplusu kimi səciyyələndirilir. Bu
normalar insanların bir-birinə və ailəyə, iş
kollektivinə, siniflərə, millətə və
bütövlükdə cəmiyyətə münasibətinin
ifadəsidir. Həmçinin qeyd olunurdu ki, əxlaqın vacib
spesifik cəhəti rəftarın və onu
sövqləndirən amillərin əxlaqi baxımdan
dəyərləndirilməsidir. Başqa sözlə
desək, əxlaq dəyər xarakteri daşıyır.
Əxlaq hüquqdan onunla seçilir ki, norma və
prinsiplərə əməl etmək qanunun deyil, vicdan və
ictimai rəyin üzərində qurulub. Dayanıqlı hesab
olunan əxlaq adətlərdə təcəssüm edir. Yeri
gəlmişkən, yunan sözü «ethica» müxtəlif
mənalar arasında «mənəviyyat-xasiyyət» və
«mənəviyyat-adətlər» kimi açıqlanan «ethos»
sözünə gedib çıxır. Latın sözü
«moralitas» «mos/mores» («mənəviyyat-xasiyyət,
«mənəviyyat-adətlər») sözündən irəli
gəlir. Burada Sovet dövründə ciddi qəbul
olunmayan əxlaqın ikitərəfliliyi, yəni vicdan və
ictimai fikir, xasiyyət və adətlər, mənəviyyat
kimi vacib məqam müəyyən edilir. Vicdan fərdi
fenomendirsə, ictimai fikir sosialdır, yəni əxlaq hər
zaman fərdlə ümumilik arasındakı
müəyyən əlaqələr formasıdır. Azərbaycan dilində ərəb sözü olan
«əxlaq» sözü işlənir ki, bu da
yaradıcılıq, qurmaq, xalq, nacins, qəddi-qamət
mənasını verən «xlq» kökünə
yaxındır (X.K.Baranov, «Ərəb-rus» lüğəti,
M., 1977). Əxlaq ümumilikdən başlansa da, insana
ünvanlanıb və onun inkişafı
şəxsdə ictimailiklə fərdiliyin ahəngi ilə
bağlıdır. Amma nəzərə almaq
lazımdır ki, əxlaqi təcrübədə hər
şey daha mürəkkəbdir. Belə ki, bəzi birliklərdə
daha çox etimad qadağalara göstərilir,
bəzilərində isə insanın xeyirxah
başlanğıcına etibar edilir.
Lakin
güman etmək olar ki, əxlaqda tərəqqi qadağalardan
etimada və xeyirxahlığın azad seçiminə
irəliləyişlə bağlıdır, lakin burada da
hər şey birmənalı olmadığından
əxlaqdakı məhdudiyyətlərdən
bütünlüklə imtina mümkün deyil. Məsələn, bəziləri Qərb
əxlaqının fərdin azadlığı üzərində
qurulduğuna əmindirlər. Amma elmi və
publisistik ədəbiyyatın xülasəsi göstərir
ki, onların mətnlərində, xüsusilə də
ilahiyyat-etik elmi işlərdə tez-tez rast gəlinən
«social morality» termini insanların ictimai həyatında
mənəvi dəyərlər, yaxud ehkamların
istiqamətinin dəyişilməsi kimi başa
düşülür. Bizim ədəbiyyatda bu terminə
hazırda faktiki olaraq rast gəlmək mümkün deyil.
Məfhum kimi istifadə olunan mentalitet (şüur, zəka)
ictimai əxlaqla bağlı olsa belə, onun sinonimu deyil.
Həmçinin bu söz dini ədəbiyyatımızda da
istifadə olunmur. Beləliklə, bütün
cəmiyyətlər fərdlə ümumilik arasındakı
əlaqələrin keyfiyyətinə görə ayrılmalıdır,
lakin onların arasındakı əlaqəyə
etinasızlıq göstərən cəmiyyətlər
də ola bilər. Əxləq və əxlaqi sistemlərin
tarixi ailə əxlaqından dini ənənələrə,
yaxud fərdi azadlıq, məhdudiyyətlər və vicdana
əsaslanan ictimai əxlaqa kimi özünüinkişaf
prosesidir. Bunlar nəzərə alınmaqla müxtəlif
sivilizasiyalar, dəyərlər sistemi, sivilizasiya blokları,
vahid insan sivilizasiyası və ümumbəşəri
dəyərlər haqqında danışmaq olar.
