Maliyyə və uçot - 2015.-№ 10.-S.55-60.

 

İnvestisiyaların mahiyyəti və tədqiqinin nəzəri-metodoloji əsasları

 

F.D. Bağırov,

ADİU-nun dissertantı

Açar sözlər: investisiya, xarici investisiya, investor, investisiya mühiti

 

XX əsrin ikinci yarısından geniş müşahidə olunmağa başlayan inteqrasiya prosesləri ölkələrarası iqtisadi münasibətlərə yeni xarakter verdi və bu proseslərin dərinləşməsi qloballaşan dünya iqtisadiyyatının xarakterik cəhətlərindən birinə çevrildi. Ölkələrarası iqtisadi-maliyyə münasibətlərinin dərinləşməsi həm qlobal, həm də milli iqtisadi maraqlar, eyni zamanda beynəlxalq iqtisadiyyatda mövcud olan ixtisarlaşma, dəyişən iqtisadi konyunktura ilə baş verən proseslərlə bağlı olmuşdur. Xarici iqtisadi əlaqələrin həm üfüqi, həm də şaquli istiqamətdə böyüməsi dünya iqtisadiyyatının ötən əsrin ikinci yarışında malik olduğunu xarakterik cəhətlərlə olmuşdur.

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin dərin iqtisadi böhranından çıxması iqtisadi dinamikanın sabitləşməsi və gələcək inkişafinın təmin edilməsi zərurəti külli miqdarda investisiya qoyuluşları tələb edirdi. Aydındır ki, həmin illərdə Azərbaycan belə maliyyə və investisiya resurslarına malik deyildi. Bu baxımdan büdcədə yaranan gərgin vəziyyət, ölkə daxilində dövriyyəyə cəlb edilməsi mümkün olan kifayət dərəcədə maliyyə-investisiya resurslarının olmaması Azərbaycanı ölkəyə xaricdən investisiya cəlb edilməsini obyektiv zəruriyyətə çevirdi. Məlumdur ki, Azərbaycan SSRI-nin tərkibində olarkən yeni istehsal güclərinin yaradılması, texniki-texnoloji cəhətdən yenidən silahlanması mərkəzləşdirilmiş qaydada ayrılan kapital qoyuluşları hesabına reallaşdırılırdı. Keçid dövrünün ilkin mərhələsində Azərbaycan daxili maliyyə və investisiya resurslarına olan tələbatları ancaq öz hesabına ödəyə bilməzdi. Ona görə də böhrandan çıxmağın, iqtisadi sabitləşmənin və inkişafın təmin olunmasının yeganə yolu ölkəyə mümkün qədər daha çox xarici investisiyaların cəlb edilməsi ilə mümkün idi. Yeni müstəqillik əldə etmiş ölkələrdə xarici investisiya cəlb etmək üçün hər şeydən əvvəl onun hüquqi bazasının yaradılması zəruridir. Bu məqsədə digər hüquqi baza ilə yanaşı investisiya fəaliyyəti haqqında və xarici sərmayələrin qorunması haqqında qanunlar ölkəyə xarici sərmayənin cəlb olunmasında müstəsna rol oynamışdır.

Ümumən, xarici investisiya qoyuluşu anlayışı çox mürəkkəb, çoxcəhətli və bəzən də sosial-iqtisadi nəticələrinin birmənalı qiymətləndirilməsi çətin olan iqtisadi kateqoriyadır. Mövcud iqtisadi ədəbiyyatda xarici investisiya qoyuluşu anlayışı tədqiq olunarkən daha çox ağırlıq investisiya anlayışı şərh edilir. Biz burada xarici investisiya anlayışını geniş şərh etməyə ehtiyac duymuruq, çünki bütün tədqiqat boyu xarici investisiya qoyuluşunun iqtisadi inkişafdakı rolu, funksiyaları, prioritetləri araşdırılaraq dəyərləndiriləcəkdir. О da məlumdur ki, investisiya anlayışını bütünlükdə tam dərk etmədən xarici investisiya qoyuluşu anlayışını da tam şərh etmək mümkün deyil.

