AMEA. Xəbərlər (ictimai elmlər seriyasi). - 2018. - №2. - S.4-13.
Azərbaycanın qədim dövlətlərinin tarixində Naxçıvanın yeri
İsmayıl Hacıyev,
(АМЕА Naxçıvan Bölməsi)
Açar sözlər: Azərbaycan, Naxçıvan, qədim dövlətlər, Etiuni, Puluadi, Manna, Midiya, Atropatena
Ən qədim insanların yaşadığı ərazilərdən, dünya sivilizasiya mərkəzlərindən biri olan Naxçıvan diyarı Azərbaycanın qədim dövlətləri ilə müəyyən münasibətlərdə olmuş, onlarla qarşılıqlı fəaliyyətini yarada bilmiş, bir sıra dövrlərdə bu dövlətlərin təsiri altında, sonra isə siyasi asılılığında olmuşdur. Bunlar arasında Etiuni, Puluadi ölkələrini, Manna, Midiya və Atropatena dövlətlərini xüsusi olaraq qeyd edə bilərik.
Manna dövləti qüdrətli vaxtlarında geniş ərazilərə malik olmuşdur. “Asılı vilayətlər də daxil olmaqla Manna dövləti Urmiyadan cənubda və şimalda yerləşən əraziləri, Qızılüzən çayı hövzəsinin xeyli hissəsini və ondan cənubda yerləşən bölgələri əhatə edirdi” [8, s.166]. Mannanı irsi hakimiyyətə malik olan çar idarə edirdi. Dövlət inzibati cəhətdən çarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü. Çarın sərəncamında ordu var idi. Manna dövləti yüksək inkişaf mərhələsinə e.ə. VIII əsrin sonlarında nail olmuşdu. Bütün bunları nəzərə alan S. Qaşqay haqlı olaraq göstərir ki, Manna e.ə. I minilliyin birinci yarısında Ön Asiyanın qabaqcıl dövlətləri ilə eyni səviyyədə dururdu [6, s.3].
Naxçıvanın bu dövr siyasi tarixi tarixşünaslıqda kifayət qədər aydın əksini tapmamışdır. Dövrün tədqiqatçılarından olan R. Məlikov yazır ki, “E.ə. IX-VIII əsrlərdə Cənubi Qafqazda məskunlaşmış müxtəlif siyasi və etnik birliklər Etiuni (Etiuhi) adlı dövlət qurumunun tərkibində birləşmişlər. Bəzi tədqiqatçıların fikrincə, Etiuni Cənubi Qafqazın böyük hissəsini əhatə edən iri bir qurum olmuşdur. Bu alimlər etiunilərin adını bu ərazilərə cənubdan köçən kutilərlə bağlayır və etiuniləri sonrakı utilərin əcdadları hesab edirlər” [10, s.55]. Müəllifə görə, Naxçıvan bu dövrdə Etiuninin tərkibində olmuşdur. Sonrakı abzasda urartuluların hücumundan bəhs olunaraq qeyd edilir ki, “Urartu çarı I Argişti (e.ə.786-764) də Etiuni ölkəsinə yürüşlər etmişdir. Çar II Sarduri (e.ə.764-735) isə Puluadi ölkəsində 21 qalanı, 45 şəhəri və “çar şəhəri olan Libliuni”ni ələ keçirmişdir. S. Qaşqay Urartu mənbələrinə əsaslanaraq Puluadi ölkəsinin bir hissəsini Naxçıvan ərazisində lokalizə edir” [8, s.166]. Burada vacib bir məqam diqqəti cəlb edir: I Argişti yuxanda müəllifin qeyd etdiyi kimi tərkibində Naxçıvanın olduğu Etiuniyə, onu hakimiyyətdə əvəz edən II Sarduri isə Puluadi ölkəsinin bir hissəsini əhatə edən Naxçıvan ərazisinə hücum edir.
S. Qaşqay isə qismən fərqli fikir irəli sürür. Problemin mühüm əhəmiyyətini nəzərə alaraq, onun fikirlərini olduğu kimi təqdim etmək lazım gəlir. S. Qaşqay yazır ki, “Urartulular Cənubi Qafqaz vilayətlərinə, eləcə də Naxçıvan ərazisinə və Urmiya gölünün şimal ərazilərinə mütəmadi yürüşlər edirdi. Urartu çarları İşpuini və onun oğlu Menuanın (e.ə.820-810-cu illər) birgə hakimiyyətləri dövründə urartulular şimaldan basqın etmiş, Uiteruni, Luşa, Katarza və Etiuni(ni) ölkəsinin çoxsaylı hökmdarlarına qarşı mübarizə aparmışdır. Etiuni adı altında Cənubi Qafqazda Göyçə gölü ətrafında yaşayan müxtəlif siyasi və etnik birliklər çıxış edirdilər. İşpuini və Menuanın rəhbərliyi altında Urartu ordusunun şimal-şərq istiqamətində yürüş etdiyini Culfa rayonunun İlanlıdağ qayalarında aşkar edilmiş mixi yazı da təsdiq edir: [səh.4-5] “İlahi Haldinin əzəməti ilə İşpuini Sardurinin oğlu (və) Menua İşpuinin oğlu Arsinie şəhərinin ölkəsini zəbt etdilər, İş [... şəhərinin] ölkəsini, Arsikua şəhərinin ölkəsini, Ayaniani şəhərinin ölkəsini zəbt etdilər, dağıtdılar. Puluadi ölkəsində onlar ilahi Haldiyə lövhə ucaltdılar (və) əmr verdilər: Puluadi ölkəsində ilahi Haldiyə öküz və qoyun, Haldinin arvadına inək (qurban) kəsilsin” [7, s.56-57]. Mixi mətndə adı çəkilən Arsinie Culfa rayonunun Ərəzin kəndi ilə lokalizə edilir [9, s.123]. Naxçıvanın ərazisinin isə Puluadi vilayətinə daxil olduğu bildirilir: “Urartu mənbələrinə görə Naxçıvan ərazisini qədimdə (kursiv mənimdir.-İ.H.) Araz çayının cənub qolu Əhər çayına qədər çatan Puluadi vilayətinə daxil etmək olar. Puluadi ölkəsinin adı, tədqiqatçıların fikrinə görə, Yaxın Şərqdə yayılmış dillərin demək olar ki, hamısında “polad” sözü kimi qalmışdır” [7, s.57]. Buradan aydın olur ki, Naxçıvan ərazisinin bir hissəsi qədim zamanlardan urartuluların hücum istiqamətlərində mühüm yer tutan Puluadi ölkəsinə daxil olmuşdur. Müqayisələr nəticəsində belə bir fikrə gəlmək olar ki, Naxçıvan həmin dövrdə daha geniş əraziyə malik olmuş, onun şimal hissəsi Etiuni, cənub hissəsi isə Puluadi ölkəsinə daxil olmuşdur.