Sivilizasiya bəzi tədqiqatçılar tərəfindən
maddi mövcudluq, yəni cəmiyyətin maddi
mədəniyyət obyektləri ilə məcmusu kimi başa
düşülür. S.Hantinqton isə bunun əksinə
düşünür ki, «sivilizasiya insanların ən
geniş mədəni qruplaşması və onların
mədəni eyniləşdirilməsinin ən geniş
sahəsidir. Sivilizasiyalar insanın özünü
mədəni baxımdan rahat hiss etdiyi «biz» kimi ən böyük
məkandır» (S.P.Hantinqton «Sivilizasiyaların
toqquşması və dünya düzəninin yenidən
qurulması»). Sivilizasiyanı insan ideyalarının kompleksi
və ilk növbədə, dəyər xarakterli mənəvi
ideyalar, sosial əlaqələr və münasibətlər
kimi şərh etmək mümkündür. Məlumdur ki,
aşağı səviyyəli sistemlərdən kompleks
sistemin yaranması prosesində «metasistem keçid» adlandırılan
yeni keyfiyyətin əmələ gəlməsi effekti
mövcuddur (V.Turçin «Elmin fenomeni» M., 2000). Dörd
sivilizasiya sistemindən hər biri fərqli
xüsusiyyətləri ilə yanaşı oxşar
cəhətlərə malikdir, çünki onları
əxlaq və dəyərlər bağlayır. Bütün
sivilizasiyalara müxtəlif əxlaq və dəyərlər
məxsusdur, lakin onları birləşdirən odur ki,
əxlaqi dəyərlərsiz insan sivilizasiyaları olmur. Hər bir əxlaq, o cümlədən sivilizasiya
hər zaman universallığa iddialıdır və bu
mənada müxtəlif sistemlərin dəyərləri
arasında müəyyən ziddiyyət mövcuddur ki, onu da
yalnız etik rasionalizm dərk edə və aradan qaldıra
bilər. Bu ziddiyyətin başa
düşülməməsi ümumiliyin inkişafını
ləngidir. Nəzərə almaq lazımdır ki,
qloballaşma, mürəkkəbləşdirmə prosesləri
və sivilizasiyalar arasında informasiya mübadiləsinin
effektivliyi istənilən sivilizasiyanın sərbəst
inkişafını ya mümkünsüz, yaxud da son
dərəcə bahalı edir. Sual ortaya çıxa bilər
ki, nə üçün bu məsələlər
Azərbaycan fəlsəfəsini əvvəllər
maraqlandırmayıb? Yəqin ki, bu, o vaxt əxlaq
üçün fərdi azadlığın
əhəmiyyətini anlamağa cəhd edən və
bütün sivilizasiyalarda ümumiliyi görmək
bacarığında olan etik rasionalizmin olmaması ilə
əlaqədardır. Axı cəmiyyət şəxs
tərəfindən hər zaman onun prizmasından dərk
edilir və deməli, cəmiyyəti fərdi əxlaqı, yaxud
vicdanı hiss etməyə məcbur edən
səbəblər və maraqlar bəlli olmalıdır.
K.Marks cəmiyyəti obyektiv təhlil dilində
nəzərdən keçirməyə cəhd etmişdir ki,
nəzəri və subyektiv cəhətdən buna nəyin
səbəb olduğunu görmək bir o qədər də
çətin deyil. Həm də Sovet fəlsəfəsində
yanaşmanın xüsusiliyi onun son dərəcə ictimai
fenomen kimi dərk edilməsində idi. Sovet dövrünün
aparıcı filosoflarından biri O.Drobnitski «Əxlaq
anlayışı» (1969) kitabında əxlaqın
universallığını təhlil edərkən onun sinfi
xarakterinə işarə etməyi vacib bilmişdir. Obyektivlik
hissi təkcə K.Marksa deyil, onun davamçılarına da
xas idi. Lakin bu necə obyektivlikdir ki, etika və əxlaqın
daşıyıcısı olan subyektivliyi görmür? Bu
cür obyektivliyi yalnız ölüm qorxusu altında
qəbul etmək olar. Lenin yazırdı ki,
marksizmdə zərrə qədər də olsun etika yoxdur,
amma məsələ burasındadır ki, marksistlərin
etikası da olub, əxlaqı da, lakin ikincisi insanın
azadlığı və vicdanını inkar edərək
siyasət və siyasi ideologiyanın nökərinə
çevrilmişdir. Bəlkə biz fərdi əxlaq
və azadlığı həm də müsəlman
sivilizasiyasına mənsub olduğumuza görə
tanımırıq. Belə çıxır ki,
müsəlman sivilizasiyası ilə Sovet sistemi
arasındakı fərqlərə baxmayaraq, sistemin insana
münasibəti məsələsində onların oxşar
cəhətləri mövcuddur. Yəni ümumilik hər
şeydir, fərd isə heç nədir, yaxud da insanın
əhəmiyyəti ümumiliyə tabe olduğu
dərəcədə artır. Amma çox vaxt ümumilik
adından kimin danışmağa haqqı olması
məsələsi diqqətdən kənarda qalır.
