“İqtisadiyyat
və audit”.-2008.-¹8(98).–S.5-8.
İQTİSADİ TƏHLÜKƏSİZLİK
PROBLEMLƏRİ:
KÖLGƏ İQTİSADİYYATININ VƏ
KORRUPSİYANIN
CİLOVLANMASINA DAİR BƏZİ
MÜLAHİZƏLƏR
Bəyalı ATAŞOV -
"Azərittifaq"ın maliyyə-iqtisad
idarəsinin rəisi, iqtisad elmləri doktoru
Azərbaycan
Respublikasında bazar mühitinin formalaşdığı
indiki şəraitdə dövlət quruculuğunun möhkəmləndirilməsinin
əsas şərtlərindən biri həm ölkənin,
həm də mülkiyyət formasından asılı olmayaraq
bütün təsərrüfat subyektlərinin iqtisadi
təhlükəsizliyinin təmin edilməsidir.
Milli
təhlükəsizlik, o cümlədən iqtisadi
təhlükəsizliklə əlaqədar dövlət
başçısı cənab İlham Əliyevin
siyasi-hüquqi mövqeyi son vaxtlarda ümummilli maraqlar prizmasından
bir sıra direktiv sənədlərdə birmənalı
şəkildə öz əksini tapmışdır. Bir
neçə il öncə qəbul edilmiş "Milli
təhlükəsizlik haqqında", "Korrupsiyaya
qarşı mübarizə haqqında", "Kəşfiyyat
və əks-kəşfiyyat fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının qanunları və digər
normativ hüquqi aktlar bu qəbildəndir.
Bu
baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 2007-ci il 28 iyul tarixli sərəncamı
ilə təsdiq edilmiş "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı
mübarizə üzrə Milli Strategiya" və onun
həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün
Fəaliyyət Planının icrası bütün
sahələrdə maliyyə nəzarətinin
gücləndirilməsini tələb edir.
İnkişaf
etmiş ölkələrdə olduğu kimi, iqtisadi
həyatımızın bütün sferası
mahiyyətcə bir-birindən fərqlənən iki hissəyə
bölünür. Bunlar ümumi daxili məhsulun (ÜDM) mütləq çoxluğunu
təşkil edən leqal (açıq, rəsmi, aşkar)
və ÜDM-in 15-18%-i
civarında olmaqla, ümumi iqtisadiyyata
ciddi təhlükə törətməyən qeyri-leqal (gizli,
qeyri-rəsmi, kölgədə olan) seqmentlərdən
ibarətdir.
İqtisadiyyatın
açıq bölməsinə ölkə iqtisadiyyatında
mövcud olan normativ hüquqi baza müstəvisində
fəaliyyət göstərən sivil sahibkarlıq sferası daxildir.
Sahibkarlıq
fəaliyyətinin "kölgədə" olan sferası isə iqtisadiyyatın gizli
bölməsini təşkil edir. Bu sferada
sahibkarlar Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinin və Cinayət Məcəlləsinin,
digər normativ hüquqi aktların tələblərini,
həmçinin, sivil bazar münasibətlərinin
mənəvi-əxlaqı normalarım pozmaqla
hərəkət edirlər. Bu bölməyə gizli
iqtisadiyyat çərçivəsində fəaliyyət,
bizneslə mütəşəkkil cinayətkarlığın
könüllü və yaxud məcburi
şəkildə çulğaşması, haqsız
rəqabət, korrupsiya, kriminal reket,
fırıldaqçılıq, sənaye casusluğu və s.
aiddir.
Hesab edirik
ki, iqtisadi təhlükəsizliyin mahiyyəti və tərkib
hissəsi məsələlərini təhlil edərkən biz, ilk növbədə, bir-biri ilə sıx
bağlı olan "şəxsiyyət-cəmiyyət-dövlət"
həlqəsinin təhlükəsizliyi
anlayışını önə çəkməliyik.
Cəmiyyətin
təhlükəsiz inkişafmı təmin etmək, yəni
daxili və xarici təhdidləri, xətərləri qabaqcadan
görüb zərərsizləşdirmək ölkənin
hakimiyyət strukturlarının başlıca
vəzifələrindən biridir.
