Bakı Xəbər. - 2019.- 22 yanvar. - ¹ 13. - S. 11.
20 Yanvar günü Xəzərdə 120 Azərbaycan gəmisinin fədakarlığı...
Faiq Balabəyli: “Təcili kapitan körpüsünə qalxdım, efir vasitəsilə “Məni eşidən gəmilər, Bakıda qırğındır, məlumatınız olsun!” dedim
“Gəmilərin həyəcanlı fit səsi Bakının yaşamasından, mübarizə aparmasından, şəhidlərimizin qanının yerdə qalmayacağından xəbər verirdi”
“Bütün hallarda, sürətli gəmilərimiz hərbi gəmilərlə tarana çıxdı, onları batırmaq üçün həmlələr etdi”
1990-cı ilin qanlı şənbə gecəsinin vahiməsini, güllə səsini, qanına qəltan edilən insanların harayını nə Bakı unudub, nə də o gecəni iliyində, sümüyündə, canında-qanında hiss edənlər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun əmri ilə Sovet ordusunun Bakıda dinc insanlara qarşı törətdiyi qətliamı, xalqımızın faciəsini bütün dünyaya ilk olaraq Azərbaycan dənizçiləri yayıb.
“Diqqət! Mən Bakıyam! Məni yandırırlar! Diqqət! Bakı yanır!” SOS harayı gəmilərarası rabitə vasitəsilə gəmidən-gəmiyə ötürüldü və qısa müddət sonra dünyanın hər yerinə Bakıda törədilən qətliam haqqında məlumatlar çatdırıldı.
20 Yanvar faciəsi zamanı Azərbaycan gəmilərinin çəkdiyi haraya bütün gəmilər cavab verib.
Keçmiş gəmi kapitanı Kərəm Məmmədov mətbauta deyib ki, 20 Yanvar faciəsinin dünyaya yayılmasında Azərbaycan gəmiçilərinin böyük əməyi olub. O qeyd edib ki, gəmiçilərimiz “bu yolda öləcəyik, ancaq geri çəkilməyəcəyik” deyiblər. K. Məmmədov vurğulayır ki, dünya tarixində heç bir vaxt belə birlik, həmrəylik olmayıb. Həmin dövrdə gəmi kapitanı vəzifəsində olmuş Hidayət Atakişiyev isə “o vaxt bir tələbimiz vardı - Bakıda qətliam törədən ordu Azərbaycandan çıxsın” -deyə bildirib.
“Xəzər Dəniz Neft Donanmasının dənizçiləri olmasaydı, Bakıdakı qırğınlar bir neçə gün də davam edəcəkdi”
1990-cı il 20 Yanvar faciəsinin səhərisi günü Bakı buxtasını mühasirəyə alan Sovet hərbi gəmilərinin hərəkətinə yol verməyən, Sovet ordusunun törətdiyi qırğınları, qətlləri dünyaya çatdıran 120 Azərbaycan gəmisi “fövqəladə vəziyyət” elan edərək “Sabit Bağırov” gəmisində qərargah yaradırlar. Bu qərargaha 7 gəmi kapitanı - Mövlud Əliyev, Müzəffər Əliyev, Murad Əliyev, Kərəm Məmmədov, Kişi Mütəllimov, Ağalar İbrahimov, İbrahim Salayev rəhbərlik edib. Hadisə şahidləri qeyd edirlər ki, Bakı Moskva tərəfindən informasiya blokadasına alındığı üçün, bu gəmilər hər 30 dəqiqədən bir dünyaya “Diqqət! Mən Bakıyam! Məni yandırırlar! Diqqət! Bakı yanır!” həyəcan siqnalı ötürüblər. Nəticədə Sakit və Atlantik okeanında üzən gəmilər hadisədən xəbər tutublar. Bu, tarixdə nadir hadisələrdən biri idi ki, dünya dənizçiləri bu qədər həmrəy olublar. Onlar Bakıya dəstək olaraq bu xəbəri öz ölkələrinə çatdırıblar.