Qeyd edək ki, bu cür mövqe
təkcə marksistlərə deyil, təbiətşünas
alim, bəzi dini liderlər, rəhbərlərə və s.
məxsusdur. Məsələn,
bioloqlar və genetiklər insanı kamilləşdirmək
məqsədilə onun üzərində icazəsiz
təcrübə apardığı, yaxud dini liderlər dinin
təhqirinə görə qətlə bəraət
qazandırdığı halda insanı, onun seçimə
olan hüququnu və fərdi əxlaqını inkar etmiş
olurlar. Belə
çıxır ki, universallığı,
bütövlüyü, dayanıqlığı və
ictimailiyi ilə yanaşı əxlaq daxilən
müxtəlifdir. Buna baxmayaraq, əxlaq
cəmiyyətin dəyərləri, idealları və
təsəvvürləri, fərd, onun həyatı, müqəddəratını
təyinetmə hüququ ilə bağlı
dəyərlər və təsəvvürlər, o
cümlədən mütləq əxlaqi ideala dair
dəyər və təsəvvürlər deməkdir.
Əxlaq haqqında bir elm kimi etika bu və ya digər
cəmiyyətdə fərdi, onun növlərini tədqiq
edən sosial etika funksiyasının daşıyıcısı
da ola bilər. Sosial etika siyasət və iqtisadiyyata, fərdi
etika isə insanın psixologiya və sosiologiyasına meyl
göstərir. Amma bizi əxlaq sistemləri
və sistemlərin inkişaf meyllərinin fərqlərini
müəyyənləşdirən fərdi və ictimai
əxlaq arasındakı əlaqələrin keyfiyyəti
maraqlandırır. Əxlaqda dəyişikliklərin ləng
getməsini nəzərə alsaq, onları
fasilələrlə, yaxud keçid dövrlərində
müşahidə etmək mümkündür. «Etikaya giriş» (2004) kitabımızda biz dörd
əxlaq sistemini qeyd etmişik: təqlid etikası, normativ əxlaq,
liberal əxlaq və ideal sistem. Əxlaqla genderin
əlaqələrinə dair məqaləmiz üçün
bu fərqləndirmə metodoloji cəhətdən
yararlıdır. Ölkədə keçid
dövründə əxlaqın bütün növlərinin
mövcud olduğunu nəzərə alaraq biz onları
genderə münasibətdə şərh etməyə
çalışacağıq. Birinci və ikinci əxlaq
sistemləri kişi hökmranlığı əsasında
qurulub. Vaxtilə bir rusiyalı alim bu sətirlərin
müəllifinə demişdir ki, Azərbaycan kişiləri
qadınlara hörmətlə yanaşır, ermənilər
isə hər zaman onlara «sataşmağa» meyllidirlər. Lakin
bu gün ictimai yerlərdə bu cür davranış daha az
müşahidə olunur və qadınlar sərbəstliyi
əksər hallarda özbaşınalıq kimi qəbul
edirlər. Müəyyən
mədəniyyətə mənsub qadının asta
danışmasını, zərif və səssiz yeməsini,
oturanda ayaqlarını birləşdirməsini, kişinin
arxasında getməsini və başını
aşağı salıb yerə baxmasını
nəzərdə tutan normalar gender
üstünlüyünü üzə çıxarır
və sanki onu gücləndirmiş olur. «Sanki
gücləndirir» ona görə ki, zəriflik etikası
və xüsusi estetika formalaşır və bəzi
cəmiyyətlərdə kişi hökmranlığı
arxaik xarakter aldıqda belə, qorunub saxlanılır.
Hökmranlıq itəndə qorunub saxlanan igidlik
anlayışı da eyni ilə formalaşır. Kişi
hökmranlığı olmadan igidlik mövzusu bizim
üçün maraq kəsb edir və hazırkı
şəraitdə zəifliyi necə qorumaq gərək sualını
cavablandırmağa imkan verir. Keçid
dövrünün cəmiyyətləri üçün bu
məsələlər çox vacibdir. Gender
üstünlüyündən imtina etmə zərurətinin
dərki, igidlik və zəriflik anlayışlarının
bir hissəsi olan cinslərin qarşılıqlı
münasibətinə dair mədəniyyəti qorumaq vacibdir
kimi nöqteyi-nəzərlə bir getməlidir.
