Şərq.-2018.-30 mart.- ¹55.- Ş.5.; 5 aprel.- ¹59.-S.5.; 6 aprel.- ¹60.- S.5.; 7 aprel.- ¹61.-S.5.; 10 aprel.- ¹62.-S.5.

 

“Azərbaycan”ın Xəlil İbrahimi

 

Akif Aşırlı

 

Xəlil İbrahim (Xəlil İbrahim oğlu İbrahimov) 1892-ci ildə Azərbaycanın dilbər guşəsi Şuşada sənətkar ailəsində dünyaya göz açıb. Ailənin üçüncü övladıdır. Qardaşı Abışdan sonra Göyçək adlı bacısı dünyaya gəlib. Atası İbrahim Şuşanın dəri istehsalı ilə məşğul olan, tanınan sənətkarı olub. Xəlilin 5 yaşı olanda dünyasını dəyişib. Xalça toxuyub satmaqla məşğul olan anası ailəni çox çətinliklə dolandırıb, övladlarını boya-başa çatdırıb.

İbtidai təhsilini Şuşa realnı məktəbdə alan Xəlil yoxsulluq üzündən ailəsi ilə birgə Bakıya köçüb. Təhsilini burda davam etdirib. Lakin maddi imkansızlıq səbəbindən məktəbi yarımçıq qoymalı olub. 1909-1911-ci təhsil illərində yaranan boşluq, ailənin maddi imkansızlığı Xəlili yenidən Qarabağa qaytarıb, o bir müddət burada fərdi müəllimliklə məşğul olub, dövrün tanınmış şəxslərinin övladlarına, xüsusən Qasım bəy Zakirin nəvələrinə evdə dərs deyib, onlara ilkin bilgilər aşılayıb. Ailəsinin maddi imkanlarını ödəməyə çalışan Xəlil bir qədər imkan qazandıqdan sonra təkrar Bakıya dönüb və realnı məktəbi bitirib.

1912-ci ildə “Nəşri-maarif” Cəmiyyətinin Əmircandakı məktəbinə müəllim təyin olunan Xəlil İbrahim bu dövrdən etibarən yaradıcılığa başlayıb. Bəzi mənbələrə görə, onun ilk məqaləsi 1913-cü ildə “Səda” qəzetində “Kənd həyatından lövhələr” sərlövhəsilə dərc olunub. “Səda” qəzetinin yaradıcısı Azərbaycan mətbuatı tarixində böyük iz qoyan, əslən Şuşadan olan Haşım bəy Vəzirov idi. Güman etmək olar ki, Haşım bəylə Xəlil İbrahimin tanışlığı da Şuşadan başlayır.

1910-cu ildən sonra Bakının ictimai-mədəni mühiti yetərincə rəngarəng idi, xeyli sayda anadilli mətbuat orqanları nəşr olunur, cəmiyyətin inkişafında ziyalıların rolu artırdı. Xəlil İbrahim belə bir dövrdə əliqələmli ziyalıların cərgəsinə qatılır, “Səda”, “Son xəbər”, “Doğru söz”, “İqbal”, “Bəsirət”, “Tuti”, Açıq söz” qəzetlərində və müxtəlif jurnallarda müntəzəm çıxış edir.

1915-ci ilin 30 mayında Zaman bəy Abdullabəyovun müdir və sahibliyi ilə nəşrə başlayan “Son xəbər” qəzetində çalışan X. İbrahim və bu mətbuat orqanının səhifələrində əsasən sosial mövzuları işıqlandırır. I Dünya Müharibəsinin insanların yaşayışına ağır zərbə vurduğunu, əhalinin getdikcə pisləşən vəziyyətini, təhsildəki problemləri, tibbi çatışmamazlıqlarından yazır. “Son xəbər”in 8 oktyabr 1915-ci il sayında “Gündəlik həyatımızdan” sərlövhəli məqaləsində X. İbrahim Bakıdakı sosial durum, ərzaq bahalığı, əhali arasında yoluxucu xəstəliklərin baş alıb getməsini qələmə alır.

Bu məhsuldar publisistin “Doğru söz” qəzetində də kifayət qədər maraq doğuran, dövrün problemlərini diqqətə gətirən məqalələri var.

“İqbal” və “Yeni iqbal” qəzetlərində müntəzəm publisistik yazılarla çıxış edən X. İbrahim bu mətbuat orqanlarında sosial problemlərlə yanaşı, həm də siyasi təhlillərlə çıxış edirdi. Rus dilinin incəliklərini gözəl bildiyindən Çar Rusiyasının mərkəzi qəzetlərini izləyir, dünyada baş verən hadisələri ümumiləşdirir və müqayisələr aparırdı.

I Dünya Müharibəsi ərəfəsində bəşəriyyətin dəhşətli yanğın qarşısında olduğunu, slavyançılıq və almançılığın toqquşmasından törənəcək bu yanğının insanlara gətirəcəyi fəlakətin miqyasının böyüklüyünü təbliğ edir, anti-savaş mövqeyi sərgiləyirdi: “Toplar doldurulmuş, qılınc və nizələr itiləşmiş, milyonlarca əsgər ölümü ilə rubəru durmuş və gəmilər müharibəyə hazır olaraq buxar altında durur”. Müharibənin bir gün gec, bir gün tez başlayacağını hamının əvvəlcədən gözlədiyini yazan müəllif qeyd edir ki, bu savaşda qalibin kim olacağının əhəmiyyəti yoxdur. Bu müdhiş müharibə dünyanın siyasi, iqtisadi həyatına öz mənfi təsirini göstərəcək, savaşdan uzaqda qalan bölgələrdə də böhran hiss olunacaqdı. Tarixdə bütün müharibələrin böyük maliyyə itkisi yaratdığı faktı da X. İbrahimin diqqətindən kənarda qalmır, yeri gəldikcə bu faktları yazıya çevirirdi. Məqalələrinin birində 1904-cü il rus-yapon müharibəsi zamanı bir il altı ay müddətində iqtisadi zərəri hesablayan İngiltərə iqtisadçısı Edqard Qrammondun məlumatlarına əsasən müəllif yazır: “... Qrammondun hesabına görə, Yaponiya üçün bu müharibə 135 min əsgər ilə 4 milyard markadan yuxarı paraya başa gəldiyi halda, Rusiyada 350 min adam ilə məqbul-məcruh. Əsirlər ilə bərabər 6 milyard marka bahasına tamam olmuş imiş”.

X. İbrahim Türkiyənin İtaliya və Balkan müharibələrində hələ yaralarının sağalmadığı halda I Dünya Savaşına qatılmasını məqbul görmürdü. Elə bu səbəbdən də “İqbal”ın 1914-cü il 696-cı sayındakı bu mövzudan bəhs edən məqaləsinin adını “İnanmaq istəmirik” qoyaraq Türkiyənin bu müharibədən kənar durmasını təbliğ edirdi. Almaniya və müttəfiqlərin Türkiyəni bu müharibəyə cəlb etməsinə diqqət çəkən X. İbrahim yazır: “Əlqissə indiyə kimi dostluq maskası altında ədavətkaranə fəaliyyətdə bulunmuş olan Almaniyanın və onunla bərabər ittifaqi-müsəllitin niqabı artıq götürüldü. Əsil simalarını gördük. İndi dəxi Türkiyəyə qarşı bu həriflərin nə olduğunu duymaq üçün gözləri qapalı, qulaqları örtülmüş və hissə batmış olmalıdır”.

Müəllifi qayğılandıran əsas problem Türkiyənin Rusiyaya savaş açmasından sonra yaranacaq vəziyyət idi. Müsəlman dövləti olan Türkiyənin sərhədləri daxilində 30 milyon müsəlman-türk xalqları yaşayan Rusiya ilə cənginin xalqı parçalayacağı isə şübhəsizdir. Məhz buna görə, X. İbrahim dərin təəssüf hissi ilə Türkiyənin bu savaşdan uzaq durmasını daha əlverişli, məqbul hesab edirdi.

X. İbrahim “İqbal”, “Yeni iqbal” qəzetlərində təkcə sosial, siyasi məsələlərə toxunmur, mədəniyyət, teatr və ədəbi tənqidi yazılarla da çıxış edərək diqqətçəkən mövqe ortaya qoyurdu. Təəssüf ki, dövrün nəbzinə uyğun, siyasi mənzərələrlə zəngin olan bu publisistik irs hələ tədqiq edilib ictimaiyyətə çatdırılmayıb.

1917-ci ilin fevralında Rusiyada çar rejiminin süqutundan sonra 1911-ci ildə yaradılan “Müsavat” partiyası gizli fəaliyyətdən çıxaraq açıq siyasi mübarizəyə qatıldı. “Açıq söz”ün 15 mart tarixli sayında Müsəlman “Müsavat” firqəsindən xalqa müraciət dərc olundu. İntibahnamə barədə xəbər verərək xalqları əsarətdə saxlayan rejimin çökdüyü və siyasi səhnədən çəkildiyi yazılırdı: “Hürriyyət bayramı martın 14-də yuxarıda məfkur firqə tərəfindən ittihamnamə nəşr olunmuşdur: Müsəlmanlar! Vətəndaşlar! Millətin bütün sinif və təbəqələri! Uzun Rusiya istibdadı, o məlum idarə uçuruldu!”

