525-ci qəzet. - 2018.- 5 dekabr. - ¹ 215. - S. 4.
Azərbaycan Parlamenti necə yarandı
Solmaz Rüstəmova-Tohidi,
Tarix elmləri doktoru
(əvvəli ötən sayımızda)
2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamətdar bir hadisə - nümayəndəli ali qanunvericilik orqanının yaradılmasının 100 illiyi qeyd olunur.
Bu gün müasir Azərbaycan Respublikası Parlamentinin - Milli Məclisin varlığını və fəaliyyətini milli dövlətçiliyimizin labüd bir reallığı kimi qəbul edən və bu məntiqində haqlı olan vətəndaşlarımızın böyük əksəriyyəti Milli Məclisin varisi olduğu Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tarixən öz yaranma mərhələlərində nə qədər mürəkkəb və ağır, çətin və keşməkeşli və eyni zamanda, şərəfli bir yol keçdiyini bəlkə də bilmir, yaxud bunun fərqinə varmır. Bu keçilən yola bir nəzər salaq.
Zaqafqaziya Seymindən Milli Şuraya
Baş tutmayan Müəssislər Məclisinin cəmi 36 nəfərdən ibarət olan artıq keçmiş deputatları yeni yaradılan ali hakimiyyət orqanına daxil olmaqla yanaşı, onun tərkibinin genişləndirilməsi məsələsini də müzakirə edirlər. Yenidən seçkilər keçirilməsinin imkansız olduğu bir şəraitdə təcrübəli siyasətçilər bu məsələnin həllini Müəssislər Məclisinə seçkilər zamanı hər partiyanın aldığı səsin sayına müvafiq olaraq kooptasiya üsulu ilə nümayəndələrin sayının artırılmasında görürlər. Nəticədə, azərbaycanlı deputatların sayı "Müsavat" və demokratik bitərəflər qrupundan 30 nəfər, müsəlman sosialist blokundan 7 nəfər, "Rusiyada müsəlmançılıq - İttihad" partiyasından 3 nəfər, müsəlman sosial-demokrat menşevik "Hümmət" partiyasından isə 4 nəfər təşkil edir. Beləliklə, Zaqafqaziya Seymində azərbaycanlı nümayəndələrin sayı 44 nəfərə çatdırılır. Bu 44 nəfər arasında artıq Müəssislər Məclisinin yuxarıda adı çəkilən nümayəndələrindən əlavə, Fətəli xan Xoyski, Məmməd Həsən Hacınski, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov, Mustafa Mahmudov, Firudin bəy Köçərli, Cavad Məlik-Aslanov, Aslan bəy Qardaşov, İbrahim ağa Vəkilov, İbrahim bəy Heydərov, Əhməd Cövdət Pepinov, Camo Hacınski, İbrahim Əbilov, Əkbər ağa Şeyxülislamov, Səməd ağa Ağamalov və digər tanınmış ictimai xadimlər və müxtəlif partiya təmsilçiləri var idi.
Təbii ki, gürcü və erməni partiyalarından da həmin prinsip üzrə Seymin tərkibinə yeni nümayəndələr daxil edilir. Seymin özəyini 3 əsas partiya fraksiyaları - Gürcüstan sosial-demokratları (menşeviklər) - 32 nəfər, azərbaycanlı müsavatçılar və onlara qoşulmuş bitərəf demokratlar - 30 nəfər, erməni "Daşnaksütun" partiyası - 27 nəfər təşkil edir. Onlarla yanaşı, Seymdə digər partiyaların nümayəndələri - eserlər (sosialist-inqilabçılar) - 5, kadetlər (konstitusiyalı-demokratlar) - 1, gürcü federalistləri -1, gürcü milli demokratlar -1, bolşeviklər - 4 yer alırlar. Seymə dəvət edilən partiyalar arasında yalnız bolşeviklər onun işində iştirak etməkdən imtina edir və dərhal Seymin çağırılmasına qarşı güclü təbliğat kampaniyası açırlar. Bununla belə, kifayət qədər geniş təmsilçiliyə malik Zaqafqaziya Seymi 1918-ci il fevralın 10 (23) - da Tiflisdə öz işinə başlayır. Doğrudur, dəmir yolunun bağlı olması səbəbindən azərbaycanlı nümayəndələr (X.b.Sultanovdan başqa) Tiflisə vaxtında gəlib çata bilmədiyi üçün iclas dərhal təxirə salınır və yalnız 26 fevralda özünün 2-ci məclisinə yığılır. Bu yığıncaqda gürcü menşeviklərinin liderlərindən biri - N.Çxeidze demək olar ki, yekdilliklə Zaqafqaziya Seyminin sədri seçilir.