Sovet ordusu Bakıda qətlə yetirdikləri mülki şəxslərin meyitlərini Bayıl tərəfdən “Vosxod” hərbi gəmisi ilə dənizə atmaq və izi itirmək istəyirdilər. Lakin onlar buna müvəffəq ola bilmədilər. Çünki mülki Azərbaycan gəmiləri Sovet hərbi gəmiləri ilə döyüşə girərək şəhidlərin meyitlərinin Xəzərə atılmasına mane olublar. O dövrdə yaradılan Azərbaycan “Kapitanlar Şurası” SSRİ rəhbərliyindən tələb edirdi ki, ordu 24 saat ərzində Bakıdan çıxarılsın. “Etiraz olaraq Bakı buxtasındakı gəmilərdən biri yandırılacaq, müqavimət olarsa, sahildəki neft bazaları yandırılacaq. Gəmilər hərəkətə keçərsə, biz onların qarşısını öz meyitlərimiz hesabına alacağıq” - deyə SSRİ rəhbərliyinə sərt mesajlar verirdilər. O zaman keçmiş SSRİ-nin müdafiə naziri, marşal Yazov buna görə “Kapitanlar Şurası” ilə danışıqlar aparır, onları 15 il həbs və güllələnmə ilə hədələyir. Lakin kapitanları Yazovun hədəsi qorxutmur və onlar öz niyyətlərindən bir addım da olsa geri çəkilmirlər. Hadisə şahidlərinin verdikləri məlumata görə, yanvarın 21-dən başlayaraq Sovet hərbi gəmiləri mülki gəmiləri atəşə tutur. Bunun nəticəsində də bəzi gəmilər yandırılır və şəxsi heyət həbs edilir. Hadisədən sonra 40-a yaxın kapitan həbs edilərək Rusiyanın Orenburq və Ulyanovsk şəhərlərinə sürgün edilir. Qəhrəman dənizçilərimiz bir müddət sonra azadlığa çıxmağa müvəffəq olurlar. Şahidlər bildirirlər ki, 20 Yanvar faciəsi törədilən zaman Xəzər Dəniz Neft Donanmasının dənizçiləri olmasaydı, Bakıdakı qırğınlar bir neçə gün də davam edəcəkdi. Fədakar dənizçilərimizin səyləri və mübarizəsi nəticəsində bütün dünya 20 Yanvar faciəsindən xəbər tutur.
“Məlumatın dəqiqliyini bildikdən sonra gəmilərin Bakıya qayıtmaq qərarı verildi”
“Sabit Orucov” gəmisini özlərinə qərargah edən dənizçilər yanvarın 21-də, saat 20.30 dəqiqədə iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alırlar. Dənizçilər silahlı quldurlarla əliyalın, qeyri-bərabər mübarizəyə atılırlar. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində “Neftqaz-18”, “Neftqaz-64”, “Aktau”, “Şirvan-2”, “Çeleken-1”, “Atlet-21”, “Vodoley-4” gəmiləri güllələnir və onlar çox ciddi şəkildə zədələnirlər. Sovet ordusu 20 Yanvar hadisələri zamanı təkcə insanlarımız deyil, xalqımızın, dövlətimizin sərvəti olan gəmilərimizin də köksünü parçalayıb, gövdəsində sağalmaz yaralar açıb. Bu yaralar isə ancaq və ancaq bu hadisəni törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsindən sonra sağalacaq.