“Müsavat”ın ideoloji xəttini həyata keçirən “Açıq söz”çülərin böyük əksəriyyəti ilə birgə X. İbrahim bu tarixdən etibarən M.Ə. Rəsulzadənin liderlik etdiyi partiyanın sıralarına qatılır. Həyatı Qarabağla bağlı olan X. İbrahim “Müsavat”ın Şuşa özək katibi seçilir.

Qafqaz Müsəlmanlarının 1917-ci ilin aprelin 15-də Bakıda keçirilən I qurultayında iştirak edən X. İbrahim qələmlə apardığı mübarizəni siyasi müstəvidə, ayrı-ayrı mərkəzlərdə davam etdirir, fəallıq göstərirdi. 1917-ci ilin iyulun 3-də “Müsavat”la Nəsib bəy Yusifbəylinin liderlik etdiyi “Türk Ədəmi-mərkəziyyət” partiyası birləşdi. Bu birləşmədə də X. İbrahim yaxından iştirak etdi. Yeni partiya “Türk Ədəmi Mərkəziyyət “Müsavat partiyası” adlandırıldı. Çap etdiyi bəyannamədə partiya özünü "Əməkçi kütlələrə, habelə Rusiyanın türk və digər müsəlman xalqlarının milli mədəni istəklərinə arxalanan demokratik partiya” kimi təqdim edirdi.

1917-ci ilin oktyabrın 25-dən 31-dək Bakıda birləşmiş “Müsavat” partiyasının I qurultayı keçirildi. Qurultay “Müsavat”ın Mərkəzi komitəsinin tərkibi, proqramı və iqamətgahı haqqında qərar qəbul etdi. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı 2005-ci il II cild. səh. 223). Qurultayda M.Ə. Rəsulzadə, N. Yusifbəyli, H.Z. Tağıyev, Ə. Topçubaşov, İbrahim bəy Heydərov, Bəhram bəy Axundov, Sənətulla İbrahimov, Mirzə Məhəmməd Axundov, Şəfiqə xanım Əfəndizadə ilə yanaşı Xəlil İbrahim də söz alaraq partiyanın təşkilatlanması, taktikası , bölgədə və dünyada baş verən proseslər barədə çıxış etdi. Qurultay sənədlərindən aydın olur ki, X. İbrahim “Açıq söz” qəzetinin əməkdaşı kimi çıxış edərək, partiyanın proqramı və görəcəyi işlər barədə təkliflər səsləndirib. (AFDA. fond 894. siyahı 10. sax. vahidi 60. vərəq 4.) “Müsavat”ın I qurultayında böyük siyasi nüfuza malik şəxsiyyətlərlə yanaşı X. İbrahimə də çıxış imkanı verilməsi ona olan hörmət və ehtiramdan doğurdu.

 

Xəlil İbrahim 1917-ci ildən başlayaraq dövrün ən qabaqcıl, aktiv ziyalılarından biri kimi təkcə qələmi ilə xalqa xidmət etmədi, yeni yaradılan cəmiyyət və təşkilatlara qatılıb, maarifçilik işi apardı. 1917-ci ilin yanvarın 4-də Bakıda "Ədiblər və mühərrirlər cəmiyyəti" yaradılması barədə qəzetlərdə xəbər dərc olundu.

“Açıq söz” qəzetində cəmiyyətin təsisi barədə ətraflı məlumat verilərək yazılırdı: “Cümə günü aprelin 14-ü axşam saat 6-da Müsəlman Cəmiyyəti Xeyriyyə binasında Bakıda yaşayan ümummüsəlman mühərrir, ədib və sairlərinin iclası təyin edilmişdir, iclasda yeni təşəkkül edən “Mühərrirlər və ədiblər cəmiyyəti”nin məramnaməsindən məlumat veriləcək, üzvlər qəbul ediləcək və idarə ilə təftiş komissiyası seçiləcəkdir” (“Açıq söz” 13 aprel 1917-ci il. ¹ 449). Dövrün tanınmış ədib və mühərrirlərindən Hüseyn Cavid, Abbas Səhhət, Seyid Hüseyn, Abdulla Şaiq, Cəfər Cabbarlı, Xəlil İbrahim cəmiyyətin ən fəal üzvləri idi. Qəzet materiallarından aydın olur ki, cəmiyyət nəşriyyat və çap problemləri ilə ciddi məşğul olub, bu sahədə vəziyyət təhlil edilərək çıxış yolları aranırdı. I Dünya Müharibəsinin sonlarında Bakıda mətbəələrin vəziyyəti ağırlaşır, kağız qıtlığı yarınırdı. Bu da mətbuatın və kitab çapında ciddi problemlərə səbəb olur, redaksiyalar hər ay abunə qiymətlərini qaldırırdı. X. İbrahimin “Mühərrirlər və ədiblər cəmiyyəti”nin işində yaxından iştirakı təbii idi. Öz halal qələminə güvənən istedadlı publisist mətbuatın cəmiyyətdə önəmini çox yaxşı başa düşür, bu sahədə problemlərin aradan qaldırılmasını istəyirdi.

1919-cu ilin oktyabrında yaradılan “Jurnalistlər və ədiblər ittifaqı”nın təşkilatlanmasında da X. İbrahim yaxından iştirak etdi. Qeyd edək ki, bəzi sənədlərdə təşkilatın adı “Bakı jurnalistlər Yazıçılar Birliyi” şəklində yazılır. Həmkarlar ittifaqı səciyyəsi daşıyan qurum milli mənsubiyyətindən asılı olmayaraq jurnalist və yazıçıları birləşdirirdi. “Jurnalistlər və ədiblər ittifaqının sədri L.P. Umanski, sədr müavini Xəlil İbrahim idi. Qüdrətli qələm sahibi Üzeyir bəy Hacıbəyli də ittifaqın idarə heyətinin üzvü kimi fəallıq göstərirdi.

Təşkilat milli və siyasi mənsubiyyətindən asılı olmayaraq, Bakıda müxtəlif qəzet və nəşriyyatlarda çalışan qələm insanlarını, naşirləri, dövrün yazıçı və şairlərini bir araya gətirir, müxtəlif xeyriyyə tədbirləri həyata keçirirdi. Təsis edildiyi gündən başlayaraq cəmiyyət sosial qayğıya, mərhəmətə ehtiyacı olan jurnalistlərə yardım etmək üçün bir sıra xeyriyyə tədbirləri planlaşdırdı. X. İbrahimin və təşkilat fəallarının köməyi ilə ianə toplanıldı və bu məqsədlə fond yaradıldı. Belə tədbirlərin biri 1919-cu ilin noyabrın 23-də keçirildi. Fonda vəsait yığılması məqsədinə Dövlət Teatrında tamaşa göstərildi. Elə həmin gün Azərbaycanda jurnalist gününün keçirilməsi qərara alındı və 1919-cu ilin dekabrın 22-si jurnalistlər günü elan olundu, bayram tədbirləri planlaşdırıldı.

X. İbrahimin də iştirakıyla jurnalistlər gününün elanı münasibətilə böyük formatda birgünlük “Jurnalist” qəzeti nəşr olundu. “Bakı 22 dekabr” başlığı ilə çap olunan məqalə jurnalist gününün keçirilməsi və təsisi təəssüratından doğur. Məqalə müəllifi Bakının fəal naşir və jurnalistlərinin bir araya gəlməsinin sevindirici hal olduğunu qeyd edərək yazır ki, siyasi yönündən, mənsubiyyətindən asılı olmayaraq onların mətbuat və fikir azadlığı ətrafında toplanması əlamətdar hadisədir: “Bu gün bizim bayramımızı bəyan etməyə özümüzə borc bilirik. Elə bir vəziyyət ola bilməz ki, azad dövlətdə mətbuatın öz fikrini, ictimai rəyə təsirini ifadə etməyə maneçilik törədilsin. Mətbuatda baş verən qanunsuzluqlar üçün cəzalar mövcud olmalıdır, səlahiyyətli məhkəmələr qərar verməlidirlər”.

Fəaliyyəti çox qısa bir dövrü əhatə edən “Bakı jurnalistlər və Yazıçılar Birliyi”nin qurulmasında, fəaliyyətinin keçirilməsində X. İbrahimin iştirakı onu göstərir ki, bu istiqlalçı yazar həmişə azad sözün, fikrin cəmiyyətin inkişafında mühüm rolunu yüksək dəyərləndirib. Demokratik mətbuatın əsas fədailərindən olan X. İbrahim həmişə jurnalist dəyərlərinin qorunub saxlanılmasına çalışıb, cəmiyyət-media münasibətlərində yaranan anlaşılmazlığın, gərginliyin aradan qaldırılmasında qanunun aliliyini təbliğ edib.

