Qanun. - 2016.- № 3(257).-S.129-134.
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINDA VƏ DİGƏR QANUNLARINDA EKOLOJİ İNSAN HÜQUQLARI
Abbasova Firuzə Elçin qizi,
Bakı Dövlət Universiteti hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ”
kafedrasının magistranti
Açar sözlər: insan hüquqları, ekologiya, konstitusiya, milli qanunlar, təhlil.
Ключевые слова: права человека, экология, Конституция, национальные законы, анализ.
Keywords: human rights, ecology, constitution, national laws, analysis.
Ekoloji insan hüquqları insanın konstitusion hüquqlarının xüsusi (müstəqil) bir növü olub, insanın təbii ətraf mühitlə qarşılıqlı əlaqələrini əhatə edir. Azərbaycan Respublikasında ekoloji insan hüquqları ölkənin Əsas Qanununda - Konstitusiyada təsbit edilmiş və bir sıra digər sahəvi qanunvericilik aktlarında daha da inkişaf etdirilmiş, dəqiqləşdirilmişdir.
Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli Konstitusiyasının “Sağlam ətraf mühitdə yaşamaq hüququ” adlanan 39-cu maddəsində qeyd edilir ki, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır; hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır; heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz; dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.
Nəzərdən keçirilən konstitusion hüquq norması Azərbaycan Respublikasında ekoloji insan hüquqlarının konstitusion-hüquqi əsasını təşkil edir.
Sağlam ətraf mühitdə yaşamaq insanın təməl hüquqlarından biridir. Hüquq ədəbiyyatında qeyd edilir ki, insanın təhlükəsiz (sağlam) ətraf mühitdə yaşamaq hüququnun izahı zamanı yaranan əsas çətinlik “təhlükəsiz (sağlam) ətraf mühit” anlayışının şərh edilməsi ilə bağlıdır. Müəlliflər göstərirlər ki, bütün sosial hadisələrin hamı üçün məqbul olan mütləq anlayışlarmı vermək mümkün deyildir. İnsanın sağlam ətraf mühitdə yaşamaq hüququ ilk dəfə 1972-ci ildə BMT-nin ətraf mühitə dair Stokholm konfransında müzakirə olunmuşdur. Həmin konfransda hazırlanmış Bəyannamədə insanın təhlükəsiz (sağlam) ətraf mühitdə yaşamaq hüququ “keyfiyyəti, ləyaqətli və çiçəklənən həyat sürməyə imkan verən ətraf mühit” kateqoriyası ilə izah olunur (2, 8, 9). [səh. 129-130]
Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsi ekoloji insan hüquqlarının əsas müddəalarım təşkil edir, bu hüquqların daha detallaşdırılmış məzmunu və onların realizə mexanizmləri isə bir sıra digər sahəvi qanunvericilik aktlarında nəzərdə tutulmuşdur. Bizim məqalə kontekstində Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli Qanununda, “Ekoloji təhlükəsizlik haqqında” 8 iyun 1999-cu il tarixli Qanununda, “Ətraf mühitə dair informasiya almaq haqqında” 12 mart 2002-ci il tarixli Qanununda, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” 10 dekabr 2002-ci il tarixli Qanununda, “Yaşıllıqların mühafızəsi haqqında” 2 may 2014-cü il tarixli Qanununda və s. hüquqi mənbələrdə də ekoloji insan hüquqlarının tərkib hissəsi kimi çıxış edən hüquqlar nəzərdə tutulmuşdur. Onlardan əhəmiyyətli hesab etdiklərimizin bəzilərinə aynlıqda baxaq.
Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli Qanunu ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Həmin qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu qanun ətraf mühitin keyfıyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir [6, s. 3-27].
“Ətraf mühitin mühafizəsi haqqında” Qanunun “Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqları və vəzifələri” adlanan 6-cı maddəsinə əsasən, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin hüquqları aşağıdakılardır:
- hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq;
- ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində onların sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq;
- sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq;
- müəyyən edilmiş qaydada təbii resurslardan istifadə etmək, onların mühafizəsi və üzrə tədbirləri həyata keçirmək, ətraf mühitin mühafizəsində və sağlamlaşdırılmasında iştirak etmək;
- qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafızəsinə aid yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak etmək;
- ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına müraciət etmək;
- ictimai ekoloji ekspertiza haqqında təkliflər vermək;
- insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin, fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək;
- ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların [səh. 130-131] məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq;
- qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını müəyyən edilmiş qaydada həyata keçirmək [6, s. 3-27].