Üçüncü sistem insan azadlığının
dərki və əhəmiyyətini yenidən
mənalandırdığına görə kişi və
qadının bərabərliyi üzərində qurulub.
Cəmiyyətin bazar iqtisadiyyatı şəraitində
transformasiyasında bərabərlik və azadlığın
üstünlüyü ideya etibarı ilə nəzərə
çarpmalıdır. Lakin bizim cəmiyyətdə
hələ ki qeyri-bazar şüur növləri üstünlük
təşkil edir və bu səbəbdən cinslərin
qarşılıqlı münasibətlərində
bərabərlik və azadlıq əsas prinsip rolunu
daşımır. Bazar münasibətləri azadlıq və
bərabərlik anlayışında dəyişiklik
tələb edir ki, bu da ailə və cinslərin
qarşılıqlı münasibətlərindən
başlanır. Qeyd edək ki, ölkəmiz bazar
transformasiyası zərurəti qarşısında XX
əsrin əvvəllərində Rusiya İmperiyası
tərkibində olan zaman və XX əsrin sonlarında
müstəqillik qazanandan sonra qalmışdır. Lakin transformasiya ailə və cinsi
münasibətlərdə inqilabın baş verməməsi
üzündən tamamlanmadı. Bu, azadlıq və
bərabərliyin özbaşınalıq, məsuliyyətsizlik
və ədəbsizliyin sinonimi olmaması
fəlsəfəsinin cəmiyyətdə üstünlük
təşkil edəcəyi zaman baş verəcək.
Aydındır ki, kişi hökmranlığı
üzərində qurulmuş normativliyi təhlil
etməkdən ötrü biz, ilk növbədə,
dünyanı kişilərin üstünlüyü kimi
qəbul etmək vərdişinə özümüzdə
qalib gəlməliyik. Bu fəlsəfə qadınlara da aiddir
ki, onlar Azərbaycanda «qadın» tədqiqatlarının
köməyilə bu məngənədən çıxmaq
istəyirlər. Yəni adət halını almış
sxemlərdən imtina etmək lazımdır və ilk
növbədə, bu, azadlığa aid hər şeyin
yenidən dərk edilməsini şərtləndirir. Qadın,
yaxud kişi tədqiqatlarında bu yenidən dərkolunma
baş vermədikdə söhbət yalnız hökmranlıq
haqqında gedə bilər. Yeri gəlmişkən, çox
vaxt tədqiqatçı-qadınlar tədqiqatın
məqsədini məhz bu cür, yəni kişi
hökmranlığının dəyişdirilməsi kimi
başa düşürlər. Azərbaycanda qadın
tədqiqatlarının monitorinqi əsas diqqətin liderin
tərbiyəsinə yönəldiyini göstərir. Lakin daha
səmərəli, kişilərlə yanaşı
qadınların da şüurunun azad olmasına kömək
edə biləcək hökmranlığın
səbəblərinin başa düşülməsidir.
Sözsüz ki, bir cinsin digərini özünə tabe
etməsi heç də bir qrup insanın
mövqelərindən istifadə etməklə əlbir
olması yox, dünya mənzərəsinə
özünəməxsus bir reaksiyadır. Tanınmış
fransız sosioloqu P.Burdyenin fikrincə, kişi
qayda-qanununun gücü ilk növbədə ondadır
ki, həmin qaydaların nə bəraətə, nə də
təsdiqə ehtiyacı var, çünki «kişi cinsi»
ifadəsi həm ətraf mühit, həm də dilimizdə
qrammatik norma statusu alır. Məsələn, filosof
sözü fəlsəfə ilə məşğul olan
kişilərlə bərabər qadınlara da aiddir. Bu norma bir növ ondan irəli gəlir ki,
fəlsəfə müəyyən cinsin, yəni
kişilərin işidir. Əslində nəzərdə
tutulur ki, hökmranlıq münasibətlərini
formalaşdıran bu cür ibtidai qoyuluşların
mənasının açılması elə
tədqiqatın məqsədi olmalıdır. Prinsip
etibarı ilə, bazar dəyişiklikləri, hətta ən
ilkin mərhələdə ailədə qadınlarla
kişilər arasındakı münasibətlərin
şəklini dəyişdirir. Qadının bizneslə
məşğul olması, kişinin isə onun əlinə
baxması, yaxud qadının sükan arxasında daha mobil
olması bugünkü Azərbaycan üçün adi
bir haldır. Lakin problem başqa
məsələdədir: bü cur dəyişən
münasibətlərə düşən qadın və
kişi artıq başqa norma, standart və
