Paralel. - 2018.- 15 may. - ¹ 86. - S. 13.
Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü
(1918-1920-ci illər, qısa tarixi tədqiqat)
Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülü
İltifat Əliyarlı-Şahsevənli,
Tarix üzrə fəlsəfə doktoru
(əvvəli ötən sayımızda)
1919-cu il iyulun 27-də Azərbaycan Parlamenti respublikanın sərhədlərini qorumaq üçün "Sərhəd mühafizəsinin təşkili haqqında" qanun qəbul edib. Buna uyğun olaraq həmin ildə İranla sərhəd əraziləri və Cavad qəzasının sərhədlərini qoruyan 200 nəfərlik polis dəstəsi yaradıldı.1919-cu il avqustun sonu-sentabrın əvvəlində Bakı Şəhər Polismeysterliyi yanında Qorodovoylar Məktəbi yaradıldı. Məktəbin daimi heyəti 7 nəfərdən (1 rəis, 3 təlimatçı, 1 feldfebel, 2 vzvod komandiri) ibarət idi. Məktəbdə 95-100 nəfər hazırlanırdı.
1919-cu ilin avqust-sentyabr aylarında Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarında 17, Ərəş, Şəki və Gəncə qəzalarında 26, Quba, Göyçay, Cavad və Şamaxı qəzalarında 22 sahə pristavlığı yaradılıb. Həmin il noyabrın 27-də Dövlət Müdafiə Komitəsinin (DMK) sədri N.Yusifbəyli iclasda ölkədə polis və milis təşkilinin gedişi barədə ayrıca məruzə edib. İclasda həmçinin Qarabağ General-Qubernatorluğunun sərəncamına polis və milisin təşkili üçün 2 milyon, Gəncə qubernatoruna 1 milyon, Lənkəran qəzasına avans olaraq 2 milyon rubl ayrılıb, Bakı qubernatoruna həm də yazılı şəkildə tapşırılıb ki, Quba qəzasında 200 nəfərdən ibarət daimi xalq milisi yaratsın və o, hərbi idarənin ixtiyarında olsun.
Respublikanın ümumi mənafeyinin tələblərinə uyğun olaraq DİN sistemində müntəzəm olaraq zəruri təşkilati və struktur dəyişiklikləri aparılırdı. Məsələn, 1919-cu ilin avqustunda DİN-in öz təşəbbüsü il həbsxana işlərinə nəzarət (Həbsxana Şöbəsinin rəisi Xəlil bəy Sultanov idi) onun sərəncamından çıxarılıb, Ədliyyə Nazirliyinin tabeliyinə verildi.
Nəsib bəy Yusifbəyli Baş nazir və eyni zamanda daxili işlər naziri təyin edildikdən (16 aprel 1919) sonra DİN-in işlərinə kənar təşkilatların, xüsusilə hərbi idarələrin müdaxilə edilməsinin qarşısı alındı, Azərbaycanda ən ali hakimiyyət orqanı kimi yaradılan (9 iyun 1919) DMK-nın qərarı ilə respublikada bütün inzibati hakimiyyət, yalnız Daxili İşlər Nazirliyinin əlində cəmləşdirildi. Belə ki, bundan sonra DİN-in təsdiq etmədiyi hər hansı sənəd qüvvəsiz sayılmağa başladı.
Təyinat. Daxili işlər naziri əvəzi, vitse-nazir M.S.Ağabəyzadənin 1919-cu il 2 sentyabr tarixli əmri ilə ixtisasca hüquqşünas olan Əmir bəy Nəriman bəy oğlu Nərimanbəyov Bakı şəhərinin general-qubernatoru, Əmir xan Cahangir xan oğlu Xoyski isə onun böyük köməkçisi (1-ci müavini-İ.Ə.) təyin edilib.
1919-cu il sentyabrın 16-da DMK-nın qərarı ilə polis məmurlarının qanunçuluğa necə əməl etməsinə nəzarət məqsədilə DİN yanında Xüsusi Polis İnspeksiyası (Müfəttişliyi) yaradıldı və onun 10 bənddən ibarət Əsasnaməsi qəbul olundu. Müfəttişlik Nikolayev (indiki İstiqlaliyyət) küçəsi, 7-də yerləşirdi və ştat üzrə 25 nəfərdən ibarət idi. Müfəttişliyin ilk baş inspektoru (rəis əvəzi-İ.Ə) görkəmli ictimai-siyasi xadim, jurnalist-yazıçı Ömər Faiq Nemanzadə (1872-1938) təyin olunub.1919-cu il oktyabrın 1-də Azərbaycan Cümhuriyyətinin Baş naziri və eyni zamanda daxili işlər naziri N.Yusifbəylinin əmri ilə vitse-nazir, daxili işlər naziri əvəzi, general-mayor M.S.Ağabəyzadə Amerika generalı Ceyms Harbortu qarşılayıb, Bakıya müşayiət etmək üçün Batuma (Gürcüstan) yola düşüb.
