Paralel.-2018.-7 dekabr.-¹210.-S.12.

 

Cənubi Asiya ölkəsinin Azərbaycan sevgisi

 

Pakistanı Azərbaycana məftun edən böyük şəxsiyyət

 

Murtuza Abbasov

 

Bu gün Azərbaycan cəmiyyətinin bəlkə də böyük əksəriyyətinin xəbəri yoxdur ki, ona bir millət və bir dövlət olaraq candan yanan Pakistan adında bir dövlət var. Bu dövlət barədə ölkəmizin vətəndaşlarının nə dərəcədə məlumatlı olduqlarını öyrənmək məqsədilə paytaxt Bakının mərkəzi küçələrində qısa bir sorğu keçirdik. Apardığımız sorğudan aydın oldu ki, vətəndaşlarımız Pakistanı bir ölkə, dövlət olaraq tanısalar da, onun bizə rəğbətindən, isti münasibətindən, bu münasibətlərin yaranma tarixindən və səbəblərindən xəbərsizdirlər. Ona görə də bu yazını Azərbaycan-Pakistan münasibətlərinə həsr etmək qərarına gəldik. Diqqətinizə çatdırmaq istəyirik ki, bu münasibətlərin heç də uzaq olmayan bir tarixi var. Qeyd edək ki, Pakistanın Azərbaycana məhəbbəti hələ ötən əsrin əvvəllərindən başlayıb. Bu iki ölkənin yaxın qardaşlıq əlaqələri tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin o dövrdə Pakistan xalqına göstərdiyi xeyirxahlıq, iki ölkə və xalq arasında qardaşlıq münasibətlərinin, dostluğun və əməkdaşlığın əsasını qoyub. Məlumdur ki, ötən əsrin əvvəllərində Pakistan Britaniya dövlətinin müstəmləkəsi altında olub. O dövrdə yerli əhali arasında pandemiya geniş yayılıb və qarşısıalınmaz bir hala çatıb. Bu səbəbdən Pakistan xalqı kütləvi qırğına məruz qalıb. Ölkə ərazisində minlərlə ailə bu xəstəlik səbəbindən bütövlükdə məhv olub. Pakistan xalqının belə ağır bir günündə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alaraq indiki Pakistan dövlətinin ərazisinə göndərib. Azərbaycanlı milyonçunun bu xeyirxah addımından sonra, ölkə ərazisində pandemiyanın qarşısının alınması istiqamətində aparılan işlərdə dönüş yaranıb. Hacı Zeynalabdin Tağıyev sadəcə yardımla kifayətlənməyib, eyni zamanda bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu da öz növbəsində digər imkanlı, xeyirxah insanların və beynəlxalq təşkilatların problemlə ciddi məşğul olmalarına səbəb olub. Beləliklə də, Pakistan xalqı azərbaycanlı xeyriyyəçinin mərhəməti və diqqəti sayəsində məhv olaraq yer üzündən silinmək təhlükəsini dəf edə bilib. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra, bu faktı orta məktəbdə tədris edilən tarix dərsliyinə daxil edib. Həmin dövrdən indiyə qədər doğulan Pakistan vətəndaşlarının hamısı Azərbaycanı özlərinə doğma və xilaskar ölkə kimi tanıyırlar. Ona görə də, bu gün 200 milyonluq Pakistan xalqı və dövləti Hacı Zeynalabdin Tağıyevin ruhuna dualar oxuyur, onu hörmət və ehtiramla yad edirlər. Bu da diqqətçəkən haldır ki, onlar təkcə dua oxumaqla işlərini bitmiş, borclarını qaytarmış hesab etmirlər. Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ruhuna ehtiram əlaməti olaraq, onlar hər zaman Azərbaycan xalqının və dövlətinin yanındadırlar.

 

Pakistan həmişə Azərbaycanın yanındadır!

 

Bunun ən böyük göstəricisi də odur ki, Pakistan dövləti Ermənistanı rəsmi dövlət kimi tanımır, onunla heç bir siyasi, mədəni və iqtisadi münasibətlərə malik deyil. Ötən il Pakistan İslam Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmand keçirdiyi mətbuat konfransında da xüsusi olaraq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistan hər zaman Azərbaycanın yanındadır: “Azərbaycana qarşı təcavüzkar siyasətinə görə, Pakistan dövləti Ermənistanı rəsmi dövlət kimi tanımır. Düşünürəm ki, bu münaqişənin həllində ATƏT-in Minsk qrupunun həmsədrləri aktivlik göstərməlidir”.