 

Xəlil İbrahim “Açıq söz”də

 

Azərbaycan jurnalistika tarixində məxsusi yeri olan Xəlil İbrahim “Açıq söz” qəzetinin 4 illik davamlı nəşrində böyük əmək sərf edib. Paralel şəkildə bir sıra qəzetlərdə müntəzəm publisistik yazılar və xəbərlərlə çıxış edən X. İbrahim 1916-cı ilin aprelin 2-dən etibarən “Açıq söz”çülərin sırasına qatılır. Müəllifin “Yeyiləcək şeylər” adlı ilk yazısı 1916-cı ilin aprelin 2-də “Açıq söz”də dərc olunub. Birinci Dünya Müharibəsinin gətirdiyi və böyük faciələrə səbəb olan Bakı və ətraf bölgələrdə ərzaq məhsullarının bahalığı, qəhətliyi bu məqalədə faktlarla qələmə alınıb. Kifayət qədər yığcam, lakonik tərzdə yazılar yazan müəllifin Şuşa ilə bağlı məqalələri də peşəkar jurnalist qələminin məhsuludur. Şuşa uyezdində baş alıb gedən yoluxucu xəstəliyin tüğyan etdiyini, davasız-dərmansız və həkimsiz qalan insanların fəryadını göz önünə gətirən vətənpərvər jurnalist yazır: “Neçə vəkt bundan əvvəl məhəlli türk qəzetələrində Şuşa uyezdində (Ağdamda) bir növ xəstəlik peyda olduğu xəbər verilirdi. O vaxt xəstəliyin nə olduğu müəyyən surətdə yazılmayırdı. Həmçinin, nə qədər şiddətli olduğu bir dərəcədə örtülü keçilirdi”. Tənəffüs və hava yolu ilə insanlar arasında yayılan bu xəstəliyin kütləvi insan tələfatına səbəb olduğunu qeyd edən X. İbrahim müsəlmanları birliyə çağırır, vəziyyətdən çıxış üçün mərkəzi hökumət orqanlarına müraciət edərək tədbir görülməsini tələb edirdi. Müəllif emosional tərzdə məqaləsini şüar və çağırışla bitirirdi: “Həmiyyət və qeyrət lazımdır! Çarə lazımdır, çarə!” (21 aprel 1916-cı il ¹165). Əhalinin sosial qayğılarını, mədəni geriliyi, təhsilin vacibliyini öz publisistik yazılarında dönə-dönə xatırladan X. İbrahim ən vacib amil kimi siyasi maarifçiliyi öndə tuturdu. Bu baxımdan 1917-ci ilin əvvəllərindən başlayaraq qəzetin səhifələrində yerli müsəlman türk əhalinin siyasi savadlanması üçün silsilə məqalələrlə problemlərin mənşəyini, kökünü göstərirdi.

1917-ci ilin Oktyabr inqilabından sonra Bakıda və bölgələrdə Milli Komitələrin yaradılması prosesində iştirak edən X. İbrahim “Açıq söz”də yerli komitələrin qurulması, təşkilati məsələlərlə bağlı xəbərlər, iri həcmli reportajlar çap edirdi. Qəzetin 3 avqust 1917-ci il tarixli 536-cı sayında “Şuşadan məktublar” rubrikası altında çap etdirdiyi xəbərdə Şuşada Milli Komitənin təşkilini oxuculara çatdıraraq qeyd edirdi ki, təşkilatın yaradılması işinə “Difai” dəstəsi də qatılıb.

1917-ci ilin 1 yanvar tarixli sayında “Açıq söz” abunə elanında qəzetin M.Ə. Rəsulzadə və Sənətulla İbrahimovun baş mühərrirliyi ilə nəşr olunacağını bildirir və müxbir heyəti içərisində X. İbrahimin də adı çəkilirdi. Bu tarixdən başlayaraq X. İbrahim “Açıq söz”ün daimi müxbiri kimi fəaliyyətə başlayır.

X. İbrahim Oktyabr inqilabının xalqların həyatını büsbütün dəyişəcəyinə, insanların hüquq və bərabərliyi ideyasının böyük imkanlar açacağına inanırdı. Hətta Leninin “hər bir xalqın öz müqəddəratını təyin etmək haqqı olduğu” barədə verdiyi dekreti yüksək dəyərləndirir, Azərbaycan türklərinin həyatında yeni mərhələnin başlanğıcı hesab edirdi.

“Bir neçə söz” məqaləsində mühərrir Rusiya inqilabına cəmiyyətin aparıcı qüvvələrini kömək etməyə çağırır və bu yöndə təklifləri ictimaiyyətə çatdırırdı, inqilabı Rusiyanı məhkum millətlərinin tarixi şansı hesab edir və vurğulayırdı ki, bu şansdan səmərəli istifadə olunmalıdır. Bütün məqalə və publisistik yazılarında olduğu kimi X. İbrahim yenə də xalqın savadlanmasını və maarifçiliyi önə çəkir, bu sahədə ciddi işlərin görülməsini vacib hesab edirdi. Mətbuatın təbliğat baxımdan böyük işlər görəcəyini dilə gətirir və bildirirdi ki, anadilli mətbuat fəal olmalı, xalqa düzgün istiqamət verməlidir. Müxtəlif cəmiyyətlər, təşkilatlar toplantı keçirib, inqilabın əhəmiyyəti barədə məruzələr, çıxışlar təşkil etməlidir. O, hətta “Ərəb yurdu”, “Nicat” kimi cəmiyyətlərin bu sahədə təşəbbüs göstərmələrini faydalı bilirdi. (“Açıq söz” 1917-ci il 22 mart ¹430).

İnqilabın nəticəsi olaraq Şirvanşahlar sarayının sahiblərinə qaytarılmasına X. İbrahim də şövqlə yanaşır, tarixi ədalətin bərpasını alqışlayırdı. “Şirvanşah”ın Bakı müsəlman asari-ətiqə cəmiyyətinə təhvil verilməsi şəhərdə böyük bayram əhval-ruhiyyəsi yaratdı və M.Ə. Rəsulzadə başda olmaqla dövrün bir çox qələm əhli bu hadisənin tarixi-mədəni və siyasi əhəmiyyəti barədə qənaətlərini oxucularla bölüşdü. X. İbrahim də “Xan sarayı” məqaləsində tarixi ədalətin bərpasını vurğulayır, Bakının türk-müsəlman əhalisi üçün bu abidənin nə qədər önəmli olduğunu fərəhlə təsvir edirdi. (“Açıq söz” 28 dekabr 1917-ci il. ¹ 635).

X. İbrahim “Açıq söz”ün 8 dekabr 1917-ci il tarixli sayında “Son müraciətnamə” məqaləsində inqilabın tarixi əhəmiyyəti və bolşeviklər “atası” Leninin proqram xarakterli çıxışlarım təhlilə çəkir. 10 dekabr 1917-ci il tarixli “Açıq söz”ün sayında isə o, dövlətçiliyin əsas qollarından olan parlamentin əhəmiyyətini anlatmağa çalışırdı. “Məclisi-müəsisan” məqaləsində Rusiya Müəssisələr Məclisinə seçkilərdə Zaqafqaziyanın türk-müsəlman əhalisinin fəallığını əhəmiyyətini anladır, Rusiyada yaşayan başqa millət və etnik qrupların qanunvericilik aktlarının qəbulunda iştirakını zəruri edən şərtləri dilə gətirirdi. Bir neçə partiyanın seçkidə iştirakını yüksək dəyərləndirərək 10-cu sayla seçkidə iştirak edəcək “Türk-ədəmi mərkəziyyət Müsavat partiyası”nın üstünlüklərini qeyd edir, əhalini milli maraqlar ətrafında birləşməyə çağırırdı.

Zaqafqaziyadan Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Qafqaz müsəlman-türk əhalisinin səsvermə prosesinə cəlb olunması, vahid mövqe nümayiş etdirilməsi vacib məsələ olduğundan X. İbrahim bu sahədə xeyli iş gördü.

1917-ci ilin oktyabrın 19-dan 24-dək “Açıq söz”də “Seçkilər” başlıqlı silsilə yazılar çap edərək, xalqların taleyində seçkilərin əhəmiyyətini anlatdı. Bu silsilə məqalələrdə müəllif əhalinin savadsızlığını böyük bəla kimi qiymətləndirir, təbliğatın önəmini xüsusi vurğulayır, bu sahədə görülən işlərin yetərsizliyindən gileylənirdi. Erməni Milli Şurasının, Daşnaksütyun partiyasının Qafqazda törətdiyi faciələr də X. İbrahimin diqqətindən yan keçmirdi. O, bu barədə dəfələrlə əhaliyə xəbərdarlıq edir, siyasi mövqeyindən, əqidəsindən asılı olmayaraq, hamını birliyə, həmrəyliyə çağırır, müstəqil Azərbaycan yolunda dinc mübarizəyə səsləyirdi. Erməni-bolşevik birləşmələrinin Bakıda və bölgələrdə qanlı hadisələr törədəcəyini bəzi həmkarları kimi öncədən proqnozlaşdıran X. İbrahim 1918-ci il 31 mart soyqırımından 12 gün öncə yazırdı: “Birlik tələb olunur” (6 mart 1918-ci il, ¹ 697).

 

Bolşevik-erməni hərbi birləşmələrinin Bakıda qırğın və vəhşiliklər törətdiyi 31 mart gününün axşamı "Açıq söz" son sayını çap etməli oldu və fəaliyyətinə 6 ay ara verdi. Həmin gün X. İbrahim "Soyuqqanlılıq lazımdır" məqaləsində yazırdı: "Martın 18-i gecəsi müsəlman alayı əsgərlərindən 46 nəfər ilə Qırmızı Qvardiya arasında vüqu bulunmuş olan hadisədən dolayı şəhərdə böyük həyəcan və ğalyən var. Hərənin ağzından bir söz çıxıyor, hərə bir şey tələb ediyor".

