Azərbaycanda Atatürk Mərkəzinin “Bülleten”i. - 2017. -¹ 1(61).- S.36-49.

 

Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-hal”ı

 

Nizami Cəfərov,

Akademik

 

Azərbaycan xalqının hamı üçün anlaşıqlı olan, tarixin ən ümumi konturlarını özündə əks etdirən az- çox mükəmməl bir “tərcümeyi-hal”ının təsəvvürlərdə canlandırılmasına böyük ehtiyac artıq xeyli zamandır ki, özünü göstərməkdədir. Nəinki bir xalqın, hətta bir insanın da “tərcümeyi-hal”ında kifayət qədər mürəkkəb, mübahisəli məqamların olması mümkündür. Ancaq həmin “tərcümeyi-hal”ın, yaxud “tarix”in elə konturları və ya göstəriciləri vardır ki, hər kəs onu qəbul etməyə məcburdur. Məsələn, kiminsə Azərbaycan xalqının məhz türk mənşəli, yəni türklərin tarixən bölünməsindən yaranmış bir xalq olduğuna şübhə etməsi o deməkdir ki, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, hətta Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğunun da türk- azərbaycanlı olması şübhə altına alınır… Yaxud ən qədim dövrlərdən etibarən Azərbaycanda məskunlaşmış, tədricən türk kökənli Azərbaycan xalqının tərkibinə daxil olmuş bir sıra Qafqaz və ya İran mənşəli etnosların Azərbaycan xalqının tərkib hissəsi olduğunu inkar etmək, ən azından, xalqların formalaşması tarixinin ən ümumi prinsiplərini bilməmək və ya bilib qəbul etməmək deməkdir. Yəni o deməkdir ki, məsələn, ukraynalılar yalnız slavyanlardan ibarətdir və bu xalqın formalaşmasında başqa etnosların, məsələn, türk etnosunun heç bir rolu olmamışdır.

Hər bir xalq kimi Azərbaycan xalqının təşəkkül-formalaşma tarixi də yüzillər boyu davam etmişdir. Eramızın ilk əsrlərindən başlayan bu proses orta əsrlərin sonu yeni dövrün əvvəllərində, yəni XVI-XVII əsrlərdə başa çatmışdır. Hər hansı xalqın, eləcə də Azərbaycan xalqının təşəkkül-formalaşma tarixinin gedişini (əslində, mahiyyətini!) daha aydın dərk etmək üçün biri digəri ilə bağlı olan diferensiasiya-inteqrasiya (bölünmə-birləşmə) proseslərini həmin tarixin müxtəlif mərhələlərində nəzərə almaq olduqca əhəmiyyətlidir. Bölünmə o deməkdir ki, məsələn, ingilislər german, fransızlar roman, ruslar slavyan birliyinin bölünməsindən yarandıqları kimi azərbaycanlılar da türk birliyinin bölünməsindən yaranmışlar. Ancaq bir daha təkrar edirik ki, bu, bütün hallarda təbii-coğrafi, ictimai-siyasi və s. xarakterli bir sıra məqamlardan asılı olaraq gedən bir prosesdir. Məsələnin mürəkkəbliyini anlamaq üçün yalnız onu təsəvvür etmək kifayətdir ki, türk etnosunun oğuz, qıpçaq və karluqlara bölünməsi ilə yanaşı, gələcək türk xalqlarının əsasını təşkil edəcək tayfa və ya tayfa birliklərinə bölünməsi prosesi də gedir. Ona görə də, məsələn, Azərbaycan xalqının oğuz mənşəli olması o demək deyil ki, onun tərkibində qıpçaq və ya karluq tayfalarının; yaxud özbək xalqının karluq mənşəli olması o demək deyil ki, onun tərkibində oğuz və ya qıpçaq tayfalarının izləri mövcud deyil.