İqtisadi ədəbiyyatlarda çox zaman"İnvestisiya" və "kapital qoyuluşları" (1, səh.17) terminlərini eyniləşdirirlər. Lakin bu iki termin arasında iqtisadi mahiyyətinə görə fərqlər vardır. Düzdür, hər iki iqtisadi terminin oxşar cəhətləri də vardır. Lakin onların icra etdiyi məqsədlərin formalarında fərqli cəhətlər meydana çıxır ki, onları təhlilə cəlb etməklə dəqiqləşmələr aparmaq zəruridir.

Dünya İqtisadi ədəbiyyatında və müxtəlif iqtisadi ensiklopediyalarda investisiya anlayışı fərqli izah edilir. Misal üçün, «investisiya - kapitalın ölkə daxilində və xaricində uzunmüddətli qoyuluşdur» (l,səh.89) «İnvestisiyalaşdırma-kapitalın formalaşdırılması və gələcəkdə gözlənilən artan tələbatın xeyrinə, gəlirlərdən cari tələbatın ödənilməsi üçün imtina edilməsidir» (2,səh.l60), «İnvestisiya - təsərrüfat fəaliyyətinə istiqamətləndirilən əmanətdir; kapital qoyuluşudur» (4,səh.42). «İnvestisiya - kapitalın yerləşdirilməsi yoludur, hansı ki, onun saxlanılmasını və ya dəyərinin artımını təmin edir və müəyyən həcmdə gəlir gətirir» (5,səh.94), «investisiya – [səh. 55-56] mənfəət və (və ya) digər müsbət effektə nail olmaq məqsədilə sahibkarlıq və (və ya) digər fəaliyyət obyektlərinə qoyulan pul vəsaiti, qiymətli kağızlar, digər mülkiyyət, о cümlədən mülkiyyət hüququ, digər hüquqlar, maddi qiymətlilərdir» (6,səh.6), «Xarici investisiya - Rusiya Federasiyası ərazisində sahibkarlıq fəaliyyətinə xarici investorlara məxsus mülki hüquq, о cümlədən pul, qiymətli kağız..., digər mülkiyyət, mülkiyyət hüququ, maddi qiymətlilər, intellektual fəaliyyət nəticəsinə hüquqi, həmçinin xidmət və informasiya formasında qoyulan xarici kapitalıdır» (6,səh.l4).

İnvestisiyanın iqtisadi məzmununu dərindən öyrənmək, onun iqtisadiyyatda rolunu tədqiq etmək üçün investisiya anlayışının mənasını nəzərdən keçirmək lazımdır.

Azərbaycanlı iqtisadçılar akademik Ə.M. Abbasov, i.e.d. M.M. Bağırov, i.e.d. D.A. Bağırov, i.e.d. S.H. Purhani tərəfindən buraxılmış "İzahlı iqtisadi terminlər lüğətində" investisiyaya belə izah verirlər: investisiya - öz ölkəsində, yaxud xaricdə müxtəlif sahələrdəki müəssisələrə, layihələrə, sosial-iqtisadi proqramlara, innovasiya layihələrinə kapitalın uzunmüddətli qoyuluşudur. Uzun müddətdən sonra səmərə verməyə başlayır. İnvestisiyanın izahına belə yanaşma çoxsaylı yanaşma və mövqelərdən biridir.

Elə həmin mənbədə investisiyaların aşağıdakı növlərini fərqləndirirlər:

1.      Dövlət investisiyaları;

2.      Xarici investisiyalar;

3.      Özəl investisiyalar;

4.      İstehsal investisiyaları;

5.      İntellektual investisiyalar;

6.      Nəzarət investisiyaları;

7.      Qeyri-nəzarət investisiyaları; (3, səh. 378).

İqtisadi ədəbiyyatlarda investisiyaların qeyd edilən növlərini istifadə istiqamətlərinə görə investisiyaları portfel investisiyalara və real (birbaşa) investisiyalara ayırırlar.