Əhaliyə müraciət xarakteri daşıyan bu məqalədə qanlı hadisələrin başlandığı elan edilir və xalq təmkinə, səbrə, birliyə çağırılırdı: “Doğrudur, rəzil həyatdan şərəfli ölüm yaxşıdır. Fəqət, ölməyin bir hüsnü-nəticəsi olmalıdır”. Bəzi araqarışdıranlara, əhali arasında xof yaratmaq istəyənlərə imkan verilməməsini ən düzgün yol hesab edən X. İbrahim yazır ki, həyatda elə dəqiqələr olur ki, səadət qan ilə əldə edilir. Ölümə yersiz qucaq açmağı qəbul etməyən, əhalini buna imkan verməməyə çağıran müəllif yazır: “Əgər hürriyyətimiz, istiqlalımız uğrunda ölmək lazım gəlsə, şübhəsiz ölməyə hazır olmalıyıq... Bu saat Bakıda bizim nə hürriyyətimiz təhlükədədir, nə istiqlalımız. Ona görədir ki, cəmaətin böylə həyəcanə gəlməyinə əsla lüzum və məhəl yoxdur. Böylə isə hamı sakit olmalı, hamı millətin namus və hürriyyətinin qaravulunun keşiyində durmağilə bərabər soyuqqanlılığı saxlayıb işə mühakimə ilə yaklaşmalıdır”. (“Açıq söz” 19 mart 1918-ci il. ¹ 705).

1918-ci ilin martın 31-də Azərbaycan siyasi partiyalarının, ziyalıların proqnozlaşdırıb, zənn etmədikləri gün oldu. Bolşevik-erməni birləşmələri aprelin 2-dək Bakıda və ətraf kəndlərdə 30 min azərbaycanlını qətlə yetirdi, evləri yağmalayıb, yandırdılar. Müqəddəs məkanlar top atəşinə tutuldu. Bir neçə mətbəənin sırasında X. İbrahimin çalışdığı “Açıq söz” qəzeti redaksiyası və mətbəəsi də dağıdıldı, “İsmailiyyə” binası oda qalandı.

X. İbrahim imzasına o gündən 6 ay sonra təsadüf olunur. 1918-ci ilin 15 sentyabrı Qafqaz islam Ordusu Bakını azad edəndən sonra milli təsisatlar yenidən quruldu. Azərbaycan Xalq Cümhuriyyəti Gəncədən Bakıya köçdü və 4 sayı Gəncədə işıq üzü görən “Azərbaycan” qəzeti nəşrə başladı. X. İbrahim də əqidədaşları ilə birgə “Azərbaycanın səhifələrində gənc, müstəqil dövlətin istiqlalının qorunması üçün “söz səngəri”ndə savaşa başladı.

 

“Möhtaclara kömək” cəmiyyəti və qəzetində fəaliyyəti

 

I Dünya Müharibəsində Qafqaz cəbhəsində əsir düşən türklərin Tiflisdən Bakıya və Rusiyanın müxtəlif həbs düşərgələrinə aparılması, əsirlər arasında mülki insanların, uşaq və ahılların olması Azərbaycan mətbuatında ciddi müzakirələrə səbəb oldu. Əsirlərin acınacaqlı taleyi narahatlıq yaradırdı. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti türk əsirlərinin vəziyyətinin yaxşılaşdırılması, ərzaqla təmini üçün ciddi tədbirlər həyata keçirməsinə baxmayaraq əsirlərin sayının döyüş əməliyyatları zamanı artması, Şərqi Anadolunun rus-erməni silahlıları tərəfindən viran edilməsi faciənin miqyasını böyütdü. Belə vəziyyətdə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti ilə yanaşı digər təşkilatlar da yaradıldı. 1917-ci ilin sonunda belə cəmiyyətlərdən birini mətbəəçiliklə məşğul olan, bir sıra qəzetlərin çapında müstəsna əhəmiyyət daşıyan Oruc Orucov “Möhtaclara kömək” cəmiyyəti yaratdı. “Açıq söz” qəzetinin 18 yanvar 1918-ci il sayında “Möhtaclara kömək” qəzetinin nəşri barədə məlumat verildi. Bu qəzetdə əsir həyatı yaşamağa məcbur olan türklərin ehtiyaclarını ödəmək üçün cəmiyyətin fəaliyyəti barədə xalqa məlumat veriləcəyi nəzərdə tutulurdu.

“Açıq söz”ün təqdim etdiyi kimi “Möhtaclara kömək” qəzetinin ilk sayı 1918-ci ilin yanvarın 18-də Xəlil İbrahimin redaktorluğu ilə çap olundu. Qəzet eyniadlı cəmiyyətin rəsmi məlumatlarını oxuculara çatdırır, görülən tədbirlər, toplanan vəsait və xərclər barədə yazılar verirdi. Qəzetdəki məqalələrin əksəriyyəti Xəlil İbrahimə və Oruc Orucova məxsus idi.

X. İbrahim “Yarın” məqaləsində Nargin adasında saxlanılan türk əsirlərinə yardımın Azərbaycan türklərinin qardaşlıq borcu olduğunu vurğulayaraq yazırdı: “Öz yurdundan, əziz vətənindən uzaq düşmüş, qərib vilayətlərdə aclıq, susuzluq və bunların nəticəsi olaraq fəlakətə məruz qalmış insan balalarını, adəm övladlarını ölümdən xilas edəlim!”

İlk sayda X. İbrahimin O. Orucovun məqalələri ilə yanaşı cəmiyyətin “İanə və əşya toplamaq haqda qərardadı” çap olunub. Sənəddən bəlli olur ki, “Möhtaclara kömək” cəmiyyətinin 1918-ci il yanvarın 11-i tarixli qərarı ilə əsirlərə pul və əşya toplamaq üçün cəmiyyətin sədri qaydalar barəsində iştirakçılara məlumat verib, Bakının müxtəlif məhəllələrində bu işi həyata keçirəcək şəxslər müəyyən edilib.

Qəzetin ikinci sayında “Əsirlərin şikayəti” məqaləsi Nargin adasında ölümünü gözləyən insanların dilindən onlara yardım etməyən, baş çəkməyə getməyən imkanlı adamlar məzəmmət olunur.

Çox az sayda örnəyi olan “Möhtaclara kömək” qəzeti çox təəssüf ki, 4-cü saydan sonra qapanır və Xəlil İbrahim ictimai fəaliyyətini və yaradıcılığını digər mətbu orqanlarda davam etdirməli olur.

 

Xəlil İbrahim “Azərbaycan”da

 

1918-ci ilin sentyabrın 15-i Qafqaz islam Ordusu tərəfindən Bakı erməni-bolşevik birləşmələri tərəfindən azad olundu. Milli istiqlal müjdəsi “Azərbaycan” qəzeti Gəncədə fəaliyyətə başladı və 4-cü sayından sonra Cümhuriyyət hökuməti ilə birgə redaksiya Bakıya köçdü. Beləliklə, istiqlal savaşının əsgəri olan “Açıq söz”çülərin sırasında Xəlil İbrahim də öz “səngəri”ni “Azərbaycan”a dəyişdi. Onun “Azərbaycan”da ilk məqaləsi isə eyni vaxtda rusca və azərbaycanca çap olunan “Qarışıq günlərdə Qarabağın vəziyyəti”nə dair reportajdır. 1917-ci ilin oktyabr ayından sonra Qarabağdakı vəziyyəti təsvir və təhlil edən X. İbrahimin qeydlərindən anlaşılır ki, o, Qafqaz İslam Ordusu Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşı zamanı Şuşada olub. 1918-ci ilin 31 mart soyqırımından sonra doğulduğu yurda qayıdan X. İbrahim Qarabağda cərəyan edən hadisələri təfsilatı ilə qələmə alır, Şuşanın 12 silahlı erməni kəndi tərəfindən mühasirədəki vəziyyətini, əhalinin çarəsizliyinə toxunur. Əsgəran keçidinin erməni silahlıları tərəfindən zəbtindən sonra Şuşanın ətrafla əlaqəsinin kəsilməsi ərzaq qıtlığı yaradır, içməli su çatışmır. Ermənilər Andronik və Şahnazaryanın tezliklə gələcəyi şayiəsi müsəlman-türk əhalisinin narahatlığını artırır. Amma Şuşa əhalisi şəhər komendantı Həsən Bəsri bəyin rəhbərliyi ilə özünümüdafiə qüvvələri yaradır, 4 könüllü dəstə formalaşdırılır. Səfərbərlik elan olunur, 15 yaşından 60 yaşınadək kişilər siyahıya alınır, onlara hərbi təlimlər keçirilir.

Mühasirə vaxtı Şuşanı tif epidemiyası bürüyür, hər gün 30-40 adam bu bəladan dünyasını dəyişir. Bir tərəfdən isə ərzaq, su çatışmamazlığı əhalinin sabaha ümidini azaldır. Amma belə ağır, çətin durumda Azərbaycan-Türkiyə hərbi birliyi və yerli könüllü dəstələrdən formalaşan Qafqaz islam Ordusu Qarabağın harayına yetişir. Cəmil Cahid və İsmayıl Həqqi bəyin dinc yolla ermənilərin təslimi haqqındakı ultimatumu öz işini görür. Xəlil İbrahimin yazdığı kimi, bir güllə atmadan Şuşa azad olunur.

