«Kitabxana.az».-2008.-¹2.-S.10-11.
Azərbaycan
kitabxanaçıları “KRIM-2008” - konfransında
Gülşən
Mehdiyeva,
Azərbaycan Turizm İnstitutunun kitabxana müdiri
Bu yaxınlarda Azərbaycan
Krımda keçirilən ("Kitabxanalar və informasiya
resursları müasir elm, mədəniyyət, təhsil və
biznes aləmində") 15-ci Yubiley Beynəlxalq Konfrans və
Sərgidə təmsil etmək üçün bir qrup
kitabxana işçisi göndərmişdi.
Respublikanın
Köçərli adına Respublika Uşaq
Kitabxanasının direktoru Quliyeva Fizurə,
Mədəniyyət və Turizm Nazirliyinin
nümayəndəsi Samir Abbasov, Azərbaycan
Respublikasının İşlər İdarəsinin Prezident
Kitabxanasının aparıcı məsləhətçisi
və şöbə müdiri Zakir İsmayılov, adı
çəkilən kitabxananın
məsləhətçi-proqramçısı Fərhad
Əzizov, Azərbaycan Turizm İnstitutunun kitabxana müdiri
Gülşən Mehdiyeva, Respublika Gənclər
Kitabxanasının direktoru Tahir Köçəri,
Gəncə Mərkəzi Kitabxanasının direktoru Elmira
Əliyeva, Astara Mərkəzləşmiş Kitabxana Sisteminin
direktoru Nazim Fərəməzov təmsil edirdilər. Qeyd
etmək lazımdır ki, bu Konfrans 15 il ərzində hər
il Krımın Sudak
şəhərində keçirilir. Orada kitabxana, informasiya
və kompüter mütəxəssisləri, nəşriyyat
nümayəndələri və bir sıra əlaqəli
təşkilatlar görüşüb zamanımızın
aktual informasiya problemlərini müzakirə edirlər.
Hər il olduğu kimi, bu il
də istisna olmadı. Konfransın
açılışında Y. Şrayberqin
məruzəsində müasir informasiya məkanının
ən aktual və gündəmdə olan
məsələləri ön sıraya çəkildi.
Demək olar ki, bu məruzə konfransda müzakirəyə
çıxarılan bütün sahələri
özündə əks etdirmişdi. Məruzədə
bütün kitabxanaçı, müəllif və
naşirləri narahat edən müəllif hüquqları,
"Open access",
İnternet, "Google Scholar"
və s. məsələlər haqqında Y. Şrayberq
söhbət açdı və həmişə olduğu
kimi bu məruzə slayd və qısa video çarxlarla
müşayiət olunurdu.
Konfransa gəldikdə,
demək olar ki, bu çox möhtəşəm bir forum idi.
Burada bütün MDB, Afrika, Asiya, Avropa ölkələrinin
nümayəndələri iştirak edirdilər. Bir neçə
gün ərzində çox maraqlı və mühüm
məsələlər ortaya qoyuldu və müzakirə edildi.
Konfrans bir neçə seksiyadan ibarət idi:
Kitabxana-İnformasiya sistemi və texnologiyaların tətbiqi,
Elektron kitabxanalar, Ümumi informasiya və mədəniyyət
məkanında kitabxana və muzeylər,
Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və
kitabşünaslıq, Kitabxana kadrları, peşə və
təhsil və s. Əfsuslar olsun ki, o
seksiyaların işi üst-üstə
düşdüyündən hamısında iştirak
etmək qeyri-mümkün idi.
Bizim
nümayəndəliyimizin iştirak etdiyi bir tədbir
haqqında daha geniş danışmaq istərdim. Bu tədbir
daimi fəaliyyət göstərən "Türk
dünyasının kitabxana və muzeyləri:
Qarşılıqlı əlaqə və əməkdaşlıq"
seminarı çərçivəsində keçirilirdi.
Seminarın əsas mövzusu: "Bəkir Çobanzadə
fenomeni və türk dünyası"
idi. Tədbir çərçivəsində Krım
Respublikasının elmi kitabxanasının
açılışı, akademik Bəkir Çobanzadənin
heykəlinin açılışı və onun adına
təsis olunmuş mükafatların təqdimat mərasimi
keçirildi.
Tədbirdə Azərbaycan,
Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkiyə və s,
dövlətlərin nümayəndələri iştirak
edirdilər. Bizim nümayəndəlik Azərbaycanın tarix,
ədəbiyyat, coğrafiya, turizm sahələrini əhatə
edən kitab kolleksiyasını Krım Respublikasının
Elmi Kitabxanasına hədiyyə etdi.
Azərbaycan Respublikasının
İşlər İdarəsinin Prezident Kitabxanasının
aparıcı məsləhətçi və şöbə
müdiri Zakir İsmayılov Bəkir Çobanzadə
haqqında məruzə etdi. Bu məruzədə akademikin
Azərbaycanda yaşadığı dövr geniş
işıqlanmış və onun Azərbaycan dilinin
inkişafı sahəsində xidmətlərindən
söhbət açıldı. Tədbirin sonunda Bəkir Çobanzadə adına mükafatlar
paylandı və böyük konsert proqramı nümayiş
edildi.
Konfrans
iştirakçıları üçün nəzərdə
tutulmuş mədəni proqramda maraqlı və rəngarəng
idi. Bura Krım Respublikasının şəhərləri
və gözəl təbiətilə
tanışlıq səyahətləri və ekskursiyalar daxil edilmışdi.
Qeyd etmək lazımdır
ki, konfrans çox yüksək səviyyədə təşkil
olunmuşdu və iştirakçıların rahat
işləmələri və istirahətləri
üçün hər bir şərait
yaradılmışdı.
Əminəm ki, konfransda
iştirak edən bütün Azərbaycan
kitabxanaçıları uzaq Krımdan vətənə
əliboş qayıtmayıb, əldə etdiyi bilik və
bacarıqlarını öz kitabxanalarında gündəlik
işlərində daha böyük səylə tətbiq
edəcək və həmkarları ilə bu bilikləri
həvəslə bölüşəcəklər.