“GEO Strategiya”.-2015.-¹ 2 (26).-Ñ.35-39.

 

FÖVQƏLADƏ HALLARIN QARŞISININ ALINMASIVƏ TERRORLA MÜBARİZƏ MƏSƏLƏLƏRİNİN QARŞILIQLI ƏLAQƏSİ

 

AKİF MARİFLİ,

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmlər doktoru proqramı üzrə dissertantı

 

Məqalədə mövzunun nəzəri və praktiki işlənilməsi üçün məhfum və anlayışlar arasında qarşılıqlı əlaqənin təmin edilməsi metodologiyasından istifadə edilmişdir. Belə ki, burada əsas vurğu məfhum və anlayışların düzgün başa düşülməsi istiqamətində edilmişdir. Buna görə məfhum və anlayışların təsbiti, hüquqi və elmi əsaslandırılması istiqamətində həm hüquqi-normativ aktlara, həm də elmi-siyasi, sosioloji araşdırmalara diqqət edilmişdir.

Fövqəladə halların aradan qaldırılması məsələsi onların hüquqi və elmi təsbiti ilə yaxından bağlıdır. Fövqəladə hal ölkə üçün və ya hər hansı bir region üçün əsaslı təhlükə yaranan zaman fövqəladə vəziyyətin baş verməsi ilə əlaqədar dövlətin müvafiq strukturlarının verdiyi bəyanatdır.

Bu fəaliyyət tədbirləri nəticəsində hökumətin bəzi qurumlarının və eləcə də müəyyən edilmiş ərazidə qeyri-hökumət təşkilatlarının normal fəaliyyəti müvəqqəti məhdudlaşdırıla bilər, vətəndaşlar yaranmış vəziyyət və ona uyğun hüquqi prosedurların tətbiqi nəticəsində öz normal davranışını dəyişməyə məcbur ola və ya edilə bilərlər. Müvafiq hüquqi prosedurun işə düşməsi və ona uyğun tənzimlənmənin həyata keçirilməsi səbəbi ilə dövlət orqanlarına fövqəladə hallarla əlaqədar planlar həyata keçirməyə, î cümlədən vətəndaş azadlıqlarını və insan hüquqlarını müvəqqəti məhdudlaşdırmağa səlahiyyət verilə bilər. Fövqəladə halın elan edilməsi və ya fövqəladə vəziyyətin təsbit edilməsi ilə dövlət təsisatı öz üzərinə düşən başlıca vəzifələri, insanların təhlükəsizliklərinin təmin edilməsini həyata keçirir. Bununla əlaqədar cəmiyyətin hüquqi və eləcə də həyata keçiriləcək fəaliyyətilə bağlı olaraq maarifləndirilməsi təmin edilməlidir ki, müəyyən hüquq və azadlıqların məhdudlaşdırılması normal qarşılana bilsin. Həyat və mal təhlükəsizliyinin təmin edilməsi, eləcə də liberal dəyərlərin və insanların mütləq ifadə azadlıqlarının təmin edilməsi üçün fövqəladə halın aradan qaldırılması və fövqəladə vəziyyətin düzəldilməsi bir zərurətdir (5, s. 28-37).

Dövlət orqanları əhalidə fövqəladə vəziyyət və hallarda çaşqınlığın və təşvişin yaranmaması üçün öz tərəfindən inzibati, mətbuat, texniki imkanları səfərbər edərək təbliğat-təşviqat tədbirləri həyata keçirir. Belə ki, fövqəladə hallara məruz qala biləcək icma üzvlərinin əvvəlcədən bu sahədə həyata keçirilən monitorinqlərdə, planlama və qiymətləndirmədə, eləcə də, təhsil proqramlarında iştirakı təmin olunur (9, 12-15). Fövqəladə hallarla bağlı hüquqi rejimlərin həyata keçirilməsi baxımından elmi ədəbiyyatlarda bir sıra təsnifatlar vardır. Bunlardan birində qeyd edilir ki, inzibati-hüquqi rejimlər bunlardır: 1) antiterror fəaliyyəti ilə bağlı; 2) fövqəladə hallarla bağlı; 3) müharibə vəziyyəti ilə bağlı (15,394).