Birləşmə prosesi daha mürəkkəbdir. Belə ki, bölünmə olduqca dərinləşə, “mərkəzdən qaçma” inersiyası olduqca geniş miqyas ala bilir. Və bunun nəticəsində, birləşmənin hətta eyni etnosa aid tayfalara münasibətdə belə kifayət qədər qarışıq mənzərəsi meydana çıxır. Hər bir türk xalqının tərkibində az və ya çox dərəcədə bütün əsas türk tayfalarının iştirakı mümkün olduğu kimi, hətta bölünmə və ya birləşmə prosesinin əsasən başa çatdığını, müstəqil türk xalqlarının formalaşdığını iddia etdiyimiz bizim günlərdə belə bu və ya digər türk xalqına aid edilməsi mübahisə doğuran türk tayfaları mövcuddur. Məsələn, qarapapaq, avşar (əfşar), bayat, qacar, türkman kimi bir sıra tayfalar Azərbaycan xalqının həm üzvü tərkib hissəsidirlər, həm də etnik müstəqillik iddiasındadırlar… Türk mənşəli olmayıb, özünü həm türk xalqlarından hər hansı birinin tərkib hissəsi sayan, həm də etnik müstəqilliyini iddia edən etnoslara gəldikdə isə, bu da tamamilə təbiidir.

Ancaq biz ikinci, üçüncü və ya dördüncü dərəcəli məsələlərə xüsusi diqqət yetirməyəcəyik. Çalışacağıq ki, Azərbaycan xalqının tarixini – “tərcümeyi-hal”ını ən ümumi, ən mühüm konturları, göstəriciləri ilə nəzərdən keçirək.

 

I. Azərbaycan xalqının təşəkkülü

Azərbaycan xalqı dünyanın böyük bir coğrafiyasını əhatə edən türk xalqlarından biridir. Odur ki, Azərbaycan xalqının təşəkkülü tarixi türk etnosunun bölünməsi tarixinin üzvü tərkib hissəsidir. Və ona görə də bəzi tarixçilərin bu “tarix”ləri bir-birindən təcrid olunmuş şəkildə öyrənilməsinə cəhd etmələri, hətta daha “irəli” gedərək türkləri Azərbaycan tarixinin “qonağı” səviyyəsinə endirəcək bir “metodologiya” işləyib hazırlamağa çalışmaları yalnız təəssüf doğurur.

Ümumiyyətlə, xalqın təşəkkülü üçün üç şərt vacibdir:

1)      etnik potensial;

2)      münbit coğrafiya, yaxud ərazi;

3)      sosial-siyasi təşkilatlanma imkanı.

Azərbaycan xalqının etnik potensialını, yaxud əsaslarını türk mənbəyi müəyyən (təmin!) etmişdir. Coğrafi, yaxud ərazi təminatına gəldikdə isə buraya zaman- zaman məskunlaşmış Cənubi Qafqaz, tarixi Azərbaycan (Şimali İran) və Şərqi Anadolu daxildir. Qədim dövrlərdən kifayət qədər canlı, qaynar həyat yaşayan bu coğrafiyada uzun zaman davam edəcək sosial- siyasi birliklər qurmaq həmişə çətin olmuşdur. Regionun müasir etnik-kulturoloji mənzərəsi də göstərir ki, buraya tarix boyu müxtəlif etnoslar, biri digərindən kəskin şəkildə fərqlənən dinlər, dünyagörüşlər, mədəniyyətlər ardıcıl müdaxilə etmişdir.

Türk etnosunun bölünməsi prosesinin yüzillər boyu davam etməsi, coğrafiyanın genişliyi, etnik-siyasi hadisələrlə zənginliyi Azərbaycan xalqının təşəkkül-formalaşma prosesinə ciddi (həlledici!) təsir göstərmişdir. Belə ki,

a)       eramızın ilk əsrlərindən başlayan proses xeyli uzanmış, orta əsrlərin sonu yeni dövrün əvvəllərinə (XVI-XVII əsrlərə) qədər davam etmişdir;

b)      coğrafiyadan kənara az-çox diqqəti cəlb edəcək köçlər olmadığı halda, coğrafiyaya ardıcıl (intensiv!) köçüb məskunlaşmalar olmuşdur;

c)       xalqın mütəşəkkilliyini təmin etməli olan sosial-siyasi, eləcə də mənəvi-ideoloji güc mərkəzləri tez-tez dəyişdiyindən həmişə natamamlıq kompleksi özünü göstərmişdir və s.