Sözün
tam mənasında, təhlükəsizliyin təmin
edilməsi ümumdövlət, ümumxalq işidir. O,
ağır bir ictimai-siyasi, sosial-iqtisadi proses olmaqla, inteqral
səciyyə daşıyır, respublika, bölgə və
yerli hakimiyyət, həmçinin, idarəetmə orqanlarının,
dövlətin sərəncamında olan bütün qüvvə
və vasitələrin, birgə səylərin ümumi
nəticəsi kimi qiymətləndirilir.
Milli
təhlükəsizliyin ümumi sistemində
müəyyənedici yer iqtisadi təhlükəsizliyə
məxsusdur. "İqtisadi təhlükəsizlik"
anlayışı xarici ölkələrin təcrübəsində
geniş yayılmasına baxmayaraq, respublika
iqtisadiyyatının idarəetmə orqanlarının
fəaliyyətində nisbətən yenidir və
bir-mənalı şərh olunmur. Ümumi qəbul edilmiş
tərif isə belədir: iqtisadi təhlükəsizlik
xalqın özünün iqtisadi inkişaf yollarını
və qaydalarını müstəqil şəkildə müəyyənləşdirə
bilən ictimai vəziyyəti xarakterizə edir.
İqtisadi
təhlükəsizliyə milli iqtisadiyyatımızın,
ən azı, aşağıdakı problemlərini həll
etməklə nail olmaq mümkündür:
- ictimai
tələbatların mümkün qədər maksimum
dərəcədə ödənilməsi;
- texniki-iqtisadi
və texnoloji müstəqillik, eyni zamanda, daxili və xarici
hədələrdən ölkənin
toxunulmazlığının qorunması;
- dövlətin
cari məqsədlərinin dəyişməsindən və
onlara uyğun xarici və daxili təhlükələrin müvafiq
transformasiyasından asılı olmayaraq, daxili və xarici
bazarlarda Azərbaycanın iqtisadi maraqlarının
müdafiəsi.
Bizə
elə gəlir ki, səbəbindən və miqyasından
asılı olmayaraq, iqtisadiyyatı normal məcrasından
çıxara biləcək əsas təhlükələri
kənarda yox, daxili mühitdə axtarmaq lazımdır.
Dünya təcrübəsi göstərir ki, daxili
təhdidlərin müxtəlif olmasına baxmayaraq,
iqtisadiyyatın inkişafına daha çox
dağıdıcı təsir göstərən faktorlar
aşağıdakılardır:
- ölkə
iqtisadiyyatının siyasi elitalar, partiyalar və
hərəkatlar tərəfindən siyasi qarşıdurma
obyektinə çevrilməsi;
- üfqi və şaquli təsərrüfat
əlaqələrinin qırılması, bu
əlaqələrin idarə olunmasının itirilməsi;
-
iqtisadiyyatın texniki-texnoloji bazasının tənəzzülü;
- işsizlik
(inflyasiya ilə üst-üstə düşəndə daha
təhlükəli olur);
- inflyasiya.
Vergilərin
ödənilməsindən kütləvi şəkildə yayınma,
istehsalın inhisarlaşması, iqtisadiyyatın və
cəmiyyətin kriminallaşması, daxili və xarici
borcların artması, valyuta ehtiyatlarının xaricə
axması kimi hallar da daxili iqtisadi təhdidlərə aiddir.
İqtisadi
təhlükəsizliyi təkcə daxili faktorların
təsiri ilə məhdudlaşdırmaq olmaz. Dünya
təsərrüfat sisteminə inteqrasiya, xarici kapitalın
təsirinin artması, mütəşəkkil
cinayətkarlığın beynəlmiləlləşməsi
proseslərində və beynəlxalq bazarlarda xarici kapital
tərəfindən Azərbaycanın potensial rəqib kimi
sıxışdırılması cəhdlərində də
iqtisadiyyatımızın zəifləməsini hədəf
götürə bilən real təhdidlərin elementləri
vardır.