dəyərlərə ehtiyac duyur, əks halda onlar frustrasiya,
yəni «köhnə və əbədi» dəyərlərin
işləmədiyi bir şəraitə düşmüş
olur və ziddiyyətlərlə qarşılaşırlar. Bəziləri səmimi olaraq
düşünürlər ki, gender bərabərliyi
qadınların əxlaqsızlığına,
uşaqların cinslər haqqında maariflənməsi isə
cinsi əxlaqsızlığa səbəb olur, yaxud da
narkomaniya problemlərinin təhlili narkomaniyanın
artmasını şərtləndirir. Bu
səbəbdən çox vaxt cinsi tədqiqatların
saxtalaşdırılması baş verir ki, bu da
kişilərlə qadınlar arasında real
münasibətlərin pozulmasına gətirir. Belə
olan təqdirdə, aydındır ki, tədqiqatdan imtina real
insanların vəziyyətini düzəltmir, əksinə,
problemlərin artmasını şərtləndirir. Belə
ki, Azərbaycanda qadınların «traffikinqi», fahişəlik
geniş yayılmışdır. Bu problemin
araşdırılması ilə məşğul olmaq
istəyən tədqiqatçı, bir qayda olaraq, «bizim
qadınlar fahişəliklə məşğul olmurlar» kimi
etirazla qarşılaşır. Lakin problemin özü, real
qadınlar və sözsüz ki, kişilər də
mürəkkəb məsələnin həlli ilə
təkbətək qalırlar. Bu cür münasibət
qadınlar üzərində zorakılıq mövzusu ilə
bağlı da müşahidə olunur. Əgər kişi
qadın üzərində zorakılığa haqq
qazandırırsa, deməli, onun problematikliyi eyni
dərəcədədir. Qadınları zorakılıqdan
xilas etmək azdır, problemin həlli vasitəsi kimi
zorakılığa əl atan kişiləri müalicə
etmək lazımdır. Bu məsələləri
açıqlamaqla biz ziddiyyətlər, real frustrasiyaların
həllinə dair ilk addımlarımızı atmış
oluruq. Zənnimcə, müasir
şəraitdə kişi və qadının davranış
variantları, davranış modelinin azad seçim
şəraitində davranış variantlarının təklif
olunması daha zəruridir. «İgidlik» və «zəriflik»
anlayışları hazırkı şəraitdə itmir,
əksinə, variantlılıq qazanır ki, sosiumda
üstün şüurlar onları ifadə edə bilmir.
İgidlik və zorakılıq anlayışlarının
üst-üstə düşməsi cəmiyyətin ciddi
mənəvi əyrilik və nöqsanlarından xəbər
verir. J.Lakan deyib ki: «nəyi isə nəğd etdikdə, siz
onu bəlkə də yoxluğu fonunda yerləşdirirsiniz». Yəni
biz qadına olan münasibətlərin normalarını
özündə əks etdirən «igidlik» modellərini
ifadə edə bilsək, «mərdlik» və «zəriflik»
variantlarının meydana çıxması prosesi
başlanacaq.
Patriarxal
əxlaq sistemində, patriarxal ailədə yalnız bir
«kişi» və bir «qadın» var, yəni davranış modeli
tək halda, kişilər və qadınlar üçün
eyni dərəcədə mövcuddur. Şərti götürsək, kişi
ağadır, qadın isə ona qulluq edir. Lakin hətta bu cür
əxlaq çərçivəsində qadın və
uşaqlara qarşı zorakılığın
tətbiqində məhdudiyyətlər var. Ənənəvi
sistemdə bu model müəyyən xüsusiyyətlər
əldə etmiş olsa da, bütövlükdə, ən
azı müsəlman Şərqində bu yeganə normaya meyl
edir. Əlbəttə, bir neçə modelin
mövcudluğu azadlığın artmasını
şərtləndirir. Amma azadlığın
özbaşınalıq kimi deyil, əxlaqi norma, yəni
məsuliyyətli və məhdudlaşdırılmış
ənənə, yaxud fərd tərəfindən qadın,
yaxud kişi davranışının model seçimi problemi
bizi azadlıq və məsuliyyəti dərk etmək
zərurəti ilə qarşı-qarşıya qoyur.
Qəribə olsa da, əksəriyyət azadlığı
özbaşınalıq kimi şərh edir və çox
nadir hallarda azadlıq və məsuliyyət
sərhədlərinin bir kağız vərəqinin iki
tərəfi kimi üst-üstə düşməsini
dərk edənlər olur. Sözsüz ki,
özbaşınalıq azadlıq yox, vəhşilikdir.
