Azərbaycan arxeologiyası. - 2015.-2.-S.58-63.

 

1918-Cİ İL QUBA SOYQIRIMINA ARXEOLOJİ NƏZƏR

 

Arzu Xəlilzadə

Bakı Dövlət Universiteti

azerbaiian@rambler.ru

 

Açar sözlər: Soyqırım, terrorizm, erməni, müsəlman, komissiya.

 

1918-ci ilin aprel-may aylarında daşnak-bolşevik birləşmələri tərəfindən Qubada və Quba qəzasında həyata keçirilən qətliamlar və talanlar bədnam qonşularımız olan erməni millətçilərinin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri antiazərbaycan mahiyyətli soyqırım siyasətinin bir həlqəsidir.

Yaxın-uzaq keçmişdə xalqımıza qarşı məhz özləri tərəfindən törədilən vəhşiliklər, soyqırımlar haqqında dünya ictimaiyyətinə daima yalan məlumatlar verməyi bacaran erməni millətçiləri 1918-ci ilin yazında Qubada törətdikləri qanlı cinayətləri əks etdirən tarixi həqiqətləri Sovet dönəmində bolşevik ideologiyasının dəstəyi ilə ustalıqla təhrif etməyə, hətta unutdurmağa belə nail ola bilmişlər.

Bu məqalənin aktuallığı bu gün də Cənubi Qafqazda başlıca gərginlik ocağı olan Ermənistan dövləti üçün antitürk, antiazərbaycan yönümlü siyasətin prioritet olması, regionun sosial-iqtisadi inkişafi və siyasi sabitliyi üçün təhlükə mənbəyi olaraq qalmasıdır.

Bu gün də 1918-ci ilin yazında olduğu kimi erməni qəsbkarları xalqımıza qarşı əsassız irəli sürdükləri torpaq iddialarından, qisasçılıq müharibələrindən, xəyali «Böyük Ermənistan» yaratmaqdan əl çəkmir, iqtisadi və siyasi qüdrəti gündən-günə artan müstəqil Azərbaycanın nailiyyətlərini təbii ki, heç cür qəbul etmək istəmirlər. 1918-ci ilin yazında Qubada və Quba qəzasında dinc əhaliyə qarşı bolşevik-daşnak birləşmələri tərəfındən həyata keçirilən qətliamlar, talanlar, insanlığa xələl gətirən zorakılıqlar bir daha sübut edir ki, uydurma «Böyük Ermənistan» ideyasını həyata keçirməkdən ötrü erməni cəlladları xalqımıza qarşı hər zaman ən ağlasığmaz tədbirlərə əl ata bilər. «Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına «bəraət qazandırmaq məqsədilə» erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edir» (1).

1918-ci ilin yazında daşnak-bolşevik birləşmələrinin Quba şəhərində və qəzasında dinc əhaliyə qarşı həyata keçirdiyi qırğın və talanların ən etibarlı, ilkin mənbə kimi əvəzsiz elmi əhəmiyyət kəsb edən Fövqəladə Təhqiqat [səh.58-59] Komissiyasının sənədlərinin elmi-obyektiv konteksdə araşdırılaraq ictimaiyyətə təqdim olunması, təkcə hadisələrin düzgün öyrənilməsi baxımından deyil, həm də bolşevik pərdəsi altında gizlənərək yüzlərlə, minlərlə soydaşımızı dini və etnik mənsubiyyətinə görə terrora məruz qoyan erməni bədxahlarının əsl simasını nümayiş etdirmək baxımından da böyük ictimai-siyasi, sosial və elmi əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərmanda bəhs edilən hadisələrlə bağlı oxuyuruq: «Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir» (2). Demokratik dəyərlərin bolşevik mübarizə şüarları və metodları ilə əvəzləndiyi Sovet dönəmlərində biz bütün bu qanlı olaylardan xəbərsiz idik. «Sovet tarixşünaslığında erməni-daşnak və bolşevik birləşmələrinin müxtəlif vaxtlarda, о cümlədən, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı törətdiyi qırğınlar təhrif olunmuş şəkildə səciyyələndirilmiş, bu qırğınlarla bağlı tarixi həqiqətlərin insanların yaddaşlarından silinməsinə cəhdlər göstərilmiş, baş vermiş faciələr «proletar beynəlmiləlçiliyi» pərdəsi altında ört-basdır edilmişdir» (3,4).

