“Azərbaycan məktəbi”.-2008.-№4.-S.47-52

 

Şəxsiyyətin formalaşmasının bəzi məsələləri

 

Aida Qasımova

Təhsil Problemləri İnstitutunun elmi işçisi

.

Şəxsiyyətin formalaşması mexanizmi və prosesi sosiologiyada "sosiallaşma" anlayışı vasitəsilə açıqlanır. Sosiallaşma prosesdir, onun vasitəsilə fərd mədəniyyətin əsas elementlərini: simvolları, mənaları, sərvətləri, normaları mənimsəyir. Bu mənimsəmənin əsasında (sosiallaşmanın gedişində) sosial keyfiyyətlərin, xüsusiyyətlərin, əməllərin və bacarıqların formalaşması baş verir, bunların sayəsində insan sosial qarşılıqlı əlaqə və qarşılıqlı təsirin səlahiyyətli iştirakçısı olur. Başqa sözlə, sosiallaşma - sosial "Mən"in inkişafı prosesidir. Sosiallaşma fərdin mədəniyyətə, tədrisə və tərbiyəyə qoşulmasının bütün formalarını əhatə edir.

Cəmiyyət - insanların dünyasıdır. İnsan bu dünyada doğulur, burada yaşayır, inkişaf edir, şəxsiyyətə çevrilir. Onun vasitəsilə müəyyən bilikləri, dəyərləri, davranış normalarını və s. mənimsəyir. İctimai həyatda insan fəaliyyətin müxtəlif növlərinə qoşulur, ətrafdakılarla qarşılıqlı təsirdə olur, müəyyən sosial mövqe qazanır. Sosiallaşma, sosial statuslar və rollar deviant (qeyri - normativ) davranış, münaqişələr və s. kimi mühüm sosioloji anlayışlar göstərilən prosesin müxtəlif cəhətlərini əks etdirən abstraksiyalardır.

Şəxsiyyətin formalaşması mexanizmi və prosesi sosiologiyada "sosiallaşma" anlayışı vasitəsilə açıqlanır. Sosiallaşma (latınca - sosialist - ictimai) şəxsiyyətin inkişafı, cəmiyyətə, sosial birliyə, qrupa xas olan sərvətlərin, normaların, davranış nümunələrinin öyrənilməsi və mənimsənilməsi prosesidir. Bu mənimsəmənin əsasında (sosiallaşmanın gedişində) sosial keyfiyyətlərin, xüsusiyyətlərin, əməllərin və bacarıqların formalaşması baş verir, bunların sayəsində insan sosial qarşılıqlı təsirin səlahiyyətli iştirakçısı olur.

Beləliklə, dünyaya gələn hər bir insan və ya fərd, tədricən insan mədəniyyətini mənimsəməyə başlayır, öz xüsusiyyətlərini qazanır, cəmiyyətə daxil olur, başqa insanlar arasında özünü təsdiq edir və şəxsiyyətə çevrilir. Bu proses iki istiqamətdə gedir. Bir tərəfdən, fərd sosial münasibətlər sisteminə daxil olaraq, öz cəmiyyətinin mədəni təcrübəsini, onun dəyərlərini və normalarını mənimsəyir. Bu halda o, ictimai təsirin obyektidir. Digər tərəfdən isə sosiallaşmaq insan cəmiyyətinin işlərində və onun mədəniyyətinin gələcək inkişafında daha geniş və fəal iştirak edir. Burada o artıq sosial münasibətlərin subyekti, iştirakçısı kimi çıxış edir.

Sosiallaşma erkən uşaqlıqdan başlanır və mahiyyətcə qocalığın sonuna kimi davam edir. O, fərdin mədəniyyətə daxil olmasının bütün proseslərini (onun öyrədilməsi və tərbiyəsi, başqa insanlarla qarşılıqlı təsiri, onun cəmiyyətin dəyər və birgə fəaliyyət növlərini mənimsəməsi, müəyyən hüquq və vəzifələrin, baxışların, vərdişlərin, və s. qazanılması) əhatə edir. Nəticədə insan tədricən bioloji varlıqdan cəmiyyətdə yaşamağa və fəaliyyət göstərməyə qabil olan sosial varlığa çevrilir.

Sosiallaşmanın bilavasitə sferalarını ailə, tərbiyə və tədris müəssisələri, əmək kollektivləri, dostların, tanışların, qohumların əhatəsi, kütləvi informasiya vasitələri və s. təşkil edir. Bununla yanaşı, insanların fasiləsiz sosiallaşması prosesində mədəni təcrübənin toplanılması və nəsildən-nəslə ötürülməsi baş verir.