Hadisələrin sonrakı inkişafı göstərəcək ki, Seymin cəmi 3 aylıq qısa tarixində bu hadisə Seym fraksiyalarının həmrəylik nümayişinin nadir məqamlarından biri sayıla bilər. Belə ki, Seymin üç əsas - gürcü, azərbaycanlı və erməni bölmələrini təşkil edən nümayəndələrinin bu xalqların münasibətlərindəki mövcud ziddiyyətləri tənzimləmək və region üçün mühüm olan problemlərin həllində (milli və aqrar məsələ, Türkiyə ilə sülh sazişinin bağlanması və s.) vahid mövqedən çıxış etmək cəhdlərinə baxmayaraq, nəticə etibarilə bu məqsədə nail olunmur. Seymdəki kəskin fikir ayrılıqlarının səbəbini, şübhəsiz ki, yalnız bu üç Cənubi Qafqaz xalqlarının milli maraqlarının üst-üstə düşmədiyi ilə izah etmək doğru olmazdı. Belə ki, bir çox daxili məsələlərin həllində Seym nümayəndələrinin müxtəlif siyasi təmayülləri təmsil etməsi amili də az rol oynamırdı. Bu baxımdan, gürcü və ermənilərə nisbətdə, siyasi tərkibinə görə daha geniş spektrə malik olan Azərbaycan fraksiyaları xüsusilə seçilirdi. Məsələn, Seymin elə ilk iclaslarında Cənubi Qafqazda milli məsələnin həllinə dair müzakirələrdə Azərbaycan partiyaları müxtəlif mövqelər nümayiş etdirən Bəyannamələr irəli sürürlər.
"Müsavat" partiyası Seym qarşısında milli azlıqların hüquqları təmin olunmaqla ayrı-ayrı xalqlara milli-ərazi muxtariyyətini təmin edən Konstitusiyanın işlənib hazırlanması vəzifəsi qoyurdu və bundan çıxış edərək mərkəzləşdirmə prinsipindən imtina edərək, dövlət həyatının ayrı-ayrı sahələrinin milliləşdirilməsi zərurətini vurğulayırdı. "Müsəlman sosialist bloku" və "İttihad" milli məsələdə milli-mədəni muxtariyyət prinsipinə üstünlük verirdi. Gürcü menşeviklərinin fraksiyasına daxil olan menşevik "Hümmət" partiyası isə bu məsələdə ümumiyyətlə gürcülərlə bir platformadan çıxış edirdi. Gürcülər Cənubi Qafqazda "mürəkkəb və dolaşıq" milli məsələnin həlli yolunu "tam daxili özünü idarə və milli azlıqların hüquqlarının təmin edilməsi şərti ilə milli-ərazi kantonlarının yaradılması" və beləliklə,ı "millətlərin ərazi hüdudlarının müəyyənləşdirilməsi"ndə görürdülər. İlk baxışda müsavatçılarla oxşar mövqe təsiri bağışlayan bu təklif özlüyündə azərbaycanlılar üçün böyük təhlükə daşıyırdı.
Belə ki, "Cənubi Qafqazda heç bir millətin tam şəkildə, yəni başqa millətlərin çoxsaylı nümayəndələrinin yaşamadığı vahid ərazidə məskunlaşmadığını" dəlil kimi gətirilərək Cənubi Qafqaz ərazisinin kiçik ölçülü milli-ərazi vahidlərinə ayırması, yəni gürcü, erməni və azərbaycanlı əhalinin bir neçə tam özünüidarə vahidlərinə bölünməsi və hər millətin bir neçə kantonda yaşaması təklifi gürcü menşevikləri tərəfindən ilk növbədə Cənubi-Şərqi Qafqaza, yəni Azərbaycan ərazilərinə şamil edilirdi. Belə çıxırdı ki, məhz bu ərazilərdə çoxsaylı başqa millətlərin yaşamadığı və yalnız azərbaycanlıların məskunlaşdığı bütöv milli-ərazi vahidi yaratmaq mümkün deyildir.
