Dirçəliş-XXI əsr” - 2008. - ¹ 124 - 125. - s.131

 

QLOBALLAŞMA VƏ İSLAM

 

Firuzə ƏLİYEVA,

fəlsəfə elmləri namizədi

 

 

Müasir qloballaşma şəraitində İslam dini Qərbi Avropa ölkələrində də geniş yayılmaqdadır. Uzun illərdən bəri aparılan obyektiv tədqiqat işlərindən aydın olur ki. İslam istər maddi. istərsə də mənəvi dəyərlər nöqteyi-nəzərindən ən üstün dindir. Lakin təəssüflər olsun ki, Şərq xalqları uzun illər Qərbin texnoloji və iqtisadi tərəqqisi qarşısında acizlik hiss etmiş, özünə etimad və inam hissini əldən vermişlər. İnsanlara hakim Qərb təfəkkür tərzi təlqin olunmuş və onlar elə düşünmüşlər ki, hökmən buna tabe olmalıdırlar. Halbuki, Şərq elm, mədəniyyət, incəsənət sahəsində böyük irəliləyişlərə nail olarkən Qərb mədəniyyəti hələ təşəkkül dövrünü yaşamaqda idi. Bu faktı indiyə qədər aparılan bütün tədqiqat işləri sübut edib. Belə ki, İslam Şərqində əl-Kindi, ibn-Rüşd, əl-Qəzali, əl-Fərabi, ibn-Sina və s. kimi görkəmli alimlər yaşayıb-yaradarkən Qərb öz korifeylərindən məhrum idi. İslam Şərqinin fəlsəfəsi güclü təsir qüvvəsinə malikdir. İbn-Rüşdün, ibn-Sinanın, ibn-Rəbinin, ibn-Xaldunun və başqa müsəlman filosoflarının unikal elmi-fəlsəfı fikirləri Orta əsr Avropasında geniş yayılmış və dünya elminin xidmətində dayanmışdır.

İslam Şərqi antik dünya elminin və fəlsəfəsinin Avropaya ötürülməsində mühüm rol oynamışdır. Bütün bunları Qərbi Avropa alimi Q.E. fon Qrünebaum "Klassik İslam" əsərində hərtərəfli izah etmişdir. Görkəmli şərqşünas və islamşünas Qrünebaum müsəlman mədəniyyətinə sosial-iqtisadi həyatdan təcrid olunmuş bir məfhum kimi baxmamış, əksinə, əsərlərində "İslam mədəniyyəti" anlayışının dövlət quruculuğunu, iqtisadiyyatı, ədəbiyyatı, incəsənəti və bir çox elmi sahələri əhatə etdiyindən bəhs etmişdir.

İndi bütün dünyada müsəlmanların sayı getdikcə artır, digər dinlərə etiqad edən minlərlə insan İslamı qəbul edir. İslamın birləşdirici və həmrəylik gücü nəinki zəifləmiş, əksinə, son dövrlərdə daha da artmışdır. Qrünebaum "Klassik İslam" əsərində İslam mədəniyyətinin çiçəklənməsindən, klassik İslam dövlətinin yaranmasından danışarkən, IX əsrdən sonrakı dövrlərdə Abbasilər xilafətinin (873-903 - illər), Səfəvilərin (879-999 - cu illər). Samanilərin (890-1008 - ci illər), Həmədanilərin, X - XII əsrlərdə isə Fatimilərin, Büveyhilərin, Qəznəvilərin, Səlcuqların və başqa sülalələrin hökmranlığı dövrlərindən də bəhs edir. İslamın birləşdirici gücü və inkişaf imkanları, insanları sosial ədalətə, mənəvi saflığa səsləyən ideyaları zəmanəmizdə də milyonlarla insanın həyat tərzinə sirayət etmişdir. Qrünebaum "Klassik İslam" əsərində İslamın müxtəlif ictimai siniflər, təbəqələr, etnik qurumlar arasında ümumi müsəlman birliyi və həmrəyliyi yaratması qabiliyyətini göstərmişdir. O qeyd edir ki, əvvəllər etnik qurumlar və siyasi cəhətdən müxtəlif "müstəqil dövlətlərə" parçalanmış xilafət dövləti uzun əsrlər boyu öz birliyinin saxlanılması üçün İslam ənənələrinə minnətdar olmalıdır.