Öz məzmununa görə sosiallaşma ikitərəfli prosesdir. Bir tərəfdən, o, cəmiyyətin sosial tarixi təcrübəsinin, simvolların, sərvətlərin və normaların ötürülməsindən (varislik prinsip), digər tərəfdən isə, fərdin onları mənimsəməsindən, interiorizasiyadan ibarətdir. Burada interiorizasiya dedikdə öz formasına görə xarici ictimai həyat proseslərinin şüurun daxili proseslərinə keçməsi başa düşülür.

Sosiallaşma prosesinin ilkin mərhələsində şəxsiyyət üçün onun başlıca mənası - özünün sosial yerinin axtarışıdır. Bu prosesdə əsas istinad nöqtələri bunlardır: 1) öz "Mən" inin dərk edilməsi; 2) öz "Mən" ini başa düşmə.

Öz "Mən" ini dərk etmə və başa düşmə - şəxsiyyətin öz müstəqilliyini əldə etməsi, "Mən" obrazının formalaşması prosesində iki müxtəlif andır. Öz "Mən"inin dərk edilməsi ilkin uşaqlıq illərində baş verir və onun əsas mərhələləri bunlardır: ilkin uşaqlıq illərində (2-5 yaş) düzgün yerimə və nitqə yiyələnmə, təfəkkürün və şüurun inkişafı, mürəkkəb fəaliyyət vərdişlərinin qazanılması, orta və son uşaqlıq yaşlarından məktəbdə öyrənmə.

Öz "Mən" ini başa düşmə - şəxsiyyətin sərvət özəyinin inkişafı prosesidir. Bu proses orta uşaqlıq illərində başlayır və "başqa insanlarla", "Mən"lərlə müqayisədə özünü daima qiymətləndirmək əsasında baş verir. Bu prosesin gedişində xeyir və şər, həyatın məqsədləri və mənası, başqa mənəvi-əxlaqi və dünyagörüşü təsəvvürləri formalaşır.

İnsanın öz şəxsi "Mən"ini duyması və şəxsiyyətin sosiallaşması dərəcəsi - eyniyyət və özünəhörmət (mənlik, heysiyyət) anlayışlarında əks olunur. Eyniyyət (eynilik) - başqa fərdlərdən fərqlənən, ayrılmış, unikal fərdiyyətin mövcudluğunu duymaq və ya özünü qrup sərvətlərinin istifadəsində başqa qruplardan fərqlənən unikal fərdiyyətin mövcudluğunu duymaq və ya özünü qrup sərvətlərinin istifadəsində başqa qruplardan fərqlənən unikal qrupun bir hissəsi kimi duymaqdır. Məsələn, müəyyən bir millətin nümayəndəsi öz millətinin mədəni nümunələrini başqa millətlərin mədəni nümunələri ilə tutuşduraraq, qabaqcıllığa can atır. Adətən, insanlar eyniliyi irqi, milli, dini və ya məşğuliyyət növünün əlamətinə görə müəyyən edir. Şəxsiyyət onun başqaları (xüsusən fikirləri onun üçün vacib olan başqaları) tərəfindən necə qiymətləndirilməsini mənimsəməsindən asılı olaraq özünə hörmət edir. Əgər qavrayış yaxşıdırsa, insanda özünə hörmət hissi inkişaf edir. Əks halda o, özünü ləyaqətsiz və qabiliyyətsiz hesab edəcəkdir. Bunun nəticəsində də insanda "naqislik kompleksi" yaranır ki, bu da özünü küskünlükdə, bədbinlikdə, passivlikdə və biganəlikdə göstərir.

Sosiologiyada sosiallaşmanın iki səviyyəsi fərqləndirilir: birinci sosiallaşma səviyyəsi və ikinci sosiallaşma səviyyəsi. Bu səviyyələrin hər birində sosiallaşmanın müxtəlif agentləri - mədəni təcrübənin ötürülməsinə cavabdeh konkret insanlardır. Sosiallaşmanın institutları isə sosiallaşma prosesinə təsir göstərən və onu istiqamətləndirən idarələrdir. Birinci sosiallaşma kiçik qruplarda şəxsiyyətlərarası münasibətlər sferasında baş verir. Sosiallaşmanın birinci agentləri kimi fərdin yaxın ətrafı - valideynlər, yaxın və uzaq qohumlar, ailə dostları, həm-yaşıdlar, müəllimlər, məşqçilər, həkimlər və b. çıxış edirlər. Bu agentlər ancaq fərd ilə daha yaxın ünsiyyətdə olduqları üçün deyil, həm də şəxsiyyətin formalaşmasına onların təsiri əhəmiyyət dərəcəsinə görə daha önəmli olduğu üçün birinci adlanırlar. İkinci sosiallaşma böyük sosial qruplar və institutlar səviyyəsində baş verir. İkinci agentləri - formal təşkilatlar, rəsmi idarələr - məktəb, ordu, dövlət strukturları və onları təmsil edən məmurlar və s. təşkil edir.