Qeyd etmək lazımdır ki, investisiyanın hansı növə aid olmasına baxmayaraq, onun nə mahiyyəti, nə də ki, iqtisadi prosesdə oynadığı rol dəyişmir. Tədqiqatın məqsəd və vəzifələrinə uyğun olaraq investisiyaların növlərini nəzərdən keçirək:

Dövlət investisiyaları - bu və ya digər layihə və proqramların reallaşdırılması üçün dövlət büdcəsi hesabına və ya dövlət maliyyə mənbələri hesabına həyata keçirilən investisiyalardır.

Xarici investisiyalar - bu və ya digər layihə və proqramların reallaşdırılması üçün xarici investorlar, dövlətlər, banklar, şirkətlər sahibkarlar tərəfindən qoyulan investisiyalardır.

Özəl investisiyalar - bu və ya digər layihə və proqramların proqnozlaşdırılmasına yönəldilən həm şəxsi, həm də cəlb edilmiş vəsaitləri daxil etməklə özəl, korporativ müəssisə və təşkilatların, vətəndaşların hesabına yaranan investisiyalardır.

İstehsal investisiyaları - yeni tikintiyə, mövcud müəssisələrin yenidən qurulmasına, genişləndirilməsinə və texniki cəhətdən yenidən silahlanmasına yönəldilən investisiyalardır.

İntellektual investisiyalar - bu əqli və mənəvi məhsulun yaradılmasına yönəldilən investisiyalardır.

Nəzarət investisiyaları - şirkətin səs hüquqlu səhmlərinin 50%-dən çoxuna sahibliyi təmin edən investisiyalardır.

Qeyri-nəzarət investisiyaları - şirkətin səs hüquqlu səhmlərinin 50%-dən az hissəsinə sahibliyi təmin edən investisiyalardır.

Portfel investisiyaları - bu növ investisiyalar investor tərəfindən səhmlərin, istiqrazların, digər qiymətli kağızların, habelə başqa müəssisələrin aktivlərinin alınmasına yönəldilən investisiyalardır. Portfel investisiyalarmı reallaşdıraraq investor öz maliyyə kapitalını həmin investisiya məbləği qədər artırmış olur.

Real (birbaşa) investisiyalar - investor tərəfindən yeni yaradılan müəssisələrə, eyni zamanda fəaliyyətdə olanların texniki cəhətdən yenidən qurulmasına, rekonstruksiya olunmasına, onlarda yeni texnologiyanın tətbiq olunmasına yönəldilən investisiyalardır. Bu növ investisiya qoyuluşları reallaşdırılarkən nəticədə istehsal fondlarının artımı baş verir, zəruri dövriyyə fondları formalaşır.

Göründüyü kimi, investisiya anlayışı çox geniş bir məfhumdur. О özündə iqtisadi fəaliyyətin о qədər elementlərini özündə birləşdirir ki, onu bəsit formada nəzərdən keçirmək olmaz. Bu termin özündə dövlətin, hüquqi və fiziki şəxslərin yeni təşkilat və müəssisələrin yaradılmasına, texniki cəhətdən yenidən qurulmasına, genişləndirilməsinə, fəaliyyətdə olan istehsal və tikinti sahələrinin yeni texnoloji avadanlıqlarla və texnologiya ilə təmin edilməsinə, daşınmaz əmlakın və müxtəlif növ qiymətli kağızların alınmasına yönəldilmiş pul [səh. 56-57] vəsaitlərinin, əmlakın və intellektual potensialın istifadə olunması prosesini özündə əks etdirir.

Qeyd etmək lazımdır ki, investisiya fəaliyyəti onun formalarının hansının (ya xarici, ya da daxili) tətbiq olunmasından və ya harada (ölkə daxilində və xaricində) reallaşdırılmasından asılı olmayaraq investorlar tərəfindən mənfəət götürmək məqsədi ilə həyata keçirilir. İnvestorların iqtisadi xarakteristikası, onların mahiyyəti, həyata keçirdikləri məqsəd və vəzifələr rellaşdırıldıqda ortaya çıxır. İnvestorun kim ola biləcəyini aydınlaşdırmaq üçün iqtisadi ədəbiyyata müraciət edək. Misal üçün, "İzahlı iqtisadi terminlər" lüğətində (3.səh 381) investorun izahı belə verilir: investor şəxsi, borc və başqa cəlb olunmuş vəsaitləri investisiya layihələrinə qoyan hüquqi, fiziki şəxs və ya dövlətdir. investor tərəfindən qoyulan investisiya kapitalı maliyyə resursları, əmlak, intellektual məhsul şəklində ola bilər. İnvestorlar biznesmenlər kimi sadəcə müəyyən fəaliyyətə kapital qoyuluşu etmir, həmçinin böyük istehsal, texniki, texnoloji dəyişikliklərlə, yeniliklərlə əlaqədar olan kifayət qədər böyük layihələrə uzunmüddətli qoyuluşlar edir.