Qeyd edək ki, X. İbrahimin 1918-ci ilin 23 oktyabr tarixli “Azərbaycan” qəzetinin anadilli və rusca nəşrində davamlı 4 sayda dərc olunan “Qarışıq günlərdə Qarabağın vəziyyəti” məqaləsi Qafqaz islam Ordusunun Qarabağ hərəkatı tarixinin öyrənilməsində əhəmiyyət daşıyır.

Parlamentarizm tarixinin tədqiqində X. İbrahimin “Azərbaycan”da davamlı çap etdirdiyi “Azərbaycan parlamanı” (10 noyabr 1919-cu il ¹ 35), “Azərbaycan parlamanı dəvəti münasibətilə” (13, 14 noyabr, 7 dekabr 1918-ci il) məqalələrindəki faktların kifayət qədər əhəmiyyəti var. 1918-ci ilin iyulun 16-da səlahiyyətlərini Fətəli Xan Xoyski hökumətinə ötürən Milli Şuranın yenidən cəm olması və fəaliyyətinin bərpasını bu məqalələrdə izləmək mümkündür. 44 nəfər müxtəlif siyasi qüvvələrə məxsus millət vəkilinin Zaqafqaziya Seymində və Milli Şuradakı fəaliyyətini ilk məqalədə qısaca xatırladan müəllif dövrü xarakterizə etməyə çalışır: “Milli Şura hərc-mərcdən dolayı cəmaətdən ayrı düşdüyündən öz fəaliyyəti və planları barəsində məlumat veri bilməmişdir, bundan əlavə bir çox məsələlər və siyasi mülahizələr şəraiti-mövcudədən dolayı açıla bilmiyordu. Bu zaman hərc-mərc içində və bolşevik təhlükəsi altında qalmış cəmaət müsəlləh qüvvəyə ehtiyac olduğunu hiss ediyordu. Fəqət, bu qüvvəyi nə Milli Şura verə biliyordu, nə də Seym. Ona görədir ki, cəmaətin gözü Osmanlı qardaşlarımızın ordusunda idi, çünki nicatını ancaq Türkiyədə görüyordu”.

Müstəqilliyin ilk aylarında Milli Şuranın daxilində siyasi qüvvələr arasındakı ziddiyyətlər bəzən düşmənçilik səviyyəsinə qalxır, Türkiyə ordusunu ölkəyə dəvət edən “Müsavat”çılar kəskin şəkildə qınanır, agent adlandırılırdı. Yenicə təşəkkül edən gənc Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakı isə işğal altında idi. Ərazi bütövlüyü uğrundakı mübarizədə siyasi qüvvələrin fəaliyyətinin məhdudlaşdırılmasının təbii olduğunu X. İbrahim məqalələrində dilə gətirir, Milli Şuranın səlahiyyətlərini II hökumət kabinetinə həvalə edən vaxt 6 aydan gec olmayaraq seçki keçirilib yenidən parlamentin təşkil olunacağı vədini yada salır, qeyd edir ki, artıq əlverişli zamandır. X. İbrahim yeni seçkilərin keçirilməsi üçün xeyli vaxt lazım olduğunu bildirir və qeyd edir ki, Milli Şura tərkibini genişləndirərək müvəqqəti parlamentin işini həyata keçirə bilər. Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadənin parlamentin açılışı ilə bağlı “Azərbaycan”ın 29 noyabr 1918-ci il tarixli sayında “Bütün Azərbaycan əhalisinə” müraciəti çap olundu: “Bütün Azərbaycan vətəndaşları bilafərq millət və məzhəb bir millətin övladıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar yekdigərinə əl uzatmalı və yardım etməlidirlər... Əvət, vətəndaşlar, zamanın əhəmiyyətini dərk edəlim, hər millətin həqqini təslim edəcək sülhi-ümumi konfransı uzaq degildir. O zamana qədər vətənimizi iğtişaşdan qoruyalım. Azərbaycan Məclisi-Məbusanın təsis, hökumətin yenidən təşkil edəlim və var qüvvət və mücahidəmizlə sülhi-ümumi məclisinə hazırlaşalım”.

“Yaşa və özgələrinə yaşamaq imkanı ver” fəlsəfəsini həyat amalı hesab edən Azərbaycan türkləri dövlət idarəçiliyində özünü Azərbaycan vətəndaşı hesab edər hər bir millətin nümayəndəsinə parlamentdə yer verdi. Bu məqama xüsusi diqqət yönəldən X. İbrahim silsilə məqaləsinin sonunda yazır: “Hamı özünü müsavil hüquq vətəndaş hiss etsin. Bu isə məmləkət daxilində yaşayan bütün vətəndaşların gərək nəşriyyə və gərək icraiyyə müəssisələrində miqdarına mütənasib nümayəndəliklə iştirak etməsilə hasil ola bilər. Bu mülahizə ilədir ki, Azərbaycan parlamanına da hər millətin miqdarına görə nümayəndəlik dəvət edilmişdir... Parlamanın bugünkü iclasında bütün millətlərin nümayəndəliyi üz-üzə gələrək məmləkətimizin gələcək müqəddəratını təyinə səy ediləcəkdir”.

 

Gənc Azərbaycan Cümhuriyyətinin istiqlalının xarici və daxili qüvvələrdən qorunması, elm, təhsil sahəsindəki boşluqlar, mətbuat, söz azadlığı altında müstəqilliyimizə yaradılan təhlükələr X. İbrahimin ən çox toxunduğu mövzulardır. "Yetər artıq" məqaləsində müəllif sosialist ideyaları altında bolşeviklərin təxribat planlarını ifşa edir, məmləkətin qibləgahı olan paytaxtda onların bəd niyyətlərinin puç olması üçün hökuməti ciddi tədbirlər görməyə çağırır: "Bu vəqtədək Azərbaycan hökuməti bolşeviklərə qarşı mübarizə açmamışsa da şübhəsiz ki, zəiflikdən deyil, siyasətimizin təqazaından demokratik bir hökumətin demokratika ilə mübarizə etmək istəməməsindən irəli gəlirdi. Fəqət, yetər artıq! Hər şeyin bir həddi, bir intəhası olar" ("Azərbaycan". 7 may 1919-cu il. 174).

“Fəhlə konfransı” adı altında bolşeviklərin Azərbaycan istiqlalına qəsd planlarını açıqlayan müəllif əhalini onların təxribatlarına uymamağa çağırır, bu cür qüvvələrə emosional, sərt təpki göstərir.

Sovet Rusiyası tərəfindən işğal məqsədilə bolşevikləri təlimatlandırıb, Azərbaycanda hakimiyyətə gətirmək niyyətini xalqın marağına zidd hesab edən X. İbrahim yazır: “Biz bolşevik hökumətini istəyirizmi? Əlbəttə, bu suala cavab vermək müşkül degildir. Bolşevik hökumətinin “ləzzətini” görmüş olan hər bir azəri türkün rəyi məlumdur: nə qədər Nikolay hökuməti istəsə, o qədər də bolşevik istər”. (“Azərbaycan”. 7 may 1919-cu il. ¹ 174).

1919-cu ilin mayın 28-də İstiqlalın birinci ildönümünü şərəfli bayram hesab edən X. İbrahim bildirir ki, siyasət səhnəsində biz bir məktəbli uşağıq. Məktəblilər hər il başında imtahan verdiyi kimi millət də istiqlalının tamamında imtahan verməlidir. Bakının işğaldan azad olunmasından sonra milli hökumətin Cümhuriyyətin ərazi bütövlüyü üçün böyük zəhmət çəkdiyini və qismən buna nail olduğunu qeyd edən müəllif Naxçıvan, Borçalı, Şərur və Lənkəran qəzalarının hələ də dövlətin sərhədlərindən kənarda qaldığına təəssüflənir. Mədəni-demokratik bir millətə lazım olan təsisatların yaradıldığını xatırlayan X. İbrahim yazır: “Demokratik bir millətə lazım olan Məclisi-Məbusan, ədalət və qanun Kəbəsi olan məhkəmə idarələri və sairə təmin etdik. Hazırda Məclisi-Müəsisan çağırmağa hazırlanıyoruz. Deməli, mədəni demokratik bir millətə lazım olan hər işi gördük, görməkdəyiz. Bu vəchlə də imtahanımızı verdik və istiqlala istehqaq (həqq) qazandıq”. (“Azərbaycan”. 28 may 1919-cu il. ¹ 190).

“Açıq söz” və "Azərbaycan” qəzetlərində X. İbrahimin yaradıcılığında ən maraqlı məqalə onun reportajlarındakı dinamiklik, müşahidələrin sərrastlığı və mətndəki cümlələrini axıcılığıdır, istiqlal bayramı münasibətilə Bakıda keçirilən bayram nümayişlərinin həssaslıqla qələmə alan müəllif baş verənləri elə uğurla təsvir edir ki, oxucu özünü 1919-cu ilin 28 may bayramının iştirakçısı hesab edir: "Sanki ürəyi darıxmış kimi xalq ayın 28-ni gözləmədən hələ ayın 27-də şəhəri bayraqla təzyin etmişdi. Paytaxtımız ürəyini təsvir edən səmavi rəngli bayraqlara qərq olmuşdu. Bir ev, bir dükan, hətta bir fayton, bir araba, bir avtomobil yox idi ki, milli bayraqlarla təzyin olmasın”.