Ən vacib suallardan biri qeyd edilən dövrdə Naxçıvanın statusu məsələsi ilə bağlıdır. Bu suala həmin dövrə dair Naxçıvanda aşkar edilmiş arxeoloji abidələr cavab verir. Bu dövrün ən mühüm arxeoloji abidələrindən biri Oğlanqaladır. Oğlanqalanın müdafiə istehkamı, şəhər-dövlət və paytaxt olması haqqında mülahizələr vardır [11, s.86-92; 16, s.12-15]. Hər bir halda siyasi nöqteyi-nəzərdən Naxçıvanın dövlətçilik baxımından mühüm statusa malik olması aydın olur.
Araşdırılan dövrə dair digər vacib bir məsələ Mannanın Naxçıvanla münasibətləridir. S. Qaşqaya görə Naxçıvan və Manna ərazisində aşkar edilmiş arxeoloji materiallar əsasında izlənilən sıx mədəni əlaqələr müəyyən dövrlərdə Mannanın sərhədlərinin Arazdan şimala uzandığını və özünün gücləndiyi dövrlərdə onun kifayət qədər geniş əraziyə malik olduğunu söyləməyə imkan verir [6, s.69]. Tədqiqatçı bu problemə sonrakı araşdırmalarında bir daha qayıtmış və həmin müddəanı inkişaf etdirmişdir. S. Qaşqay 1979-cu ildə nəşr edilən məqaləsində yazırdı ki, Naxçıvan diyarının e.ə. II minilliyin sonları I minilliyin əvvəllərinə aid maddi mədəniyyəti olduqca özünəməxsus olub, həm Sovet Azərbaycanının (hazırda Azərbaycan Respublikası. - İ.H.) digər rayonlarının maddi mədəniyyətindən, həmçinin Gürcüstan və Ermənistanın ona müasir olan mədəniyyətindən fərqlənir. Tədqiqatın sonunda belə bir nəticə hasil edilir ki, Naxçıvan diyarının vilayətləri e.ə. I minilliyin əvvəllərində güclənən Manna çarlığının təsiri altında və zaman-zaman siyasi asılılığında olmuşdur. Göründüyü kimi, Naxçıvanın Manna dövlətinin tərkibinə daxil olması haqqında fikir irəli sürülsə də onun xronologiyası barədə konkret bir mülahizə söylənmir. R. Məlikov da Naxçıvanın Manna tərkibinə daxil olmasını təsdiq edərək yazır: “Güman ki, bu dövrdə (e.ə. IX-VIII əsrlərdə.-İ.H.) Etiuninin tərkibində olan Naxçıvan ərazisi bəzən Mannaya qatılmışdır” [10, s.55]. Buradan da aydın olmur ki, Naxçıvan ərazisi “bəzən”, yəni nə vaxt Mannaya qatılmışdır?
Tarixi faktların təhlili belə bir fikir söyləməyə imkan verir ki, Naxçıvanın Manna dövlətinin tərkibinə daxil edilməsi e.ə. VIII əsrin sonları - VII əsrin əvvəllərinə aid oluna bilər, çünki bu dövrdən sonra kimmerlər və skiflərin Azərbaycana yürüşləri başlayır və yeni tarixi situasiya yaranır. Mannanın tərkibində olduğu dövrdə əvvəllərdəki kimi Naxçıvanın şəhər-dövlət statusunu saxladığını ehtimal etmək olar.
Belə bir şəraitdə kimmerlər və skiflərin bölgədə mühüm siyasi qüvvəyə çevrilməsi və Skif çarlığının meydana gəlməsi ilə vəziyyət dəyişdi. Dövrün tədqiqatçısının yazdığı kimi faktiki məlumatlar sübut edir ki, e.ə. VII əsrin ikinci yarısının Skif çarlığı Ön Asiya Şərqində mühüm faktor oldu [13, s.4-14].
Herodotun məlumatına görə e.ə. VIII əsrin sonlarında “skiflər tərəfindən sıxışdırılan köçəri kimmerlərin sayagəlməz orduları Ön Asiyaya soxulmuşlar. Kimmerlər hələ Cənubi Qafqaz torpaqlarında urartulularla toqquşaraq iki böyük axına bölünmüşlər. Birinci axın cənub-qərbə, Kappadokiyaya yönəlmiş, ikinci axın isə cənuba, Manna vilayətlərinə və Madanın [səh.5-6] şimal-qərb hissəsinə üz tutmuşdu” [4, s.231]. Kimmerlərin adı ilk dəfə Aşşur mənbələrində Manna ilə əlaqədar olaraq e.ə. VIII əsrin son rübündə, skiflər (saklar) isə işkuzai (aşkuzai) adı ilə e.ə. 674-cü ilə aid olan mənbədə çəkilir [10, s.56]. Təxminən e.ə. VII əsrin 70-ci illərində Azərbaycan ərazisində Skif çarlığı meydana gəlir.
Bəhs edilən dövrdə Naxçıvanın siyasi vəziyyətinin müəyyənləşdirilməsi mühüm vəzifələrdəndir. Azərbaycan ərazisində Skif çarlığına dair əsas tədqiqatların müəllifinin [13, s.4-14] qeyd etdiyinə görə çarlıq Kür çayının orta axan ilə Urmiya gölü ətrafındakı Manna ərazisi arasındakı vilayətlərdə yerləşirdi [4, s.236]. Azərbaycan tarixi atlasında da həmin ərazi Skif şahlığı kimi göstərilmişdir [2, s.12]. Naxçıvan da bu əraziyə daxil edilmişdir. Bu məsələdən bəhs edən R. Məlikovun fikrinə görə “Naxçıvan da bu şahlığın (Skif şahlığının. - İ.H.) tərkibində, yaxud nüfuz dairəsində olmuşdur” [10, s.56]. S. Qaşqay isə yazır ki, “Araz çayının hər iki sahilini əhatə edən maddi mədəniyyət, skiflərin (skiflərin.-İ.H.) Manna çarlığının şimal sərhədlərində və Naxçıvan ərazisində hətta çox qısa müddət də olsa olmalarını əks etdirmir” [7, s.59].
Azərbaycan ərazisində Skif çarlığının coğrafiyası ilə birlikdə, Naxçıvanda az da olsa tapılmış skif tipli tapıntıların (Meydantəpə (Babək rayonu Nəzərabad kəndi) və Şahtaxtından əldə edilmiş iki tunc ox ucluğu) Naxçıvanın Skif çarlığına daxil olması ehtimalını daha əsaslı hesab etməyə imkan verir.
Beləliklə, nəzərdən keçirilən məsələlər bəzi elmi nəticələr çıxarmağa imkan verir: 1) Naxçıvanın ərazisi ilk vaxtlar yalnız cənubdan, Urartu və Assuriya vasitəsi ilə hücumlara məruz qalırdısa, skiflərin hücumu ilə şimaldan təhlükə artdı və Naxçıvanın Skif çarlığı ərazisinə daxil edilməsi ilə Azərbaycanın şimal torpaqları ilə əlaqələri genişləndi. 2) Nəzərdən keçirilən dövrdə Naxçıvanın Azərbaycanın cənub torpaqları ilə əlaqələri barəsində bəhs olunduğu halda (S. Qaşqayın məqalələri), onun şimal torpaqları ilə əlaqələrinin də araşdırılması zərurətini irəli sürür.