Təbii ki, bu təklifin arxasında gürcü-erməni dairələrinin milli azlıqların hüquqlarının müdafiəsi şüarı altında Azərbaycan torpaqlarını parçalamaq, ayrı-ayrı Azərbaycan vilayətlərini öz tabeliklərinə keçirmək kimi artıq çoxdan düşünülmüş planlar dururdu. Bu məsələdə gürcüləri dəstəkləyən hümmətçilər həmin təklifin reallaşacağı təqdirdə, azərbaycanlıların etnik ərazilərinin bütövlüyünün və vahidliyinin itirilməsi ilə nəticələnəcəyinin fərqinə varmırdılar. Halbuki etnik ərazi bütövlüyü nəinki milli-ərazi muxtariyyətinin yaradılmasının əsas şərti idi, Azərbaycan torpaqlarında yaşamağa qadir hər hansı bir dövlət qurumunun formalaşdırılması da bilavasitə bu prinsiplə bağlı idi.
Seymin Azərbaycan partiyaları arasında milli məsələ kimi strateji xarakterli bir problemin həllində üzə çıxan bu fikir ayrılığı özünü digər məsələlərin müzakirələrində də, o cümlədən, Zaqafqaziya Seyminin səlahiyyətlərinin, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi və s. büruzə verirdi. Lakin çox tezliklə, Seymin üç əsas milli bölmələri arasında ziddiyyətlər kəskinləşdikcə, Azərbaycan partiyaları arasında fikir ayrılıqları da arxa plana keçməyə başlayır. Bu məqam özünü ilk dəfə 1918-ci il fevral ayında İrəvan şəhəri də daxil olmaqla İrəvan quberniyasında baş verən erməni-azərbaycanlı toqquşmaları və faktiki olaraq dinc azərbaycanlı əhalinin qırılması, kəndlərinin və əmlaklarının isə məhv edilməsi məsələsinin müzakirələri vaxtı göstərir. Hələ 1906-cı ildə bu bölgədə azərbaycanlı və erməni əhalisinin qeyri-mütəşəkkil dəstələri arasında silahlı toqquşmalar baş vermişdi. Lakin 1906-cı il hadisələrindən fərqli olaraq bu dəfə qeyri-mütəşəkkil azərbaycanlı əhaliyə qarşı artıq polkovnik Pirumovun və komissar Dronun rəhbərliyi altında erməni nizami hərbi dəstələri vuruşurdu. Silahlı hücumlara məhz İrəvan qəzasının kəndlərinin məruz qalması da bu qəzanın İrəvan quberniyasının azərbaycanlı və erməni rayonları arasında yerləşməsi və bu ərazilərin ilk növbədə müsəlman əhalidən boşaldılaraq ermənilərlə məskunlaşdırılması planları ilə bağlı idi. Təsadüfi deyil ki, silahlı hücumlara son qoyulduqdan sonda da Dro azərbaycanlıların öz doğma ocaqlarına qayıtmaq xahişini qətiyyətlə rədd etmişdi. İrəvan quberniyasında hakimiyyətin tam şəkildə ermənilərin əlində cəmlənməsi, əhalinin əsas hissəsini təşkil edən azərbaycanlıların isə tamamilə quberniyanın idarəçiliyindən uzaqlaşdırılması vəziyyəti daha da çıxılmaz hala salırdı. Böyük çətinliklə həmin məsələni Seymin gündəliyinə çıxaran Azərbaycan nümayəndələri üçün bu müzakirələr erməni və gürcü fraksiyalarının nəinki həmin hadisələrə qiymətdə tamamilə əks mövqedə durduğunu, eyni zamanda, azərbaycanlı deputatlara qarşı etimadsızlığını və şübhəli münasibətlərini tam dərinliyi ilə nümayiş etdirdi. Azərbaycanlıların guya dəmir yollarına hücum etdiyini əsas gətirərək, erməni tərəfinə bəraət qazandıran gürcü deputatlar azərbaycanlı həmkarlarının irəli sürdükləri inkaredilməz dəlillər qarşısında mövqelərini qismən dəyişsələr də, müsavatçı deputatların Dronun və Pirumovun öz vəzifələrindən uzaqlaşdırılması tələbi gürcü və erməni deputatların səs çoxluğu ilə qəbul edilmədi. Seymin İrəvan quberniyasında hadisələrə dair qəbul etdiyi yarımçıq Qətnamədəki qərarlar isə elə kağız üzərində qaldı.