Q.E. fon Qrünebaum ərəb-müsəlman mədəniyyətinin dünya sivilizasiyası xidmətlərindən söhbət açarkən qeyd edir ki, "xristian dünyası elmdə, fəlsəfədə klassik antik irsin tərcümə olunub yayılması, qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün İslama minnətdardır" (2, s. 8).

O, İslam mədəniyyəti tarixinin, memarlıq və poeziyasının, elm və fəlsəfəsinin xristian-Avropa mədəniyyətinə təsiri barədə aşağıdakıları yazmışdır: "Ərəb-müsəlman dünyası" xristian aləminə gündəlik məişət əşyalarından, heraldika nişanlarından və silah nümunələrindən tutmuş, biliklərin genişləndirilməsinədək olduqca böyük mədəni sərvət bəxş etmişdir. Əlbəttə, bəxşişin əvəzi ödənilməmişdir" (1, s. 39).

Göründüyü kimi, bu bəxşişin əvəzində müsəlman dünyası həmişə xristianlardan acı həqarətlər və göz yaşları görmüşdür.

Qrünebaum yazır: "Müsəlman fəlsəfəsinin nailiyyətləri İslam kontekstində qiymətləndirilə bilər. Böyük ərəb filosofu əl-Kindi öz dövrünün möhtac olduğu həqiqətin qaranlıq tərəflərinə yunanların yaradıcılığım öyrəndiyi vaxt cavab tapmışdır. O öz vəzifəsini yunanların işlərini başa çatdırmaqda və onların baxışlarını ərəb dilində və ərəb düşüncə tərzində ifadə etməkdə görürdü. Lakin ondan ötrü peyğəmbərin əməllərini və yaradıcılığını bilmək fəlsəfəni bilməkdən vacib idi. Quranda əksini tapmış həqiqət filosofların baxışlarından, dünyagörüşündən daha ülvidir" (2, s. 145). Göründüyü  kimi, Qrünebaum  İslamın necə düzgün. ülvi bir din olduğunu əsər boyu izah edir.

Qloballaşma və İslamdan danışarkən biz bu dinin dünya xalqlarının həyatının bütün sahələrinə necə sirayət etdiyinin şahidi oluruq.

İslam hazırda nəinki Şərq mənəviyyatına, eyni zamanda, Qərb mənəviyyatına da güclü təsir göstərir. Qərb alimləri özləri etiraf edirlər ki. Qərb mənəviyyat baxımından Şərqə möhtacdır. Əgər şərqlilər müasir elm və sənayedə Qərb nailiyyətlərindən istifadə edirlərsə, qərblilər də mənəvi dəyərləri Şərqdən öyrənməlidirlər. Həqiqətən də bəşəriyyət öz yaşayışında müasir sənaye və texnoloji avadanlıqlardan başqa mənəvi amillərə də ehtiyac duyur. Əgər cəmiyyətin ictimai-siyasi qurumları həyatın əsl fəlsəfəsindən ayrılsa və mənəvi dəyərlərə əsaslanmayaraq. yalnız maddi tələbatların ödənilməsinə yönəlsə. onda həyata zalımlıq. rəhmsizlik hakim olar.