İqtisadi
təhlükəsizlik problemlərini araşdırarkən son
vaxtlar mütəxəssislərin və əhalinin geniş
kütləsi arasında çox yayılmış "kölgə
iqtisadiyyatı" (Kİ) anlayışına
nəzər salmağı lazım bilirik. Məişət səviyyəsi
anlamında bu, qeyri-qanuni fəaliyyət kimi təsəvvür
edildiyindən, çox da dəqiq yozulmur. Bizim fikrimizcə,
daha düzgün olardı ki, onu "qeydiyyatdan keçməmiş" və yaxud "gizli" iqtisadiyyat adlandıraq. Bu anlayışın
mütəxəssislər arasında da yekdil şərhi
yoxdur. Hər bir təşkilat ona öz korporativ maraqları
prizmasından baxır. Əslində isə söhbət
iqtisadi fəaliyyətin elə qanunvericilik müstəvisində
həyata keçirilməsi növlərindən gedir ki, onlar
bu və ya digər səbəbdən ənənəvi qaydada
statistika orqanları tərəfindən uçota alına
bilmir. Beləliklə, bütövlükdə qanunvericilik
çərçivəsində fəaliyyət göstərən,
lakin onun ayrı-ayrı tələblərini pozan (bəzi
sahibkarlar üçün qanunlara əməl etmək yox,
onların "yanından keçmək"
daha əlverişlidir) iqtisadiyyat növləri həmin kateqoriyaya
aid edilməlidir.
BMT-nin Statistika
Komissiyasının, Beynəlxalq Valyuta Fondunun, Beynəlxalq Yenidənqurma
və İnkişaf Bankının, Avropa Birliyi Komissiyasının
müxtəlif ölkələrdə tətbiqi tövsiyə
olunan və beynəlxalq standartlar kimi qəbul edilən milli
hesablar sistemində qeydə alınmamış (uçota
alınmamış, kölgə) iqtisadiyyat
anlayışına daha geniş şərh verilir. Həmin
hesablar sisteminə görə, kölgə iqtisadiyyatı
özündə iqtisadi fəaliyyətin bir neçə
növünü cəmləşdirir.
"Gizlədilmiş"
iqtisadi fəaliyyət çox hallarda qanunla qadağan edilməyən,
lakin fəaliyyət göstərən təsərrüfat
vahidləri vergilərdən, sosial ödənclərdən
və digər inzibati vəzifələrin yerinə yetirilməsindən
yayınmaq məqsədilə özlərinin istehsal (iş,
xidmət) həcmlərini gizlədən və yaxud azaldan
fəaliyyət sferalarını əhatə
edir. Bu hal spirtli içkilərin gizli istehsalı
baxımından da xarakterikdir.
"Qeyri-formal"
iqtisadi fəaliyyət fərdi istehsalçılar və
pərakəndə (korporativləşməmiş)
müəssisələr tərəfindən, əsasən,
qanun çərçivəsində həyata keçirilir.
Buraya bazarlarda ayaqüstü ət və digər zəruri
ərzaqların ticarətinin həyata keçirilməsini aid
etmək olar.
"Qeyri-leqal"
iqtisadi fəaliyyət qanunla bir-başa qadağan
edildiyindən, istehsal prosesinin aparılması,
əmtəənin satışı, iş və
xidmətlərin göstərilməsi qanunsuz hesab edilir.
Sözügedən hallara narkotik maddələrin istehsalı
və satışı daxil edilir.
Beynəlxalq
aləmdə gizli iqtisadiyyatın miqyası böyük olmaqla,
uçotdan və ölçüdən yayındığı
üçün onun dəqiq həcminin
müəyyənləşdirilməsi çox
çətindir. Bir sıra iqtisadçılar nisbi qiymətləndirməyə
imkan verən bəzi dolayı üsullardan istifadə
edirlər. Ekspertlərin qiymətləndirmələrinə
görə, keçən əsrin sonlarında inkişaf etmiş
ölkələrdə kölgə iqtisadiyyatının
həcmi, orta hesabla, ümumi daxili məhsulun 12%-ni,
keçid iqtisadiyyatlı ölkələrdə 23%-ni, inkişaf etməkdə olan
ölkələrdə isə 39%-ni
təşkil etmişdir.