Bu müzakirələrin yeganə müsbət yekunu menşevik "Hümmət" istisna olmaqla Seymin bütün Azərbaycan partiyalarının azərbaycanlıların milli maraqlarını müdafiə etməklə ilk dəfə vahid cəbhədən çıxış etməsi oldu. Seymin işində getdikcə dərinləşən millətlərarası gərginlik azərbaycanlı siyasətçilər arasında ən barışmaz rəqibləri belə güzəştə getmək və öz mövqelərində təmas nöqtəsi axtarmaq zərurəti qarşısında qoydu. Bu axtarışların nəticəsi kimi Azərbaycan fraksiyaların koordinasiya mərkəzi funksiyasını icra edən və "Seymin Azərbaycan fraksiyalarının birləşdirilmiş iclasları", yaxud "Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası" adlanan bir qurum yarandı. Maraqlıdır ki, Müsəlman fraksiyasının da Rəyasət Heyəti vəzifəsini icra etmək ümumi razılıq əsasında "Müsavat" və demokratik bitərəflər qrupu fraksiyasının rəyasət heyətinə (M.Ə.Rəsulzadə - sədr, M.Y.Cəfərov və N.b.Yusifbəyov - müavinlər, M.Mahmudov və R.Vəkilov - katiblər) həvalə edildi ki, bu da "Müsavat"ın danılmaz nüfuzunun daha bir göstəricisi idi.
Zaqafqaziya Seyminin müzakirə etdiyi proqram xarakterli məsələlər arasında aqrar islahatlara dair qanunun qəbulu ən mühüm sənədlərdən biri sayıla bilər. Torpağın əvəzsiz olaraq kəndlilərə verilməsini nəzərdə tutan, onun şərtləri, eləcə də həyata keçirilməsi yolları açıqlanan bu qanunun işlənməsində və qəbulunda Azərbaycan fraksiyaları da fəal iştirak edirlər.
Qanunvericilik fəaliyyəti ilə yanaşı, Seym nümayəndələri icraedici orqanın funksiyalarını da həyata keçirirdilər. Seymin işə başlaması ilə Zaqafqaziya Komissarlığının buraxıldığı nəzərə alınaraq 1918-ci il 26 mart tarixdə E.Gegeçkorinin sədrliyi ilə yeni hökumət kabinəsi təşkil olundu. Bu kabinədə azərbaycanlılar 5 nazir postu (ədliyyə, yollar, maarif, ticarət və sənaye, dövlət nəzarəti) alsalar da, əsas postları gürcü menşevikləri və qismən də ermənilər tuturlar. Seymdə yeni hökumət proqramı ilə çıxış edən E.Gegeçkori qarşıda duran vəzifələri sadalayarkən, onların arasında birinci dərəcəli vəzifə kimi "Türkiyə ilə möhkəm sülhün bağlanması və mehriban qonşuluq əlaqələrinin bərpa edilməsini" vurğulayır.
Hadisələrin sonrakı gedişi Baş nazirin səhv etmədiyini və Osmanlı dövləti ilə sülhün bağlanması məsələsinin istər Seymin, istərsə də ümumiyyətlə, Cənubi Qafqaz xalqlarının taleyində həlledici rol oynadığını göstərdi. Belə ki, Osmanlı dövləti ilə sülh danışıqları Cənubi Qafqaz xalqlarının dövlətçilik ittifaqının yaradılması yolunda mühüm maneə olmaqla, eyni zamanda, bu xalqlar və onların milli maraqları arasında ziddiyyətlərin nə qədər dərin kökləri olduğunu açıqladı və son nəticədə Seymin buraxılmasına gətirib çıxardı.