Bir qayda olaraq, investisiya qoyuluşları investorlar və investisiya fondları tərəfindən həyata keçirilir. investisiya fondu - resurslarını səhmlərinin buraxılışı və əhalinin geniş təbəqələrinin vəsaitlərinin cəlb edilməsi məqsədilə kiçik investorlara satışı hesabına yaranan səhmdar cəmiyyəti formalı investisiya təsisatıdır. investisiya fondunun vəsaitləri investorun adından dövlətin, digər şirkətlərin qiymətli kağızlarına, bank əmanətlərinə qoyulur.

Aparılan tədqiqat və təhlillər, həmçinin investisiya fəaliyyətinin dünya təcrübəsi göstərir ki, investisiya fondlarının iki forması mövcuddur:

1.      Açıq tipli investisiya fondu;

2.      Qapalı tipli investisiya fondu.

Onların iqtisadi mahiyyət etibarilə nədən ibarət olduqlarını nəzərdən keçirək.

Açıq tipli investisiya fondu öz səhmlərini müəyyən hissələrlə buraxır və onlar yeni alıcılara satıldığından bu, fondun yeni investisiyaları üçün pul kapitalını daima artırmaq imkanı yaradır.

Qapalı tipli investisiya fondu adətən səhmlərini birdəfəlik və böyük həcmdə buraxır. Səhmlərin yeni alıcısı onları əvvəlki sahiblərindən bazar qiymətləri ilə almalı olur.

Hansı ölkədə və hansı şəraitdə həyata keçirilməsindən asılı olmayaraq investisiya qoyuluşları investisiya siyasəti vasitəsilə reallaşdırılır. İqtisadi ədəbiyyatda investisiya siyasəti öz şərhini belə tapir. İnvestisiya siyasəti əsas vəsaitlərin yenilənməsi və texniki səviyyəsinin qaldırılması zəruriliyini nəzərə almaqla investisiyaların miqyasları və quruluşu, istiqamətləri və mənbələrinin müəyyən edilməsi şəklində dövlət və müəssisələr tərəfindən aparılan iqtisadi siyasətin tərkib hissəsidir.

İnvestisiya siyasətinin həyata keçirilməsinin əsas elemenlərindən biri də investorun məqsədidir. İqtisadi ədəbiyyatlarda investorun məqsədləri belə şərh olunur: investorun məqsədləri pul və qiymətli kağızların yerləşdirilməsi ilə bağlı konkret cəhdləridir; adətən əldə edilən qiymətli kağızların likvidliyinin təmin olunması şəraitində təhlükəsizliyin əldə edilməsinə və investisiya qoyuluşlarının etibarlılığına, dayanıqlı gəlirliliyinə nail olmasına gətirib çıxarır.

Həyata keçirilən investisiyanın növündən, onun, mənbələrindən, reallaşdırılması formalarından asılı olmayaraq investorun məqsədi əsasən dəyişməz olaraq qalır.

Xarici investisiya qoyuluşlarının həyata keçirilməsi, bir qayda olaraq, investisiya əməkdaşlığı vasitəsilə reallaşdırılır. Xarici investisiya ayrı-ayrı ölkələrin iqtisadi subyektləri arasında mövcud olan iqtisadi münasibətlərin təzahürü olduğuna görə bu əməliyyat beynəlxalq iqtisadi münasibətlərin bir forması kimi çıxış edir ki, onun da məqsədi resursların səmərəli bölgüsü, beynəlxalq əmək bölgüsündə iştirakın üstünlüklərindən istifadə olunması, istehsalın texnoloji strukturunun yenilənməsi və s. hesabına dövlətlərin iqtisadiyyatda daha yüksək nəticələrin əldə edilməsidir.