Bolşevik ideologiyasına xas olan dözümsüzlük, qeyri tolerant və totalitar təfəkkürün təzahürü olan intellektual kasadlıq, tarixi prosesləri təhrif etmək, zamanın tələbləri ilə ahəngdar səslənən yeni ideyaların olmaması, ən başlıcası isə çar Rusiyası imperiyasında olduğu kimi türk-müsəlman əhalisinə qarşı ögey münasibət 1918-ci ilin yazında Bakı və Şamaxıdan sonra Qubada da əlini xalqımızın qanına bulayanların əsl simasını ört-basdır etməyə şərait yaradırdı.

1918-ci ilin yazında daşnak - bolşevik birləşmələrinin Qubada və Quba qəzasında törətdikləri qətliamlar, talanlar keçmişin ibrət dərslərini bilməyi, toqquşmaların güclənib faciəyə çevrilməsinin səbəb-nəticə əlaqəsini dərindən dərk etməyi, ictimai inkişaf qanunauyğunluqlarını, xalqın azadlıq uğrunda mübarizəsində mərhələlərin dəyişməsini yaddan çıxarmamağı tələb edir.

Bu mənada araşdırmalar bir daha sübut edir ki, xalq öz tarixi amalını dərk etməli, tarixin ibrət dərslərini unutmamalı, ən gərgin məqamda öz milli problemlərini həll etməyə hazır olmalıdır. Çünki tarixin müəyyən dönüş məqamlarında milli istiqlalımıza, suveren dövlət quruculuğumuza qənim kəsilən siyasi qüvvələrin əlində çox zaman bir alət olan bədxah qonşularımız xalqımızın fıziki məhvinə hesablanmış qanlı cinayətləri həyata keçirərkən nəinki onun izini itirməyi, hətta dünya ictimaiyyətində haqqımızda mənfı rəу formalaşdırmağı bacarırlar. [səh.59-60]

Quba qırğınlarını tədqiq etmək üçün yaradılan Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Novatskinin təhqiqat qrupu bir neçə ay ərzində hadisə yerinə baxış keçirmiş, zərərçəkənləri dindirmiş, 3 cilddə toplanan 451 səhifəlik sənəd və materialları toplamağa nail olmuş, bu sənədlər əsasında FTK sədrinə Quba hadisələrinə dair məruzəsini tərtib etmişdir.

Məhz bu sənədlər əsasında 1918-ci ilin yazında bolşevik-daşnak qüvvələrinin Qubada və Quba qəzasında 16 min adamı qətlə yetirməsi, 162 kəndi viran qoyması, 35 kəndin isə yer üzündən silinməsi bəlli olur.

A. Novatskinin məruzəsinə müraciət edək: «Quba qırğını ilə bağlı diqqəti cəlb edən məqamlardan ən əsası daşnak-bolşevik birləşmələrinin yerli əhaliyə vurduğu maddi ziyandır. A. Novatskinin məruzəsində 122 kəndin dağıdıldığı, 105 evin və tikilinin, iri mülklərin yandırıldığı, nəticədə əhaliyə 100 milyon manatdan çox zərər dəydiyi, daşnaklar tərəfindən 4 milyon nağd pulun, 4 milyon manatlıq qiymətli daş-qaşın, 95 milyon manatlıq müxtəlif malların, xalça, ev əşyaları və s. aparıldığı, dağıdılan kəndlərin əhalisinə 58 milyon 121 manatdan çox zərər vurulduğu göstərilir» (5, 69; 2).

FTK sənədlərinə istinadən deyə bilərik: «1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələrinin Quba qəzasında 162 kəndi dağıtdıqları məlumdur. Bu kəndlərin 35-i hazırda mövcud deyildir» (6, 69; 4).