Mən yalnız azad şəkildə qəbul etdiyim
qərarlar və onların nəticələrinə görə
cavabdehəm və əksinə, mən məsuliyyəti
azadlığımın nədə əks olunmasına
görə daşıyıram. Bu tərəflərdən
hansının əsas olması bizdən ötrü xüsusi
maraq kəsb edir. Etikada diqqəti məsuliyyətə
yönəltmək lazımdır, lakin o azadlığın,
etiraf edildiyi halda təsirli ola bilər. Yalnız bu halda etika
şəxsiyyətin öz müqəddəratını
təyin etməsi üçün şərait yaradan
tərbiyə və təhsil sistemini irəli sürər.
Sözsüz ki, tarixən dəyişkən olan azadlıq
anlayışı hər zaman məsuliyyətdən sonra
gəlir. Buna parlaq nümunə kimi azadlığa
görə (özbaşınalıq, məsuliyyətdən
qaçma) cəzanın mövcudluğudur.
Əvvəllər azadlıqla mülkiyyətin
sərhədlərinin eyni olması isbat olunurdusa, indi deyilir
ki, azadlıq hər yerdədir, məsuliyyət isə yoxdur.
Bu «hər yerdə» ifadəsi Azərbaycan
«ailəsinə» hətta daxildən toxunmuşdur. Əgər
onu qorumaq istəyiriksə, ailə, cinslərin
qarşılıqlı əlaqəsi, kişi ilə
yanaşı qadının da azadlıq imkanları nəzərə
alınmaqla məsuliyyət modellərini təklif etmək
bacarıqsızlığına dair patriarxal
və ənənəvi ailənin təsəvvürlərinin
məhdud olduğunu etiraf etməliyik. Əbəs yerə
deyilmir ki, yalnız patriarxal müsəlman ailəsi
möhkəm ola bilər və heç kim bu cür
möhkəmliyin azad, lakin bir-birinə və uşaqlarına
görə məsuliyyətdən qorxmayan kişi və
qadınları qane etməyəcəyi haqqında
düşünmür. Vəziyyətdən
çıxış yolu, fərdin seçə
biləcəyi bəzi konkret davranış modellərini
təklif etməklə azadlığı məsuliyyət kimi
qəbul etməkdədir. Hamı tərəfindən
məsuliyyətli kişiyə ehtiyac olmasının etiraf
edildiyini nəzərə alaraq, bu yazıda misal kimi «igidlik»
anlayışını təhlil edirik. Müəyyən
mənada kişilik növlərinin ifadə edilməsinə
dair işimizi sadələşdirməklə müasir
kişiyə xas olan üç cəhəti təqdim edirik:
plüralistlik, nisbilik və nümayişkaranə. Yeri
gəlmişkən, bu əlamətlər, yaxud tezislər
müxtəlif mənəvi keyfiyyətlərin
əsasını təşkil edir. Müəyyən
səbəblər üzündən xoşumuza
gəlməyən bu üç cəhəti biz qəbul
etmək istəməsək belə, tərbiyə sistemini bu
cür igidliyi tələb edən reallıqların
nəzərə alınması ilə qurmalıyıq. Plüralistlik haqqında söhbət
düşmüşkən, E.Ryazanovun məşhur «Taleyin
ironiyası, yaxud həmişə təmizlikdə» filmində
kadrarxası səs deyir: «… Əvvəllər əsl
kişilər manejə gedib at sürər, tirdə kərpici
nişan alar, qılıncoynatma salonunda qılınc oynadar,
ingilis klubunda qumar oynayar, uzaq başı isə, baletə
gedərdilər. İndi əsl kişilər hamama
yollanır. Hamamın yalnız yuyunmaq üçün
nəzərdə tutulduğunu düşünənlər
yanılırlar. Hamama əsasən ünsiyyət
üçün gedirlər…» Bir çox elmi
işlərdə vurğulanır ki, kişi nə
işlə məşğul olursa-olsun, peşəkar
olmalıdır. Yeri gəlmişkən, igidliyin belə modeli
artıq ənənəvi cəmiyyətlərdə
müşahidə olunub. Bizdə isə cəsarətin
«yuyulub aparılması» prosesi davam edir. Azərbaycanın
bəzi filmləri, yaxud son illərin mətnlərində
igidlik nümunəsi yalnız əsgər,
müdafiəçinin rolu ilə məhdudlaşır. Bu
bütün mədəniyyətlərdə olub və normal
hal sayılır. Onun zəifliyi yalnız digər rolların
olmamasıdır ki, bu da «əsgərlərin» yox olmasına
gətirib çıxarır. Müasir Rusiya
kinematoqrafiyasına fikir versəniz, əsl rus
əsgərləri, qoçaq quldur və killerləri görərsiniz
(«9-cü bölük», «Qardaş» və s.). Lakin bu gün
sabit cəmiyyətə igidliyin digər örnəkləri
də lazımdır. Yeri gəlmişkən, bu
filmlərdə cəsarətli «əsgərlərin»
düşmənləri kimi bütün neqativi
özündə əks etdirən çeçen, qafqazlı
obrazı formalaşdırılır. Maraqlıdır ki, buna
baxmayaraq gənclər Rusiya ordusuna getmək istəmir və
Rusiya mətbuatının monitorinqi onlar arasında «faşizm»
ideyalarının geniş yayıldığını göstərir.