Həmin hadisələrin iştirakçılarının xatirələri bu gün ən çox üz tutduğumuz ünvandır. Bu hadisələrdə yaxından iştirak edən Xəzər Dəniz Neft Donanması İdarəsinin gəmi kapitanı, şair-jurnalist Faiq Balabəyli (Səfərov) “Bakı-Xəbər”ə bildirdi ki, hadisələrin iştirakçısı olaraq, həmin günlər misilsiz qəhrəmanlıq göstərən dənizçilərimizin fəaliyyəti haqqında müəllifi olduğu “Kəsilməyən həyəcan fiti” kitabında ətraflı bəhs edib. “20 Yanvar hadisələrinə qədər bizim dənizçilər bu təhlükəni hiss etmişdilər. Biz artıq ölkədə vəziyyətin gərgin olduğunu duyurduq. Yəni ermənilər Bakıdan bizim gəmilərin, bərələrin, dənizçilərin vasitəsilə köçürülürdü. Onları Türkmənistanın indiki Türkmənbaşı, keçmiş Krasnovodsk şəhərinin limanına aparırdılar. Bir neçə gəmimizin içində 800-1000-ə yaxın erməni ailəsi olurdu. Bu da yanvar ayının 10-dan sonraya təsadüf edirdi. Görünür, həmin vaxt SSRİ rəhbərliyi artıq Bakıda qırğın törətməyi planlaşdırmışdı. Elə bu səbəbdən də məqsədli şəkildə erməniləri kütləvi şəkildə Bakıdan uzaqlaşdırırdılar. Mən özüm Bakıdakı qırğın haqqında nə zaman xəbər tutdum? 1990-cı il yanvar ayının 19-da işlədiyim “Şirvan” gəmisi Neft Daşlarına yaxın bir yerdə lövbər atmışdı. Növbəti tapşırıqları yerinə yetirmək üçün havanın yaxşılaşmasını, əsən küləyin səngiməsini gözləyirdik. Növbədə olan ekipaj üzvlərindən savayı hamı istirahət edirdi. Təxminən axşam saat 22:00-23:00 arası olardı. Növbətçi matros kayutuma gəldi. Həyəcanlı idi.
– “Mayak” radiosunda musiqiyə qulaq asırdım. Ara kəsildi, kimsə həyəcanla dedi ki, Bakıda qırğındır. Əhalini küçələrə çıxıb, yaralılara kömək etməyə səsləyirdi. Sonra isə radioda səslər tamamilə kəsildi. Təcili kapitan körpüsünə qalxdım. Efir vasitəsilə, “Məni eşidən gəmilər, Bakıda qırğındır, məlumatınız olsun!” dedim. Onu da başa düşdüm ki, düz etmirəm, gərək bu haqda gəmi kapitanına məruzə edəydim. Lakin bütün məsuliyyəti öz üzərimə götürdüm. Sonradan bu haqda gəmi kapitanına məruzə etdim. Özbaşınalığım hazırda həyatda olmayan kapitan İbad Məmmədovun və idarənin təlimatçı kapitanı, gəmiyə yoxlama üçün gələn Tofiq Hüseynovun qəzəbinə gəldi. Bir neçə gəmi bizimlə əlaqə saxlayıb, məlumatı dəqiqləşdirmək istədikdə T.Hüseynovun açıq efirdə hər kəsi “panikaya” uymamağa, bunu bir gəncin şıltaqlığı kimi xarakterizə etmək cəhdinə adekvat reaksiya verdim: “Bu, doğru xəbərdir və bütün məsuliyyət mənim çiynimdədir”. Heyətin mənim tərəfimdə olduğunu gördükdə isə, tələb etdim ki, əgər qorxursunuzsa, gəmi jurnalında qeydlər edin, yazın ki, gəminin komandanlığı ekipajın bir neçə üzvü tərəfindən ələ keçirilib. Sözsüz ki, bu edilmədi. Mən yenidən açıq efirdə eşitdiyimiz xəbəri təkrar etdim. Öz təqdimatımı verdim.
Neft Daşları və Cilov adası rayonunda olan gəmilərin efir vasitəsilə kiçik məşvərəti oldu. Sahil ilə əlaqə yaratdıq. Məlumatın dəqiqliyini bildikdən sonra gəmilərin Bakıya qayıtmaq qərarı verildi”.