Azərbaycan” toponimi yunan mənşəli “Atropatena”dan törəmişdir. İran mənbələrində “Adurbadaqan” şəklində olan bu söz ərəb- müsəlman tələffüzündə “Azərbaycan”a çevrilmişdir. “Atropatın ölkəsi”ndən “Odlar yurdu”na qədər mənasını dəyişmiş “Azərbaycan”ı Azərbaycan türkləri məzmunca genişləndirərək bütöv Azərbaycanın (və onun xalqının!) adı səviyyəsinə yüksəltmişlər.

 

1.       Türklər. Onların bölünməsi.

Və yenidən bölünməsi.

Türklərin az-çox müstəqil bir etnos olaraq meydana çıxması eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəllərinə aiddir. Həmin dövrə qədər türklər neçə min illər monqollar və tunqus-mancurlarla Altay birliyinin tərkibində olmuşlar.

Zəngin mifoloji dünyagörüşü əsasında Tanrıçılığa (tək Tanrı təsəvvürünə) qədər gəlib çıxan türklərin ata yurdu Mərkəzi Asiyadakı Tanrı dağlarının ətəkləri idi. Onlar tədricən Cənuba, Qərbə və Cənub-Qərbə doğru münbit çöllərə yayılmağa başladılar. Türk axınları xüsusilə eramızın ilk əsrlərində özünü daha ardıcıl, daha məhsuldar və Asiya, eləcə də Avropa xalqlarının tarixinə həlledici təsirlərlə göstərməyə başladı. Doğrudur, bir sıra tarixçilər türklərin hələ daha qədim dövrlərdə Qərbə – Afinaya, Romaya yürüşləri, burada məskunlaşmaları barədə danışırlar. Eləcə də “tarixin başlandığı” qədim Şumerdə türk izlərinin mövcudluğu çox az mütəxəssislərdə şübhə doğurur… Ancaq bu “hadisələr” o qədər qədimdə qalmışdır ki, müasir xalqların keçmişini təsəvvür etmək üçün bu və ya digər dərəcədə mübahisəsiz qəbul edilə biləcək çox az şey verir.

Qərbə axın edən türklər (hunlar) qədim dövrün sonu orta əsrlər dövrünün əvvəllərində artıq Şərqi Avropanı məskunlaşdırmışdılar. Onların “barbar” adlandırılan german və slavyanlarla ittifaqı Roma imperiyasına son qoyub qocalmış Avropanı cavanlaşdırdı. Xristianlıq və onun təbliğ etdiyi mədəniyyət maneəsiz yayılmağa başladı. Atillanın hökmdarlıq elədiyi illərdə həmin proses daha sürətlə gedərək türklərin dünya tarixindəki proqressiv rolunu təsbit etdi.

Bu gün nəinki Şərqi, eləcə də Qərbi Avropanın bir sıra xalqlarının etnik tərkibində türklərin danılmaz izləri vardır. Onu da nəzərə almaq lazımdır ki, türklərin Qərbi Avropaya axınları heç zaman dayanmamış, orta əsrlərin sonlarına qədər davam etmişdir.

Altay dağlarının ətəklərindən tədricən Cənuba, Qərbə və Cənub-Qərbə yayılan türklər IX-XI əsrlərdə üç böyük tayfa ittifaqına, yaxud etnocoğrafi birliyə bölünürlər:

1)      oğuzlar,

2)      qıpçaqlar,

3)      karluqlar.

Bu, türklərin ilk bölünməsi idi ki, həmin bölünmə təxminən min illik bir tarixə malik idi.

Mərkəzi Asiya – Altay dağları çıxış nöqtəsi kimi alınarsa, oğuzlar Cənub-Qərb, qıpçaqlar Şimal-Qərb istiqamətində xeyli uzaqlara gedib çıxmış, karluqlar isə Cənuba doğru yayılmışlar. Türklərin oğuz, qıpçaq və karluq tayfalarına bölünməsi ilə yanaşı, yəni həmin bölünmə hələ başa çatmamış bu tayfalar daxilində də bölünmə prosesi başlanmışdır ki, haqqında söhbət gedən proses orta əsrlərin sonlarına qədər davam etmişdir.