Patriarxal cəmiyyətdə belə igidliyin müəyyən
variasiyaları var: əsgər, ailə
başçısı, hökmdar. Bu rollar istənilən
halda «kişi-kişidir» anlayışı ilə
bağlıdır, amma eyni zamanda müəyyən
müxtəliflik də təklif edilir. Buradan müxtləlif
nəticələr çıxarmaq mümkündür: ya
rolların olmaması işarə və işarə
hərəkətlərinin itməsini, ya da anlayış
varsa, onu virtual məzmunla doldurmaq qalır. Məsələn,
qadınlar da peşəkar, hətta jurnalist və
əsgər ola bilər. Lakin biz məzmunu doldurmaq
istəyiriksə, əlavə etməliyik ki, bu
məsələdə kişilər nadir
düşüncə, yaxud zirəklik göstərir.
Fransız filosofu J.Derrida deyirdi: «Bir hal, yaxud
varlıq üzdə olmadıqda və biz onları dərk
etmək, yaxud nümayiş etdirmək iqtidarında olmayanda,
işarə vasitəsilə dolayı yolla gedirik» (Derrida J.
«Margins of philosophy», Chicago, 1986, p.9). Başqa sözlə
desək, cəmiyyətdə igidlik və zəriflik, yaxud
digər mənəvi xüsusiyyətlər
çatışmırsa, onları mətnlərdə
formalaşdırmaq lazımdır ki, meydana
çıxsınlar. Mövcud bazar iqtisadiyyatı
şəraitində birinci və ikinci əxlaq
sistemlərinə dair igidliyin itməsi üçün
şərait yaransa da, yeni şəraitlərə uyğun
igidliyə zərurət var. Bu cür igidlik formalaşmasa,
əvvəlki igidlik mövcud reallıqlarla əlaqəni
itirib özünə qarşı işləyəcək.
İgid gənclər əvəzinə faşizm,
digərlərinə nifrət ortaya çıxa bilər. Qeyd
edək ki, bazar iqtisadiyyatı cəmiyyətində
əsgər bir peşəkar kimi pula işləyir, birinci
və ikinci sistemlərdə isə vətənin
müdafiəçisidir. Münaqişə
şəraitində yaşayan ölkəmiz üçün
bu məqam ciddi əhəmiyyət daşıyır. Ehtimala görə, ölkə və onun
iqtisadiyyatının tədricən bazar iqtisadiyyatı
istiqamətində inkişaf etməsi arasında
ziddiyyətlər mövcud olsa da, məlum münaqişə
ilə bağlı birinci və ikinci əxlaq
sistemlərinə dair təsəvvürlər
üstünlük təşkil edir. İgidlik nisbidir və bu
hətta plüralistiklikdə özünü
büruzə verir. Burada söhbət «igidliklə» «cins»
arasındakı münasibətlərin təhlili yox, daha
çox «igidlik» və onun sinonimləri arasındakı
münasibətlərin təhlili haqqında gedir. Prinsip
etibarilə, sən demə, igidlik cürbəcür olur. Bir
zamanlar R.Berton, R.Harrison və R.Murun iştirakı ilə
«Vəhşi qazlar» ABŞ filmi populyar idi. Filmin məzmununa
toxunmadan, qeyd edim ki, Afrika ölkələrindən birinin
liderini azad etməyə hazırlaşan muzdlular arasında
qoçaqlığı ilə tamaşaçının rəğbətini
qazanan qəhrəman var ki, o da homoseksualistdir. Bundan başqa,
özlərini peşəkar göstərən «muzdlular»
xüsusi mənəvi keyfiyyətlər də nümayiş
etdirirlər. Paradoksal olsa da, pulla iş görən
homoseksualist cəsarət göstərir. Lakin bu
məsələnin başqa bir tərəfi də var və
onu qeyd etmək vacibdir ki, igidlik cürbəcür və
nisbidir. Onun nisbiliyi digərləri ilə müqayisədə
daha əyanidir. Axı həyatları bahasına iş
görən «muzdlulardan» yalnız bəziləri igid kimi
təqdim olunur. Məhz igidliyin bu nisbiliyi «digərləri»nə
dair münasibətdə «igidlik» anlayışını
birinci və ikinci əxlaq sistemləri
çərçivəsindəki «igidlikdən»
fərqləndirir. Fərdiyyətin mövcudluğu igidlik
anlayışının nisbiliyini ortaya qoyur, onun
olmaması isə igidliyi mütləq edir. Əlbəttə,
bu mütləqlik haqqında xəyal nə qədər
istəsən davam edə bilər, lakin nisbi igidlik də
igidlikdir. Bu nisbiliyi qəbul etmədikdə biz yeni
şəraitdə kişilərsiz qalmaq təhlükəsi
ilə üzləşmiş oluruq. Yeri gəlmişkən, bu
mənada kişilərin yox olması qadınların da cinsi
mənsubiyyət yox, zəriflik, qadının cazibədar
davranışı mənasında itməsinə gətirib
çıxarır.