Ön Asiyada güclü Midiya dövlətinin (e.ə. 673-e.ə.550-ci illər) meydana gəlməsi Azərbaycan dövlətçiliyinə də mühüm təsir göstərdi.
Midiyaşünaslıqdan bəhs edilərkən ənənəvi olaraq, sovet tarixşünaslığına məxsus iki monoqrafiya - İ.M. Dyakonov və İqrar Əliyevin eyni adlı Midiya tarixi kitablarına müraciət edilir [12; 20]. Son zamanlar isə bu sahədə dünya tarixşünaslığında yeni ciddi araşdırmalar nəşr edilmişdir [23, s.202-209]. Onların içərisində İ.N. Medvedskayanın tədqiqatları xüsusi yer tutur. O, 2007-ci ildə Midiya çarlığının tarixinə dair doktorluq dissertasiyası müdafiə etmiş, 2010-cu ildə isə eyni adlı monoqrafiyası işıq üzü görmüşdür [24]. Medvedskayanın tədqiqatlarında Midiya dövlətinin tarixi coğrafiyası, Midiyanın yüksəlişinin vaxtı və səbəbləri, Midiya ekspansiyası faktı və hüdudları, Midiya sülaləsinin xronologiyası və s. məsələlər araşdırılmışdır. Bizim üçün isə başlıca problem Midiya dövründə Azərbaycan dövlətçiliyi, xüsusilə də burada Naxçıvanın yeri məsələsidir.
Midiya dövlətinin yaranmasında Azərbaycanın Manna dövlətinin və onun əhalisi də iştirak etmişdir. Bu fakt Azərbaycanın dövlətçilik tarixi üçün mühüm əhəmiyyətə malikdir. Manna dövləti daha qüdrətli Assuriyaya qarşı mübarizədə madalılarla müttəfiq olmaqla və onların qələbəsində iştirak etməklə, öz dövlətçiliyini müəyyən müddətə qoruya bilmişdi. Kaştaritinin rəhbərliyi ilə assuriyalılara qarşı üsyan Herodota görə e.ə. 678-ci ildə, yaxud e.ə. 678 və 675-ci illər arasında baş vermişdir. Bu üsyan zamanı madalıların əsas müttəfiqlərindən biri kimmerlər və skiflərlə, eyni zamanda, mannalılar olmuşdur. Məhz bu üsyandan sonra Midiya dövləti meydana gəlmişdir [12, s.225, 227]. Sonrakı tarixi şəraitdə Midiya dövlətinin həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Manna dövləti süqut etmiş, onun ərazisi Midiya dövlətinin tərkibinə daxil edilmişdir. İ. Dyakonov yazırdı ki, Midiya, Midiya çarlığının özü üç köhnə çarlıqdan-Midiya (mərkəzi və şərqi Midiya), Manna və Skif çarlığından ibarət idi [20]. Bu dövrdə Naxçıvanın siyasi statusu məsələsi diqqəti cəlb edir. Tarixşünaslıqda bu məsələyə münasibətdə müxtəlif yanaşmalar vardır. Yeddicildlik Azərbaycan tarixinin birinci cildində yazılır ki, “Mada dövlətinin sərhədləri şərqdə Orta Asiyadan qərbdə Halis çayınadək uzanırdı. Dövlətin şimal sərhədlərinin bir qismi [səh.6-7] Kolxidanın yaxınlığından keçirdi. Şübhəsizdir ki, Şimali Azərbaycanın bəzi bölgələri də Mada dövlətinin tərkibinə daxil idi (seçmə müəllifindir. - İ.H.)” [4, s.246]. Göründüyü kimi, burada Şimali Azərbaycanın bəzi bölgələrindən bəhs edilir, lakin konkret ərazi müəyyənləşdirilmir. İ. Dyakonov Naxçıvanın adını çəkməsə də Midiyanın şimal sərhədlərinin təsvirindən və tərtib etdiyi xəritədən Naxçıvanın bu dövlətin tərkibinə daxil olduğu aydın olur [20]. Azərbaycan arxeoloqu Vəli Əliyev “Naxçıvan - Azərbaycanın tarixi diyarıdır” adlı kitabında “Midiyalılar Naxçıvanda” adlı başlıq ayırmışdır [5, s.35-36]. O, İ.M. Dyakonova istinadən bildirir ki, “Naxçıvan qədim Midiya quldar dövlətinin tərkibinə daxil olmuşdur” [5, s.35].
Midiya dövləti tərkibində Naxçıvanın vəziyyətini müəyyən etmək üçün bu dövlətin siyasi sisteminə nəzər salmaq lazımdır. Bu barədə Herodot yazırdı ki, midiyalıların hökmranlığı zamanında bir xalq başqa xalq üzərində, midiyalılar isə hamı, ilk növbədə onlara yaxın olanlar, sonuncular öz qonşuları, qonşular isə onlarla həmsərhəd olan xalq üzərində ağalıq edirdi [22, s.134]. Bu siyasi sistemdə Naxçıvanın özünəməxsus yer tutmasını düşünmək olar. Bu ilk əvvəl Naxçıvanın siyasi coğrafiyası ilə bağlı idi. Midiya dövlətinin sərhədlərini nəzərdən keçirərkən aydın olur ki, Naxçıvan onun şimal hüdudunu təşkil edir və ya burada yerləşirdi. Sərhəddə və ya onun hüdudlarında yerləşən siyasi qurumlar isə daha çox geniş hüquqlara malik olması ilə diqqəti cəlb edir. Bu mühakiməyə əsaslanaraq Naxçıvanın Midiya imperiyası sistemində müstəqil fəaliyyət göstərdiyini qəbul etmək olar. Vəli Əliyev də bu məsələyə diqqəti cəlb edərək yazır ki, “qədim Naxçıvan mədəniyyəti öz zənginliyinə və yüksək inkişaf səviyyəsinə görə Midiya mədəniyyəti ilə eyniyyət təşkil edir. Bu cəhət Naxçıvanın m.ə. II-I minilliklərə aid dulusçuluq, metalişləmə kimi mühüm sənət növlərində, təsviri sənətində, xüsusilə boyalı qablar mədəniyyətində özünü daha aydın göstərir. Naxçıvanın Şahtaxtı, I Kültəpə, II Kültəpə, Nəhəcir, Qarabağlar, Şortəpə, Yaycı, Kərki, Plovtəpə və b. abidələrinin incə naxışlı boyalı qabları Midiyanın mühüm mədəniyyət mərkəzləri Govurtəpə, Sialk və Təpə Giyanın qədim dulusçuluq sənəti nümunələri ilə eyni səviyyədədir. Midiyanın qədim mədəniyyət mərkəzləri ilə Urmiyanın və Naxçıvanın əsas mədəniyyət ocaqları arasında sıx əlaqə olmuşdur... Naxçıvanın qədim maddi mədəniyyət abidələrinin tədqiqi göstərir ki, bu qədim diyar öz iqtisadi-mədəni inkişafında müstəqil olmuşdur” [5, s.35].