Sosiallaşmanın hər bir agenti şəxsiyyətin inkişafı üçün öyrədə və tərbiyə edə bildiyini verir. İlkin sosiallaşma agentləri universaldır. Onlarm təsiri əməli olaraq fərdin həyat fəaliyyətinin bütün sahələrini əhatə edir, onların funksiyaları isə qarşılıqlı əvəz ediləndir. İkinci sosiallaşma agentləri isə dar çərçivədə ixtisaslaşmış və fəaliyyət göstərən institutlardır. Hər bir institut öz funksiyalarına uyğun olaraq fəaliyyət göstərir. Onların vəzifələri də funksional dairələri ilə müəyyən edilir.

Sosiallaşma həyat silsiləsi ilə üst-üstə düşən mərhələlərdən keçir. Həyat silsilələri - insanın tərcümeyi-halında vacib mərhələlərdir. Onlar sosial "Mən"in inkişafının keyfiyyət mərhələləri - məktəbəqədər dövr, məktəbdə təhsil alma, tələbəlik həyatı, evlənmə, orduda xidmət, peşənin seçilməsi və işə düzəlmə, təqaüdə çıxma kimi qiymətləndirilə bilərlər. Həyat silsilələri sosial rolların dəyişməsi, yeni sosial statusun əldə edilməsi, həyat tərzinin dəyişilməsi ilə, əvvəlki adətlərdən, ətrafdan imtina etmək və s. ilə bağlıdır. Həyat sistemlərinin hər bir mərhələsi bir-birini qarşılıqlı tamamlayan iki proseslə müşayiət olunur: desosiallaşmaresosiallaşma. Desosiallaşma köhnə dəyərləri, normaları, rolları və davranış qaydalarını tərgitmək prosesidir. Resosiallaşma köhnələrin əvəzinə, yeni dəyərləri, normaları, rolları və davranış qaydalarını öyrənmə prosesidir. Fransız psixoloqu F. Priaje şəxsiyyətin inkişafının mərhələləri ideyasını irəli sürmüş və müdafiə etmişdir. O, təcrübədən və sosial qarşılıqlı təsirdən asılı olaraq fərdin idrakı strukturlarının inkişafım və onların sonradan qurulmasını göstərir. Bu mərhələlər müəyyən ardıcıllıqla biri digərini əvəz edir: sensor - motor (doğulandan 2 yaşına kimi), operasional (2 yaşdan 7 yaşa kimi), konkret əməliyyatlar mərhələsi (7 yaşdan 11 yaşa kimi), formal əməliyyatlar mərhələsi (12 yaşdan 15 yaşa kimi).

Sosiallaşma prosesi insanın bütün həyatı boyu davam edir. Böyüklərin sosiallaşması uşaqların sosiallaşmasından fərqlənir. Böyüklərin sosiallaşması insana müəyyən vərdişləri qazanmağa kömək etmək üçün nəzərdə tutulur, uşaqlıq illərində sosiallaşma isə, əsasən, davranış motivasiyası ilə bağlıdır. Psixoloq R. Qaroldun təklif etdiyi nəzəriyyədə böyüklərin sosiallaşması uşaq sosiallaşmasının davamı kimi deyil, uşaqlığın psixoloji əlamətlərinin aradan qaldırılması prosesi kimi qiymətləndirilir. Fərdin sosiallaşması elementlərini ilk dəfə fərqləndirənlərdən biri Z. Freyddir. O, özünün şəxsiyyətin strukturu nəzəriyyəsinə uyğun olaraq, sosiallaşmanı insanın anadangəlmə xüsusiyyətlərinin " inkişaf " prosesi kimi təsvir etmişdir.