Fövqəladə halın elan edilməsi ehtiyacı müxtəlif səbəblərdən, dövlətə qarşı daxildən və ya xaricdən silahlı basqın olduqda, milli bədbəxtliklər üz verdikdə, vətəndaş narazılığı, epidemiya, maliyyə və iqtisadi böhran və ya kütləvi etiraz zamanı meydana çıxa bilər. Son zamanlar bu təhlükələr kateqoriyasına terrorçu fəaliyyətlərin genişlənməsi də daxil olmuşdur. Bəzən konkret məkanlarda terror fəaliyyətlərinin güclənməsi ictimai asayişin pozulmasına, hətta humanitar fəlakətlərin yaranmasına belə gətirib çıxarda bilir. Çünki terror formaları, ünvanları bir çox hallarda fövqəladə halın yaranmasına gətirib çıxardır. Terror aktlarının hədəfləri mülki şəxslər, nəqliyyat vasitələri, ictimai və şəxsi evlər, sənaye müəssisələri [səh.35-36] və təhlükəli obyektlər, magistral boru kəmərləri, qida maddələri və su təminatıdır (16, 56). Hədəflərin hər birində fövqəladə halın yaranması üçün potensial vardır.

Burada müəyyən qədər terrorçuluğun mahiyyəti ilə bağlı olaraq bir sıra açıqlamalara ehtiyac vardır. Bəzi elmi təsbitlərə görə terrorçuluq, siyasi və ya ideoloji məqsədlərin həyata keçirilməsi üçün zorakılıq tədbirlərinə müraciət edilmə vasitəsidir (8, 5-6). Terrorçu qruplaşmaların müəyyən sosial-psixoloji xüsusiyyətləri olur. Bəzi elmi ədəbiyyatlarda bu xüsusiyyətlərin aşağıdakı təsnifatları verilməkdədir: millətçi-separatçı, dini-fundamentalist, sosial-inqilabi (11, 14-15). Psixoloji məktəb nümayəndələri hesab edirlər ki, terrorçuluğun siyasi hədəfləri uzun müddətli təsir əldə edə bilir (7, 14). Digərləri isə belə hesab edir ki, terrorçuluq yalnız siyasi məqsədlər üçün həyata keçirilmir. Î müxtəlif şəxslər və qruplar tərəfindən müxtəlif motivlərlə həyata keçirilə bilər (10, 3). Bir sıra müəlliflər isə terrorçuluğun qarşısının alınmasında fövqəladə hallar orqanlarının və digər hüquq-mühafizə orqanlarının rolunun xüsusi olduğunu qeyd edirlər. Çünki bu qurumlar terrorçuluğu öyrənmək və önləmək üçün xüsusi imkanlara malikdirlər (12, 9-20). Terrorçuluğun mahiyyəti ilə bağlı maraqlı dəyərləndirmələrdən biri də BMT-nin keçmiş baş katibi Koffi Annana məxsusdur. Onun fikrincə, terrorçuluq BMT-nin tərəfdar çıxdığı bütün dəyərlərə, demokratiya, insan haqları, stabilliyə qarşı qlobal təhlükədir, məhz buna görə də ona qarşı qlobal cavab lazımdır (13).

Təbii ki, uzun müddətli siyasi məqsədlərin həyata keçirilməsi üçün fövqəladə hallara səbəb ola biləcək terror aktlarının həyata keçirilməsi terrorçuların maraqlarına cavab verməkdədir. Terrorçuluqla bağlı beynəlxalq hüquqi təsbitlər də mövcuddur. BMT bir təşkilat olaraq terrorçuluğu əhalinin əksəriyyətində qorxu yaratmaq məqsədi ilə həyata keçirilən kriminal akt kimi qiymətləndirir (14).

Bütün dövlətlər kimi Azərbaycan Respublikası da adı çəkilən təhlükələrlə mübarizə aparılması üçün müəyyən hüquqi-normativ bazaya malikdir. Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin və strategiyasının hüquqi əsaslarının yaradılmasına yönəlmiş Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” 29 iyun 2004-cü il tarixli 712-IIQ nömrəli Qanununda terror təhdidi və ona qarşı səmərəli mübarizə vəzifəsi haqqında konseptual müddəalar öz əksini tapmışdır (4, s.366-384). Qanunla beynəlxalq terrorçuluq Azərbaycan Respublikasının milli təhlükəsizliyinə əsas təhdidlər kimi nəzərdə tutulmuş, müvafiq olaraq, beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması üçün əsas tədbirlər qismində müəyyən edilmişdir.

Azərbaycan terrorçuluqla mübarizənin yalnız hərbi aspektlərinə deyil, eyni zamanda humanitar aspektlərinə do böyük önəm verir. Əlbəttə ki, bu sahədə fəaliyyətin düzgün bir şəkildə təşkili üçün fövqəladə halların aradan qaldırılması istiqamətində müvafiq qurumların imkanlarının və kadr heyətinin bacarıqlarının artırılması istiqamətində xeyli işlər görülmüşdür. Azərbaycan humanitar fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişdir.