Böyük İslam mütəfəkkirlərindən biri deyir: "Biz demirik ki, düşüncə və rəftarımızda özünütəcrid yolunu seçək və tarixin sivilizasiyalı inkişafından geri qalaq. Biz də karvanın sərnişinləriyik və orada öz payımız var. Daha doğrusu, biz müsəlmanlar, bəşər mədəniyyətinə misilsiz töhfələr vermişik. Amma təəssüflər olsun ki, bu gün öz qədir-qiymətimizi bilmirik. Parlaq və şanlı keçmişimizi düzgün qiymətləndirməyincə, dünya ictimaiyyəti arasında öz layiqli yerimizi tutmayınca, fikir və düşüncələrimiz köləlikdən azad olmayacaqdır. Yadlara əl açmaq adətini tərk edə bilsək, onların bizlərə necə itaət etdiyinin şahidi olarıq"(3, s. 28). Doğrudan da biz öz parlaq keçmişimizi əldən verməməli və daimi yaşayış prinsiplərimizi həyat təcrübəmizlə uyğunlaşdırmalı və qorumalıyıq. Biz öz mədəni dəyərlərimizin qiymətləndirilməsinə hər yerdə çalışmalıyıq. Biz hələ də İslamın dünyada tam təbliğinə nail ola bilmirik. Bir də ki, müsəlman xalqları və dövlətləri arasındakı münaqişə və çəkişmələr onların zəifləyərək dünyanın böyük ölkələrinin təsiri altına düşmələrinə səbəb olur.

Həqiqətən də hazırda İslam dini dünyada sürətlə yayılmaqdadır. Çünki xalqlar bu dinin necə sülhsevər, ədalətli, insanpərvər bir din olduğunu dərk edirlər. Parisdə çıxan jurnallardan birində şərqşünas Marsel Karder yazır: "Əvvəllər hökmdarların və şahzadələrin dini olan İslam bu gün ümumxalq dininə çevrilmişdir. Sel kimi coşqun olan xalqlar onun bayrağı altında birləşirlər. İslam Şimali Afrikadan həmin qitənin cənubuna doğru sürətlə və ardıcıllıqla irəliləməkdədir. Statistika da inkar olunmaz faktı təsdiq edir" (8, s. 48).

Bu gün əcnəbi təşkilatlar İslam ölkələrində illərlə güclü təbliğat aparsalar da dini xalqdan ayıra bilməmişlər. Görəsən, bu dinin daxilində hansı qüdrət var? Elə İslamın sirri də bundadır. Görkəmli filosof Volter qeyd etmişdir: "Məhəmmədin gətirdiyi din şübhəsiz   xristianlıqdan üstündür. Onun ayinində heç vaxt məsihilikdə olduğu kimi. dəlilik dərəcəsinə çatan küfr mövcud olmayıb. İslamda tək Allahı üç Allah və ya üç Allahı tək Allah saymayıblar. Yeganə inam bu dinin əsasıdır. İslam dini öz vücudu ilə həmin etiqadların banisinə borcludur. Xristianlıq qılınc və odla öz ayinlərini başqalarının boynuna yükləyir. Ey Rəbbim. kaş bütün Avropa xalqları özləri üçün müsəlmanları nümunə hesab edəydilər" (7, s. 134).

Volter xristianlıqda protestant məzhəbinin banisi sayılan Martin Lüter haqqında belə yazır: "Lüter Məhəmmədin ayaqqabısının bağını açmağa belə layiq deyil". Daha sonra bildirir: "Şübhə yoxdur ki, Məhəmməd (s) çox böyük şəxsiyyət olmuş və həm də böyük şəxsiyyətlər yetişdirmişdir. O, çox ağıllı başçı, ədalətli hakim. gözəl əxlaqlı bir peyğəmbər olduğu üçün yer üzündə ən böyük inqilab etmişdir" (9, s. 35).

L. Tolstoy isə bu fikirdə idi: "Məhəmməd (s) üçün təkcə vəhşi və qaniçən bir milləti yüksək tərəqqi və mədəniyyətə çatdırmaq işi kifayət qədər İftixarlı hesab edilə bilər. Məhəmmədin şəriəti ağıl və hikmətə uyğun olduğundan gələcəkdə bütün dünyada hökmranlıq edəcək".

İslam ədaləti və sülhü təkcə müsəlmanlar üçün yox, eyni zamanda bütün qeyri-müsəlmanlar üçün də bərqərar etmişdir.

