Milli Məclis”.-2015.-¹ 5.-may-iyun.-S.62-65.

 

Müasir şəraitdə dünyada həmkarlar ittifaqlarının qarşısında duran vəzifələr

 

Səttar Möhbalıyev

Milli Məclisin deputatı, AHİK-in sədri, BHİK-in vitse-prezidenti, iqtisad elmləri doktoru, professor

 

Qlobal maliyyə böhranı artıq bir neçə ildir ki, davam edir. Böhran dünyanın ən qabaqcıl ölkələrinin belə iqtisadiyyatında ciddi fəsadlar törətməkdədir; iqtisadi geriləmələri, işsizliyi qaçılmaz edib. Avropa Birliyinə daxil olan ölkələrin bir çoxunun düşdüyü vəziyyət bu dediklərimizə əyani sübutdur. Hələ 2008-d ildə - maliyyə böhranının ilk dalğası gələrkən inkişaf etməkdə olan ölkələrin, î cümlədən Azərbaycanın növbəti illər üçün iqtisadi durumu barədə bədbin proqnozlar verilirdi. Azərbaycan hökumətinin seçdiyi düzgün iqtisadi siyasət bu proqnozları alt-üst etdi. Respublikamızda dünya ölkələrində adi hala çevrilmiş kütləvi ixtisarlara yol verilmədi; irimiqyaslı layihələr dayandırılmadı, əməkhaqları azaldılmadı. Əksinə, yeni iş yerlərinin açılması tendensiyası davam etdirildi. Böhran Azərbaycanın hətta inkişafını belə ləngidə bilmədi.

2015-ci il aprelin 28-də keçirilən III Qlobal Bakı Forumunda Azərbaycan dövlətinin başçısı cənab Ilham Əliyevin səsləndirdiyi fikirlər də bu həqiqəti bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı: "Hətta bu gün neftin qiymətinin aşağı düşdüyü bir vaxtda - ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 5 faizdən çox artmışdır. Biz şaxələndirmə siyasəti, sərmayələr və müasir infrastrukturun, əlverişli işgüzar mühitin yaradılması sayəsində özümüzü neftin qiymətinin qeyri-sabitliyindən qoruya bilmişik".

Dünya iqtisadi böhranının təsirinin minimuma endirilməsi üçün dövlətimizin, hökumətimizin işləyib hazırladığı tədbirlərin həyata keçirilməsi işində həmkarlar ittifaqları da əzm və yaradıcılıqla iştirak ediblər. Təvazökarlıqdan uzaq olsa da deyim ki, böhrandan işçilərin ixtisarı hesabına çıxmaq cəhdlərinin qarşısı həmkarlar ittifaqları tərəfindən qətiyyətlə və uğurla alınıb. Bu uğurlara dövlətimizin dəstəyi, sosialyönümlü qanunlarımızın işləkliyi, beynəlxalq və milli həmkarlar ittifaqı hərəkatinın mümkün potensialından istifadəsi ilə nail olunub.

İşçilərin mənafeyini müdafiə və təmsil edən fəal bir təşkilat kimi tanınan AHİK dünya həmkarlar ittifaqı hərəkati ilə həmrəylik və əməkdaşlığı möhkəmləndirir. Bunların nəticəsidir ki, 2014-cü ilin may ayında Almaniyanın Berlin şəhərində keçirilən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) III Ümumdünya Qurultayında AHİK-ə etimad göstərərək onun sədri kimi məni BHİK-in vitse-prezidenti seçdilər. Namizədliyimin yekdilliklə dəstəklənməsi beynəlxalq həmkarlar ittifaqları hərəkatında təşkilatımızın göstərdiyi müstəsna xidmətlərə verilən qiymətin təzahürüdür. 161 ölkənin 178 milyon işçisini birləşdirən böyük bir qurumun rəhbər orqanlarında AHİK-in yüksək səviyyədə təmsil olunması, əlbəttə, iftixar hissi doğurur. Məlumat üçün deyim ki, bu gün BHİK dünyada gedən qlobal proseslərə təsir etmək gücündə olan nəhəng beynəlxalq təşkilatdır. Qnun çoxsahəli işi mil- [səh.62-63] li həmkarlar ittifaqları üçün böyük əhəmiyyət kəsb edir.

