İki sahil.-2018.- 22 mart.-¹53.-S.13.

 

Azərbaycan Xalq Cümhuriyyətinin elm və təhsil siyasəti xalqımızın tarixində böyük iz buraxıb

 

Zahid Rza

 

XX əsrin əvvəllərində Şərqdə, Türk-İslam aləmində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizin ən parlaq və şanlı səhifələrindən birini təşkil edir. Böyük çətinliklərə, ağır məhrumiyyətlərə baxmayaraq, xalqımızın Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbulu ilə yaranan, 1920-ci il aprelin 28-də Sovet-bolşevik imperiyasının işğalı Hə süqut edən AXC mövcud olduğu 23 ay ərzində çox böyük uğurlara imza atdı.

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. AXC hökuməti mürəkkəb geosiyasi şəraitdə, bütün çətinliklərə sinə gərərək qısa müddətdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü, milli və siyasi hüquqlarını qoruyub saxlamaq, xalqımızın və hökumətin başqa xalqlarla və dövlətlərlə, o cümlədən qonşu ölkələrlə dostluq və əməkdaşlıq əlaqələri yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik quruluşu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, elm, təhsil, mədəniyyət və ordu quruculuğu sahəsində mühüm addımlar atdı. Çox ağır tarixi şəraitdə Vətənin taleyi üçün öz məsuliyyətini dərindən dərk edən xalqımızın qeyrətli və ləyaqətli övladları Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və başqaları milli varlığımızı qorumaq, milli dövlətçiliyimizi yaratmaq yolunda qətiyyətli addımlar atdılar.

Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

Ulu öndər Heydər Əliyev Türk-İslam dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”.

Prezident ilham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirmişdir: “Müsəlman Şərqində ilk parlament respublikası-Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi”.

Dövlətimizin başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması isə milli mənəvi dəyərlərimizə, tariximizə və gələcəyimizə olan münasibətinin bariz nümunəsidir.

Ölkə başçısının 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı bir daha təsdiqlədi ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Sərəncamda Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyəti də öz əksini tapıb: “1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”.

AXC hökuməti elm və təhsil sahəsində böyük nailiyyətlər əldə etdi. Belə ki, qısa müddətdə Xalq Maarifi Nazirliyi yaradıldı, hökumətin başçısı olan Nəsib bəy Yusifbəyli nazirliyin rəhbəri seçildi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 7 müəllim seminariyasının, 1 qadın seminariyasının, qəza mərkəzlərində orta məktəblərin açılması, uşaq bağçaları sisteminin yaradılması, yüz nəfər azərbaycanlı gəncin təhsil almaq üçün dövlət hesabına xaricə göndərilməsi barədə və s. qanunlar və qərarlar qəbul etdi. Məktəblər milliləşdirildi, bununla da ilk dəfə olaraq azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləş- dirildi. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Ana dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edildi. Maarif Nazirliyi Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müstəqil seminariya kimi Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi. 1919-cu ildə Maarif Nazirliyi Bakı, Şəki, Şuşa, Göyçayda realnı və müəllim hazırlayan məktəblər açılması haqqında parlamentə qanun layihəsi təqdim etdi və layihə bəyənildi.

AXC hökuməti məktəb dərsliklərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olundu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarif və ədəbiyyatının görkəmli nümayəndələri Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər. Məktəblər Türkiyədən alınmış dərsliklər və tədris vəsaitləri ilə də təmin olundu. Azərbaycan Parlamenti 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarifi Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayırdı.

Azərbaycan hökuməti Xalq Maarifi Nazirliyi qarşısında, ilk növbədə, üç ali məktəbin - Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu. Bakıda Kənd Təsərrüfatı İnstitutu açmaq məsələsi hökumətin 1919-cu il 5 mart tarixli iclasında bəyənilmiş və Xalq Maarifi Nazirliyinə bu məsələ ilə əlaqədar qanun layihəsi hazırlayıb parlamentə təqdim etmək tapşırılmışdı.

Bakıda universitet açılmasına böyük dövləti əhəmiyyət verən AXC hökuməti bu məsələni 1919-cu il 8 aprel tarixli iclasında müzakirə etdi. 1919-20-ci tədris ilinin əvvəlində Bakıda universitet açılması məqsədilə Xalq Maarifi Nazirliyinə tapşırıldı ki, ümumi həcmi 10 milyon manatdan çox olmamaq şərti ilə smeta hazırlayıb hökumətə təqdim etsin. Qısa müddətdə avadanlıq, kitablar alınması üçün 1 milyon manat pul ayrıldı. Universitetin ilk rektoru tanınmış tibb alimi, cərrah Vasili İvançviç Razumovski (1875-1935) olmuşdu. V. İ. Razumovskinin Azərbaycanda ali təhsil sisteminin yaradılması və inkişafında böyük xidmətləri olub. Universitetdə Məmməd Əmin Rəsulzadə Osmanlı ədəbiyyatı tarixini, Mirzə Rəhim Mirzəyev türk dilini, R. Qaplanov Osmanlı ədəbiyyatı tarixini tədris edirdilər. O dövrdə Bakı Dövlət Universitetinin açılması ilə yanaşı Parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı abituriyent xarici ölkələrə - İngiltərə, İtaliya, Fransa və Türkiyəyə yola salınmışdı.

Milli Hökumətin qərarı ilə 1918-ci ildə Səhiyyə və Himayədarlıq Nazirliyi təsis edildi, bu nazirliyə rəhbərlik isə doktor Musa bəy Rəfiyevə həvalə edildi. Bu illərdə Bakı və Gəncə kimi şəhərlərdə onlarla yeni aptek və xəstəxana açıldı. AXC-nin xaricə təhsil almağa göndərilən əksər tələbələri əsasən də Almaniya, Sankt-Peterburq, Moskva, Kiyev və digər şəhərlərdə tibbi təhsil də alırdı. 1919-cu ildə tibb fakültəsi də olan Bakı Dövlət Universitetinin əsası qoyulub, kafedranın ilk rəhbəri görkəmli cərrah, professor V.İ. Razumovski (1920-ci ilə qədər) oldu.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti sovet-bolşevik istilasına məruz qalsa da, qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun xidmətləri xalqımızın tarixi-mədəni yaddaşında əbədi iz buraxmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Prezident ilham Əliyev 2013-cü il may ayının 27-də “Buta” sarayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi ilə bağlı keçirilən rəsmi qəbulda bildirmişdi: “Doxsan beş il əvvəl müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaranmışdır. Bu, böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə, azadlığa qovuşurdu. Azərbaycan xalqının artıq öz dövləti var idi. Eyni zamanda, respublikanın yaranması müsəlman aləmində respublika quruluşunun yayılmasına da təkan vermişdi. Qısa müddət ərzində bütün dövlət qurumları, dövlət təsisatları yaradılmışdı. Demokratik inkişaf gedirdi, qadınlara səsvermə hüququ verilmişdi, Milli Ordu yaradılmışdı. Bir sözlə, respublikanın qurucuları böyük işlər görmüşdülər və Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır. “İstiqlal Bəyannaməsi”ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə ucaldılmışdır”.