Yuxanda sadalanan tarixi faktlar fonunda belə bir sual meydana çıxır, niyə müsəlman-türk əhali layiqli müqavimət göstərə bilməmişdir? Məsələ ondadır ki, bolşeviklər hakimiyyətə gələn kimi əhalidən silahları toplamışdı. Bir müddətdən sonra isə Stepan Şaumyanın göstərişi ilə ermənilərin silahları qaytarılmışdı. Müsəlman əhalinin və qurumların buna etirazlarına məhəl qoyulmamış və nəticədə bolşeviklərin və daşnakların əvvəlcədən planlaşdırdığı soyqırım baş tutmuşdu.

Bolşevik maskası altında gizlənmiş Serqo Martikyanın Qubadakı 1918-ci ilin qanlı may hadisələri zamanı hərbi-dəniz işləri komissarı Q. Korqanova məlumatında oxuyuruq: “Bizim dəstəmiz Qubanı tutmuşdur. Dəstənin bir hissəsi şəhəri hər tərəfdən mühasirəyə alır. Sovet hakimiyyətini bərpa etmək üçün oraya komissar göndərmişik” (7, 363). Amma biz artıq “Sovet hakimiyyətinin Qızıl Ordu adı ilə erməni-daşnak hərbi birləşmələri tərəfindən hansı şəkildə bərqərar edildiyinin FTK sənədlərindən aydın surətdə görürük. Bir sıra erməni tarixçiləri Bakı XKS-nın Azərbaycan qəzalarında, о cümlədən Qubada törətdikləri vəhşilikləri daşnaklarla ittifaqda törətdiklərini inkar etmirlər”. S. Şaumyan 1918-ci ilin 19 aprelindəki çıxışında deyirdi: “Düzdür, erməni milli alayları bizim müttəfiqlərimiz olduğuna görə biz onlardan istifadə etməyə məcbur olduq (8,75; 3,214; 4,84-88). Yəni Avropa və dünya ictimaiyyəti Stepan Şaumyanın planı əsasında bolşeviklərin siyasi hakimiyyətinin Bakının sərhədlərindən Azərbaycanın digər qəzalarına doğru genişlənməsi üçün daşnaklarla əlbir şəkildə həyata keçirdiyi və bu zaman təbii ki, [səh.60-61] dinc soydaşlarımıza qarşı həyata keçirilən soyqırımları ilə müşayiət olunan qanlı cinayətlər haqqındakı həqiqətləri əslində olduğu kimi deyil, baş verən olaylar barədəki məlumatlan erməni diasporunun hansı şəkildə təqdim etməsindən asılı olaraq qəbul edirdilər.

Avstriya tarixçisi Erix Fayql yazır ki, ermənilərin bütün bu cinayətləri törətmələrinə baxmayaraq, məhz bəhs edilən dövrdə özlərinə sülhsevər, qaniçən türklər tərəfındən soyqırıma məruz millət imicini qazandıra bilmişdilər. Özünü ambisiyalı aparan erməni diasporu isə təkcə Osmanlılara məxsus altı vilayəti deyil, həm də Azərbaycan torpaqları hesabına iri ərazilər tələb edirdilər (9. 92-93).

2007-ci ildə Quba şəhərində aşkar edilən kütləvi məzarlıq Amazaspın 1918-ci ilin mayında dinc soydaşlarımıza qarşı həyata keçirdiyi zorakılıqları bir daha dünya ictimaiyyətinə bəyan etdi. Amma nədənsə hələ də erməni təbliğatının təsirindən qurtula bilməyən Qərbin rəsmi dairələri Azərbaycan həqiqətlərinə ikili standartlar çərçivəsindən yanaşaraq xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımları, zorakılıq və talanları görmək istəmirlər. Bütün bunlar isə hadisələrin artıq çoxdan siyasi-ideoloji xarakter kəsb etdiyini göstərir.