Təsadüfi deyildir ki, BHİK-in adını çəkdiyim III qurultayının əsas mövzuları da qlobal iqtisadi proseslərin həmkarlar ittifaqları qarşısında qoyduğu vəzifələrlə, işçilərin qlobal iqtisadiyyatin qurbanına çevrilməməsi yolunda səylərin birləşdirilməsi ilə bağlı idi. Qurultay əsas vəzifə olaraq həmkarlar ittifaqlarının nüfuzunu gücləndirməyi, potensialını və fəaliyyət mexanizmlərini yeniləməklə üzvlərin sayını artirmağı, iş yerlərini qorumağı əsas məqsəd olaraq qarşıya qoydu. Qurultay nümayəndələri qərara gəldilər ki, "tezliklə həmkarlar ittifaqlarının barışmaz mövqe nümayiş etdirməsinə və demokratikləşməsinə dair proqramın tətbiqinə start verilsin; gender bərabərsizliyinə qarşı mübarizə gücləndirilsin; hökumətlərdən insanların rifahına və layiqli əməkhaqqına xidmət göstərən qlobal sistemin tətbiqi tələb olunsun; işçilərin nüfuzunu və üstünlüyünü möhkəmləndirməkdən ötrü dünya həmkarlar ittifaqlarına daha 27 milyon yeni üzv cəlb olunsun".

BHİK Beynəlxalq Əmək Təşkilatı ilə birgə 2014-cü ilin sentyabr ayında keçirdiyi konfransı isə işsizliyin artmasının səbəblərinə həsr etmişdir. Qeyd olunmuşdur ki, gənclər arasında işsizlik daha ciddi problemdir. Hazırda dünya üzrə 73,8 milyon gənc işsizdir. İşçilərin maraq və mənafelərini qoruyan bir təşkilat olaraq gözlənilən təhlükənin tədricən azaldılıb sıfır vəziyyətinə gətirilməsinə qərar verilmişdir. Yaxın müddətdə əmək təşkilatlan və həmkarlar ittifaqları mərkəzləri ilə bir araya gələrək bu məsələnin həlli yollarını araşdırmaq nəzərdə tutulmuşdur.

BHİK ölkə başçılarının Davosda keçirilən beynəlxalq görüşündə əhalinin yaşayış səviyyəsinin, məşğulluq və əməkhaqqı məsələlərinin geniş müzakirəsini və kompleks tədbirlər planı hazırlamağı təklif edib. BHİK-in bütün çağırışlarına və qarşıya qoyduğu vəzifələrə dünya həmkarlar ittifaqları əməli işlərlə cavab verməyə çalışırlar. Məsələn, Avropa Həmkarlar İttifaqları Konfederasiyası 2015-ci ilin fevral ayında İstanbulda keçirilən Avropa İttifaqı ölkələrinin maliyyə nazirlərinin müşavirəsinə müraciət edərək, Avropa investisiya fondlarının açılmasına və milli büdcədən onlara vəsaitlərin köçürülməsinə çağırmışdır. Konfederasiyanın çap etdiyi məlumat kitabçasında həmin fondlardan həmkarlar ittifaqı hərəkatının maraqlan naminə istifadə olunmasına diqqət yetirilmişdir.

Həmkarlar ittifaqlarının beynəlxalq sahə birliyi olan "İndustriall" ötən il Avropa ölkələri üzrə yeni proqramın tətbiqinə başlamış, qeyri-standart məşğulluqla mübarizəsini davam etdirmişdir. Məqsəd "layiqsiz" iş yerlərini layiqli əməyə çevirməkdir. Qurum tərəfindən yaşayış minimumunun təmin olunması üçün böyük işlər görülmüş, qeyri-formal məşğulluğa qarşı etiraz aksiyaları keçirilmişdir.

Avropa həmkarlar ittifaqları əmək bazarında köklü dəyişikliklər əldə edilməsi üçün qeyri-formal məşğulluqla mübarizə aparmağın yollarından birini qeyri-formal iqtisadiyyatın leqallaşdırılmasında görür.

Ümumhəmkarlar İttifaqları Konfederasiyası (UHİK) BHİK-in təşəbbüsünə qoşularaq işçilərin tətil hüququnun müdafiəsi uğrunda ümumdünya gününün qəbul olunması ilə əlaqədar bəyanat qəbul etmişdir. UHİK bütün üzv həmkarlar ittifaqlarını beynəlxalq həmkarlar ittifaqları hərəkatının səsinə səs verməyə, ən fundamental əmək [səh.63-64] hüquqlarından birini müdafiə etməyə çağırmışdır.