Osmanlı tərəfinin sülh danışıqları aparmaq üçün hüquqi şəxs kimi tanınmaqdan ötrü Zaqafqaziyanın müstəqilliyinin elan edilməsini əsas şərt kimi irəli sürməsi, türklərin Brest sülhünün qərarlarına əsasən, Osmanlı dövlətinə verilmiş Qars, Batum və Ərdəhanın boşaldılmasını tələb etməsi Rusiya ilə əlaqələrini hələ də kəsmək istəməyən Seymin gürcü və erməni liderləri tərəfindən qəbul edilmirdi. Seymdə yalnız "Müsavat" fraksiyası və bir nəfər deputatla təmsil olunan gürcü milli-demokratları saqafqaziyanı "Lenin Rusiyasından" ayrılaraq öz müstəqilliyini elan etməyə çağırır, Osmanlı ilə sülhün regionun təhlükəsizliyi üçün əhəmiyyətini sübut etməyə çalışırdılar. Əsasən gürcülərdən ibarət olan Seym rəhbərliyi son ana qədər bu çağırışlara məhəl qoymurdu və yalnız Qafqaz cəbhəsində vəziyyətin türklərin xeyrinə dəyişdiyi, rus ordusunun isə dağıldığı bir şəraitdə sülh bağlamağın labüdlüyü anlayaraq 1918-ci il 18 mart tarixdə Trabzonda Osmanlı dövləti ilə danışıqlara başladı. Seymin 11 nəfərdən ibarət olan nümayəndə heyətinin 5 üzvü azərbaycanlı nümayəndələr idi. Trabzon sülh danışıqları nəinki Seymin milli fraksiyaları, hətta nümayəndə heyəti daxilində də yekdilliyin olmadığını bir daha üzə çıxardı. Zaqafqaziya Seymi I dünya müharibəsindən qabaqkı Osmanlı-Rusiya sərhədlərinin bərpa edilməsində israr edir, gürcü nümayəndələr Ərdəhanın və Batumun türklərə verilməsinə qəti etiraz bildirir, ermənilər isə nəinki Qars vilayətinin böyük bir hissəsinin Türklərə keçməsi ilə razılaşmır, bu ölkədən Cənubi Qafqaza qaçmış erməni əhalisinin geri qaytarılması və ermənilərə muxtariyyət verilməsini şərtini irəli sürürlər. Bu sonuncu şərti Osmanlı dövlətinin daxili işlərinə qarışmaq kimi qiymətləndirən türklər hələ danışıqların gedişində Qars və Ərdəhan istiqamətlərində yürüşlərini sürətləndirirlər. Yaranmış vəziyyəti daha real qiymətləndirən Xəlil bəy Xasməmmədov Bakı neft kəmərinin son məntəqəsi olan Batumun Azərbaycanın neft sənayesinin mənafeyi baxımdan əhəmiyyətini nəzərə alaraq onun Cənubi Qafqazın tərkibində saxlanılması və türklərin tələb etdiyi siyahıdan çıxarılması üçün cəhdlər etsə də, buna nail ola bilmir. Türk nümayəndə heyətinin 48 saat ərzində Zaqafqaziya Seyminin öz dövlət quruluşu haqqında bəyannamə verməsi, Brest-Litovsk sülhünün Seym tərəfindən tanınması haqda ultimatumu və tələb etdiyi əraziləri demək olar ki, tutması Seymi ya bu şərtləri qəbul etmək, ya da danışıqları dayandırmaq seçimi qarşısında qoyur. Seymin gürcü və xüsusilə erməni fraksiyaları arasında hökm sürən kəskin antitürk isteriyası şəraitində Ultimatumun şərtləri "Cənubi Qafqaz xalqlarının mənafeyinə xəyanət" kimi qiymətləndirilir və Osmanlı dövlətinə müharibə elan etməyə qərar verilir. Çətin vəziyyətdə qalan Azərbaycan fraksiyaları ("Hümmət"dən başqa) birgə qətnamə qəbul edərək Osmanlı ilə müharibənin "Zaqafqaziya demokratiyası və onun daxili həyatı üçün ağır nəticələr verəcəyini" əsas tutaraq onun məsuliyyətini öz üzərilərinə götürmədiklərini bəyan edirlər. Seymin təcili olaraq çağırılmış iclasında çıxış edən erməni və gürcü deputatları şiə azərbaycanlıların uzun bir tarixi dövrdə sünni türklərə qarşı döyüşdüyünü xatırlatsalar da, bu təxribat öz nəticəsini vermir. "Müsavat"ın təmsilçisi Şəfi bəy Rüstəmbəyli bildirir ki, azərbaycanlıların "hələ də hərbi mükəlləfiyyət daşımadığı və Türkiyə ilə dini bağlılığı" Osmanlı dövləti əleyhinə hərbi əməliyyatlarda onların fəal iştirakını qeyri-mümkün edir.