Azərbaycan Respublikasının “Ekoloji təhlükəsizlik haqqında” 8 iyun 1999-cu il tarixli Qanunu hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyat və sağlamlığım, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, о cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsaslan müəyyən etməkdir [3, s. 273-279].
“Ekoloji təhlükəsizlik haqqında” Qanunun “Ekoloji təhlükəsizlik sahəsində vətəndaşların və ictimai birliklərin hüquqları” adlanan 7-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ekoloji təhlükəsizliyi dövlət tərəfindən təmin edilir. Təhlükəli ekoloji vəziyyət yaranması nəticəsində onlara dəyən ziyana görə ödənc almaqda eyni hüquqa malikdirlər. Nəzərdən keçirilən maddədə qeyd edilir ki, vətəndaşların və ictimai birliklərin hüquqları aşağıdakılardır:
- dövlət və yerli özünüidarəetmə orqanlarına təkliflər vermək;
- dövlət və yerli özünüidarəetmə orqanlarından onların səlahiyyətləri daxilində ekoloji təhlükənin mənbələri, təhlükəli ekoloji vəziyyət və onların aradan qaldırılması üçün tədbirlərin keçirilməsi haqqında müəyyən edilmiş qaydada məlumat almaq;
- ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə riayət edilməsinə ictimai nəzarəti həyata keçirmək;
- ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin tələbləri pozulduqda müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarına, məhkəmələrə müraciət etmək [3].
Azərbaycan Respublikasının “Ətraf mühitə dair informasiya almaq haqqında” 12 mart 2002-ci il tarixli Qanunu ətraf mühitin vəziyyətinə və təbii ehtiyatlardan istifadəyə dair dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, həmçinin məsul şəxslərdən tam, dəqiq, vaxtında informasiya almaqla bağlı yaranan münasibətləri tənzimləyir [5, s. 53-59].
Bu qanunun “Ətraf mühitə dair informasiya almaq hüququ” adlanan 4-cü maddəsinə əsasən, alınması məhdudlaşdırılan informasiya istisna edilməklə, hər bir şəxs zamanından asılı olmayaraq və şərt qoyulmadan ətraf mühitə dair informasiya almaq hüququna malikdir. Yeri gəlmişkən, qeyd edilməlidir ki, nəzərdən keçirilən hüquq kontekstində ətraf mühitə dair informasiya torpağın, suyun, yerin təkinin, atmosferin və canlı orqanizmlərin vəziyyəti, ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafızəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və məsrəflər barədə məlumatlardır. “Ətraf mühitə dair informasiya almaq haqqında” Qanunun müddəalarından belə qənaətə gəlmək olar ki, ətraf mühitə dair informasiya, əldə edilməsi qaydasına görə alınması məhdudlaşdırılan və açıq informasiya növlərinə bölünür. Alınması məhdudlaşdırılan informasiya növünün təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Belə informasiya bir orqanın inhisarında olmamalıdır. Açıq informasiyaya isə alınması məhdudlaşdırılmayan bütün məlumatlar aiddir [5].
Azərbaycan Respublikasının “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” [səh. 131-132] 10 dekabr 2002-ci il tarixli Qanunu əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir. Həmin qanunun “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində fiziki şəxslərin, qeyri-hökumət təşkilatlarının və digər hüquqi şəxslərin hüquqları və vəzifələri” adlanan 7-ci maddəsinə əsasən, əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində fıziki şəxslərin, qeyri-hökumət təşkilatlarının və digər hüquqi şəxslərin hüquqları və vəzifələri aşağıdakılardır (Qanunun özündə hüquqlar və vəzifələr bir-birindən fərqləndirilməmişdir, eyni məsələ həm hüquq, həm də vəzifə kimi göstərilmişdir-müəllif):
- dövlət siyasətinə dair təklif və layihələrin, dövlət proqramlarının hazırlanmasında, ekoloji təhsilin keyfiyyəti üzrə aparılan monitorinqdə, sahə üzrə beynəlxalq əməkdaşlıq proqramlarının işlənməsində və həyata keçirilməsində iştirak etmək;
- təhsil prosesini təmin etmək məqsədilə tələb olunan ekoloji məlumatlara dair sorğu göndərmək və onu əldə etmək;
- məlumat-tədris və ekoloji təhsil bazasını yaratmaq və ondan istifadə etmək;
- ekoloji biliklərə yiyələnmək;
- ekoloji təhsili qanunvericiliyə müvafiq olaraq dövlət təhsil standartlarına uyğun həyata keçirmək;
- hər kəsi təbiətə qayğı və məsuliyyətli münasibət bəsləmək ruhunda tərbiyə etmək [4, s. 270-284].