Bolşeviklərin və Sovet Rusiyasının təzyiqləri ərəfəsində 1920-ci ilin mart ayında Xəlil İbrahim “Müsavat”ın sıralarını tərk edir. Bəzi araşdırmaçılar isə X, İbrahim və Süleyman Abdullayevin “Müsavatdan kənarlaşdırıldığını qeyd edir və bu addımın hansı səbəbdən baş verdiyini geniş açıqlamırlar. Əldə olunan sənədlər, faktlar isə X. İbrahimin repressiya olunanadək gizli “Müsavat”ın sıralarında çalışdığını, mübarizəsini davam etdirdiyini ortaya qoyur.

Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklərə ötürülən günün axşamı, yəni 1920-ci ilin aprelin 27-də müsavatçılar gizli fəaliyyətə başladılar. Sovet Rusiyasının hərbi müdaxiləsi və təzyiqi ilə milli hökumət devriləndən sonra Mirzə Bala Məhəmmədzadə və Əbdülvahab Yurdsevər M.Ə. Rəsulzadənin mənzilinə gələrək, liderdən məsləhət alıb, gizli fəaliyyət planı müəyyənləşdirdilər.

M.Ə. Rəsulzadənin planına uyğun Cəfər Cabbarlının şəhər kənarındakı evinə gəlir, göstərişə uyğun Cəfər Cabbarlı, Mirzə Bala Məhəmmədzadə, Məmməd Sadıq Quluzadə və Məhəmməd Həsən Baharlıdan ibarət “Müsavatın gizli ümumi mərkəzini yaradırlar.

Bolşeviklər istiqlalın ilk günlərində “Müsavat”ı xalq arasında nüfuzdan salmağa cəhd edir, ciddi sosial dayaqları olan bu partiyanı bolşevikləşdirmək istəyirlər. 1920-ci ilin aprelin 29-da indiki Bakı şəhər icra hakimiyyətinin yerləşdiyi binada ümumi razılıq əsasında Xəlil İbrahim və Süleyman Abdullayevin vasitəsilə Bakıda Fövqəladə Müsavat Konfransı çağırılır, konfransa 300 nəfərdən çox müsavatçı qatılır. Konfransın əsas müzakirə mövzusu “Müsavat”ın fəaliyyətini dayandıraraq bolşevik platformasını qəbul etməsi idi. Milli hakimiyyətin süqutunda və bolşeviklərə ötürülməsində fəallıq göstərən Məmməd Həsən Hacınskinin əsas məruzəçi kimi çıxışı nəzərdə tutulur. Konfransın gedişində fəal müsavatçı Mirzə Bala Məhəmmədzadə bolşeviklərin verdikləri vədə və imzaladığı sənədə sadiq qalacağı təqdirdə, “Müsavat” partiyasının onlara loyal olacağım söyləyir. Konfransın qərarına görə, Azərbaycan müstəqil bir dövlət olaraq qalmalı, XI Qızıl Ordu ölkədən çıxıb getməli, siyasi azadlıqlar təmin olunmalı idi. Amma, bolşeviklər, xüsusən Mirzə Davud Hüseynov konfransın qərarını tanımadıqlarını bəyan etdilər.

Xəlil İbrahim 1920-ci ilin aprel işğalından sonra bir müddət "Müsavatın sol qanadını təmsil edir, 1923-cü ilə qədər “Müsavatın rəsmi fəaliyyətinə qədər ideya mübarizəsinə sadiq qalır.

X. İbrahim gizli “Müsavatın ideoloji mübarizəsinə öz dəstəyini göstərir. “Azərbaycan” qəzetindən sonra iş yerini “Kommunist” qəzetinə dəyişən bu mücahid qələm sahibi gizli təbliğat-təşviqat metodlarından istifadə edir. “Gizli Müsavat təşkilatının xarakterik vəsflərini təsvir edən Abdulvahab Yurdsevər Mirzəbala Məhəmmədzadənin, Cəfər Cabbarlının iştirakıyla partiyanın təbliğat qolunun sovet təbliğat maşınına böyük zərbələr vurduğunu qeyd edərək yazır: “Bunun xaricində sovet mətbuat və nəşriyyatlarında çalışanlar arasında çox sayda “Müsavatçı vardı. Çünki işğalın ilk dönəmlərində böyük bir kadr sıxıntısı yaşayan sovet idarəçiləri bu kadrlarla çalışmaq məcburiyyətindəydi”. (“Azərbaycan” dərgisi. 1991-ci il ¹ 282. səh. 42- 46).

1923-cü ilin yay aylarında Azərbaycan Fövqəladə Komissarlığının və XI Qızıl Ordunun xüsusi şöbəsi məxfi idarə əməkdaşlarının kütləvi həbsləri zamanı bir çox istiqlalın ziyalılar sırasında Mirzə Bala Məhəmmədzadə, Hacıbaba Cəbiyev, Əbdül Vahab Yurdsevər, Cəfər Cabbarlı, Əhməd Cavadla yanaşı Xəlil İbrahim də həbs olunur. Azərbaycanda sovet quruluşu əleyhinə fəaliyyətdə ittiham edilir. Amma X. İbrahimin əməllərində heç bir qanunsuzluq aşkarlanmır, həbsdən azad olunur. Bu hadisədən sonra onu qarşıda çox çətinliklər, hədə-qorxu, təzyiqlər gözləyir. Amma bu təzyiqlər Azərbaycanın istiqlal mübarizəsini İranda, Türkiyədə, Almaniyada, Polşada, Parisdə aparan əqidədaşları kimi Vətəndən ayıra bilmir. Vətəndə qalır, bilik-bacarığını səmimi şəkildə xalqının maariflənməsinə yönləndirir.

1923-cü ilin avqustun 14-də “Bakinskiy raboçiy” qəzetində “Müsavat buraxıldı” adlı bir məqalə çap olunur və bir qrup müsavatçının bəyannaməsi dərc edilir. Bəyannamədə göstərilirdi ki, Sovet hakimiyyəti zəhmətkeşlərin iqtidarıdır və biz sovetlərə qarşı mübarizəni pisləyirik: “Bununla yanaşı biz sovet platformasında işləməyə, bütün qüvvələrimizi sovet hakimiyyətinə sərf etməyə hazırıq. Şübhələri dağıtmaq və heç bir söz-söhbətə yol verməmək üçün elan edirik ki, qeyri-leqal fəaliyyət göstərən “Müsavat” təşkilatı buraxılmış hesab olunsun”.

Sovet rejiminin ruslaşdırma və terror siyasətinə, ziyalıların təqibinə daxilən etiraz edən X. ibrahimli əski “Müsavatçı dostlarıyla birgə mübarizəsini yarımçıq qoymur. 1920- 1945-ci illərdə Azərbaycan türklərinin mübarizəsi tarixini qələmə alan professor Musa Qasımlı X. İbrahimin Qarabağda gizli fəaliyyətinə qismən də olsa aydınlıq gətirir. Professor keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sənədləri əsasında X. İbrahimin 1934-cü ildə sürgündən geri dönən Məhəmməd Baharlının vasitəsilə Qarabağda sovet rejiminə qarşı mübarizə apardığını qeyd edir. “ÇE-KA”nın 1937-ci ilin iyun ayında məxfi məlumatına görə, Qarabağda “Müsavatın gizli təşkilatı aşkarlanır. Bu gizli quruma Xəlil İbrahim və zadəganlardan Məşədi Şəfiyev rəhbərlik etməkdəydi. Kəşfiyyat qaynaqlarına görə, təşkilatın amacı Azərbaycanı “Müsavat” partiyası öndərliyində müstəqilliyinə qovuşdurmaqdır.

Kəskin siyasi rejimin hökm sürdüyü illərdə Xəlil İbrahim qələmi yerə qoymur, ehtiyat etdiyi, yaxına buraxmadığı siyasi mövzulardan kənar, təhsil, elm, mədəniyyət, terminologiya, türkoloji problemlər və teatr tənqidindən məqalələr yazır. Onun bu mövzularda yazdığı məqalələr 1920-ci ilin 28 aprelindən sonra “Kommunist”, “Ədəbiyyat”, “Kəndçi" qəzetlərində, “Maarif və mədəniyyət” jurnalında dərc olunmağa başlayır.

1923-cü ildə Səmədağa Ağamalıoğlunun rəhbərliyi ilə Azərbaycan Mərkəzi icraiyyə Komitəsinin nəzdində elmi terminologiyanın işlənib-hazırlanması komissiyası yaradılır. Komissiyanın işinə təcrübəli qələm adamı, əlifba islahatçısı, türkoloji bilgilərə sahib Xəlil İbrahim də cəlb olunur. Bundan sonra “Kommunist” qəzetəni əlavə olaraq “Dilimizin islahı” əlavəsi də buraxılır. Bu xüsusi buraxılışın məsul katibi X. İbrahim olur.