Vaxtı ilə görkəmli filosof əl-Kindi "dil əhli" - əhli-lisan üçün çalışırdı. Bu, hər halda bir çox sahələrdə dini separatizmi tarazlaşdırılmış ümumi mədəniyyətin hamı tərəfindən başa düşülməsi zərurətinin yaranmasına çox mühüm sübutdur. Böyük müsəlman filosofları əl-Fərabininibn-Sinanın bir fəlsəfi dildə danışmaları bundan xəbər verir. Məhz İslamın vasitəçiliyi ilə yunan fikri ilə ilk dəfə geniş ümumi əlaqə yaranmışdı.

Qrünebaum "Klassik İslam" əsərində İslam mədəniyyətinin tarixi inkişaf yolunu izləmiş, sosial-iqtisadi münasibətlərin təhlilini vermiş, Şərq-Qərb şəhərlərinin ticarət naminə, mülkiyyət məsələlərinin şəhər əhalisinin milli-etnik xüsusiyyətlərinin, hərbi quruculuq və siyasi idarəetmə aparatının müqayisəli təhlilini göstərmişdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Qrünebaum İslamın irəli sürdüyü qayda-qanunları tam demokratik olduğunu və bundan bütün dünya ölkələrinin quruculuq işlərində istifadəsini tam məqbul saymışdır.

O yazır: "Xristian dünyası yalnız fəlsəfədə və elmdə İslamın əxz etdiyi və ərəb dilində ifadə olunmuş, XII əsrdən başlayaraq təzədən xristian mərkəzlərinə çevrilmiş şəhərlərdə, geniş tərcüməçilik işinin aparıldığı Toledoda diqqətlə öyrənildikdən sonra latın dilinə tərcümə edilmiş klassik irsin qorunub saxlanılmasına görə minnətdardır" (6, s. 304).

Tarixi faktlara nəzər yetirərkən, görürük ki, İslamı qəbul edən xalqlar elm və mədəniyyət sahəsində yeni konsepsiyalar işləyib hazırlamağa başladılar. Məhz bunun qarşısını almaq üçün

S. Hantinqton Avropa ölkələrini müsəlman ölkələrinin daxildən məhv edilməsinə çağırırdı. O yazır: "İqtisadi cəhətdən Qərb digər sivilizasiyalarla müqayisədə daha zəngindir. Lakin təbii artımın çox zəif olması, mənəvi durğunluq, mədəniyyətin geriyə doğru inkişafı, zəif iqtisadi artım, qeyri-qərb xalqlarının Qərb ölkələrinə kütləvi immiqrasiyası və s. kimi problemlər Qərbin öz mövqeyini itirmək təhlükəsini yaratmışdır". Həqiqətən də İslamın sürətlə inkişafı Qərbi vəlvələyə salmışdır (9, s. 53).

Qərbi digər sivil ölkələrə qarşı qoyan S. Hantiqton yazır: "Demoqrafik artım, sənayeləşmə. urbanizasiya, zəngin yeraltı sərvətlər ümumi savad və təhsil səviyyəsinin artması, çoxsaylı İslam təşkilatlarının və institutlarının olması və s. İslam ölkələrinin gələcəkdə Qərb üçün böyük təhlükə olduğunu sübut edir" (8, s. 200).

Qeyd etmək lazımdır ki, İslam Avropaya təkcə yeni biliklərin əxz edilməsinə deyil, mədəniyyətin inkişafına təsir göstərərək, yeni Avropa şüurunun formalaşmamda böyük rol oynamışdır. İslam orta əsrlərdən başlayaraq Avropa cəmiyyətinin məişətinə, ticarət-iqtisadiyyatına. ədəbiyyatına, texnikasına, siyasətinə, fəlsəfəsinə, dininə az, ya çox dərəcədə müxtəlif səviyyələrdə təsir göstərmişdir.

A. Juravskinin yazdığı kimi, "XII - XIII əsrlərdə müsəlman alim və filosofları Avropa xristian məktəblərində böyük nüfuza malik idilər. Belə ki, optika, botanika, əczaçılıq, praktik təbabət və bir çox sahələrdə İslam tədqiqatçılarına borcludurlar" (5, s. 11).

Müasir qloballaşma dövründə İslam bütün dünya dövlətlərini sülh və qardaşlıq şəraitində yaşamağa çağırır.