Beynəlxalq terrorun diqqət mərkəzində olan Azərbaycanda terror təhlükəsi hər an real olduğundan respublikamızın əks kəşfiyyat və xüsusi xidmət orqanları daimi olaraq bu bəlaya qarşı ciddi mübarizə aparır və onun qarşısının qabaqcadan alınması üçün yeni üsul və vasitələr axtarır.

Azərbaycan Respublikası tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən terrorçuluğa qarşı mübarizə sahəsində xarici dövlətlərlə, onların hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə, habelə terrorçuluğa qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Terrorçuluğa qarşı mübarizə sahəsində istər universal, istərsə də regional təşkilatlar səviyyəsində əməkdaşlığı gücləndirməklə Azərbaycan indiyədək terrorçuluğa qarşı mühüm beynəlxalq və regional konvensiyalara qoşulmuş, terrorçuluğa, mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizəyə dair 13 ikitərəfli saziş, 15 protokol və 2 memorandum imzalamışdır (6., 17, s.208). Bura birbaşa olmasa da, Azərbaycan Respublikasının fövqəladə halların aradan qaldırılması istiqamətində qoşulduğu beynəlxalq və ikitərəfli hüquqi-normativ aktlar da aiddir.

Azərbaycan Respublikasında fövqəladə halların aradan qaldırılması ilə Fövqəladə Hallar Nazirliyi məşğul olur. Bu qurum Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında yaradılmışdır. Azərbaycan Respublikasında təbii fəlakətlərin, texnogen [səh.36-37] xarakterli qəzaların və yanğınların qarşısının alınmasını, onların nəticələrinin aradan qaldırılmasını, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunmasını, ölkədə mülki müdafiə işinin təşkilini və həyata keçirilməsini təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq ölkə başçısı nazirliyin yaranması haqqında sərəncam imzalamışdır (1, s.3-4., 5, s. 28-40). Azərbaycan Respublikası fövqəladə hallar siyasətini həyata keçirən icra orqanı olan Fövqəladə Hallar Nazirliyi yarandığı ilk gündən beynəlxalq əməkdaşlıq və tərəfdaşlığı öz fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirmişdir. Nazirliyin yaranmasından ötən müddət ərzində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, kadr hazırlığı sahəsində birgə tədbirlərin həyata keçirilməsi, fövqəladə halların səmərəli idarə edilməsi, habelə fəlakətlər zamanı qarşılıqlı yardımın təmin edilməsi məqsədilə artıq bir çox xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq haqqında müxtəlif beynəlxalq sənədlər imzalanmış, müxtəlif səviyyəli qarşılıqlı səfərlər həyata keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyi BMT, NATO, ATƏT, MDB, GUAM, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Cəmiyyəti, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq və regional təşkilatlarla işgüzar əməkdaşlıq əlaqələri qurmuşdur.

Əməkdaşlıq çərçivəsində, xarici ölkələrin müvafiq dövlət qurumlan, beynəlxalq və regional təşkilatlar tərəfindən keçirilən müxtəlif beynəlxalq konfrans, treninq, seminar, yarış və təlimlərdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə yanaşı, Nazirliyin təşkilatçılığı və ev sahibliyi ilə Bakı şəhərində bir sıra müxtəlif tədbirlər keçirilmişdir.

Fövqəladə halların aradan qaldırılması dövlətin üzərinə düşən mühüm funksiyalardan biridir. Bunun üçün dövlət tərəfindən milli qanunvericilik əsas alınaraq fövqəladə vəziyyət elan edilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinə görə Fövqəladə vəziyyət qanuna uyğun olaraq, Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin bu qanun ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən, eləcə də yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətini tənzimləyən xüsusi hüquqi rejimdir(3). Azərbaycan Respublikasının bu sahədə əsas aldığı hüquqi prinsiplər öncə də göstərdiyimiz kimi beynəlxalq hüquqi standartlara uyğundur. Bu bir daha onu göstərir ki, milli və beynəlxalq hüquqi baza arasında fövqəladə halların qarşısının alınması məsələsində qanunvericilik prinsiplərinin unifikasiyası da xüsusi önəm daşıyan məsələlərdəndir. Bəzən bu sahədə milli və beynəlxalq qanunvericiliklər arasında baş verən kollizial hallar fövqəladə halların qarşısının alınması məsələsində qüvvələrin tam istifadə edilməsinə imkan vermir. Hətta beynəlxalq yardımın göstərilməsi qarşısında bir səddə çevrilə bilir.