Beləliklə, IX-XI əsrlər türklərin tarixində elə bir dövrdür ki, həm ilkin bölünmə başa çatır, həm də ikinci bölünmənin konturları müəyyənləşir. Yəni bir tərəfdən oğuzlar, qıpçaqlar və karluqlar var, digər tərəfdən müasir türk xalqlarının “rüşeymlər”i görünür.

Oğuzlar, əsasən, türkmənlərə, Azərbaycan və Anadolu türklərinə,.. qıpçaqlar Altay, qırğız, qazax, tatar və başqırdlara,.. karluqlar isə özbəklərə və uyğurlara bölünürlər. Bununla belə türklər Altay birliyindən ayrılarkən bəzi ümumi cəhətləri saxladıqları kimi türk xalqları da ümumtürk xüsusiyyətlərini mühafizə etməkdə davam edirlər.

Və beləliklə, Azərbaycan xalqı, əsasən, oğuz türklərinə aid olsa da, ümumtürk (və ümumaltay!) etnik-mədəni kodunun daşıyıcısıdır.

 

2.       Azərbaycanın türkləşməsi.

Və Azərbaycan xalqının təşəkkülünün başlanması.

Azərbaycanın qədim etnik mənzərəsi barədə, demək olar ki, məlumat yoxdur. Və Azərbaycan tarixşünaslığında Aratta, Manna, Midiya, Atropatena, Albaniya kimi çox səslənən adlar həmin dövrlərdə ölkədə hansı etnosların məskunlaşdığı barədə, təəssüf ki, heç nə demir. Tarixçilər qədim Azərbaycanda Qafqaz, İran və ya türk etnoslarının mövcudluğu barədə təxminən eyni müvəffəqiyyətlə (yaxud müvəffəqiyyətsizliklə!) danışa bilərlər… Ona görə də bütün mübahisələri “tarixəqədərki dövr”də qoyub tarixi gerçəklikdən – Azərbaycanın türkləşməsindən danışmaq daha münasib olardı.

“Tarixəqədərki dövr” dedikdə Azərbaycan tarixinin bizim eranın hüduduna qədər gəlib çıxan ( və kifayət qədər zəngin!) tarixini nəzərdə tuturuq ki, milyon illəri əhatə edir. Azərbaycanın qədim mədəniyyətinin xronologiyasını nəzərdən keçirsək burada insan əməyinin, zəkasının çox-çox qədimlərdən geniş tətbiqinin aydın görünən izlərinə rast gəlirik. Azıx mağarası, Qobustan, Gəmiqaya yazılı daşları, ümumiyyətlə Azərbaycanın həm Şimalında, həm də Cənubunda aşkar olunmuş çoxlu sayda qədim (ən qədim!) yaşayış məskənləri sübut edir ki, Azərbaycan dünyanın antropogenez, yəni insan yaranan regionlarından biridir. “Tarixəqədərki dövr”ün son minillikləri isə ölkədə hətta qədim şəhər mədəniyyətinin mövcudluğunu təsdiq edən faktlarla zəngindir.

Mənbələr ondan artıq etnosun adını çəkir, ancaq bu adlar, demək olar ki, heç nə demir.

Eramızın ilk əsrlərində Azərbaycana gələn türklər Altaylardan Qərbi Avropaya doğru yürüş edən hunlardan idilər. Onlar Qafqaz dağlarını aşıb Şimaldan Cənuba doğru böyük kütlələr halında hərəkət edərək ölkədə məskunlaşırdılar. Bu proses yüzillər boyu davam etmişdir… Həmin hərəkətin (əslində, hərəkatın!) nə qədər ardıcıl (və güclü!) olduğunu təsəvvür etmək üçün yalnız onu xatırlamaq kifayətdir ki, əvvəl İran, sonra isə ərəb hökmdarları türklərin Şimaldan Cənuba axınlarının qarşısını almaq üçün müxtəlif səddlər, o cümlədən Dərbənd səddini qurmağa məcbur olmuş, ancaq bu təbii-tarixi (passionar) axının qarşısını ala bilməmişlər. Qafqaz dağlarını aşıb keçən hun (get-gedə daha çox qıpçaq) türkləri nə qədər Cənuba ensələr də, onların məskunlaşdıqları əsas coğrafiya Azərbaycanın Şimalı (Albaniya) idi.