“Kommunist” qəzeti 1923-cü il 26 dekabr tarixli “Mərkəzi istilah komissiyasında”n xəbər verirdi ki, ilk dəfə S. Ağamalıoğlunun sədarəti altında komissiyanın iclası keçirilib: “Qabaqca cəmiyyətin bu vaxtadək olan işləri haqqında komissiyanın müavini Tağı Şahbazi və katib Xəlil İbrahim məlumat verirlər. Sonra Mirzə Cəlil Məmmədquluzadənin təklifi üzərinə Məmmədzadə Mirzə Cabbarlı dəxi komissiyaya əza sifətilə cəlb edilmə qərara alınır. Məsailiyovmiyyədə birinci növbədə komissiyanın yenidən təşkil edilməsi məsələsi durur... Mərkəzi komitəyə sədr Ağamalıoğlu, sədr əvəzi Tağı Şahbazi və katib Xəlil İbrahim, əzalar haman əvvəlki qərar üzrə qalır”.

1920-ci ildən sonra X. İbrahim Azərbaycan Proletar Yazıçıları Birliyinin sıralarına qatılır. Əsasən bədii əsərlərin tərcüməsi ilə məşğul olur, təklif və rəylərini dilə gətirir, keyfiyyətli tərcümə işinin formalaşdırılmasına öz töhfələrini verir. Hüseyn Cavid, Süleyman Sani Axundov, C. Məmmədquluzadə, Ə. Haqverdiyev, A. Şaiq, C. Cabbarlı, Ə. Cavad kimi böyük ədiblərin cərgəsində yeni ədəbiyyat yollarında irəliləyir, ədəbiyyatla bağlı məsələlərdə düşüncələrini yazıya çevirir. 1929-cu ildə Azərbaycan yazıçılarının Gürcüstan və Ermənistana səfərində böyük sənətkarlarla bir yerdə X. İbrahim də iştirak edir. Bu barədə “Kommunist” qəzetinin və digər mətbuat orqanlarının səhifələrində çap olunan xəbərdə nümayəndə heyəti və səfərin məqsədi açıqlanır. (“Kommunist” qəzeti 1929-cu il 7 iyun). Azərbaycanın sovetləşməsindən sonra əlifba islahatçısı, teatr tənqidçisi kimi fəaliyyəti üçün yeni yaradıcılıq sahəsi formalaşdıran X. İbrahim həm də məhsuldar tərcüməçi kimi tanımır. 1920-1930-cu illərdə tərcümənin nəzəri və praktiki məsələləri ilə məşğul olur. Onun 1935-ci ildə “Ədəbiyyat” qəzetində “Tərcümə keyfiyyəti haqqında” məqaləsi geniş rəylər yaradır. Tərcümənin xalqların mədəni həyatında oynadığı rolu təsdiqləyən müəllif əsərlərin tərcüməsində ən başlıca amil olaraq dil zənginliyini götürür.

 

Konkret misallarla fikrini əsaslandıraraq qeyd edir ki, tərcümə əsərlərində dilin təmizliyi başlıca şərtdir. Yaxın münasibətdə olmalarına baxmayaraq Ə. Cavadın, C. Cabbarlının onların bu sahədəki fəaliyyətini tənqid edir, cansız, quru tərcümə formasını bəyənmirdi.

1930-cu ildən başlayaraq “Azərnəşr”də bədii ədəbiyyat üzrə baş redaktor kimi fəaliyyət göstərən X. İbrahim dünya ədəbiyyatı klassiklərinin Şekspir, Şiller, A. Tolstoy və başqa ədiblərin ana dilimizə tərcüməsində kifayət qədər fəal rol oynayıb. Qeyd edək ki, X. İbrahim “Azərnəşr”də Əhməd Cavadla bir yerdə çalışır, tərcümə işində biri-birinə yaxından kömək edirdi.

Ruhulla Axundovun və ideoloji işə həssas yanaşan bir çox partiya rəhbərlərinin göstərişi ilə “Azərnəşr”də bədii ədəbiyyatla yanaşı bir çox siyasi ədəbiyyatın ruscadan ana dilimizə çevrilməsi işi də X. İbrahimə tapşırılır. Belə ki, 1923-cü ildə N. Baturinin “Rusiyada sosial-demokratiyanın müxtəlif tarixçəsi” elə həmin il A. Ananişteynin “İngiltərə, Fransa və Almaniyada fəhlə hərəkatının tarixi”ni, 1926-cı ildə “Siyasi savad”ı X. İbrahimin tərcüməsində Bakı mətbəələri çap etdi. “Qədim zamanlarda texnika” (1927), “Təsərrüfat tərəqqisində qadının vəziyyəti” (1924), D. Furmaşovun “Üsyan” (1930), Q.L İndovun "Böyük Fransa inqilabı” (1923), A. Yokovlevin “Oktyabr" (1930) kitablarının yüksək keyfiyyətlə tərcüməsi də X. İbrahimin öhdəsinə düşür.

 

Teatr resenziyaları

 

X. İbrahim Azərbaycan teatrının, milli mədəniyyət tarixinin inkişafı və gələcəyi üçün xeyli əmək sərf edən, bu istiqamətdə mətbuatda davamlı nəzəri-təhlili məqalələr yazan məhsuldar qələm sahibidir. O, “İqbal”dan başlayaraq son çalışma yeri olan “Kommunistə qədər milli teatr tarixinin əsas istiqamətlərinə, inkişafı və problemlərinə toxunub, bu sahədə diqqət yönəldilməli məsələləri ictimailəşdirirdi. Usanmadan yüksək sənətkarlıqla Şekspir teatrından da, M.F. Axundov, Ə. Haqverdiyev, Cəfər Cabbarlı və Cavid teatrından da yazır, ciddi tənqidlərini ortaya qoyurdu. Bu məqalələrdə dərin müşahidə bacarığı hiss olunur, intellektual təhlil və əsaslı tənqidlər gözə çarpır. “İqbal”da silsilə dərc etdirdiyi “Teatromuz haqqında”kı təhlilində 1915-ci ilə qədərki Azərbaycan-türk teatrının ümumi vəziyyətini dəyərləndirməyə çalışır, milli mədəniyyət ocağının əsas yaradıcılıq qayəsinə toxunurdu. Çatışmayan tərəflərə diqqət yönəldən X. İbrahim bu mədəniyyət ocağının inkişafına mane olan bir neçə məqama, o cümlədən, binanın olmamasına, bir qisim teatrın “ticarət müəssisəsi" şəkli almasına, uğurlu repertuarın seçilməməsinə toxunaraq yazırdı: “Hal-hazırla türk səhnəsində müqtədir artistlərin miqdarı yox dərəcəsindəykən, haman kəsbkarlıq məqsədi və müsabiqədər dolayı az-çox istedadı olan hər artist xüsusi bir dəstə təşkil edərək meydana atılır və bu surətlə artist adlandırılacaq adamlarımızın bu qədər az olmasına baxmayaraq birdən-birə üç böyük artist dəstəsi və bir çox “aktyorcıqlar” doğub. A. Puşkinin “Musyo buyre”si kimi anlar-anlamaz səhnə xidmətinə girişməklə biltəb böyük əngəllər çıxarır və tərəqqi yolunda maneələr təşkil edirlər”.

Bu məqaləni müzakirə məqsədilə qələmə aldığını bildirən X. İbrahim dövrün teatr tənqidçilərinin, publisistlərin onun qaldırdığı problemə seyirçi qaldığından təəssüflənir. Amma çox keçmir ki, Hüseyn Sadiq (Seyid Hüseyn - red.) “İqbal”ın növbəti saylarının birində qaldırılan problemlərə münasibət bildirir. Həmkarının bu cavabından əsaslı bir fikir-nəzəriyyə bulmayan X. İbrahim yazır: ”... Teatr 5 artist ilə 4 divardan ibarət olsaydı, bəlkə bu qədər düşünmək də lazım olmazdı. Lakin teatr imarəti olmadıqca dekorasiya (rekvitizasiya), yaxşı qardirob və qeyriləri heç vaxt başa gəlməz. Necə ki, “Nicat” heç bir şey edə bilmədi”.

Seyid Hüseynin “Nicat” və “Səfa” cəmiyyətlərinin 10 il ərzində 90 min manatdan çox mənfəət qazandığı iddiasına cavab olaraq bu qədər vəsaitdən teatrın inkişafı üçün istifadə olunmadığını qeyd edən müəllif yazır: “...Haman 90 min manatdan teatra nə əmək sərf edilmiş olduğunu bilmək istərdik. Artistlərə haqq, teatra kirayə, müdirə fayton pulu və qeyrə vermək bizcə “əmək” və ya “xidmət” deyildir. Mükəmməl deniləcək dərəcə qardirob mövcud olduğuna gəlincə, qeyri-mükəmməl qardirob nə üçün və harda imiş”.

“Əlli ildən ziyadədir ki, Azərbaycan türk teatrosu yaşayır. Fəqət, bu xüsusda hələ öylə dəyərli bir tarixi məlumat (yazılı) yoxdur”. Azərbaycan teatrının tarixinin yazılması barədə dövlət teatrındakı kiçik müşavirədəki qeydlərində X. İbrahim bu mövzuya həssas yanaşır, təkliflər irəli sürür. Tədbirdə 40-a yaxın teatr xadiminin, ədib və publisistlərinin adının siyahıya salınması ilə bağlı təklifə əlavə edərək bölgələrdə də canlı salnaməçilərin olduğunu xatırladır: "... Bu saat əldə fürsət varkən işi təxirə salmayaraq yazdırmaq lazımdır. Bir neçə il keçərsə, bu fürsət əldən qaçırılmış olar. Çünki bu saat teatromuzun canlı tarixi var, yəni köhnə dərnəklərin əzaları, ən köhnə teatro xadimlərinin ən fəal üzvləri olub, on illərlə Azərbaycanın müxtəlif şəhərlərində çalışmış həvəslilərdən bir çoxları sağdır”. (“Kommunist” qəzeti 30 mart 1925-ci il ¹64).