Məqalədə ifadəsini tapmış olan mövzu ilə bağlı olaraq müəyyən qənaətlərin ortaya qoyulması məqsədi ilə aşağıdakı düşüncələrin elmi ictimaiyyətin və eləcə də peşəkar fəaliyyətlə məşğul olanların diqqətinə çatdırılmasını istərdik. Burada fikirləri aşağıdakı kimi qruplaşdıraraq söyləmək olar ki, fövqəladə halların aradan qaldırılması üçün müəyyən qurumların və vasitələrin mövcudluğu əsas şərtlərdəndir. Lokal mənada fövqəladə halların fəsadlarının aradan qaldırılması ilə təşkilat və qurumlar məşğul ola bilirlər. Lakin ölkə miqyasında və ya beynəlxalq miqyasda baş verəcək fövqəladə halların fəsadlarının aradan qaldırılması üçün dövlət siyasətinin düzgün qurulması lazımdır. Bunun üçün müəyyən fəaliyyətlərin sıralama ilə həyata keçirilməsi zəruridir.

Lokal mənada dedikdə, istənilən bir qurumun öz daxilində fövqəladə halların qarşısının alınması siyasət və vasitələrinin olmasıdır. Bu imkanlar hüquqi və texniki baxımından hansısa bir təşkilatın, qurumun daxili təhlükəsizliyinin təmin edilməsi əsasında proqramlaşdırılmışdır. Xüsusi ilə, belə tələblər dünyanın aparıcı şirkətlərində görülməkdədir. Hətta, bəzi hallarda bu şirkətlərin müvafiq vəzifəli şəxsləri və səlahiyyətli qurumları dövlət proqramlarının icrasını diqqətdə saxlayır və dövlət orqanlarının təcrübəsindən istifadə edirlər. Deyilən məqamlar özünü tam əks istiqamətdə də göstərə bilər. Dövlətin fövqəladə halların qarşısının alınmasında lokal təcrübədən geniş aspektdə və mənada istifadəsi də mümkündür.

Fövqəladə halların yaranma səbəblərinə diqqət yetirmək lazımdır. Fövqəladə hadisə hər hansı bir prosesin gedişatında normadan kənara çıxma nəticəsində baş verir. Hadisənin inkişaf xarakteri və onun nəticələri isə müxtəlif mənşəli pozulma faktları ilə müəyyənləşdirilir. Bu sistemin fəaliyyətini pozan təbii, antropogen, sosial və ya digər təsirlər ola bilər.

Fövqəladə hadisənin yaranma səbəbinin müəyyən edilməsi qədər mühüm əhəmiyyətə malik olan ikinci məsələ isə bu zaman ortaya çıxa biləcək risklərin qiymətləndirilməsidir. Bəzi ədəbiyyatlarda bu məsələ belə açıqlanır ki, risk hadisənin baş vermə ehtimalı və baş verəcəyi təqdirdə onun potensial nəticələrinin dərəcəsinin ifadəsidir. Deməli, baş vermə ehtimalının və yaxud nəticələrin kəskinliyinin azaldılması ilə risk səviyyəsi aşağı salma bilər. Íər hansı ilkin qəzanın baş verməsinin qarşısının alınması mübahisəlidir, buna görə də, ən səmərəli vasitə insanlara və ya ətraf mühitə zərər yetirə biləcək risk ehtimalının aşağı salınmasıdır (2, 7-12., 18, s.59-61,).

Amerikan müəlliflərinin fikrinə görə, risk kitablardan və ya kompüterin məlumat bazasından müəyyən edilmir, onlar hiss edilməz olaraq hər hadisədə müxtəlif olur və ixtisaslı mütəxəssislər tərəfindən qiymətləndirilir. Baxmayaraq ki, risk tamamilə aradan qaldırılmasa da, uğurla idarə oluna bilər. Fövqəladə hallarda cavab tədbirlərinin məqsədi cəmiyyət və icma üçün risk səviyyəsini minimuma endirməkdir. [səh.37-38] Fövqəladə müdaxilə zamanı mütəxəssislər öz rollarım riski öyrənməkdə deyil, riski qiymətləndirmədə göstərməlidirlər (19, s.204-209).

Beləliklə, bütün nəzərdən keçirilən amillərin kompleks yekunu olaraq onu demək lazımdır ki, fövqəladə halların aradan qaldırılması zamanı hüquqi və texniki fəaliyyətin qarşılıqlı əlaqələndirilməsi lazımdır. Hüquqi və texniki bazanın həyata keçirilməsində Azərbaycan Respublikası rəhbərliyi tərəfindən mühüm işlər görülmüşdür. Bununla belə qlobal inkişaf və fövqəladə halların çoxalması hüquqi və texniki bazanın dövri təkmilləşdirilməsini zəruri edir.