2014-cü ilin 22 oktyabrında Bakıda keçirilmiş UHİK-in İcraiyyə Komitəsinin iclasında Ümumdünya Layiqli Əmək Gününün qeyd olunması və "Layiqli əmək uğrunda ümumdünya fəaliyyət günü" aksiyası ilə əlaqədar iş yerlərinin azaldılması və işçilərin ixtisarı hallarına qarşı mübarizə aparılması, minimum əməkhaqqının artırılması, gənclər və onların həmkarlar ittifaqına motivasiyası, azad ticarət xidməti haqqında müqavilələrlə bağlı həmkarlar ittifaqlarının mövqeyi və digər məsələlər müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, Azərbaycanda həmkarlar ittifaqlarının hüquqi və sosial vəziyyəti digər ölkələrdən, î cümlədən Rusiyadan yaxşı səviyyədədir. Həmkarlar ittifaqları sıralarında gənclərin sayının 30 faiz təşkil etməsi təqdirəlayiqdir. Təklif edilmişdir ki, Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini əks etdirən məruzənin mətni iştirakçı ölkələrin müvafiq qurumlarına göndərilsin, bu təcrübə öyrənilsin və tətbiq edilsin. UHIK-in rəhbərlərinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi beynəlxalq əməkdaşlıq baxımından önəmli hesab olunaraq, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

UHIK-in "Minimum əməkhaqqı minimum yaşayış həddindən aşağı olmamalı" həmrəylik kampaniyasında MDB ölkələri bütün mümkün vasitələrdən istifadə edərək ciddi iş aparıb. Bu məsələ hər il dövlət büdcəsinin layihəsi hazırlanarkən müzakirəyə çıxarılıb, hökumət nümayəndələri, parlament üzvləri və işəgötürənlərlə müvafiq danışıqlar aparılıb, bir sıra nailiyyətlər qazanılıb. UHİK-in üzv təşkilatları iqtisadi böhranın nəticələrinin işçilərin maddi vəziyyətinin ağırlaşmasına gətirib çıxarmasına imkan verməmək üçün var qüvvələrini sərf edirlər.

Bu gün ayrı-ayrı ölkələrin milli həmkarlar ittifaqlarının qarşısında duran vəzifələr ümumi xarakter daşısa da, ayrılıqda həmin ölkələrin özünəməxsus sosial-iqtisadi inkişaf yolu və sosial problemləri mövcuddur.

Bolqarıstan Həmkarlar İttifaqları Konfederasiyası kölgə iqtisadiyyatının aradan qaldırılmasını və gənclərin məşğulluğunun təmin edilməsini prioritet vəzifə kimi görür. Əksər Avropa ölkələrini sarsıdan qlobal iqtisadi böhran, hökumətin "kəmərləri sıxmaq" siyasətinə keçməsi Bolqarıstanda xoşagəlməz vəziyyət yaradıb. İşçilərin hüquqlarını və əhalinin sosial-iqtisadi maraqlarını qoruyan bu təşkilat əməkhaqqı və pensiyaların "dondurulması" siyasətinə, ixtisarlara və sosial ədalətsizliyə qarşı mübarizə aparır. Onların irəli sürdüyü təkliflər əmək bazarında stabilliyi təmin etmək, gəlirləri düzgün və ədalətli bölüşdürməkdir. Son illər Yunanıstanın düçar olduğu iqtisadi böhranla əlaqədar ölkə iqtisadiyyatına böyük ziyan dəyib, minlərlə iş yeri bağlanıb, işsizlik və yoxsulluq səviyyəsi artıb.

Ölkənin hemkarlar ittifaqları isə əmək haqlarının və pensiyaların artırılmasını, əmək müqavilələrinin dəyişilməməsini, işdən azad edilən dövlət qulluqçularının yenidən işə bərpasını, tam sığorta təminatının tətbiqini, muzdlu işçilərə qarşı vergilərin azaldılmasını tələb edirlər.

Almaniya Həmkarlar ittifaqları Birliyinin bəyanatında qarşıya qoyulan əsas vəzifələrdən biri Avropa istehsalat şuralarının səlahiyyətlərinin artırılmasına nail olmaqdır. Onların fikrincə, hazırda sosial dialoqun möhkəmləndirilməsinin ən yaxşı vasitəsi həmin orqanlardır. Bununla yanaşı birlik hökumətə təklif etmişdir ki, pensiya islahatları planına yenidən baxılsın, çünki işləyənlərin əksəriyyəti üçün şərtlər çox ağırdır.

İqtisadi böhrandan işçilərin az itkisiz çıxması üçün sahələr üzrə beynəlxalq həmkarlar ittifaqları öz imkanlarından maksimum istifadə etməyə çalışırlar.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası İordaniyanın "Aqaba Container Terminal" dəniz limanı işçilərinin etiraz aksiyaları ilə əlaqədar ölkənin Baş nazirinə müraciətindən sonra əmək mübahisəsi həll olunmuşdur; tərəflər arasında yeni kollektiv müqavilənin vaxtı uzadılmışdır. Bu, təkcə işçilərin həmrəyliyinin yox, həm də bütün həmkarlar ittifaqı təşkilatlarının dəstəyinin nəticəsidir.