Çox keçmədi ki, tanrıçı hunqıpçaqlar həmin regionda yerli əhaliyə çevrildilər. Ancaq onlar Şərqi Avropadakı – Dəşti-Qıpçaqdakı “əcdadlar”ı ilə əlaqəni üzməmişdilər. Yeni axınlar baş verirdi… Dəşti-Qıpçaqdakı kimi Azərbaycanda da qıpçaqlar tanrıçılığı qorumaqla yanaşı xristianlığı da qəbul etməyə başladılar.

Və bir faktı xüsusi olaraq qeyd etmək lazımdır (bunu dövrün erməni və gürcü mənbələri də göstərir) ki, eramızın I minilliyi ərzində Qafqazın Cənubunda qıpçaq türklərinə qarşı dura biləcək bir ictimai-siyasi qüvvə yox idi. Onların (qıpçaq türklərinin) yaratdıqları birliklər o qədər davamlı olmasa da, regionun bütün əhalisini özlərinin təsiri altına almışdılar. Birincisi ona görə ki, həm sayca çox idilər, həm də Şimaldan gələn axınlar hesabına sayları get-gedə daha da artırdı. İkincisi isə, böyük döyüş təcrübəsinə, möhtəşəm hərbi qüdrətə malik idilər. Nəinki yerli Qafqaz, eləcə də gəlmə İran mənşəli etnoslar, hətta Cənubi Qafqazı zəbt edən sasanilər, ərəblər belə onlarla hesablaşmalı olmuşdular.

Hunların tərkibi də müxtəlif idi, türk dilinin müxtəlif dialektlərində danışırdılar. Mənbələr suvar (sabir), xəzər (kaspi), onoqur, haylandur, kəngər, bulqar və b. tayfaların, yaxud tayfa birliklərinin adını çəkir. Bununla belə aparıcı mövqeydə məhz qıpçaq türkləri dayanırdılar. Onlar mənbələrdə adı çəkilən müxtəlif türk tayfalarını, yaxud tayfa birliklərini (əslində onların qalıqlarını) öz idarəçilikləri altında birləşdirərək VI-VII əsrlərdə Cənubi Qafqazda tam hakim oldular.

Eramızın ilk əsrlərində Qafqazın Cənubunda məskunlaşan türklərin əsas rəqiblərindən biri, bəlkə də, birincisi yunanlar idi. Anadolunu bütünlüklə zəbt etmiş yunanlar Qafqazı da nəzarət altında saxlamağa cəhd edirdilər. Xüsusilə xristianlığın yayılmasından sonra yunanların Qafqaz-Kiçik Asiyadakı mövqeləri güclənmişdi. Bununla belə əvvəl sasanilərin, sonra isə ərəblərin Cənubi Qafqaza hərbi-siyasi müdaxilələri yunanlara-Bizansa Anadoludan Şərqə doğru genişlənməyə qəti şəkildə mane oldu. Bu müdaxilə-hücumların bir mühüm təsiri də ondan ibarət idi ki, əvvəl Qafqaz, sonra isə İran etnosları yaşayış üçün o qədər də münasib olmayan dağlara, dənizsahili yarımsəhralara sıxışdırıldılar. Qıpçaq türkləri isə ümumtürk yaşam texnologiyalarına uyğun olaraq dağətəyi yerlərdə, yaxud çöllərdə məskunlaşırdılar. Bunu müasir Azərbaycanın etnik mənzərəsi də göstərir.