40-cı
illərdə M.Baxtin deyirdi ki, «İnsan və onun «mən»i
dünyaya öz gözlərilə deyil, özünə
dünyanın və özgələrinin gözü ilə
baxır.
Bu
cümlədə Sovet dövrünün rusiyalı filosofu
igidliyin üçüncü tezisinin dərin
mənasını açıqlayır. Onun qənaətinə əsasən, bu
igidlik səciyyəvi və nümayiş etdiriləndir.
İlk növbədə, insan özünü bir
şəxsiyyət kimi dərk edir və dünyaya
özgələrinin gözü, davranışı ilə
baxır ki, vaxt gələndə həmin nümunələr,
norma və azadlıqlar onunku olacaq. Birinci və ikinci sistem üçün
nümayiş etdirilən igidlik bir növ əsl igidlik hesab
olunmur. Bu sistemlərdə normativlik onun haqqında
düşüncələri nəzərdə tutmur,
çünki onun mütləq qəbul edilməsi
tələb olunur. İgidin ideal davranışı onun
qəhrəmanlıq göstərib təvazökarcasına
susmasındadır. Bu cür qəhrəmanlara əsasən
Böyük Vətən Müharibəsi haqqında Sovet
ədəbiyyatı və kinosunda rast gəlinir. Lakin artıq
60-cı illərdə «igid» yazıçı obrazı ortaya
çıxır (məsələn, cıns və toxunma yun
köynəkli E.Heminquey və onunla yanaşı Çe Qavara
və s. kimi inqilabçı obrazları). Bu
obrazların Heminqueyin ustalığını, yaxud Çe
Qavaranın igidliyini heçə
çıxardığını iddia etmək
mümkündür, amma onu da nəzərə almaq
lazımdır ki, bu cür obrazlar bir çoxları
tərəfindən qəbul edilmək baxımından
çox vacibdir. Bu cür qəhrəman
özünün davranışı, real
hərəkətlərlə nümunələr
arasındakı ziddiyyətləri və s.
düşünməyə və təhlil etməyə
meyllidir. Fərdin birinci və ikinci əxlaq sistemlərinin
«əfsanələrindən» azad olunması
şəraitində «igidlik» misalında bizə
göstərilən əlamətlər və tezislər
tərbiyə və təhsil sistemini təkmilləşdirməyə
imkan yaradır. Belə olan təqdirdə, «mənəviyyat
keçmişdə qalıb, çağdaş dövr
isə ədəbsizdir» kimi müqayisəni aradan qaldırmaq
mümkündür. Şübhəsiz ki, yeni
şəraitdə ədəb qaydalarında zəiflikləri
müşahidə etmək olar. Belə ki, igidliyin
nümayişi maskarada oxşardır. Uyğunlaşma,
mimikriya və maskarad arasında fərq olsa da, onlar
birləşə də bilər. Maskaradda maska qədimdən
«sifətlə» maska arasında ziddiyyəti nəzərdə
tutur, uyğunlaşmada isə qədimdən ideal olmaq
cəhdi mövcuddur.
Sonda qeyd
etmək istərdik ki, transformasiya prosesləri
üçün əxlaq nümunələri və onları
seçmək iqtidarında olan fərdin müəyyən
azadlığı tələb olunur. Lakin bu
nümunələr müasirliyin tələblərinə cavab
verməlidir.