Dünyanın ən irimiqyaslı mebel şirkəti olan "İKEA"nın Riçmond şəhərindəki (Kanada) zavodunun işçilərinin aksiyasında "Teamsters Union" Həmkarlar İttifaqı Təşkilatı da iştirak etmişdir. Rəhbərliklə aparılan danışıqlar nəticəsində razılaşma əldə edilərək yeni onillik kollektiv müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, hər il işçilərin maaşı artırılacaq, müavinətlər sistemli şəkildə ödəniləcək, hər bir işçi tibbi sığorta olunacaq. Bunlar həyata keçiril- [səh.64-65] mədiyi halda isə işəgötürən məhkəməyə verilə və cərimələnə bilər.

Kanadada fəaliyyət göstərən "Unifor National" Həmkarlar İttifaqları Təşkilatı "Qeyri-formal iqtisadiyyata son!" çağırışı ilə diqqəti ölkənin iqtisadi durumundakı vəziyyətə, gənclərin qeyri-stabil məşğulluğuna, həmkarlar ittifaqına maraqlarının olmamasına və daimi iş yerlərinin azalmasına yönəltmişdir. Həmkarlar ittifaqları bu qənaətə gəlmişlər ki, müasir cəmiyyətdə gənclər olmadan həmkarlar ittifaqlarının mövqeyini gücləndirmək, onların sosial-iqtisadi proseslərə təsirini artırmaq, keyfiyyətli kadr siyasəti aparmaq mümkün deyil. İndi onları həmkarlar ittifaqlarının həyatında fəal iştiraka cəlb etmək üçün geniş imkanlar açılıb. Gənclər şuraları, komitələri və təşkilatları bunları nəzərə almalı, həmrəylik aksiyalarında və kütləvi tədbirlərdə gənclərin fəal iştirakına yardım etməlidirlər.

Ümumiyyətlə, hər bir işçi başa düşməlidir ki, onun hüquqları var, onun sosial-sığortası olmalıdır, onunla əmək müqaviləsi bağlanmalıdır, ona müəyyən müavinətlər ödənilməlidir.

AHİK və onun üzv təşkilatlan beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsi olaraq işçilərin sosial əmək hüquqlarının müdafiəsi üzrə məsələlərdə BHİK-lə və digər beynəlxalq həmkarlar ittifaqı birlikləri ilə əlaqələrin müntəzəm davam etdirilməsinə xüsusi diqqət yetirirlər. AHİK dünya, Avropa və MDB dövlətlərinin həmkarlar ittifaqları birlikləri ilə dialoqun və mədəni mübadilənin müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi, əlverişli əmək şəraitinin yaradılması üçün bütün imkanlardan istifadə edir.

AHİK beynəlxalq arenada güclü, fəal və innovativ milli həmkarlar ittifaqı mərkəzi kimi təsdiq olunmaqda davam edir; 2000-d ildən BHİK-in, 2004-cü ildən UHİK-in üzvüdür. Üzv təşkilatların maraqlarını müdafiə edərək BƏT-lə əlaqələri gücləndirir, layiqli əmək uğrunda, əməyin və ətraf mühitin mühafizəsinə dair aksiyalarda, qadınların və gənclərin məşğulluq problemlərinə həsr olunmuş layihələrdə fəal iştirak edir.

AHİK ikitərəfli əməkdaşlıq barədə ilk müqaviləni türkiyəli həmkarları - Türkiyə Həmkarlar ittifaqları Konfederasiyası (Türkiyə İşçi Sendikaları Konfederasyonu) ilə bağlamışdır. Türkiyə həmkarlar ittifaqları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə, Xocalı soyqırımına biganə qalmamış, bu qətliamın dünya birliyi tərəfindən tanınması üçün bütün imkanlardan istifadə edirlər. Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqlarının minlərlə insanın iştirak etdiyi həmrəylik yürüşünü keçirməsi bunun bariz nümunəsidir.

Azərbaycan həmkarlar ittifaqları öz üzvlərinin maraqlarının müdafiəsində, əmək, iqtisadi, sosial məsələlər üzrə qanunvericilik aktlarının işlənib hazırlanmasında, əhalinin məşğulluq siyasətinin həyata keçirilməsində fəal iştirak edirlər. AHİK dünya həmkarlar ittifaqları hərəkatının bərabərhüquqlu üzvü kimi BMT-nin, BƏT-in, BHİK-in və ÜHİK-in işçilərin fundamental əmək hüquqlarının qorunması sahəsində qəbul etdikləri sənədləri və çağırışları dəstəkləyir, qarşıda duran vəzifələrin yerinə yetirilməsi məqsədilə dünya həmkarlar ittifaqları ilə bir sırada addımlayır.