Azərbaycanın Şimalında (Cənubi Qafqazda) daha çox məskunlaşan hun türklərinin xüsusilə ilk orta əsrlərdə böyük kütlələrlə Azərbaycanın Cənubuna (tarixi Azərbaycana) köçürülməsi faktını mənbələr təsdiq edir.

Beləliklə, hunqıpçaq türklərinin Qafqaza (oradan da daha cənuba) axını ilə Azərbaycanın türkləşməsinin (və Azərbaycan xalqının təşəkkülünün!) əsası qoyulur.

 

3.       Qıpçaqlar.

Oğuz-səlcuqlar. Və Azərbaycan.

Eramızın ilk əsrlərindən başlayaraq Azərbaycanda məskunlaşan türklərin (qıpçaqların) etnocoğrafi mövqeyini IX-XI əsrlərdə tədricən intensivləşən oğuz-səlcuq yürüşləri möhkəmləndirir. Mərkəzi Asiyadan başlayıb Xəzərin Cənubundan keçməklə Anadoluya doğru istiqamətlənən (və orta əsrlərin sonlarına qədər mərhələlərlə davam edən ) bu yürüşlər, hun-qıpçaq axınlarından fərqli olaraq, daha çox hərbi- siyasi xarakter daşıyırdı.

Qıpçaqların mədəniyyəti daha çox şifahi yaradıcılığa, köçəri həyat tərzinə əsaslandığı halda oğuzların mədəniyyətində yazı, oturaqlıq, şəhər həyatı daha üstün olmuşdur.

Və bir fərq də ondan ibarət idi ki, oğuz-səlcuqlar artıq islam dinini qəbul etmiş, yaxşı təşkilatlanmışdılar. Onların saraylarında türk dili ilə yanaşı fars, ərəb dilləri də böyük nüfuza malik idi. Çünki oğuz-səlcuq əsilzadələri özlərini yalnız türk kimi deyil, həm ərəb, həm fars, həm də bir türk kimi hiss edir, yəni bütövlükdə müsəlman dünyasının övlad-varisləri sayırdılar.

Azərbaycanda Atabəylər dövlətini yaradan oğuz-səlcuqlar tədricən Anadoluya-Bizansa öz passionar güclərini göstərməyə başladılar. Və XI-XIII əsrlərdə böyük bir ərazini zəbt edərək dövlətlərini qurdular. Anadolunun (nəticə etibarilə, İstanbulun) fəthi XIII əsrdən sonra-osmanlılar dövründə də davam etdi.

Azərbaycanda (eləcə də Şərqi Anadoluda) oğuz-səlcuqların tarixi missiyasını əks etdirən ən mühüm tarixi-ədəbi mənbə “Dədə Qorqud” eposudur. Epos Azərbaycanın (və Şərqi Anadolunun) türkləşməsinin ikinci dövrünü olduqca aydın detal və təfərrüatlarla təqdim edir. Maraqlıdır ki, regiona yürüş edən oğuzların qarşısında artıq yerli əhaliyə çevrilmiş qeyri-müsəlman (kafir) qıpçaq türklərini, daha uzaqlarda (Qərbdə) isə yunanları görürük ki, bu da regionun etnik tərkibi barədə obyektiv təsəvvür yaradır.

Odur ki, erməni, eləcə də gürcü mənbələrinin IX-XI əsrlərdə – I minilliyin sonu II minilliyin əvvəllərində erməni və ya gürcülərin Qafqazın Cənubunda hansısa ciddi etnik-siyasi hadisə olmaları barədəki məlumatları böyük şübhə doğurur. Və xristian missionerliyinin gələcəyə-təbliğata hesablanmış xəyalpərəst iddialarından başqa bir şey deyildir.

Oğuz-səlcuq türklərinin Azərbaycanın həm Cənubunda, həm də Şimalında yayılması əhəmiyyətli bir maneə ilə qarşılaşmır. Artıq qeyd etdiyimiz kimi, yalnız Şimalda qıpçaq türklərinin o qədər də davamlı olmayan müqavimətindən danışmaq olar… Bununla belə nəzərə almaq lazımdır ki, oğuz-səlcuq yürüşlərinin əsas istiqaməti Qərbə-Anadolunun içərilərinə doğru olduğundan nə Cənub-Qərb, nə də Şimal Qərb istiqamətləri strateji əhəmiyyət kəsb etmirdi.