Naxçıvan ərazisində Midiya tayfalarının məskunlaşması haqqında məlumatlar da bəzi mühüm tarixi mühakimələr irəli sürməyə imkan vermişdir. Üçcildlik Naxçıvan tarixinin birinci cildində bu problemə xüsusi yer ayrılaraq qeyd edilmişdir ki, “Herodotun “Tarix” əsərinin elə birinci kitabında Midiya tayfalarının buslar, partagenlər, struxatlar, arizantlar, budilər və maqlar olduğu göstərilir. Bu tayfaların Midiyanın qüdrətli əyaləti olan Naxçıvan ərazisində məskunlaşma tarixi bu dövlətin yaranma tarixindən qabağa, e.ə. II minilliyin sonları minilliyin əvvəllərinə təsadüf edir” [11, s.127]. Onomastik materiallara əsaslanaraq bildirilir ki, “Naxçıvan bölgələrində bus tayfaları - Buzqov, Şahbuz, Bəsri, Ərmus, Bist, Bazur; maqlar - Ağmanqan, Maxta, Muğancıq, Məngik, Ayrımanq; partagenlər - Partav, Purtak, Bardak; arizantlar isə - Ərəzin, Ərzincan Arzini, Arzanda kimi 53 məntəqə-etnooykonim adında öz adlarını əbədiləşdirmişdir. Bu oykonimlər həm aktiv fondda, həm də arxiv sənədlərində qeydə alınmaqdadır” [11, s.127].
Midiyanın idarə edilməsində din xadimlərinin, kahinlərin mühüm rolunu və Avesta təliminin yayıldığını nəzərə alsaq, Naxçıvanda da oxşar modelin olduğunu söyləyə bilərik. Bu sonralar Naxçıvanın Atropatena dövləti ilə bağlı olmasını təmin edən şərtlərdən olmuşdur.
Midiya dövlətinin çox da möhkəm olmayan siyasi sistemi onun süqutunun başlanğıcını qoydu. Midiya dövlətinin süqutuna dair baxışlar Naxçıvanın bu və sonrakı dövrdə siyasi mövqeyinin müəyyənləşdirilməsi üçün də vacibdir. Bəzi tədqiqatçılar bu hadisəni sadəcə çevriliş, sülalənin dəyişməsi kimi qiymətləndirir. Bu qeyddən sonra İqrar Əliyev yazır ki, farslar tərəfindən Midiyanın tutulması sözün hərfi mənasında sülalənin dəyişməsi olmayıb, işğal idi, ona görə ki, bu hadisələr nəticəsində midiyalılar [səh.7-8] dövlət müstəqilliyini itirərək farsların hakimiyyəti altına düşdü [12, s.225]. Midiyadan fərqli olaraq, yeni yaranan Əhəmənilər dövləti daha uzun müddət, e.ə. 550-330-cu illərdə mövcud olmuşdur.
Əhəməni dövlətinin tarixinin mənbələri və tarixşünaslıq məsələləri Rauf Məlikovun monoqrafiyasında araşdırılmışdır [25, s.7-40]. Lakin mənbələr və tarixi əsərlər, bilavasitə, etnik tarix kontekstində tədqiq edildiyindən dövlətçilik məsələlərinə geniş yer verilməmişdir. Bu baxımdan rus dilli ədəbiyyat içərisində M.A. Dandamayevin tədqiqatlarını xüsusi qeyd etmək lazımdır [17]. Bu tədqiqatlarda isə Naxçıvandan bəhs edilmir.
Qeyd edilən problemə Vəli Əliyevin adı çəkilən kitabında münasibətə rast gəlirik. Əhəməni dövründə Naxçıvanın siyasi vəziyyəti barədə də bəhs edən Vəli Əliyev yazır ki, “M. ə. 550-ci ildə Midiya dövləti tənəzzülə uğramışdır. Bu dövrdən etibarən Midiya torpaqları ilə birlikdə Naxçıvan da Əhəməni fars dövlətinin tərkibinə daxil olmuşdur. Əsir edilmiş Midiya hökmdarı Astiyaqın ailəsi, yaxın adamları, əyanları, nökərləri, qulam və kənizləri, eləcə də on mindən çox midiyalı Naxçıvana sürgün edilmiş, əksəriyyəti Araz çayının sahilindəki kəndlərdə yerləşdirilmişdir. Xram, Culfa, Xoşkunik şəhərlərində və Əjdanaxandan başlamış Naxçıvana qədər hər yerdə bu əsirlərə təsadüf edilirdi. Astiyaqın oğlu əsir edilərək Şərur adlı yerə göndərilmişdir” [5, s.35]. Oğlanqala Midiya dövründə də Naxçıvanın əsas şəhərlərindən olmuşdur [5, s.35].
Əhəmənilər dövləti yarandıqdan az bir müddət sonra, e.ə. 522-ci ildə maq Qaumatanın başçılığı ilə üsyan baş verdi. Üsyanın əsas məqsədi Midiya dövlətinin bərpa edilməsi idi. Qaumatanın üsyanı yatırıldıqdan sonra baş verən ən güclü üsyanlardan biri də Cənubi Azərbaycanda Çissantaxmanın başçılığı ilə olmuşdur. Bu barədə I Daranın Bisitundakı yazısında bəhs edilir. Həmin yazıdan aydın olur ki, saqartalı Çissantaxma Daraya qarşı çıxaraq, xalqa deyirmiş ki, mən Saqartada çaram, Uvaxşatra (Kiaksar. - İ.H.) nəslindənəm. Dara bundan sonra fars və mada qoşunlarını onun üzərinə göndərir. Qoşun başçısı madalı Tahmaspadan təyin edilir. O, qiyamçı qoşunu məğlubiyyətə uğradır, Çissantaxma tutulur və Daraya gətirilir. Dara tərəfindən onun burnu, qulağı kəsilir və gözü çıxarılır. Onu qolları bağlı Daranın qapısında saxlayırlar ki, bütün xalq görsün, sonra isə onu payaya keçirirlər [27, s.64-65]. Çissantaxmaya tətbiq edilən cəzanın ağırlığı və onların icrasında Daranın özünün iştirakı təsdiq edir ki, bu üsyan geniş miqyasa malik olmuş və Daram daha çox qəzəbləndirmişdir.