Arxeologiya elminin təkcə yazıya qədərki tarixin deyil, eyni zamanda yeni tarixin öyrənilməsində də müəyyən xidmətləri vardır. Bu baxımdan soyqırımlarla bağlı kütləvi məzarlıqların arxeoloji tədqiqi mühüm əhəmiyyət kəsb edir. 1918-ci ilin yazında Quba qəzasında bolşevik-daşnak birlikləri tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımı öyrənmək üçün 2007-ci ilin iyulundan Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qəhrəman Ağayevin rəhbərliyi ilə kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılmış, 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılmışdır. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu sübut edilmişdir.

2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılmışdır. Memorial Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri görülmüş, rəmzi məzarlıq sahəsi yaradılmışdır. [səh.61-62]

 

Ədəbiyyat

1.       Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ciil 26 mart tarixli fərmanı. «Azərbaycan qəzeti», 27 mart 1998.

2.       Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ciil 26 mart tarixli fərmanı. «Azərbaycan» qəzeti, 27 mart 1998.

3.       İsgəndərov A. Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı. Tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilən dissertasiyanın avtoreferatx. Bakı, MEQA. 2004, 85 s.

4.       Yenə orada, s. 69; ARDA, f. 1061, siy.l, iş 95

5.       Yenə orada, s. 69; ARDA, f. 1061, siy.l, iş 95, vər. 5-8.

6.       İsgəndərov A. Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı..., s. 69; ARDA, f. 1061, siy. 1, iş 96, vər. 65.

7.       Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar. 1917-1918-ci illər. Bakı, Azərbaycan, 1960,675s.

8.       Галоян Г. Социалистическая революция в Закавказье в освещении буржуазной историографии. Москва. Социально-экономическая лит. 1960, с. 217; Галоян Г. Октябрьская революция и возрождение народов Закавказья. Москва, Мысль, 2006, с.69.

9.       Фаигл Э. Правда о терроре. Армянский терроризм-истоки и причины. Баку, Азернешр, 2000, 173 с.

 

ARCHAEOLOGICAL VIEW GENOCIDE IN GUBA OF 1918 YEAR

 

Arzu Khalilzade

 

Summary

 

Key words: genocide, terrorism, Armenian, Muslims, dashnaks.

 

Bloody events of 1918 year have been analyzed in the present article. lt is generally regarded as the main task of archaeological science and the search for the historical interpretation of traces of human activity only in certain segments of the past times. But the discovery in 2007, the year of the special archaeological expedition of the Institute of Archeology and Ethnography of the National Academy of Sciences of Azerbaijan in the territory of Guba's secret burial place of those killed in 1918 by Armenian Dashnaks - Bolshevist bands of several thousand innocent civilians showed how extensive is the problem of archaeology.lt has been determined that the gang led by Armenian terrorists, in April and May destroyed and burned 162 villages and killed more than 16,000 civilians only in Guba. This monstrous massacre was a real genocide against the Turkic-Muslim population of one of the important districts of Azerbaijan. Notably, it is reflected in the documents of EIC. [səh.62-63]

 

АРХЕОЛОГИЧЕСКИЙ ВЗГЛЯД НА КУБИНСКИЙ

ГЕНОЦИД 1918 ГОДА

 

Арзу Халилзаде

 

Резюме

 

Ключевые слова: геноцид, терроризм, армяне, мусульмане, дашнаки.

 

В представленной статье проанализированы кровавые события 1918 года на примере массового захоронения, открытое, в 2007 году в районе Кубы.

Общепринято считать основной задачей археологической науки поиски и историческая интерпретация следов человеческой деятельности только в отрезках отдельных времен прошлого. Но открытие в 2007-ом году специальной археологической экспедицией Института Археологии и Этнографии Национальной Академии Наук Азербайджана на территории Кубы места тайного захоронения убитых в 1918 году армянскими дашнако - большевитскими бандами несколько тысяч невинных мирных жителей показало, насколько обширны задачи археологической науки. Было установлено, что бандами, возглавляемыми армянскими террористами, только в Кубе в апреле-мае были разорены и сожжены 162 деревни и убито более 16 тысяч мирных жителей. Это чудовищное кровавое преступление было настоящим геноцидом против тюрко-мусульманского населения одного из важных округов Азербайджана. Примечательно, что оно нашло свое отражение в документах ЧСК.