1919-cu il oktyabrın 3-də DİN-in sərəncamı ilə Gəncə quberniyası mühafizə polisinin ştatları artırıldı. Ümumiyyətlə,1919-cu ilin sonunda Azərbaycan Polisinin ümumi sayı 9.661 nəfər, o cümlədən 1-ci dərəcəli qorodovoylar 498 nəfər, 2-ci dərəcəli qorodovoylar 5089 nəfər,1-ci dərəcələi keşikçilər (postovoylar) 242 nəfər, 2-ci dərəcəli keşikçilər 243 nəfər idi. Bunun 1200 nəfəri Bakı şəhər polisinin, 820 nəfəri Balaxanı-Sabunçu polisinin, 1954 nəfəri Gəncə qubernatorluğunun, 906 nəfəri Qarabağ General-Qubernatorluğunun, 215 nəfəri Zaqatala qəzasının payına düşürdü. Polis məmurlarının artırılan aylıq məvacibi belə idi:- polismeyster 3500, onun böyükköməkçisi 3200, kiçik köməkçisi 2900, dairə pristavı 2600, pristavın böyük köməkçisi 1500, kiçik köməkçisi 1600, böyük qorodovoy 1500, kiçik qorodovoy 1400 rubl; bir polisin gün ərzində pul təminatı 33-40 rubl təşkil edirdi. Bakı Polismeysterliyinin sərəncamında 1117 ədəd, Balaxanı-Sabunçu Polisində 319, Quba qəza polisində 26, Cavad (Salyan) qəza polisində 507, Göyçay qəza polisində 105 və Şamaxı qəza polisində 192 ədəd üçxətli rus tüfəngi vardı. Qarabağ General-Qubernatorluğunun tərkibinə daxil olan Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında biri 1200, digəri isə 1000 nəfərdən ibarət olan iki xalq milisi dəstəsi vardı. Onların silahlanması üçün 200 dövlət nişanlı tüfəng, 120 Avstriya və 162 rus üçxətli tüfəngi və 100 ədəd onatılan tüfəng ayrılmışdı. Bundan başqa, uçotda ehtiyat 1118 üçxətli tüfəng, 204 "Mauzer" tipli tapanca, 102 "berdanka" və 130 ədəd "Lebel" tipli tüfəng vardı.
Təyinat. Azərbaycan Cümhuriyyəti DİN-in 1919-cu il 13 oktyabr tarixli əmri ilə bu vaxtadək Bakı general-qubernatorunun böyük köməkçisi (1-ci müavini) Əmirxan Cahangir xan oğlu Xoyski (Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş nazir və ilk daxili işlər naziri F.Xoyskinin böyük qardaşı oğlu) Qazax qəzasının qubernatoru təyin edilib.
1919-cu il dekabrın 4-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin əmri ilə general-mayor Murad Gəray bəy Tlexas (milliyyətcə çərkəz idi) Bakı şəhərinin general-qubernatoru təyin edilib.
Murad Gəray bəy bu vəzifədə 1920-ci il aprelin 28-dək sədaqətlə xidmət edib. 1919-cu il noyabrın 27-də Azərbaycan Xalq Cümhuriyyəti DMK-nın qərarı ilə Quba qəzasında 200 nəfərlik daimi xalq milisi yaradıb, onun təşkili üçün 2 milyon rubl avans ayrılıb. Qərara əsasən, hərbi əməliyyatlar başlandığı təqdirdə, bütün şəxsi heyət hərbi idarə komandanlığının tabeçiliyinə keçməli idi. 1919-cu il dekabrın 24-də görkəmli ictimai-siyasi xadim Məhəmməd Həsən Cəfərqulu oğlu Hacınski (1875-1931)Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri təyin edilib. Digər görkəmli ictimai-siyasi xadimi Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli (1893-1960) daxili işlər naziri M.H.Hacınskinin müavini təyin olunub və AXC-nin süqutunadək (27 aprel 1920) qətiyyətli və dönməz fəaliyyət göstərib. O, həm də nazir əvəzi vəzifəsini daşıyıb.
Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri olan F.Xoyski, B.Cavanşir,X.Xasməmmədov, N.Yusifbəyli, M.H.Hacınski, M.Vəkilov və daxili işlər naziri əvəzi, general-mayor M.S.Ağabəyzadə Azərbaycan Polisinin yaradılmasında və təşəkkülündə özlərini islahatçı kimi göstəriblər. Məsələn, AXC-nin sonuncu daxili işlər naziri (18 fevral - 28 aprel 1920-ci il)Mustafa bəy Nadir bəy oğlu Vəkilov (1896-1965) Daxili İşlər Nazirliyinə rəhbərliyə çox ağır dövrdə gəlsədə, onu zəifləməyə qoymayıb. Çox gənc - 23 yaşında daxili işlər naziri vəzifəsini sələfi M.Hacınskidən qəbul edib. Onun nazirliyi dövründə, 1920-ci ilin martında Azərbaycan Polisinin çar Rusiyasında və bəzi Qərbi Avropa ölkələrindəki (məsələn, Böyük Britaniya, Şotlandiya, Almaniya və s.) kimi artıq klassik yönümdə təşəkkül tapdığı nəzərə çarpırdı. Həmin vaxt Azərbaycan Polisi artıq ölkədə ictimai-asayişi müstəqil qoruya bilən və cinayətkarlıqla bilavasitə mübarizə aparmağa qadir olan, real inzibati icraedici və çoxsahəli bir hüquq-mühafizə orqanına çevrilmişdi.
Süqut dövrü
(1 aprel-14 may 1920-ci il)
...Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri M.Vəkilov öz vəzifəsində axıradək - Cümhuriyyətin süqutuna qədər məsləkinə sadiq qalaraq dönmədən və qətiyyətlə çalışıb, DİN üzrə zəruri əmrlərini verməkdə davam edib. Daxili işlər naziri M.Vəkilovun təqdimatı üzrə və DMK-nın 3196 saylı əmri ilə respublikada yaranan böhranlı vəziyyətdə DİN-in ehtiyat qüvvələrinə əlavə 300 ştat, o cümlədən 276 əsgər ayrılıb və ehtiyat qüvvə üzrə əsgərlərin sayı 1000 nəfərə çatdırılıb, bu məqsəd üçün təkcə ərzağa 4 milyon 221 min rubl kredit ayrılıb.
...Rusiyada sovet hökuməti hələ 1920-ci ilin əvvəllərindən Azərbaycandakı bolşeviklərin köməyi ilə milli müstəqil dövlətimizin - Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyinə son qoymaq üçün əlverişli şərait və bəhanə gözləyirdi. Bunu V.İ.Leninin 1920-ci il martın 17-də İ.T.Smilqaya və S. Orjonikidzeyə göndərdiyi teleqram da sübut edir. Teleqramda deyilirdi: "Bakını tutmaq olduqca zəruridir. Bütün qüvvələri buna yönəldin". V.Leninin həmin niyyətinin əməli həyata keçirilməsi olaraq 1920-ci ilin yazında Şimali Qafqazda ağqvardiyaçı general Denikini məğlub edən XI "qırmızı" ordu Levandovskinin komandanlığı altında Dərbəndin Azərbaycanla sərhədboyu ərazilərində cəmləşməyə başladı. Daxildə kommunistlər, o cümlədən ermənilər onlara kömək etməyə hazır olaraq fəallığı artırdılar. Belə şəraitdə Azərbaycan Parlamentində və hökumətində böhran hökm sürürdü. 1920-ci il martın 30-da N.Yusifbəylinin 5-ci - axırıncı hökumət kabineti istefa verdi. Aprelin 1-də Azərbaycan Parlamenti yeni hökumətin təşkilini görkəmli dövlət xadimi, parlamentin üzvü, sabiq daxili işlər naziri M.H.Hacınskiyə tapşırdı. Lakin o, yeni hökumət təşkil etmək vəzifəsini həll edə bilmədi... Faktlar sübut edir ki, həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri M.Vəkilov başda olmaqla DİN ölkədə polis quruculuğunu öz varlığının son günlərinədək, yəni Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayan anlara qədər fasiləsiz aparıblar. Məsələn, hökumətin qərarı üzrə 1920-ci il aprelin 6-da Bakı Qradonaçalnikliyi yanında keçmiş Ehtiyat Polisinin bazası əsasında yeni süvari polis divizionu və piyada polis batalyonu təşkil edilib. Quba qəzasının rəisi Səlim bəy Ağakişibəyov qəza polisinin vəziyyəti və döyüş hazırlığı barədə daxili işlər naziri M.Vəkilova məxfi raport yazıb. Daxili İşlər Nazirliyinin 1920-ci il 21 aprel tarixli əmri ilə Azərbaycana müdaxilə etməyə hazırlaşan təcavüzkar XI "qırmızı" ordunun hücumunun dəf edilməsində Azərbaycan Ordusuna kömək məqsədilə Quba Qəza İdarəsi yanında xalq milisi yaradılıb. Bu onunla əlaqədar idi ki, Azərbaycan DİN, Azərbaycan Polisi 200 ildən sonra yenidən bərpa olunan milli dövlətçiliyimizin rəmzi olan müstəqil Xalq Cümhuriyyətimizin istiqlaliyyətinin itiriləcəyinə inanmırdı və onun yolunda ən amansız döyüşlərə belə atılmağa hazır idi.