I Dara (e.ə. 522-486) tərəfindən bu üsyanlar qəti şəkildə yatırıldıqdan sonra, inzibati, vergi, maliyyə, hərbi islahatlar keçirildi. İnzibati islahatlar nəticəsində imperiyanın ərazisi iyirmi satraplığa bölündü. Azərbaycanın tarixi torpaqları X, XI və XIV satraplıqlara daxil edilmişdir. İ.M. Dyakonov satraplıqların cədvəlini tərtib etmiş, burada satraplıqlarla, eyni zamanda, bacın gümüş talantla miqdarını, kimin dövründə işğal edilməsini və s. məlumatları ümumiləşdirmişdir [20, s.344-346]. Belə güman etmək olar ki, Naxçıvan da bu dövrdə siyasi vəziyyətinin dəyişməsindən razı qala bilməzdi. Naxçıvanın ərazisinin konkret olaraq hansı satraplığa daxil edilməsi bildirilmir, lakin satraplıqların ərazisinin ümumi təsvirindən aydın olur ki, о XI satraplığın ərazisinə (cədvəldə müasir Azərbaycan SSR (hazırda Azərbaycan Respublikası.-İ.H.) ərazisinin cənub hissəsi və cənubi Xəzərsahili (?) kimi qeyd olunur) daxil edilmişdir [20, s.345]. XI satraplıq 200 gümüş talant (talant -30 kq. idi) bac verirdi. Naxçıvan bu satraplığa daxil olduğuna görə bacın müəyyən miqdarı onun üzərinə düşürdü.
Naxçıvanın Əhəmənilər dövründəki siyasi-təsərrüfat vəziyyəti barədə arxeoloji materiallar müəyyən təəssürat yaratmağa imkan verir. Bəzi fikirlərə görə Əhəmənilər dövründə Naxçıvan və Kiran şəhərləri sənətkarlıq mərkəzləri kimi tanınmış, Yaxın Şərqlə Cənubi Qafqaz arasındakı ticarət əlaqələrində mühüm rol oynamışdır. Naxçıvanda mədəniyyətin inkişafına dair faktlar da qeyd edilir və bildirilir ki, “Əlincəçay vadisindəki Zoğalı abidəsindən antik dövrü sütun altlıqları ilə birlikdə aşkar olunmuş iki tunc qrifon Əhəməni mədəniyyəti abidələri ilə səsləşir. Nadir və gözəl incəsənət əsərləri olan bu qrifonlar ictimai və yaxud dini mərkəzə [səh.8-9] başçılıq edən səltənət sahibinə məxsus taxtın hissəsi hesab edilir. Əzəmətli zoomorfık obrazların (qartal, şir, qatır-at və s.) vəhdətindən ibarət olan bu qrifonlar hakimiyyət, qüvvət, böyük səltənət, var-dövlət qoruyucusu simvoludur” [5, s.37].
Oğlanqalaya aid materiallar da Naxçıvanın Əhəməni dövründə siyasi və mədəniyyət tarixinə dair fikirlər irəli sürməyə imkan verir. Qazıntılar nəticəsində əldə edilmiş materiallar “e.ə.400-250-ci illərdə Oğlanqaladakı iç qalanın yenidən məskunlaşdırıldığını, III Dövr memarlarının saray binasını bərpa etmək istədiyini göstərir” [11, s.92]. Lakin bu bərpa işləri yarımçıq qalmışdır. Belə bir versiya irəli sürülür ki, “layihənin yarımçıq qalmasının səbəbi ya III Daranın ölümü və Əhəməni imperiyasının dağılması, ya da Makedoniyalı İsgəndərin imperiyasının süqutu ilə bağlı olmuşdur. İkincisi, bu, 4-cü əsrin sonunda imperiyanın dağılmasından sonrakı qarışıq onilliklərdə burada Midiya-Atropatena dövlətinin yaranması ilə bağlı ola bilər. Oğlanqala sitadelinin çoxsaylı özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq bu binanın tikintisini ikinci dövrə aid etmək olar” [11, s.94]. Faktların təhlili tamamilə fərqli bir versiya irəli sürülməsinə imkan verir. Layihənin xarakteri (binaların çoxsaylı və kiçik həcmli olması, divarların daha az möhtəşəm olması və s.) və xronologiyasının müqayisəsi belə bir fikir söyləməyə əsas verir ki, həmin vaxtlarda Naxçıvanın siyasi həyatında müəyyən dəyişikliklər baş vermişdir. Onun əsas mahiyyəti Əhəməni dövlətinin zəifləməsi şəraitində Naxçıvanın mərkəzi hakimiyyətin asılılığından çıxmaq idi. Ona görə də sarayın tikintisində Əhəməni dövrünə aid müəyyən əlamətlər saxlansa da, yerli xüsusiyyətlər güclənməyə başlanmışdır. Makedoniyalı İsgəndərin (e.ə. 336-323-cü illər) zərbələri altında Əhəməni dövlətinin süqutu ilə bu proses genişlənmiş, Atropatena dövləti zamanı da davam etdirilmişdir. Naxçıvan ərazisində bu dövrə aid küp qəbirlərə və daş qutulara rast gəlinir. Naxçıvanın dövrün siyasi hadisələrində iştirakını təsdiq edən faktlardan biri də onun Makedoniyalı İsgəndərin imperiyası ilə əlaqələridir. Arxeoloji tədqiqatlar ilə “Naxçıvan şəhəri yaxınlığındakı Əliabad kəndi ərazisindəki küp qəbirlərin birində Makedoniyalı İsgəndərin adına kəsilmiş gümüş sikkələrin aşkar olunması Naxçıvanın bu imperiya ilə əlaqələrinin olduğundan xəbər verir” [11, s.92]. Beləliklə, mövcud faktlardan və onlara dair mühakimələrdən çıxış edərək, Naxçıvanın Əhəmənilərin son dövründə müstəqil olmaq uğrunda mübarizəsini və Makedoniyalı İsgəndərin imperiyası ilə əlaqələrini qeyd edə bilərik.
Azərbaycanın cənubunda dövlətçilik ənənələrinin e.ə. III minillikdən genişlənməsi və Naxçıvanın cənub ərazidəki siyasi qurumlarla siyasi münasibətləri və əlaqələri onu burada cərəyan edən hadisələrlə sıx əlaqələndirmişdir. Bunun nəticəsi idi ki, Atropatena dövləti meydana gəldikdə Naxçıvan onun tərkibində qalmışdır.