İstənilən bir ölkədə investisiya fəaliyyətinin təşkil olunması investisiya mühitinin formalaşmasından asılıdır. Qnun formalaşmasına çoxsaylı amillər təsir edir ki, onu da, fikrimizcə, aşağıdakı kimi qruplaşdırmaq olar (şəkil 1). Göründüyü kimi, həmin amilləri dörd qrupda əks etdirmək olar ki, bu da mümkün təsnifatlaşdırmanın çoxsaylı variantlarından biridir: 1) siyasi amillər; 2) iqtisadi amillər; 3) sosial amillər; 4) təşkilati amillər.

İnvestisiya mühitinin formalaşdırılması amillərinin təhlilinin aparılması tədqiqatın məqsədlərinə uyğun olduğu üçün onu nəzərdən keçirək. Şəkil 1-dən göründüyü kimi investisiya mühitinin formalaşmasına təsir edən I qrup amillər siyasi amillərdir. Həmin amillər bir çox parametrlərdən ibarətdir. [səh. 57-58]

[səh. 58-59]

Onlardan biri, ölkədə mövcud olan siyasi sabitlikdir. Bu şərt investisiya mühitinin formalaşması üçün çox vacibdir. Çünki hansı ölkədə olmasından asılı olmayaraq, əgər siyasi sabitlik mövcud deyilsə, həmin ölkəyə heç bir investor investisiya qoymaz. İkinci şərt, xarici investisiyalara aid dövlət siyasətidir. Əgər dövlət xarici investisiyaların cəlb olunması və onlardan səmərəli istifadə olunması üçün şərait yaradırsa, bu halda investisiya qoyuluşları üçün ilkin zəruri şərait yaranmış olar ki, nəticədə də xarici investisiyaların həcmi çoxalar. Üçüncü şərt, beynəlxalq tərəfdaşlıqda etibarlıq səviyyəsidir. Artıq qeyd etdiyimiz kimi, xarici investisiya qoyuluşları üzrə əməliyyatlar beynəlxalq iqtisadi münasibətlərin bir formasıdır. investisiya qoyan və investisiya cəlb edən ölkənin iqtisadi subyektləri bu iqtisadi münasibətlərdə nə qədər dəqiq və intizamlı olarlarsa, yəni investisiya əməkdaşlığına müqavilələrinin şərtlərini dəqiq yerinə yetirərlərsə, bu halda beynəlxalq tərəfdaşlıqda etibarlıq səviyyəsi yüksələr və davamlı surətdə investisiya cəlbi reallaşar. Dördüncü şərt, iqtisadiyyatda dövlətin iştirak səviyyəsidir. Ölkə iqtisadiyyatının idarə edilməsində dövlətin iştirakı nə qədər az olarsa, iqtisadi subyektlər nə qədər çox müstəqil olarlarsa bu halda xarici investorlar daha həvəslə və maraqla investisiya qoyuluşları həyata keçirərlər. Beşinci şərt, dövlət idarəcıliyinin səmərəlilik səviyyəsidir. İqtisadiyyatın sahələrinin idarə edilməsində dövlət idarəçiliyinin səmərəlilik səviyyəsi yüksək olarsa, investisiyalardan istifadə üzrə səmərəlilik də bir о qədər yüksək olar. Altıncı şərt, dövlətin iqtisadi siyasətdə sabit mövqeyidir. İqtisadi siyasət sahəsində dövlətin mövqeyi nə qədər dəyişməz, sabit qalarsa, sahələrin inkişafı bir о qədər dinamik olar. Sahibkarlıq strukturları dövlətin iqtisadi siyasət sahəsindəki sabit mövqeyindən kifayət qədər yararlana bilirlər.