Qeyd edilməlidir ki, bütün bu hadisələrin davam etdiyi 1918-ci il aprel ayının əvvəllərində Azərbaycan fraksiyalarını ən ciddi surətdə tədbirlər görməyə vadar edən başqa hadisələr baş verirdi. Mart ayının sonlarında bolşeviklərlə daşnakların hakimiyyəti ələ keçirmək məqsədilə Bakıda və Şamaxıda törətdikləri kütləvi qırğınlar və bu qırğınların Azərbaycanın digər ərazilərini də əhatə etməsi Seym daxili münasibətləri daha da gərginləşdirdi. Gürcü və erməni fraksiyalarının Bakı hadisələrinə əsasən laqeyd münasibəti, onun nəticələrini aradan qaldırmaq üçün hər hansı əməli addımların atılmadığı, Müsəlman Fraksiyasının səyləri nəticəsinə polkovnik Maqalovun başçılığı ilə azərbaycanlı əhalinin müdafiəsinə göndərilmiş müsəlman korpusunun hərbi sursatla təmin edilmədiyi, əksinə, Seym rəhbərlərinin S.Şaumyanla əlaqə saxlayaraq, Bakı hadisələrinə qarışmayacaqları kimi verdiyi vədlər azərbaycanlı nümayəndələrin kəskin etirazına səbəb oldu. "Bakı məsələsinin" Seymin gücü ilə həll etmək cəhdlərinin əbəs olduğunu yəqin edən Müsəlman fraksiyası yeganə çıxış yolunu türk qoşunlarının çağırılmasında görərək bu sahədə əməli addımlar atmağa başladı.
Qeyd edilməlidir ki, Azərbaycan xalqının milli varlığının təhlükə altında olduğunu əyani nümayiş etdirən 1918-ci il Mart hadisələri Azərbaycanın siyasi qüvvələrinin birləşməsinə güclü təkan verdi və "Müsavat" partiyası başda olmaqla onların fəaliyyətini artıq dövlət müstəqilliyi istiqamətinə yönəltdi.
Hadisələrin sonrakı inkişafı - Osmanlı dövləti ilə müharibədə Zaqafqaziya Seyminin məğlubiyyətə uğrayaraq yenidən sülh danışıqlarına başlaması, Zaqafqaziyanın nəhayət ki, "müstəqil demokratik federativ respublika" elan edilməsi, yeni hökumət kabinəsinin formalaşdırılması və s. - istər regionda, istərsə də Seymin daxilində yaranan son dərəcə gərgin, mürəkkəb və ziddiyyətli vəziyyəti nəinki nizamlamadı, əksinə, daha da dərinləşdirdi.
1918-ci il mayın 11-də Batumda Osmanlı dövləti ilə Zaqafqaziya Seymi arasında danışıqlar başlandı. Batum konfransı adlanan bu danışıqlarda Seym nümayəndəliyinin həlledici səsə malik olan 6 üzvü arasında Müsəlman fraksiyasının üzvləri M.Ə.Rəsulzadə və M.H.Hacınski də var idi. Osmanlı tərəfinin təqdim etdiyi və bir sıra yeni tələblər əks etdirən sülh müqaviləsinin layihəsi Zaqafqaziya nümayəndələri arasında ciddi fikir ayrılığı yaratdı və nəticədə mövqelərin qütbləşməsi, ayrı-ayrı xarici güclərə meyllənmənin qüvvətlənməsinə gətirib çıxardı.