E.ə. IV əsrdə Azərbaycanın tarixi torpaqlarında baş verən siyasi proseslər nəticəsində onun şimalındakı ərazidə Albaniya, cənubunda isə Atropatena dövləti meydana gəldi. Albaniya dövlətindən fərqli olaraq, Atropatena dövlətinin mənbəşünaslığı və tarixşünaslığı elə də geniş deyil. Bu sahədəki tədqiqatlar içərisində İqrar Əliyevin rus dilində nəşr edilmiş “Atropatena tarixinin oçerki” və Abdulla Fazilinin “Atropatena” (haqqında) kitablarını qeyd etmək olar. Birinci kitab xronoloji cəhətdən e.ə. IV-e. I əsrlərini, ikinci kitab isə e.ə. IV-e. VII əsrlərini əhatə edir [1; 14]. İqrar Əliyevin monoqrafiyası tarixşünaslıqda ətraflı təhlil edilmiş və müsbət qiymətləndirilmişdir [19; 26, s.34-37]. F. Əliyeva antik Azərbaycanın mədəniyyətinə həsr etdiyi kitabında Midiya Atropatenası və Qafqaz Albaniyasının mədəniyyətini birlikdə araşdırmışdır [15]. Atropatena tarixinə yeddi cildlik Azərbaycan tarixində də xeyli yer ayrılmışdır. Əsasən İqrar Əliyevin müəllifi olduğu həmin hissələrdə Atropatena tarixi ümumiləşdirilmiş şəkildə nəzərdən keçirilmişdir. Naxçıvanın Atropatena dövrü tarixi üçcildlik Naxçıvan tarixinin birinci cildində ümumiləşdirilmişdir. Bu hissə əsas etibarı ilə arxeoloji materiallar üzrə yazılmışdır [11, s.92-95].
Makedoniyalı İsgəndərin ölümündən sonra dünya tarixində ellinizm adlanan dövr başlayır. Bu dövr xronoloji cəhətdən e. 30-cu illərinədək davam edir. Naxçıvanın Atropatena dövrü tarixinin, eyni zamanda, ellinizm kontekstində nəzərdən keçirilməsi onun ellin dövrü dövlətləri sistemində mövqeyi kimi vacib problemi ortaya çıxarır. [səh.9-10]
Atropatena dövlətinin meydana gəlməsi Əhəməni satrapı Atropatın adı ilə bağlıdır. Tədqiqatçılar yazır ki, nəinki Cənubi Azərbaycan, eləcə də Şimali Azərbaycanın xeyli hissəsi Atropata tabe idi [14, s.52]. Atropat e.ə. 331-ci ildə Makedoniyalı İsgəndərin Əhəməni hökmdarı III Daraya qarşı Qavqamel döyüşündə iştirak etmişdir. Döyüş III Daranın məğlubiyyəti ilə başa çatmış, Əhəmənilər dövləti dağılmışdır. Bütün bunlara baxmayaraq, məharətli dövlət xadimi olan Atropat Makedoniyalı İsgəndər ilə münasibətləri qaydaya sala bilmiş, yenidən satrap təyin edilmişdir. Atropatena dövlətinin meydana gəlməsi, siyasi tarixi və s. məsələlər barəsində Strabon məlumat verir. Onun yazdığına görə, Midiya iki hissəyə ayrılır. Bir hissəsini Böyük Midiya adlandırırlar ki, baş şəhəri Midiya dövlətinin paytaxtı olmuş böyük şəhər Ekbatandır... ikinci hissə - Atropat Midiyasıdır. O öz adını sərkərdə Atropatdan alıb, hansı ki, bu ölkənin, Böyük Midiya kimi makedoniyalılara tabe olunmasına yol vermədi. Doğrudan da, təntənə ilə çar elan edilən Atropat öz hökmü ilə bu ölkəni müstəqil elan etdi və indi də varislik onun ailəsində qalır... Bu ölkə Ermənistan və Matiandan şərqdə, Böyük Mitianadan qərbdə və hər iki ölkədən şimalda yerləşir; o cənubdan Matianaya və Hirkan dənizin çuxurunun yanındakı vilayətlərə qonşudur [3, s.23-24].
Yeni yaranan dövlət ilk vaxtlar Mada adlandırılsa da, sonralar banisinin adı ilə Atropatena adlandırılmağa başlandı. Bəzi versiyalara görə Azərbaycan sözü də mənşə etibarı ilə Atropatenaya gedib çıxır [4, s.267-268].
Atropatena dövləti ellin dövlətləri sistemində mühüm yer tuturdu. Makedoniyalı İsgəndərin ölümündən sonra yaranan dövlətlərdən biri Selevkilər dövləti (e.ə. 312-64-cü illər, Roma tərəfindən dağıdılmışdır) idi. Selevkilər dövləti sonralar parçalanmış, onun tərkibindən Parfiya (e.ə. 250-e.224-cü ili, Sasanilər tərəfindən dağıdılmışdır) və Yunan-Baktriya dövləti (e.ə. 250- e.ə. 125-ci illər) ayrılmışdır. Az bir müddət ərzində parfiyalılar mövqelərini xeyli möhkəmləndirməyə nail olmuş, asılı ölkələrdə Parfiya Arşakilərinin kiçik qolları hakimiyyətə gəlmişdir. Bu zaman dövrün siyasi hadisələrində əsas faktorlardan biri də Roma imperiyası idi.
Atropatena dövləti siyasi sisteminə görə monarxiya idi. Burada e.ə. IV-e.ə. I əsrin əvvəllərində dövlətin banisi Atropatdan sonra, Atropatilər sülaləsindən olan Artabazan, Mitridad (Mehradad), Dara (Daryuş), I Aryabarzan və I Artavazd hökmranlıq etmişdir. Sonra Arşakilərin kiçik qolu hakimiyyətə gəlmiş, Vanon, III Artaban, IV Artaban (Küdarz), Küdarz Horavda, Vanon, II Pakor, II, III, IV Valagez, V Artaban və V Valagez hökmranlıq etmişdir [1, s. 144]. Atropatenanın dövlət həyatında mühüm rola malik olan ordusu var idi. Strabonun yazdığına görə, bu ölkə hərbi qüvvə baxımından kifayət qədər böyükdür, belə ki, o Apollonidin dediyinə görə, (döyüşə), 10 000 atlı və 40 000 piyada çıxara bilir [3, s.24]. Atropatena inkişaf etmiş pul dövriyyəsinə malik idi [14, s. 15].