İnvestisiya mühitinin formalaşmasına təsir edən II qrup amil iqtisadi amillərdir. Onlara aşağıdakıları aid etmək olar: Birinci amil, ümumi daxili məhsulun artım tempidir. Əgər ölkədə ümumi daxili məhsulun artım tempi ilbəil dinamikaya malik olarsa, bu о deməkdir ki, mövcud iqtisadi subyektlər normal fəaliyyət göstərir, onların fəaliyyət göstəriciləri yüksəkdir. İkinci amil, məşğulluq səviyyəsidir. Bu göstəricinin ilbəil artması əməkqabiliyyətli əhalinin işlə təmin edilməsi göstəricisidir. Bu о deməkdir ki, əhalinin əksər hissəsi əmək fəaliyyəti ilə məşğul olaraq yeni dəyər yaradır; üçüncü amil inflyasiyanın səviyyəsidir. Ölkədə inflyasiyanın səviyyəsi nə qədər aşağı olarsa, ölkənin pul vahidinin möhkəmliyi, sabitliyi nə qədər yüksək olarsa, ölkəyə investisiya qoyuluşu üçün xarici tərəfdaşların marağı bir о qədər yüksək olar. Dördüncü amil, iş qüvvəsinin ödəniş səviyyəsidir. Əməkqabiliyyətli işçi qüvvəsinin ödəniş səviyyəsi insanın inkişaf amilini müəyyən edən parametrlərdən biridir. Xarici investorlar investisiya qoyuluşlarmı həyata keçirərkən bu amili nəzərə alırlar. Beşinci amil, vergi və gömrük ödənişlərinin səviyyəsidir. Ölkədə vergi və gömrük ödənişləri investor üçün əlverişli olduğu halda о investisiya qoyuluşlarını yüksək həvəslə reallaşdırır ki, bu da iqtisadi işgüzar fəallığı yüksəldir. Altıncı amil, investisiya fəaliyyəti üzrə güzəşt və imtiyazlardır. Bir çox ölkələrin qanunvericiliyində xarici investisiyaların cəlb olunması üzrə xeyli güzəşt və imtiyazlar tətbiq edilir ki, bu da fəaliyyət üçün geniş imkanlar açır. Yeddinci amil, investisiya əmtəələrinə tələb və təklifin səviyyəsidir. investisiya əmtəələrinə böyük tələb olan ölkələrin hər biri kifayət dərəcədə daxili ehtiyatlar olmadıqda xarici investisiyalara ehtiyac duyur. Bu həm də о halda baş verir ki, daxildə investisiya əmtəələrinə təklif yüksək səviyyədə olmasını. Səkkizinci amil, mövcud uçot dərəcələrinin səviyyəsidir. Ölkədə aparılan iqtisadi siyasətin tələblərinə uyğun olaraq uçot dərəcələrinin aşağı olması ucuz pul mənbəyi yaradır ki, bu da investisiya qoyuluşları üçün əlverişli şərait yaradır.

İnvestisiya mühitinin formalaşmasına təsir edən III qrup amillərə sosial amillər aid edilir: Həmin amillərdən birincisi dövlətin sosial siyasətidir. Hər bir xarici investor investisiya qoymaq istədiyi ölkənin apardığı sosial siyasətin parametrlərini öyrənir. Bu, siyasətin səviyyəsini tədqiq edir, özünün gələcək fəaliyyətində korrektələr edir. İkinci amil sosial siyasətin prioritetləridir. Hər bir investor ölkədə aparılan sosial siyasətin prioritetlərini təhlil edir, hansının daha sərfəli olduğunu müəyyənləşdirir və investisiyasını həmin istiqamətə yönəldir. Üçüncü amil cəmiyyət üzvlərinin xarici kapitala münasibətidir. Bu amil ona görə vacibdir ki, cəmiyyət üzvləri xarici kapitala üstünlük [səh. 59-60] verdikləri halda xarici investorlar üçün onlarla əməkdaşlıq quraraq birgə fəaliyyət göstərmək sərfəli olur. Dördüncü amil, cəmiyyət üzvlərinin sahibkarlığa münasibətidir. Cəmiyyət üzvləri sahibkarlıq fəaliyyətinə nə qədər çox meylli olarlarsa, bu, azad sahibkarlığı bir о qədər çox inkişaf etdirər. Ölkədə real sektorda xarici investisiyanın cəlb olunması və səmərəli istifadə olunması üçün işgüzar şərait yaranar. Beşinci amil cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsidir. Cəmiyyət üzvlərində bu səviyyə nə qədər yüksək olarsa, xarici investorların onlarla qarşılıqlı əməkdaşlıq etmələri bir о qədər rahat və səmərəli olar. Altıncı amil sosial vəziyyətin səviyyəsidir. Əhalinin sosial vəziyyətinin səviyyəsi həlledici amillərdən biridir. Belə ki, bu səviyyə ölkədə həyata keçirilən sosial siyasətin istiqamətinin müəyyənləşdirilməsində əsas rol oynayır. Məhz ondan asılı olaraq hansı sahələrə daha çox investisiya qoyuluşunun həyata keçirilməsi müəyyən edilir.