Azərbaycanda məskunlaşan (və Azərbaycan xalqının formalaşmasını təmin edən!) oğuz-səlcuqlar arxasınca regiona əsasən oğuzların, müəyyən qədər isə digər türk etnoslarının axınları XVI əsrə qədər davam etdi. Monqol-tatarların, Əmir Teymurun, Qaraqoyunluların və Ağqoyunluların yürüşləri formalaşmaqda olan Azərbaycan xalqının etnik tərkibini (potensialını!) gücləndirdi. Və eramızın ilk əsrlərindən başlayan proses orta əsrlərin sonu yeni dövrün əvvəllərinə qədər kəsilmədən davam etdi.

Oğuz-səlcuq yürüşləri XIII əsrdən başlayaraq Anadoluda – Kiçik Asiya yarımadasında (sonralar isə Balkanlarda) digər bir oğuz-türk xalqının – Osmanlıların (nəticə etibarilə, Türkiyə türklərinin) əsasını qoydu.

Biri digərinə çox yaxın olan türkmənlər, Azərbaycan və Türkiyə türklərinin etnik-coğrafi əsasları müxtəlif dövrlərdə qoyulsa da, onların müstəqil bir xalq kimi formalaşması, demək olar ki, eyni dövrə – XVI-XVII əsrlərə təsadüf edir. Əsasları eyni “etnik material”dan olan müasir türkmən, Azərbaycan və türk xalqlarının orta əsrlərin sonlarına doğru müstəqil xalqlar kimi meydana çıxmalarının etnik-coğrafi, siyasi, dini və s. səbəbləri vardır ki, bunlar bir kompleks halında oğuz türklərinin həmin xalqlara bölünməsini şərtləndirmişdir.

Azərbaycan xalqının təşəkkül-formalaşma prosesinin başa çatması Qaraqoyunlu, Ağqoyunlu və xüsusilə Səfəvilər dövlətlərinin qurulması ilə eyni dövrə düşür. Bu, təsadüfi deyil. O mənada ki, bunlar biri digərini şərtləndirən hadisələrdir… Xalqın təşəkkül-formalaşması milli dövlətin qurulması ehtiyacını doğurur, milli dövlətin qurulması isə xalqın formalaşmasını ( mütəşəkkilliyini!) təmin edir.

XVI əsrin ilk illərində meydana çıxan Səfəvilər dövləti türk dövlətçilik ənənələrinə əsaslanırdı. Və Qaraqoyunlularla Ağqoyunluların birbaşa davamı idi… I Şah İsmayılın qurduğu bu möhtəşəm dövlət Azərbaycanın (və Azərbaycan xalqının) sərhədlərini müəyyənləşdirdi. Səfəvilərin Azərbaycan xalqının “tərcümeyi-halı”ındakı yerini təsəvvür etmək üçün yalnız o faktı xatırlatmaq kifayətdir ki, nə Səfəvilərə qədər, nə də Səfəvilərdən sonra Azərbaycanı (və Azərbaycan xalqını) bu qədər genişliyi (və bütövlüyü, tamlığı!..) ilə özündə birləşdirən bir dövlət olmamışdır.

Mərkəzi Təbriz olan Azərbaycan Səfəvilər dövləti, çox təəssüf ki, xalqın tarixinin ən həssas dövründə – XVII əsrin əvvəllərində öz milli xarakterini itirib iranlaşdı… XVIII əsrdə Nadir şahın Azərbaycan dövlətinin təbii-tarixi hüdudlarını “yenidən müəyyənləşdirmək” cəhdi də nəticə etibarilə, uğursuz oldu.