Hazırda
dünya iqtisad elminin qarşısında duran ən aktual
vəzifələrdən biri kölgə iqtisadiyyatının
miqyasını müəyyən edə biləcək
üsulların işlənib hazırlanmasıdır,
çünki bu sahə ən az öyrənilmiş
problemlərdən biridir. Qərb ekspertlərinin
qiymətləndirməsinə görə, dünya
üzrə kölgə iqtisadiyyatının həcmi 8,0 - 8,5 trilyon dollar təşkil edir ki, bu da
ABŞ-ın ümumi daxili məhsulu ilə (təxminən
ona bərabər) müqayisə oluna bilər.
Nəzərə
almaq lazımdır ki, kölgə iqtisadiyyatı uçot
və nəzarətdən daim yayınmağa cəhd göstərdiyindən,
onun miqyasının qiymətləndirilməsi
öz-özlüyündə mürəkkəb problem hesab
edilir. Dövriyyədə nağd pul kütləsinin
dəyişməsi kölgə əqdlərinin
(fırıldaqların, saxtakarlıqların) dinamikasının
ən yaxşı indikatoru kimi çıxış edir.
Tədqiqat
göstərir ki, inkişaf etmiş ölkələr
arasında kölgə iqtisadiyyatının ən
yüksək hədləri bir sıra Qərbi Avropa
ölkələrində, nisbətən orta hədd ABŞ-da,
minimum hədd isə Yaponiya, İsveçrə kimi
ölkələrdə müşahidə olunur. Bu
fərqlər Avropanın bir çox ölkələrində
qarışıq iqtisadiyyatın yüksək
dərəcədə "dövlətləşdirilməsi",
Amerika fərdiyyətçiliyinin neqativ təzahürləri
və Yaponiyadaki "ictimai
qarşılıqlı razılıq" mühiti ilə (burada
hətta qanqsterlər narkobiznesdən, reketdən
və fahişəlikdən əldə etdikləri
mənfəətdən "vicdanla"
vergi ödəyirlər) izah olunur.
Müsbət
hal kimi qeyd olunmalıdır ki, 1995 - 2006-cı
illərdə respublikamızda ümumi daxili məhsul 8,4
dəfə artdığı halda, kölgə iqtisadiyyatının
ÜDM-də xüsusi çəkisi
təxminən 2 dəfə aşağı
düşmüş və bu azalma meyli son vaxtlarda da davam
etməkdədir. Belə ki, Dövlət Statistika
Komitəsinin məlumatlarına görə, 2006-cı ildə
18,0 milyard AZN məbləğində
istehsal olunmuş ümumi daxili məhsulun 16%-ə
qədəri "kölgədə fəaliyyət göstərən" təsərrüfat
subyektlərinin payına düşmüşdür. Bu isə
o deməkdir ki, əvvəlki ilə nisbətən
kölgə iqtisadiyyatının həcmi ölkə
üzrə 2 bənd aşağı
düşmüşdür.
Real
iqtisadiyyatın inkişafına ən ciddi əngəl
törədən amillərdən biri də korrupsiyadır.
Dövlət orqanları və vəzifəli
şəxslər səlahiyyətləri
çərçivəsində bu eybəcərliyə
qarşı mübarizə aparır və
gələcəkdə də aparacaqdır. Bu işi
dövlət səviyyəsində sistemləşdirmək
və əlaqələndirmək məqsədilə
ölkə başçısının xüsusi
sərəncamı ilə böyük səlahiyyətlər
verilmiş Korrupsiyaya Qarşı Mübarizə Komissiyası
yaradılmış və hazırda bu qurum son
dərəcə səmərəli fəaliyyət
göstərməkdədir.