Z. Freyd sosiallaşmanın psixoloji mexanizmlərini ayırmışdır: imitasiya, identifikasiya, abır-həya (xəcalət) və günahkarlıq hissi. İmitasiya-uşağın müəyyən davranış modelini başa düşərək yamsılamaq deməkdir. Təqlid üçün nümunə valideynlər, qohumlar, dostlar və b. ola bilər. İdentifikasiya - bu və ya digər birliyə mənsub olmanın dərk edilməsi üsuludur. İdentifıkasiya vasitəsilə uşaqlar valideynlərin, qohumların, dostların, qonşuların və b. davranışını, onların sərvətlərini, normalarını, davranış nümunələrini özlərininki kimi qəbul edirlər.

İmitasiya və ıdentifıkasiya pozitiv mexanizmdir, çünki onlar müəyyən davranış tipinin mənimsənilməsinə yönəlir. Xəcalət və günahkarlıq özündə neqativ mexanizmləri ifadə edir; belə ki, onlar bəzi davranış nümunələrini boğur və ya qadağan edir. Z. Freyd qeyd edir ki, xəcalət və günah hissləri bir-biri ilə sıx bağlıdır və demək olar ki, bir-birindən seçilmir. Ancaq onların arasında müəyyən fərqlər vardır. Xəcalət, adətən, ifşa və rüsvayçılıq hissi ilə assosiasiya olunur. Bu hiss fərdin hərəkətlərini başqa insanların qavramasına yönəlmişdir. Günahkarlıq hissi isə daxili həyəcanlarla, insanın öz hərəkətlərini özünün qiymətləndirməsi ilə bağlıdır. Burada cəzanı (tənbehi) insanın özü yerinə yetirir, nəzarətedici forma kimi vicdan çıxış edir.

T. Parsons sosial fəaliyyət və sosial sistem nəzəriyyəsində Z. Freydin öz tədqiqatına daxil etdiyi anlayışlardan istifadə etmişdir. O, imitasiyanı mədəniyyətin spesifik elementlərinin, xüsusi biliklərin, bacarıqların, mərasimlərin və s. mənimsənilməsi prosesi kimi müəyyən edir. Onun fikrincə, imitasiya "model" ilə heç bir uzunmüddətli münasibəti nəzərdə tutmur. İndentifikasiya isə insanların dəyərləri daxilən mənimsəməsini və sosial öyrənmə prosesini ifadə edir. İndentifikasiyanın dərəcəsi "başqasına" bağlılığın xarakteri ilə müəyyən edilir. Belə ki, ailədə bağlılıq daha güclüdür, ailə sosiallaşmanın əsas forması hesab edilir. Ailədən başqa bu prosesdə fərdin ətraf mühiti, o cümlədən kütləvi informasiya və kommunikasiya vasitələri də fəal iştirak edir.

Sosiallaşma mexanizmini qrup təcrübəsi vasitəsilə şəxsiyyətin rol konsepsiyası çərçivəsində " güzgü Mən" nəzəriyyəsi açıqlanır. Bu nəzəriyyənin əsasını qoyan Amerika sosial psixoloqu Ç. Kuli şəxsiyyətin öz "Mən" inin başqa şəxsiyyətlərdən fərqinin tədricən başa düşülməsi prosesini öyrənir. Ç. Kulinin fikrincə, hər bir insan ünsiyyətə girdiyi başqa insanların onu qəbul etməsinə və ya reaksiyasına əsaslanaraq öz "Mən"ini qurur. Başqalarının reaksiyası vasitəsilə aşkar edilən (açıqlanan) bu fərdi "Mən" Ç. Kulinin "güzgü Mən"i kimi tanınmışdır. Güzgüdə əks olunma fiziki "Mən" in obrazını verdiyi kimi, mənim davranışıma və xarici görünüşümə başqa insanların reaksiyalarının qavranılması sosial "mən" in obrazını verir. Sosial güzgü rolunu, birinci növbədə, valideynlər, yaxın və uzaq qohumlar, dostlar həmyaşıdlar, müəllimlər, məşqçilər və fərdin bilavasitə ətrafındakı başqa şəxslər yerinə yetirir. Şəxsiyyət inkişaf etdikcə referent qrupun seçilməsi zamanı daha ciddi olur və ona təsir edən nümunələrin seçkisini həyata keçirir. İnsan həmişə bəzi rəylərə çox, başqalarına isə az fikir verir. O hətta öz davranışı barədə bəzi rəyləri və reaksiyaları, ümumiyyətlə, saymaya bilər. Bu zaman fikirlərin (rəylərin) və ya təhrif edilmiş güzgünün səhv şərhi ehtimalı vardır.