 

* * *

Azərbaycan xalqının təxminən min beş yüz illik təşəkkül-formalaşma tarixini biri digərinin bilavasitə davamı olan aşağıdakı dövrlərə bölmək mümkündür:

1)      hunqıpçaq türklərinin məskunlaşması dövrü (eramızın ilk əsrlərindən I minilliyin sonu II minilliyin əvvəllərinə qədər);

2)      oğuz-səlcuq türklərinin məskunlaşması dövrü (I minilliyin sonu II minilliyin əvvəllərindən orta əsrlərin sonu yeni dövrün əvvəllərinə qədər).

Bununla belə nəzərə almaq lazımdır ki, birinci dövr Azərbaycanın türkləşməsinin başlanğıcı olsa da, Azərbaycan xalqının təşəkkül-formalaşma prosesində əsas rolu ikinci dövr oynayır. Yəni yerli hun-qıpçaqlarla (və bir sıra qeyri-türk mənşəli yerli, eləcə də gəlmə etnoslarla) qaynayıb qarışan oğuz-səlcuqlar yeni bir “super-etnos” yaradırlar.

Beləliklə, Azərbaycan xalqının eramızın ilk əsrlərindən başlayan təşəkkül-formalaşma tarixi orta əsrlərin sonu yeni dövrün əvvəllərində – XVI-XVII əsrlərdə başa çatır. Və min beş yüz illik bu uzun dövrdə Azərbaycan xalqı öz etnik coğrafiyasını müəyyənləşdirir, milli dövlətlərini qurur və ya milli dövlətçilik mədəniyyətini (modelini!) yaradır, Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Bakı kimi onlarla dünyaca məşhur şəhərlərini salıb düşmənlərdən müdafiə edir, Xətib Təbrizi, Bəhmənyar, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi böyük mütəfəkkirlərini yetişdirir. Ən mühüm yaradıcılıq hadisəsi isə odur ki, xalq özünün şah əsərini – “Dədə Qorqud” eposunu yaradaraq dilinin, ruhunun, coğrafiyasının, etnik tarixinin mənzərəsini, bütövlükdə özünü (kimliyini!) təqdim edir.

 

II. Azərbaycan xalqının milli azadlıq (müstəqillik) uğrunda mübarizəsi.

Azərbaycan xalqının tarixində milli azadlıq (müstəqillik) uğrunda mübarizəni şərtləndirən birinci cəhət, heç şübhəsiz, onun (xalqın!) mükəmməl bir təşəkkül-formalaşma prosesindən keçib gəlməsi olmuşdur. Kifayət qədər geniş (və hər cəhətdən məhsuldar) coğrafiyanı əhatə edən, müasir (və proqressiv!) mənəvi-mədəni (və dini!) dünyagörüşə sahib, qədim dövlət quruculuğu ənənəsinə malik bir xalqın müstəqil (bütöv!) dövlətinin olmaması faciəvi bir paradoks idi.

Bunun ən azı üç səbəbi vardı:

1)      türk dövlətləri arasında rəqabət mövcud idi;

2)      müsəlman birliyinin mərkəzləşdirici təsiri özünü göstərirdi;

3)      və regionda etnosiyasi münaqişələr dayanmırdı.

Azərbaycan Səfəvilər dövləti Azərbaycan xalqının təşəkkül-formalaşma dövrünün hadisəsi idi. Və xalqın milli dövlət quruculuğu istedadının təzahürü kimi meydana çıxmışdı… Ancaq çox keçmədi ki, milli məzmununu itirib farslaşdı. Azərbaycan ərazisində biri digərindən az və ya çox dərəcədə asılı olan, bununla belə hər biri müstəqilliyə can atan kiçik dövlətlər – xanlıqlar əmələ gəldi ki, onları mərkəzləşdirəcək bir milli siyasi gücün olmaması ölkəni həmişə xarici müdaxilələr qarşısında, demək olar ki, müdafiəsiz qoyurdu.

Beləliklə, yenicə təşəkkül tapmış-formalaşmış, böyük bir milli mənəvi enerji ilə tarix meydanına çıxmış xalqın mərkəzi hakimiyyəti olmadığından onun ərazisi İran və Osmanlı dövlətləri arasında müharibə meydanına çevrilmiş, əhalinin taleyi isə müdaxiləçilərin ümidinə buraxılmışdı.