Azərbaycan Respublikasının “Yaşıllıqların mühafızəsi haqqında” 2 may 2014-cü il tarixli Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 39-cu, 78-ci maddələrinə və 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında yaşıllıqların mühafızəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
Həmin qanunun “Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları” adlanan 11-ci maddəsinə əsasən, yaşıllıqların mühafizəsi sahəsində fıziki və hüquqi şəxslərin hüquqları aşağıdakılardır:
“Yaşıllıqların mühafizəsi haqqında” Qanunun və digər normativ-hüquqi aktların tələblərinə əməl etməklə, yaşıllıqlardan istifadə etmək;
- yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafıq icra hakimiyyəti orqanından və bələdiyyədən məlumat almaq;
- şəhərsalma və tikinti layihə sənədlərinin yaşıllıqlarla bağlı hissəsinin hazırlanması və qəbulu prosesində iştirak etmək;
- yaşıllıqların mühafizəsinə dair məsələlərin müzakirəsində iştirak etmək;
- yaşıllıqların mühafizəsi sahəsində tələblərin pozulması ilə bağlı inzibati qaydada və məhkəməyə şikayət vermək [7].
“Yaşıllıqların mühafizəsi haqqında” Qanunun “Yaşıllıqların mühafizəsinə ictimai nəzarət” adlanan 20-ci maddəsinin müddəalarına əsasən, yaşıllıqların mühafızəsinə ictimai nəzarət fiziki şəxslər və vətəndaş cəmiyyəti təsisatlanmn təşəbbüsü əsasında təşkil olunur və həyata keçirilir. Yaşıllıqların mühafizəsinə ictimai nəzarət dövlət nəzarətinin həyata keçirilməsindən asılı olmayaraq aparılır. Yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirmək istəyən şəxslər nəzarətin aparılmasından beş iş günü əvvəl yazılı şəkildə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək nəzarətin həyata keçirilməsi yeri və vaxtı barədə məlumat verməlidirlər. Yaşıllıqların [səh. 132-133] mühafizəsinə ictimai nəzarəti həyata keçirən şəxslər aşağıdakı hüquqlara malikdirlər:
- müvafiq icra hakimiyyəti orqanından və bələdiyyədən yaşıllıqların vəziyyəti, yaşıllıq ərazilərinə təsiri ola bilən yeni obyektlərin yerləşdirilməsi, yaşıllıqların inkişafı və bioloji müxtəlifliyin qorunması üzrə görülmüş və planlaşdırılan tədbirlər, yaşıllıq ərazisi daxilində torpaqların kateqoriyasının dəyişdirilməsi, yaşıllıqların mühafizəsinin təmin edilməsi barədə məlumat almaq;
- yaşıllıq ərazisində olan bitkilərin bioloji müxtəlifliyinin qorunub saxlanması və səmərəli istifadəsi üzrə təkliflər vermək;
- yaşıllıq ərazilərinə təsiri ola bilən yeni obyektlərin və qurğuların yerləşdirilməsi layihələrinin ictimai ekoloji ekspertizasını təşkil etmək;
- yaşıllıqların mühafizəsinə və inkişafına dair qərarların hazırlanmasında və müzakirəsində iştirak etmək, habelə bu sahədə maraqlı olan əhali ilə məsləhətləşmələrin aparılması təşəbbüsü ilə çıxış etmək;
- yaşıllıq ərazilərinə baxış keçirmək;
- yaşıllıqların mühafizəsinə ictimai nəzarətin nəticələrini kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırmaq və ictimai müzakirələr keçirmək;
- şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların zədələnməsinin, məhv edilməsinin, yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr qarşısında vəsatət qaldırmaq;
- xəstəlik və zərərvericilərin təsiri nəticəsində, habelə kimyəvi maddələr və digər tullantılar ilə ciddi zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan ağac və kollar kəsildikdən sonra həmin ərazidə mövcud vəziyyət nəzərə alınmaqla, yaşıllıqların bərpasını tələb etmək [7]
İstifadə edilmiş mənbələr:
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 1995
2. Cəfərov İ.M. Azərbaycan Respublikası Konstitusiyasının şərhi. Bakı: Hüquq ədəbiyyatı, 2004, 552 s.
3. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu / Azərbaycan Respublikasının ekologiya qanunvericiliyi. I cild. Bakı: Qanun, 2006, s. 273-279
4. “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu / Azərbaycan Respublikasının ekologiya qanunvericiliyi. I cild. Baki: Qanun, 2006, s. 279-284
5. “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanunu / Azərbaycan Respublikasının ekologiya qanunvericiliyi. I cild. Baki: Qanun, 2006, s. 53-59
6. “Ətraf mühitin mühafızəsi haqqında” Azərbaycan Respublikasının Qanunu / Azərbaycan Respublikasının ekologiya qanunvericiliyi. II cild. Baki: Qanun, 2007, s. 3-27
7. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. 2 may 2014-cü il
8. Евтушенко В.И. Основополагающие экологические права человека: отражение в международном и внутригосударственном праве / Юридическая наука и практика: исторический опыт и перспективы развития. Материалы международной научно-практической конференции. Белгород, 16-18 апреля 2013 г., с. 144-149
9. Косинов В.А. Право человека на здоровую экологическую среду и рациональное природопользование / Права человека и национальная безопасность. Материалы международной научно-практической конференции. Москва, 11-12 мая 2011 г., с. 228-236 [səh. 133-134]
Аббасова Фнруза Эльчин гызы
ЭКОЛОГИЧЕСКИЕ ПРАВА ЧЕЛОВЕКА В КОНСТИТУЦИИ И ИНЫХ ЗАКОНАХ
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
РЕЗЮМЕ
В статье отмечается, что экологические права человека - это особая разновидность конституционных прав человека, связанных с окружающей его природной средой, с взаимоотношениями природы и человеческого общества. К таким правам относится, прежде всего, право на благоприятную окружающую среду, экологически чистые продукты питания, экологически безвредные предметы повседневного спроса, экологически безопасные условия труда и т.д. С экологическими правами человека корреспондирует конституционная обязанность государственных органов, а также всех физических и юридических лиц заботиться о сохранении окружающей среды, бережно относиться к природным богатствам. Широкое закрепление экологических прав человека на конституционном уровне началось только в конце 80-х - начале 90-х гг. XX в. В настоящее время существует более 300 международных и региональных соглашений по экологии. В Азербайджане экологические права человека закреплены непосредственно в Конституции страны.
Abbasova Firuza Elchin
ECOLOGICAL HUMAN RIGHTS IN THE CONSTITUTION AND OTHER LAWS
OF THE AZERBAIJAN REPUBLIC
SUMMARY
The author notes that ecological human rights are special kind of the constitutional rights of the person connected with the environment surrounding him, with relationship of the nature and human society. Such rights include, first, the right for favorable environment, environmentally clean food, ecologically harmless objects of daily demand, ecologically safe working conditions, etc. The constitutional obligation of government bodies and all natural and legal entities to care for preservation of environment, to make thrifty use of natural riches corresponds to ecological human rights. Fixing of ecological human rights at the constitutional level has begun only in the late eighties - the beginning 90s of the 20th century. Now, there are more than 300 international and regional agreements on ecology. In Azerbaijan, ecological human rights are fixed in the Constitution of the country.
Rəyçi: h.ü.f.d., dos. Ə. F. Məmmədov
Təqdim edən: h.ü.e.d., prof. M.S. Qəfərov
Daxil olma tarixi: 18.02.2016
Təkrar işlənmə tarixi: 02.03.2016
Çapa imzalanma tarixi: 04.03.2016