"Güzgü Mən" əsasında şəxsiyyətin "Mən - obraz"ının formalaşması imkanını müəyyən edən Ç. Kuli şəxsiyyətin fəallığını nəzərə almışdı. Onun təliminə uyğun olaraq şəxsiyyət ancaq başqalarının rəyləri sayəsində inkişaf edir.

Çikaqo universitetinin professoru, filosof, sosioloq və sosial psixoloq C. Midin nəzəriyyəsində fərdin başqa şəxsiyyətləri qavraması prosesinin mahiyyəti şərh edilir və «güzgü Mən» nəzəriyyəsini məlum dərəcədə tamamlayan "ümumiləşmiş başqası" konsepsiyası inkişaf etdirilir. C. Midin konsepsiyasına uyğun olaraq "ümumiləşmiş başqası" özündə bəzi qrupların ümumi dəyərlərini və davranış standartlarını ifadə edir. Onlar bu qrupun üzvlərində fərdi "Mən - obrazı" formalaşdırır. Fərd ünsiyyət prosesində sanki başqa fərdlərin yerinə keçir və özünü başqa şəxsiyyət kimi görür. O, digərlərinin "ümumiləşmiş başqası" nın təqdim etdiyi qiymətlərə uyğun olaraq, öz hərəkətlərini və xarici görünüşünü qiymətləndirir.

"Ümumiləşmiş başqası" nın dərk edilməsi "rolun qəbul edilməsi" və "rolun yerinə yetirilməsi" prosesləri vasitəsilə inkişaf edir. Rolun qəbul edilməsi başqa vəziyyətdə və ya başqa rolun şəxsiyyət davranışını öz üzərinə götürmək cəhdidir. Uşaq oyunlarının iştirakçıları öz üzrlərinə müxtəlif rolları götürürlər. Rolun yerinə yetirilməsi həqiqi rol davranışı ilə bağlıdır.

Uşağa böyük rollarının yerinə yetirilməsinin öyrədilməsi prosesini C. Mid üç mərhələyə ayırırdı: hazırlıq, oyun, rolun yerinə yetirilməsi (icra edilməsi).

Hazırlıq mərhələsində (1-dən 3 yaşa kimi) uşaq başa düşmədən böyüklərin davranışını təqlid edir. İkinci mərhələdə (3-4 yaşda) uşaqlar təsvir etdiklərinin davranışını başa düşməyə başlayırlar, ancaq rolun yerinə yetirilməsi hələ sabit deyildir. Son mərhələdə (4-5 və daha yuxarı yaşda) rol davranışı toplanmış və müəyyən məqsədə yönəlmiş olur, başqa aktyorların rollarım hiss etmək qabiliyyəti üzə çıxır.

Bu prosesin gedişində fərd başqa rollara daxil olmanın bütün mərhələlərini ardıcıl keçir. Öz şəxsi davranışını başqa fərdlərlə qarşılıqlı əlaqədə görmək və başqa rolların dərk edilməsi vasitəsilə öz üzərində onların reaksiyasını, həmçinin başqa insanların hiss və sərvətlərini duymaq qabiliyyətini inkişaf etdirir, şəxsiyyətin şüurunda "ümumiləşmiş başqası" formalaşır. "Ümumiləşmiş başqası" nın rolunu təkrar və qəbul edərək, fərd tədricən öz " Mən"inin obrazını formalaşdırır. 

 

İstifadə edilmiş ədəbiyyat

 

1. Kratkiy slovar po sotsioloqii. M.: Politizdat, 1988.

2. Raduqin A., Raduqin K. Sotsioloqiya: kurs lektsiy. M.: 2000.

3.   Frolov S. Sotsioloqiya. M.: Qardariki, 1999.

4.  Mamedov F. Kulturoloqiya. B.: 2006.

5.  Volkov Yu., Dobrenkov V., Neripurenko V., Popov A. Sotsioloqiya. M.: Qardariki, 2000.

 

Резюме

В данной статье говорится о сущности, об основных содержаниях и механизмах понятия «социализация», «политическая социализация». Были раскрыты некоторые социологические, политические термины из лекций разных ученных и специалистов. В статье широко описывается о факторах политической социализации в развитии национальном сознании подростков.

 

Summary

In the article was investigated the meaning of concept of "sosialization", peculiarity of the manning and mechanisms? The levels of a socialization of a person, was explained in exile of thonqhts of different scientists and specialists, some sosialaqical terms were explaine, was given an information about some socialoqikal the ories.