1920-1925-ci illər “Kommunist” qəzetinin səhifələrində X. İbrahimin teatra həsr etdiyi 200-dək məqaləsi, resenziya və təhlili dərc olunub. Bu fakt onu göstərir ki, sovet quruluşunun siyasi təbliğat maşınından uzaq durmağa çalışsa da, xalqın milli yaddaşının qorunması ilə yanaşı əsasən sənət, mədəniyyət, tərcümə və bədii əsərlərin keyfiyyəti barədə düşüncələrini də qələmə alıb.

Bu istedadlı qələm sahibinin tamaşalara yazdığı resenziya və reportajları da fərqli təqdimatlarda, müxtəlif baxış bucaqları və maraqlı müşahidələrlə mətnə çevrilir. Yeknəsəllikdən daha çox orjinallıq, fərqlilik müşahidə olunur. “Tənqid və təbliğ teatrosunda təəssürat” reportajına müəllif bu teatra çox az getməsinin səbəbi ilə başlayır: “Bən bu teatroya pək az gediyorum. Zaqafqaziyanın matəm günlərindən sonra birinci gecə idi. Ona görə də tamaşa veriləcəyi qeyri-müəyyən imiş. Tamaşaçı da pək az idi”. Böyük rollar oynamaq istəyən aktyorların kiçik rola dəvət olunmasının kollektivdə inciklik yaratdığını müşahidə edən müəllif “Uşaq duası” adlı üç pərdəlik əsərin quruluşunda səhvləri dilə gətirir və ancaq bu kiçik heyətlə belə səhnə əsərinin ərsəyə gəlməsini uğurlu hesab edir.

“Teatro məktəbində” “Tənqid-təbliğ teatrosunda ikinci dövrə tamaşa”, “Təəssürat”, “Şəxsi fəaliyyət lazımdır”, “Teatr və musiqi", “Meyerxold teatrının qastrolu”, “Tənqid-təbliğ teatrında”, “Akademik türk teatrında”, “Teatro məsələləri” və bir çox məqalələrini müəllif ardıcıl, sistemli şəkildə 1925-1930-cu illərdə qələmə alıb. Quruluş verilən əsərlərin bədii dəyəri, tərcümə əsərlərində dil qüsurları, səhnə mədəniyyəti, tərtibatı, aktyorların oyun bacarığı, qüsurları bu yazılarda əksini tapır. Dərin təhlil qabiliyyətinə malik X. İbrahimi xalqın maariflənməsində, dünyagörüşünün formalaşmasında teatrın rolunu əvəzsiz hesab edir, bu sahədə fəallığın artırılmasını düşünürdü. Teatr sənətinin işini səmərələşdirmək və cəlbediciliyini artırmaq üçün heç bir məktəb keçməyən, amma uzun illər səhnədə püxtələşən sənətkarların müəyyən vaxtdan sonra yaradıcı truppanı tərk etməsini məqbul hesab etməyən müəllif yazır: "Son illər müddətində burada bir çox aktyorlara yubileylər verildiyi zamanda artist və sair adı verildi. Lakin, onların bəziləri daha bizim səhnəyə gəlmədilər. Bizcə 25, 30, 35 illik verdiyimiz aktyorları səhnəmizdə saxlamaq, onların bilik və sənətindən istifadə etmək lazımdır”. (“Kommunist” qəzeti 6 fevral 1998-ci il).

 

37-ci ilin repressiyası qurbanı

 

Xəlil İbrahimi 1937-ci il noyabrın 11-dən 12-nə keçən gecə həbs etdilər. Əqidədaşlarının, vaxtilə eyni redaksiyada çalışdığı həmkarlarının, teatr, mədəniyyət xadimlərinin kütləvi həbsi zamanı növbənin ona çatacağını bilirdi. Özünü bu müdhiş, qara günə hazırlayan X. İbrahim ən yaxın dostu, qonşusu Əhməd Cavadın aparılmasından sonra saatlarla fikrə dalır, otağın bir küncünə çəkilib atasız qalacaq övladlarını seyr edirdi.

Əhməd Cavad “37”-nin qara günləri başlayandan işə gedəndə hər səhər qonşusunun pəncərəsini döyür sakit səslə deyirdi: “Xəlil əfəndi, bu gecə də filan dostumuzu apardılar”. Ə. Cavad, Hüseyn Cavid, Vəli Xuluflu, “Kommunist” qəzetində redaktoru olmuş Ruhulla Axundov, Böyükağa Talıblı, Əhməd Triniçin həbsindən az sonra növbə X. İbrahimə çatdı.

Noyabrın soyuq bir gecəsində beli mauzerli, qara paltarlı adamlar İçərişəhərdəki “vətən xaini”nin evinə xəbər vermədən “təşrif" buyurdular. Otaqlar ələk-vələk edildi, əlyazmaları, kitabları, sənədləri toparlayıb böyük qənimət əldə edilmiş kimi özlərindən razı halda Xəlil əfəndini apardılar. Son dəfə dönüb evinə, övladlarına, xanımı Gülüstana baxdı. Ən çox Elxan qorxmuşdu, rəngi qar kimi ağappaq idi. Dodağı, əlləri, titrəyən Elxana baxıb “uzağı bir aya qayıdacam, narahat olmayın” - söylədi. Gülüstan xanım gecə həbs olunanların heç birinin geri döndüyünü eşitməmişdi, görməmişdi. Xəlilin təsəlliverici sözündən sonra əlləri ilə üzünü tutub ağlayan Solmazı, dünyada nə baş verdiyini hələ anlamayan Güləri sakitləşdirməyə çalışdı.

Həmin günləri xatırlayan Solmaz xanım müsahibələrinin birində xoşbəxt ailənin dramını göz önünə gətirir: "... 1937-ci ilin noyabrı idi. Atamı da, Hüseyn Cavidi də, Əhməd Cavadı da tutmuşdular. Hər həftənin beşinci günləri anam, Şükrüyyə və Müşkinaz xala NKVD-nin zirzəmisinə yemək və paltar aparırdılar. Tutulanların hamısı da orada idi, atamgil də.

Mən də onlarla gedirdim.

Anam Elxanı özü ilə aparmırdı. Onu qoruyurdu. Qorxurdu ki, bir gün qapımızı döyüb onu da apararlar. 1938-ci il martın 18-i idi. Yenə anamla mən atama yemək və paltar apardıq. Aradan bir az keçmiş apardığımız paltar və ərzağı olduğu kimi geri qaytardılar. Üstündə də bir parça kağız: “Gülüstan sağ ol, özündən və uşaqlardan muğayat ol. Xəlil”.

Xətt də, imza da atamın idi. Bu kağız “sanki hər şeyin sonudur”.

1937-ci ilin noyabrında “KQB”nin zirzəmisində gündə bir neçə dəfə istintaqa ifadə verməyə çağırılan, ən amansız işgəncələrə məruz qalan Xəlil əfəndidən zorən istədikləri ifadəni qoparandan sonra bu faciəvi dramın sonu çatdı. Müstəntiqlər onu 1920-1930-cu illərdə gizli fəaliyyət göstərən “Müsavat’ın sıralarında Azərbaycanın istiqlalının bərpası uğrunda mübarizəsini davam etdirməkdə, Şuşada qiyam hazırlamaqda və 50 nəfərlik qiyamçı dəstəyə başçılıq etməkdə günahlandırırdılar. Dözülməz şərtlər altında alınan ifadələri əsas gətirərək 1938-ci ildə Azərbaycan SSR Daxili işlər Komissarlığının Markaryan, Atakişiyev və Bağırovdan ibarət məşhur “üçlüyünün 11 mart tarixli qərarı ilə Xəlil İbrahim “xalq düşməni” elan edildi. Əmlakı müsadirə olundu və Novruz bayramına 2 gün qalmış martın 18-də Nargin adasında güllələndi.

İçərişəhərə, X. İbrahimin evinə gəlib əmlakına həbs qoyanlar evdən xeyli qiymətli kitablar, çoxlu əlyazmaları da yağmalayıb aparırlar. Həmin günü xatırlayan Solmaz xanım atasının zəngin kitabxanasının dağıdılmasını qəmli bir formada nəql edir: “Evimizdə Hüseyn Cavidin, Əhməd Cavadın çoxlu əlyazmaları var idi. Qoruyub saxlaya bilmədik. Qorxudan yaşadığımız mənzilin zirzəmisində gizlətmişdik, demək olar ki, hamısı zirzəmidə nəmişlikdən çürümüşdü. Atamın yaxşı kitabxanası vardı. Atamı həbs edənlər gecə evdə ələ gələn kitabları və əlyazmaları doldurub apardılar. Atamın əsərlərinin bir qismini anam çox çətinliklə orda-burda gizlədib saxladı”.