Bir neçə il əvvəl Pakistan Ordusunun zabiti Məhəmməd Əkbər deyib: “Qarabağda savaş başlayarsa, Türkiyədən öncə Azərbaycana köməyə biz gələcəyik”. Bununla yanaşı, Pakistan bütün istehsal etdiyi silahları Azərbaycanla birgə istehsal etməyi, maddi mənafe güdmədən hazır texnika, silah proqramlarını belə, Azərbaycana verməyi təklif edən bir ölkədir. Pakistan rəsmi olaraq Xocalı soyqırımını tanıyıb və bəyan edib ki, həmişə Azərbaycan dövlətinin və xalqının yanındadır. Gözlənilən Qarabağ savaşında da silah-sursat, canlı qüvvə ilə hər cür yardım verməyə hazırdır.

 

Pakistan-Azərbaycan əlaqələrinin inkişafı müstəqilliyin ilk illərindən başlayıb

 

Pakistan İslam Respublikası Cənubi Asiyada yerləşən ən böyük islam dövlətlərindən biridir. Cənubda Benqal körfəzi, qərbdə Əfqanıstan və İran, şərqdə Hindistan və şimal-şərqdə Çin ilə həmsərhəddir. Pakistan adı ölkəyə 1933-cü ildə siyasi-aktivist Çudhari Rəhmət Əli tərəfindən verilib. Mənası, “paklar diyarı” deməkdir. Bu ölkənin adının tam açılışı da var. Belə izah edirlər ki, ölkənin adındakı ilk hərf olan “P”- Pəncab, “a”- afqan, “k”- Kəşmir, “s”-Sinda, “tan” isə - Belucistan deməkdir. Bunu da xüsusi qeyd etmək lazımdır ki, Pakistan Azərbaycanın ərazilərini işğal etdiyi üçün Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvüdür.

Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən əlaqələr mövcuddur.

Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb.

Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” bağlanıb.

9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistana rəsmi səfər edib. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi .təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan ediblər.

Pakistan İslam Respublikasının Prezidenti Faruk Əhməd Xan Leqari Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət verib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev rəsmi ziyafətdə söylədiyi geniş nitqində bildirib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana ədalətli münasibət göstərib və yardım edib.

Səfər çərçivəsində Prezident Heydər Əliyev Pakistanın Baş naziri Bənəzir Buhutto ilə də görüşüb. Prezident Heydər Əliyev və Pakistanın Baş naziri Bənəzir Buhutto iki ölkə arasında mühüm əməkdaşlıq sənədləri imzaladıqdan sonra birgə mətbuat konfransı keçiriblər. Prezident Heydər Əliyev mətbuat konfransında - “Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik”- deyərək, Azərbaycanın Pakistanı dəstəklədiyini bir daha bəyan edib. Azərbaycan Prezidenti həm də Pakistan televiziyasına geniş müsahibə verib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökumət başçılarının 9-11 dekabr 1997-ci ildə Tehranda keçirilən VIII zirvə görüşündə iştirak etmək üçün səfərdə olarkən-1997-ci ilin. 10 dekabrında Tehranda Pakistanın baş naziri Nəvaz Şəriflə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistan Prezidenti Pərviz Müşərrəflə 2000-ci ilin iyununda Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində, daha sonra isə 2002-ci ildə İstanbulda iqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində görüşüb. Görüş zamanı iki ölkə arasındakı qarşılıqlı münasibətlər müzakirə olunub.

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev də Pakistanla münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır.

İlham Əliyevlə hələ 2003-cü il sentyabrın 25-də Pakistan Prezidenti Pərviz Müşərrəf arasında ilk görüş olub. Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

2004-cü il iyulun 8-də Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf Azərbaycana 3 günlük rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü zamanı iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında, beynəlxalq .terrorçuluq, turizm, gömrük işi sahəsində hökumətlərarası saziş, həmçinin, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə imzalanıb.

Prezident Pərviz Müşərrəf Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyini qəti şəkildə bildirib. İyulun 9-da Pakistan Prezidenti Heydər Əliyev Fondunu ziyarət edib.

2005-ci il aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistana 2 günlük rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşündə ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb.

2008-ci il iyulun 7-də Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Pakistan Senatının xarici əlaqələr daimi komitəsi sədri Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Pakistan Senatının xarici əlaqələr daimi komitəsi sədrinin ölkəmizə bu səfərinin həm parlamentlərarası əməkdaşlığın, həm də ikitərəfli münasibətlərimizin daha da dərinləşməsi baximın- dan əhəmiyyətini qeyd edib.