Ölkəmizdə
kölgə iqtisadiyyatı problemləri ilə birbaşa
məşğul olan güc strukturlarından (respublika
Prokurorluğu, Daxili İşlər Nazirliyi, Milli
Təhlükəsizlik Nazirliyi) başqa, Dövlət Statistika
Komitəsi, həmçinin, Vergilər Nazirliyi və
onların yerli orqanları da müvafiq istiqamətdə iş
aparırlar. Statistika orqanları istehsal olunmuş, lakin
hesabatlarda əks edilməmiş məhsulu (işləri,
xidmətləri) uçota almaq məcburiyyətində qalır,
vergi orqanları isə fiziki və hüquqi şəxslərdən
maksimum həcmdə vergi toplamağa cəhd göstərir,
təsərrüfat subyektlərində vergi
cinayətlərinin ilkin araşdırılmasını
həyata keçirməklə, iqtisadiyyatımızın daha
da sağlamlaşdırılması istiqamətində
əhəmiyyətli fəaliyyət göstərirlər.
7-8 il bundan
əvvəl ölkəmizin maliyyə resurslarına və
onların axınlarına nəzarət edəcək
xüsusi səlahiyyətlərə malik və
fəaliyyətində tam müstəqil olan unikal bir orqan - Azərbaycan Respublikasının Hesablama
Palatası yaradılmışdır. Şübhə yoxdur
ki, bu nüfuzlu təşkilat iqtisadiyyatımızın
dövlət bölməsində şəffaflığın
daha da artırılması yönümündə
öz imkanları daxilində zəruri olan bütün
tədbirləri həyata keçirəcəkdir.
Sözsüz
ki, İqtisadi İnkişaf Nazirliyi və onun müvafiq strukturları
da, bir növ onların vəzifə borcu olduğundan,
kölgə iqtisadiyyatının bundan sonra da cilovlanması
və sağlam məcraya yönəldilməsi işini həmişə
diqqət mərkəzində saxlayacaqdır.
Respublikamızın
maliyyə nəzarəti sistemində ümummilli liderimiz
Heydər Əliyev tərəfindən imzalanmış
"Auditor xidməti haqqında"
Azərbaycan Respublikasının Qanunu ilə
yaradılmış Auditorlar Palatasının
özünəməxsus yeri vardır. Ötən illər
ərzində Auditorlar Palatası tərəfindən
aparılmış məqsədyönlü işlər
sayəsində audit müstəqil Azərbaycan
Respublikasının bazar yönümlü
iqtisadi strukturları arasında möhkəm yer tutmuş,
özünü əsil mənada müstəqil,
qərəzsiz maliyyə nəzarəti sistemi kimi
təsdiqləmişdir. Fəaliyyət göstərdiyi
müddətdə auditor xidməti ölkədə maliyyə
şəffaflığının təmin edilməsinə
nail olmaq istiqamətində xeyli iş görmüş və
hazırda da görməkdədir.
Tarixi
təcrübə və araşdırmalar göstərir ki,
bəşəriyyət, eləcə də hər bir
cəmiyyət həm təmiz, vicdanlı, həm də
əksinə, şərəfsiz və digər xoşagəlməz
insanlardan ibarət olduğundan, kölgə iqtisadiyyatı
bütün ölkələrdə bu və ya digər sferalarda mövcud olub, var və
gələcəkdə də olmayacağını demək
çətindir. Sadəcə olaraq, kölgə
iqtisadiyyatının həcmi və onun istifadə sferasının ÜDM-in
yuxarı həddinin 10-15%-ni təşkil
etməsi ümumi iqtisadiyyata dağıdıcı təsir
göstərmədiyindən, bütün cəmiyyət
üçün o qədər də təhlükəli hesab
edilmir.