Atropatena tarixinin e.ə. I əsrin əvvəllərinədək olan tarixi haqqında məlumatlar azdır, lakin Atropat dövründən sonra dövlətin həyatına dair mənbələrin məlumatının nisbətən genişləndiyi e.ə. I əsrin ikinci yarısı - e.30-cu illərinə aid tarixi hadisələr, xüsusilə xarici siyasi həyata dair faktlar onun bölgədə ciddi rola malik olduğunu göstərir. Bu dövrün əsas məzmununu Parfiya və şərqə nüfuzu getdikcə möhkəmlənən Roma arasında mübarizə təşkil edirdi. Atropatena Antoninin məşhur “Parfiya ekspedisiyası” zamanı (e.ə. 38-ci il) Parfiya ilə bir cəbhədə çıxış etmiş, müttəfiqlər qalib gəlmişdilər [14, s.90-97]. Bu qələbə müttəfiqləri daha da birləşdirmək əvəzinə, tezliklə onlar arasında düşmənçiliyə səbəb oldu. Parfiya Atropatenanın ərazisini ələ keçirmək fikrinə düşdü. Vəziyyəti belə görən Atropatena hökmdarı Artavazd Roma ilə yaxınlaşmağa başlayır. Hadisələrin sonrakı gedişi dramatizmi və siyasi dinamikliyi ilə diqqəti cəlb edir. Atropatena hökmdarı nəhayət, romalıların köməkliyi ilə Ermənistanda hakimiyyətə (e.ə. I əsr) nail ola bilir. Ermənistanın Atropatenaya qarşı çıxması Roma-Atropatena qüvvələri tərəfindən yatırılmışdı. Lakin Romada baş verən siyasi hadisələr nəticəsində onların mövqeyinin zəifləməsi, Atropatenaya da mənfi təsir göstərir. Eramızın 20-ci illərində Atropatilərin mövqeyinin zəifləməsi o dərəcəyə çatır ki, [səh.10-11] bu sülalənin hakimiyyətinə son qoyulur. Hakimiyyət Parfiya Arşakilərinin kiçik qoluna keçir [14, s.103-104]. Yeni sülalə sasanilərədək (e.ə. III əsr) Atropatenanı idarə edir.
Naxçıvandan əldə edilən maddi mədəniyyət nümunələrinin Atropatena dövlətinin ərazisindən əldə edilən müvafiq nümunələrlə müqayisəsi təsdiq edir ki, Naxçıvan bu dövlətin tərkibində olmuşdur. V. Əliyev yazır ki, “Əhəmənilər monarxiyası Makedoniyalı İsgəndər tərəfindən süquta yetirildikdən (m.ə. IV əsrdə) sonra, Naxçıvan yeni əmələ gələn Atropaten (Kiçik Midiya) dövlətinin tərkibində qaldı. Naxçıvan ərazisi m.ə. III-I əsrlərdə Atropaten dövlətinin tərkibində olmuşdur” [5, s.37]. Naxçıvan tarixinin birinci cildində qeyd edilir ki, “Oğlanqala şəhərindən əldə edilmiş maddi-mədəniyyət nümunələri Atropatena dövləti üçün xarakterik olmaqla Naxçıvanın Atropatenanın tərkib hissəsi olduğunu təsdiq edir” [11, s.95].
Atropatena dövründə Naxçıvan bölgəsi də, digər bölgələr kimi dövlətin həyatında mühüm rol oynamış, lakin Naxçıvanın təbii-coğrafi şəraiti və siyasi nüfuzu dövlət həyatında xüsusi önəm daşımışdır. Bu məsələyə diqqəti cəlb edən tədqiqatçı qeyd edir ki, “Azərbaycan xalqının qədim təşəkkül tarixində Atropatena dövrü çox mühüm bir mərhələ olmuşdur. Naxçıvan bu dövlətin əsas əyalətlərindən, iqtisadi və mədəni mərkəzlərindən biri olmuşdur. Azərbaycanın iki mühüm iqtisadi regionu-Urmiya ilə Naxçıvanın yaxınlığı, əlaqələri daha da möhkəmlənmişdir... Naxçıvan və Qazaka (Atropatenanın paytaxtı. - İ.H.) şəhərləri Makedoniyalı İsgəndərə tabe olan Yaxın Şərq şəhərləri ilə geniş iqtisadi-mədəni əlaqə yaratmışdılar” [5, s.37].
Naxçıvan Atropatena dövlətinin siyasi tarixinin ən mühüm hadisələrində də fəal iştirak etmişdir. Oğlanqaladan eramızın əvvəllərinə aid əldə edilmiş tapıntılar romalıların yuxarıda təsvir etdiyimiz yürüşləri zamanı Naxçıvanın bu prosesdəki yerini müəyyən etməyə imkan verir. Oğlanqalanın II dövrünə aid yerli adama məxsus iki qulplu küp qəbirdə aşkar edilmiş tapıntılar bu fikri təsdiq edir. Bu tapıntılar Naxçıvanın Atropatena dövlətinin siyasi-iqtisadi həyatındakı rolunu aydın şəkildə ifadə edir. Arxeoloji qazıntılar zamanı qəbirdən dörd gümüş sikkə tapılmışdır. Sikkələrin üz tərəfində imperator Avqustun portreti var idi. Ətrafında “CAESAR AVGVSTS DİVİ F PATER PATRİAE” sözləri verilmişdir. Sikkənin arxa tərəfində isə öndən arxasında nizələr olan qalxana söykənmiş vəziyyətdə Sezar Qayus və Lusiusun təsvirləri vardır. Onun ətrafında isə “VGVSTİ F COS DESİG PRİNC İVVENT, CL CAESARES” yazılmışdır. Tədqiqatçının fikrinə görə, “sikkələrin üçü numizmatik araşdırmalardan yaxşı məlumdur və ehtimal ki, e.ə. 2-ci il və bizim eranın 12-ci ilində kəsilmişdir. Digər hissələr isə daha kiçik diapazona malik olub e.ə. 2-ci il, bizim eranın 4-cü ili ilə tarixlənir” [11, s.95]. Şahbuz rayonunun Ağbulaq kəndində aşkar olunan küp qəbirdən tapılmış Arşaki (Parfiya) hökmdarı I Qotarza aid mis sikkə və Naxçıvan yaxınlığındakı Urud (Arşaki hökmdarı Orodun adını əks etdirir) toponimi isə Parfiya ilə olan əlaqələri əks etdirir [11, s.95].
Naxçıvanın Atropatenanın digər bölgələrindən fərqli xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o eyni zamanda Azərbaycanın şimalında baş verən hadisələrin də təsirinə məruz qalır, şimaldan olan hücumların qarşısında dayanmaqla, dövlətçiliyin möhkəmlənməsinə köməklik göstərirdi. Azərbaycan tarixindən məlumdur ki, “Albaniyanın və bitişik vilayətlərin ərazisinə şimaldan köçəri ünsürlərin girməsi eramızın hüdudunda və ilk orta əsrlərdə xüsusilə güclənirdi. Yazılı qaynaqlar və arxeoloji məlumatlar bu zaman Albaniya ərazisinə sarmat-massaget-alan tayfalarının soxulduğunu sübut edir. I əsrin son sülsündə Mingəçevir zonasında yeni qəbir tipləri və dəfn adətləri meydana gəlir. Burada ölüləri küplərdə dəfn etmək adəti qalmaqla bərabər, katakomba qəbirlərə, deformasiya olunmuş kəllələrə təsadüf olunur ki, bu da alanlara xas olan etnik əlamətlərdir” [4, s.430]. Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı bu tayfaların Naxçıvana da hücumunu təsdiq edən materiallar aşkar edilmişdir. Kəngərli rayonunun Böyükdüz kəndi yaxınlığındakı daş qutu qəbirlər sarmat-alan yürüşləri ilə bağlanır. Bu fikir Biçənək (Şahbuz) və Göynük (Babək) kəndlərindən aşkar edilmiş tapıntılara da aid edilir. Sarmat-alanlar içərisində peçeneq və digər tayfalar da olmuşdur. [səh.11-12] Toponimik tədqiqatlar Biçənək kəndinin adının peçeneqlərlə əlaqəli olduğunu bildirir [11, s.95-96].