“7 kapitandan ibarət “Kapitanlar Şurası” yaradıldı
F.Balabəylinin bildirdiyinə görə, yanvarın 20-si, təxminən saat 10-11 arası buxtaya daxil olublar. O qeyd etdi ki, artıq Bakı buxtası Xəzər Dəniz Neft Donanmasının gəmiləri tərəfindən mühasirəyə alınıbmış. “Dənizdən buxtaya gələn gəmilər artıq etiraz aksiyalarına başlamış gəmilərin verdiyi tapşırıqlara əsasən, müəyyən olunan nöqtələrdə lövbər atdı. Artıq Bakı buxtasına giriş və çıxışın qarşısı alınmışdı.
Respublikanın, demək olar ki, rəhbərsiz və başsız qaldığı bir zamanda dənizçilərin heç kəsin gözləmədiyi bu mütəşəkkil birliyi insanlarımızın həyat eşqini özlərinə qaytardı. Sonralar yüzlərlə adamın etirafı belə oldu: gəmilərin həyəcanlı fit səsi Bakının yaşamasından, mübarizə aparmasından, şəhidlərimizin qanının yerdə qalmayacağından xəbər verirdi. “Sabit Orucov” gəmisi tərəfimizdən qərargah olaraq seçildi. Gəminin kapitanı Mövlud Əliyevin efir vasitəsilə çıxış etməsi, hər kəsi diqqətli olub şayiələrə uymamağa çağırması öz işini gördü. 7 kapitandan ibarət “Kapitanlar Şurası” yaradıldı. Tərkibində Mövlud Əliyev, Ağalar İbrahimov, Kərəm Məmmədov, Murad Əliyev, Müzəffər Əliyev, Kişi Mütəllimov, İbrahim Salayev vardı. Azərbaycan Ali Sovetinin o vaxtkı sədri Elmira Qafarova nümayəndələrimizi qəbul etdi: “Xalqımın qəhrəman oğulları” deyib, göz yaşını saxlaya bilmədi. Tələblərimizi bilirdi. Hamıya təşəkkürünü bildirdi” - deyə bildirən müsahibimizin sözlərinə görə, şəhərin komendantı general Dubinyak, SSRİ Ali Sovetinin deputatı, Hərbi Dəniz Donanması üzrə SSRİ müdafiə nazirinin müavini, admiral Sidorov, SSRİ müdafiə naziri, marşal Dmitri Yazov dənizçilərimizlə danışıqlar aparmaq üçün xəbər yolladı. O qeyd etdi ki, görüşlər baş tutur və hər üç ali rütbəli zabit gəmiləri batırmaq, gülləbaran etməklə təhdid ediblər. “Buxtanı boşaltmağı tələb kimi qarşımıza qoydular. Razılığa gələ bilmədik. Çünki bizim tələbimiz 24 saat ərzində qoşunun Bakını tərk etməsi, tökülən qanlara görə Qorbaçovun məsuliyyəti öz boynuna götürməsi, millətdən üzr istəməsi idi. Düz 3 gecə hərbi gəmilər sivişərək buxtaya girib gəmilərimizi atəşə tutmağı davam etdi. Bütün hallarda, sürətli gəmilərimiz hərbi gəmilərlə tarana çıxdı, onları batırmaq üçün həmlələr etdi. Hər gecə hava işıqlanana qədər gedən qeyri-bərabər döyüşdə mülki gəmilər qalib oldu. Yanvarın 24-də buxtada da fövqəladə vəziyyət elan olundu. Günorta saatlarında gəmilərimiz dənizdən hərbi gəmilərlə, sahildən tank və toplarla, havadan vertolyotlarla hücuma məruz qaldı. Gəmilərə desant buraxıldı. Əsir götürülən dənizçilərimiz Şüvəlan türməsində, Karasnodar, Ulyanovsk, Orenburq şəhərlərində cəzaya məruz qaldılar… Lakin bir qəhrəmanlıq salnaməsi yazdılar. Bu gün gənc dənizçilərin əksəriyyəti bu sahəyə məhz Xəzər Dəniz Neft Donanması İdarəsinin dənizçilərinin misilsiz qəhrəmanlığı ilə tanış olduqdan sonra gəldiklərini deyirlər” - deyə F.Balabəyli bildirdi.