Dövlət
kölgə bazarını iki yolla məhdudlaşdırmağa
və cilovlamağa çalışır. Birinci yol iqtisadi
tədbirlərə əsaslanır. Bu tədbirlər qeyri-leqal,
kölgə bazarı ilə təmasda olmaqdansa, sahibkarlara iqtisadi
və maddi cəhətdən daha faydalı və daha
təhlükəsiz olan bazar münasibətlərində
fəal iştirak etmək şəraitinin yaradılmasına
yönəldilir. İkinci yol dövlətin həyata
keçirdiyi məcburiyyət tədbirlərini, yəni
"qara bazar"la mübarizəyə.
yönəldilmiş qanunvericilik bazasının
təkmilləşdirilməsini və ardıcıl
şəkildə həyata keçirilməsini
nəzərdə tutur. Fikrimizcə, respublikamızın iqtisadi
qüdrətinin xeyli artdığı indiki
şəraitdə əvvəllər böhran
keçirmiş, hazırda isə inkişaf etmiş
ölkələrdə müvəffəqiyyətlə sınaqdan
keçirilmiş üsuldan yararlanmaqla, "qara pullar"ın sahiblərinə
müəyyən mənada amnistiya vermək
təcrübəsindən də istifadə imkanı
müzakirə edilə bilər.
Geniş
mənada, kölgə iqtisadiyyatına qarşı
mübarizədə iki əsas yanaşma vardır: bir
tərəfdən, hüquq-mühafizə orqanlarının
gücü ilə təsərrüfat subyektlərinin
qeyri-qanuni hərəkətlərinə qarşı mübarizə
aparmaq, digər tərəfdən, dövlətin iqtisadi
qaydalarını və tənzimləmə mexanizmlərini
elə təkmilləşdirmək ki, "qara"
kapitalların Azərbaycan iqtisadiyyatının real investisiyalarına
çevirilməsi tətbiq oluna bilsin.
Görünür,
yuxarıda dediyimiz kimi, kriminal ünsürlərlə mübarizəni
bir an belə dayandırmadan, iqtisadiyyatımızın
şəffaflığının təmin edilməsi
probleminin səmərəli və hərtərəfli
həlli üçün ehtiyat vasitəsi kimi, kölgə
kapitalının leqallaşdırılması yolu ilə
getməliyik. Bu, ilk növbədə, "qara"
pulların sahiblərinin əlindən real investisiyalara
çevrilə biləcək külli məbləğdə
vəsaitlərin cəmlənməsi ilə izah olunur. Ona
görə də bu potensial sərmayələr yaxın
gələcəkdə qanunla leqallaşdırılaraq,
hissə-hissə iqtisadiyyatımıza yatırılarsa,
ölkəmizin qüdrəti daha da artar.
Məhz
elə bu amilləri əsas götürərək, təklif
edirik ki, qabaqcıl ölkələrin müsbət
təcrübəsini, eləcə də xalq
təsərrüfatımızın inkişaf spesifikasını,
onun optimallaşdırma kriterilərini nəzərə
almaqla, yaxın gələcəkdə respublikamızın
iqtisadi təhlükəsizliyi haqqında qanun (yaxud proqram,
konsepsiya) qəbul edilsin və işlək mexanizmlər
vasitəsilə davamlı qaydada həyata keçirilsin.
Bu istiqamətdə
reallaşdırılacaq ciddi tədbirlərə hüquqi
zəmin yaratmaq üçün əvvəlcədən
Azərbaycan Respublikasının Antiinhisar
Məcəlləsinin qəbul edilməsini də
məqsədəuyğun hesab edirik, çünki bu,
iqtisadiyyatımızda sağlam rəqabət mühitinin daha
da güclənməsinə təkan verər.
Azərbaycan
hökuməti 2009 - 2010-cu illərdə,
tarixdə ilk dəfə kəsirsiz olmaqla, dövlət
büdcəsinin mədaxil və məxaricini 13,0 - 14,0 milyard manat səviyyəsinə
qaldırmağı planlaşdırır ki, bu da 2005-ci ilin
büdcəsindən 6 dəfə çoxdur. Bu isə o
deməkdir ki, iqtisadiyyatımızın dinamik
şəkildə güclənməsi, iqtisadi
təhlükəsizliyimizin sabit qaydada təmin edilməsi
yolunda hər birimiz işlədiyimiz sahədə maksimum
dərəcədə məhsuldar çalışmaqla,
müstəqil Azərbaycanımızın daha da
qüdrətlənməsinə, əhalimizin güzəranının
daha da yaxşılaşmasına öz töhfəmizi verməliyik.