Beləliklə, aydın olur ki, Naxçıvan Azərbaycanın qədim dövlətlərinin tərkibində olmuş, müəyyən vaxtlarda onlarla münasibət və əlaqə qura bilmişdir. Naxçıvan eyni zamanda Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələ olan Atropatena dövlətinin həyatında da mühüm yer tutmuş, onun tarixinin bütün dövrlərini özündə əks etdirmiş, bu dövlət üçün həm cənubdan, həm də şimaldan olan yadelli hücumların qarşısının alınmasında fəal iştirak etmiş, onun xarici iqtisadi əlaqələrində, mədəniyyətinin inkişafında vacib rola malik olmuşdur.
İstifadə edilmiş mənbə və ədəbiyyat siyahısı:
1. Abdulla Fazili. Atropatena (e.ə. IV-e. VII əsri). Bakı, 1992.
2. Azərbaycan tarixi atlası. Bakı, 2007.
3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 2007.
4. Azərbaycan tarixi. Yeddi cilddə. Birinci cild, Bakı, 2007.
5. Əliyev V. Naxçıvan-Azərbaycanın tarixi diyarıdır. Bakı, 2002.
6. Qaşqay S. Manna dövləti. Bakı, 1993.
7. Qaşqay S. Naxçıvanın e.ə. I minilliyin birinci yarısında qonşu ölkələrlə əlaqələri //Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri (9-10 iyun 2006-cı ildə keçirilən beynəlxalq simpoziumun materialları). Bakı, 2006, s.55-61.
8. Qaşqay S. Azərbaycan e.ə. I minilliyin başlanğıcında// Azərbaycan Milli ensiklopediyası. Ümumi cild. Bakı, 2007.
9. Qaşqay S. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə. Bakı, 2006.
10. Məlikov R. Azərbaycanın Naxçıvan bölgəsi qədim dövrdə və erkən orta əsrlərdə (yazılı mənbələr əsasında)//Naxçıvan: ilkin şəhər və Duzdağ (27-28 iyul 2012-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan, 2013
11. Naxçıvan tarixi. Üç cilddə. Birinci cild. Naxçıvan, 2013.
12. Алиев И. История Мидии. Баку, 1960.
13. Алиев И. О скифах и Скифском царстве в Азербайджане// Переднеазиатский сборник. III. История и филология стран Древнего Востока. М., 1979, с. 4-14.
14. Алиев И. Очерк истории Атропатены. Баку, 1989.
15. Алиева Ф. Культура античного Азербайджана - Мидийской Атропатены и Кавказской Албании (IV в. до н.э. - III в.н.э.). Баку, 2007.
16. Бахшалиев В.Б. Оглангала-столица государств утиев// Ире (Наследие), 2012, №3(57).
17. Дандамаев М.А. Иран при Ахеминидов (IV в. до h.3.).V., 1963.
18. Дандамаев М.А. Политическая история Ахаменидской державы. М., 1985 и др.
19. Дандамаев М.Р. Рец. на: Играр Алиев. Очерк истории Атропатены. Баку, 1989, 160 с. - Вестник древней истории. 1992, №1
20. Дьяконов И.М.История Мидии от древнейших времен до конца IV века до н.э. Издание 2-е, дополненное, М.-Л., 2008.
21. Геродот. История в девяти книгах. Пер. Ф. Мищенка. М., 1888, т.1.
22. Мамедова Ф. Политическая история и историческая география Кавказской Албании (III в. до н.э. - VIII в.н.э.). Баку, 1986.
23. Медведская И.Н., Дандамаев М.А. История Мидии в новейшей западной литературе // Вестник древней истории. 2006, №1, с.202-209.
24. Медведская И.Н. Древний Иран накануне империй (IX-VI в. до н.э.): История Мидийского царства. Автореф. докт. дисс. СПб., 2007; ее же, Древний Иран накануне империй (IX-VI в. до н.э.): История Мидийского царства. СПб., 2010.
25. Меликов. Р. Этническая картина Азербайджана в период ахаменидского владычества (VI-IV вв. до н.э.). Баку, 2003. Гл. I, с.7-40.
26. Меликов Р. Древнеперсидские надписи. Транслитерация, перевод, глоссарий. Баку, 2013. [səh.12-13]
About the attitude and relations of ancient states of Azerbaijan with Nakhchivan
Ismayil Hajiyev
Summary
Key words: Azerbaijan, Nakhchivan, ancient states, Etuini, Puluadi, Manna, Midia, Atropaten
In the article the author investigates the attitude between ancient states of Azerbaijan and Nakhchivan. Some investigators have different thoughts about the relations between ancient and Nakhchivan. So R.Malikov's and S.Gashgay's exist various thoughts about the territory and position of Nakhchivan in Manna state's period which don't complete each other. But during the investigation of some sources it is clear that during that period Nakhchivan had a widely territories. The North part of Nakhchivan was entered Etuini, the South part of it was entered in Puluadi countries. At the beginning of the I century B.C. the provinces of Nakhchivan country' were under the influence of Manna and then these territories were under political depending of that state.
The problems of the place of Nakhchivan during Midia period were researched in the investigation and it was determined that some territories of North Azerbaijan also Nakhchivan was under the reign of Midia and some Midia tribes were inhabited in Nakhchivan territories. In different period Nakhchivan was also under the reign of Atropaten. Nakhchivan got an important place in the life of Atropaten state and took an active part in defending the lands of this country from foreign invaders.
Место Нахчывана в истории древних Азербайджанских государств
Исмаил Гаджиев
Резюме
Ключевые слова: Азербайджан, Нахчыван, древние государства, Этиуни, Пулуади, Манна, Мидия, Атропатена
В статье исследуются взаимоотношения между Нахчываном и древними государствами Азербайджана. В вопросе о взаимоотношениях между Нахчываном и древними государствами Азербайджана мнения многих исследователей расходятся. Так, Р. Меликов и С. Кашкай имеют разногласия относительно территории и положения Нахчывана в период государства Манны. Но, сравнивая разные источники, становится ясно, что Нахчыван на тот период обладал более обширной территорией, северная часть его входила в состав Этиуни, а южная в состав Пулуади. Что касается Манны, области Нахчыванского края в I тысячелетии до н.э. были под её влиянием, а позднее - в политической зависимости от неё.
В статье также исследовано место Нахчывана в период государства Мидии и выявлено, что некоторые области Северного Азербайджана, а также Нахчыван входили в её состав, некоторые мидийский племена жили на территории Нахчывана. Также Нахчыван в некоторые исторические периоды входил в состав государства Атропатена. Нахчыван занимал важное место в жизни государства Атропатена, активно участвовал в борьбе против иноземных нашествий.