Bütün bu məqamlar Cənubi Qafqazın ictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələnin başlandığından xəbər verirdi. Seymin yaranmış vəziyyətdən çıxış yolu axtaran milli fraksiyaları vahid dövlət şəklində birləşmək imkanlarının tükəndiyini artıq özləri də etiraf edirdilər. Bütün bu məsələlər öz həllini 1918-ci il may ayının sonlarında tapdı. Batum konfransında Almaniya nümayəndələri ilə separat danışıqlar aparan Seymin gürcü fraksiyası Gürcüstanın Federativ Zaqafqaziya Respublikasının tərkibindən çıxaraq öz müstəqilliyini elan etmək barədə qərarı nə qədər gözlənilən olsa da, Seymin faktiki olaraq dağılması faktı digər fraksiyaları da təcili addımlar atmaq zərurəti ilə üzləşdirdi.
Yaranmış siyasi böhran Müsəlman fraksiyanın 25 may tarixli iclasında geniş müzakirə olundu və bu şəraitdə Azərbaycanın da müstəqilliyinin elan edilməsi məqsədəuyğun sayıldı. Mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirildi və onun buraxıldığı elan edildi. Mayın 27-də artıq keçmiş Seymin Müsəlman fraksiyasının üzvləri mövcud siyasi vəziyyəti müzakirə etmək və müvafiq qərar çıxarmaq üçün fövqəladə iclasa yığıldılar. Məmməd Yusif Cəfərovun sədrlik etdiyi bu iclasda əvvəlcə Batumdan qayıtmış Nəsib bəy Yusifbəylinin məruzəsini dinlənildi. Daha sonra Seymin özünü buraxması məsələsi geniş müzakirə edildi, ölkədə anarxiyanın hökm sürdüyü, qarşıda mürəkkəb millətlərarası məsələnin dayandığı bir vaxtda vəziyyətin ciddiliyini nəzərə alaraq Osmanlı dövləti ilə başlamış danışıqları başa çatdırmaq, dağılmış Zaqafqaziya hökumətinin əmlakının bölüşdürülməsində müsəlmanlar adından iştirak etmək məqsədilə xüsusi bir orqanın yaradılmasına ehtiyac olduğu vurğulandı. Müzakirələrin nəticəsi olaraq, keçmiş Zaqafqaziya Seyminin bütün müsəlman fraksiyalarının üzvləri Şərqi Zaqafqaziyanın idarəsini öz üzərilərinə götürmək məqsədilə özlərini Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası elan etmək barədə yekdil səslə qərar qəbul etdilər. Fövqəladə iclas Müvəqqəti Milli Şuranın Rəyasət heyətini seçdi. Məhəmməd Əmin Rəsulzadə, Məmməd Həsən Hacınski, Nəsib bəy Yusifbəyov, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov ("Müsavat, partiyası və bitərəflərin demokratik qrupu), Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski, Əkbər ağa Şeyxülislamov (Müsəlman sosialistləri bloku), Xosrov Paşa bəy Sultanov ("İttihad" partiyası) Rəyasət Heyətinə seçildilər. Həmin vaxt Batumda Osmanlı nümayəndə heyəti ilə danışıqlar aparan və bu iclasda iştirak etməyən Məhəmməd Əmin Rəsulzadə gizli səs vermə yolu ilə Milli Şuranın sədri, Həsən bəy Ağayev və Mir Hidayət Seyidov sədrin müavinləri, Mustafa Mahmudov və Rəhim bəy Vəkilov isə katib seçildilər. Fətəli Xan Xoyski isə yekdilliklə icraedici orqanın - Azərbaycan hökumətin başçısı seçildi.
Zaqafqaziya Seyminin süqutu və Milli Şuranın seçilməsi ilə Azərbaycanın parlamentarizm tarixində qısa, lakin son dərəcə mühüm bir mərhələ başa çatır. Bu mərhələnin ən böyük əhəmiyyəti Seymin azərbaycanlı nümayəndələrinin olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə, çoxmillətli və federativ xarakterli qanunvericilik orqanında təmsil etdikləri xalqın və ölkənin milli maraqlarını layiqincə müdafiə etməyə qadir olan professional siyasətçilər kimi özlərini təsdiq etməsi ilə səciyyələnir. Eyni zamanda, Zaqafqaziya Seymi və Zaqafqaziya hökumətində ən müxtəlif vəzifələr tutmaqla azərbaycanlı deputatlar az sonra yaradacaqları öz müstəqil dövlətlərinin - Azərbaycan Xalq Cümhuriyyətinin idarə olunması üçün mühüm təcrübə məktəbi keçdilər.
(Ardı var)