İnvestisiya mühitinin formalaşmasına təsir edən IV qrup amil təşkilati amillərdir. Bu amillərə aşağıdakılar aid edilir: Birinci amil investisiya fəaliyyətinin təşkili səviyyəsidir. Bu amil investorlar üçün ən vacib və ilk baxışdan görünən və hiss edilən amildir. Hər bir investor investisiya qoyacağı ölkədə qeyd edilən səviyyənin nə dərəcədə olduğu ilə maraqlanır, ona sərf edən səviyyə mövcuddursa bu halda investisiya qoyuluşlarmı həyata keçirir. İkinci amil investisiya təşkilatlarının idarəçilik səviyyəsidir. Hər bir investor investisiya əməkdaşlığına şərtlərini vaxtında və keyfiyyətlə yerinə yetirə bilən tərəfdaşlarla işləmək istəyir.

Əgər həmin tərəfdaşların idarəçilik səviyyəsi çox yüksəkdirsə, bu halda investor həmin tərəfdaşla normal əlaqələrə girir. Üçüncü amil, məqsədli kadr hazırlığının səviyyəsidir. İstənilən fəaliyyət növünün uğurla həyata keçirilməsi bu sahənin problemlərini dərindən bilən peşəkar mütəxəssislərin olmasından çox asılıdır. investisiya problemlərini bilən, onun idarə edilməsi ilə məşğul olan kadrların hazırlanması investorlar üçün vacib göstəricidir. Dördüncü amil, investisiya əməkdaşlığının təmin edilməsi səviyyəsidir. İstənilən iqtisadi əqdin yerinə yetirilməsində tərəfdaşların öz öhdəliklərini yerinə yetirərək qarşılıqlı əməkdaşlığı səmərəli nəticələrə çatdırması çox vacibdir. Buna görə də investorlar həmişə öz fəaliyyətlərində investisiya əməkdaşlığının təmin edilmə səviyyəsini nəzərə alırlar.

 

ƏDƏBİYYAT

1.       Rusiyanın bank ensiklopediyası M. "ЕГА"-1995.

2.       Рыбалкин B.E., Щербанин Ю.А., Балдин Л.Б. Международное экономическое отношения. Под ред. проф. В.Е. Рыбалкина. М: Международные отношения 1999.

3.       Izahli iqtisadi terminlər lüğəti. Akademik Ə. Abbasovun rəhbərliyi ilə. Bakı. Nurlan, 2005.536 səh.

4.       Дьяконова И.А. «Нобелевская корпорация в России» М. 1980. 420 стр.

5.       Галочкин В.В. Управление инвестиционным комплексом региона в процессе перехода к рынку. М 1994, 520 стр.

6.       Rusiya Federasiyasının investisiya haqqında Qanunu". №39. 25.02.1999.

 

Ф.Д. Багиров

Суть инвестиций и теоретико-методологические основы ее исследования

РЕЗЮМЕ

В статье раскрыта суть инвестиций, иностранной инвестиции и инвестиционной среды. Широко анализированы факторы влияющие на формирование инвестиционной среды. Предложены пути совершенствования инвестиционной среды.

 

F.D. Baghirov

The importance of investments on methodological-theoretical principles

SUMMARY

The essence of investment, foreign investment and investment climate was stated in the article. Factors affecting to the investment climate were analyzed widely. And it was proposed the improvement ways of investment climate. [səh. 60]