***
Xosrov bəy Əli Paşa bəy oğlu Sultanov (Sultanzadə)(10.5.1879, Kürdhacı (Qurdqaji) k., Hacısamlı-Qaraçorlu nahiyəsi, Qasımuşağı obası (indiki Laçında), Zəngəzur q. - 7.1.1943, İstanbul, Türkiyə). Azərbaycanın görkəmli ictimai-siyasi xadimi. Azərbaycan Xalq Cümhuriyətinin 1-ci hökumət kabinetində ilk hərbi nazir olmuşdur. 1919-cu il yanvarın 15-də ermənilərin arasıkəsilməz təcavüzünün qarşısını almaq üçün mərkəzi Şuşa olan Qarabağ General-Qubernatorluğu yaradılmış və Xosrov bəy general-qubernator təyin olunmuşdur. O, 1920-ci il aprelin 28-dək bu vəzifədə qətiyyətli fəaliyyət göstərmiş, böyük qardaşı, xalq qəhrəmanı Sultan Sultanovla bərabər ermənilərə divan tutmuşdur. Sovet hakimiyyəti qurulduqdan bir müddət sonra təqiblərə məruz qaldığından 1922-ci ildə Araz çayını Xudəfərin körpüsündən (Cəbrayıl rayonu) keçməklə Cənubi Azərbaycana gəlmişdir. İran şahı ona mehriban münasibət bəsləmişdi. Lakin sovet casusları qardaşı İsgəndər bəyi öldürdükdən sonra 1923-cü ildə Türkiyənin Qars vilayətinə gəlmiş, bir müddət orada böyük qardaşı Sultan Sultanovla Köç köy kəndində yaşamışdır. Sonra Trabzona köçüb orada fəaliyyətini davam etdirmişdir. Ermənilər onu izləyərək 1936-cı ildə Trabzonda mehmanxanada az qala öldürəcəkdilər. Xosrov bəy labüd ölümdən ancaq dostlarının köməyi ilə qurtara bilmişdi... İkinci Dünya müharibəsi dövründədə Türkiyədə yaşayan X.Sultanov sovet-alman cəbhəsində əsir düşmüş azərbaycanlıları Almaniyanın hərbi düşərgələrindən xilas etmək üçün böyük xidmətlər göstərmişdir. X.Sultanovun Trabzonda 1947-ci ildə vəfat etdiyi tarixi ədəbiyyatlarda, hətta rəsmi xarakter daşıyan “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın birinci cildində öz əksini tapmışdır. Lakin 2016-cı ilin fevral ayının 21-də X.Sultanovun nəslindən olan Orxan Cəbrayıl onun AZ. TV-nin əməkdaşı , yazıçı-publisist Bəxtiyar Qaraca tərəfindən tapılmış məzarının fotosunu çəkib “Karabakh.media.az” saytında məlumat yaymışdır ki, Xosrov bəyin məzarı İstanbulda Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərinin uyuduğu böyük “Fəri köy” qəbiristanlığındadır, özüdə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun qəbrinin yanında dəfn olunmuşdur. Qəbirin başdaşında Xosrov bəyin şəkili var, vəfat tarixi isə 7 yanvar 1943-cü il kimi yazılmışdırr. Beləliklə, uzun illərdən sonra xalqımızın bu qəhrəman oğlunun məzarının həqiqi yeri bəlli olmuşdur. Bu xəbərin yayılmasında və təbliğində Xosrov bəyin qardaşı nəvəsi, Balakən RPŞ-nin sabiq polis əməkdaşı Laçın Paşayevin və xüsusən, 2015-ci ilin avqust ayında İstanbula film çəkməyə gedərkən onu təsadüfən aşkar edən yazışı-publisist Bəxtiyar Qaracanın rolu böyükdür. Xosrov bəyə Türkiyədəki xidmətlərinə görə generala bərabər “Paşa” rütbəsi verilmişdir. Adına gəmi vardır. Azərbaycanda fəaliyyət göstərəndə ailəsi olmayıb. Türkyədə isə olmuşdur...
Ardı gələn sayımızda